525.Az

Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası Azərbaycana 10 min tibbi maska hədiyyə etdi


 

Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası Azərbaycana 10 min tibbi maska hədiyyə etdi<b style="color:red"></b>

Azərbaycan ali təhsil ocaqlarının vyetnamlı məzunlarını özündə birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təşkilatın üzvlərinin vəsaitləri hesabına alınmış 10 min tibbi maskanı Azərbaycana hədiyyə edib.

Maskalar ölkəmizin Vyetnamdakı səfirliyinə təqdim edilib.

Bununla bağlı təşkil olunan tədbirdə çıxış edən Vyetnam Milli Assambleyasının (parlament) deputatı, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri Nqiem Vu Khai rəsmi Hanoyun iki ölkə arasında münasibətlərin bütün spektri üzrə əməkdaşlığın genişləndirilməsinə əhəmiyyətli dərəcədə önəm verdiyini xüsusi vurğulayıb. O, səmimi dostluq münasibətlərimizin inkişafında xalq diplomatiyasının müstəsna rol oynadığını bildirib, bu xüsusda ötən əsrin ikinci yarısında onunla yanaşı, minlərlə vyetnamlının yüksək tədris standartlarına malik Azərbaycanın təhsil ocaqlarının məzunu olduqlarını diqqətə çatdırıb. Assosiasiyasının sədri vyetnamlı məzunların Azərbaycanın hazırkı sürətli və hərtərəfli inkişafından böyük sevinc hissi keçirdiklərini razılıq hissi ilə qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülmüş Nghiem Vu Khai təhsil aldıqları illərdə onlara Azərbaycan hökumətinin etdiyi köməyə və xalqımızın nümayiş etdirdiyi qonaqpərvərliyə görə dərin təşəkkürünü izhar edərək, sadalananların Vyetnam xalqının yaddaşında əbədi həkk olunduğunu söyləyib.

COVID-19 pandemiyasının dünyanın bütün dövlətlərinə problem yaratdığını bildirən Nghiem Vu Khai yaranmış vəziyyətdə rəhbərlik etdiyi Vyetnam - Azərbaycan Dostluq Assosiasiyasının üzvlərinin özlərinin ikinci vətəni hesab etdikləri Azərbaycana yardım etmək arzularını ifadə etdiklərini və topladıqları vəsaitə alınmış tibbi maskaları Azərbaycana hədiyyə edərək, ölkəmizə öz sevgi və ehtiramlarını bir daha nümayış etdiklərini vurğulayıb. Onun fikrincə, məhz çətin günlərdə hər iki ölkə və xalqın nümayiş etdirdiyi xeyirxahlıq münasibətlərimizin daha da möhkəmləndirilməsinə xidmət edir.

Ölkəmizin Vyetnamdakı səfiri Anar İmanov Azərbaycan ilə Vyetnam arasında zəngin tarixi keçmişə əsaslanan səmimi dostluq əlaqələrin son illər ərzində sürətlə və hərtərəfli şəkildə inkişaf etdiyini məmnunluqla bildirib, Vyetnamın sabiq Prezidenti Ho Şi Minin 1959-cu ildə Azərbaycana və ümummilli lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfərləri ilə bu münasibətlərin möhkəm təməlinin qoyulduğunu xüsusi vurğulayıb.

Səfir əlaqələrin müasir tarixindən bəhs edərək 2014-cü ilin mayında Prezident İlham Əliyevin Vyetnama dövlət səfərinin ölkələr arasındakı münasibətlər tarixində yeni səhifə açdığını və əlaqələrin bütün sahələr üzrə inkişafına güclü təkan verdiyini bildirib. O, 2015-ci ilin mayında Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfərinin iki ölkə münasibətlərinin tarixində vacib hadisə olduğunu və qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə münbit şərait yaratdığını əlavə edib.

Diplomat Azərbaycan səfirliyinin 2015-ci ilin oktyabrında Hanoyda yaradılmış Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası ilə sıx əməkdaşlıq apardığını, birgə bir sıra mühüm tədbirlər keçirdiyini bildirib.

Diplomat COVID-19 infeksiyasının sürətlə yayılması ilə bağlı bütün dünya ölkələrinin keçdiyi mürəkkəb dövrdə yalnız birgə əməkdaşlıq nəticəsində bu xəstəliyin üzərində qələbənin qazanılmasının mümkünlüyünü xüsusi vurğulayıb. O, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının təqdim etdiyi tibbi maskalara görə qarşı tərəfə dərin təşəkkürünü bildirib. A.İmanov bu addımın Azərbaycan təhsil ocaqlarının vyetnamlı məzunlarının ölkəmizə nə qədər bağlılığının, eyni zamanda, Azərbaycan və Vyetnam xalqları arasındakı həqiqi dostluğun göstəricisi olduğunu deyib.

 

 





29.04.2020    çap et  çap et