525.Az

"Cəzaçəkmə müəssisələrində koronavirusa yoluxma qeydə alınmayıb" - Rəsmi


 

AYNUR SABİTOVA: "YOLUXMA ŞÜBHƏSİ, QIZDIRMASI OLAN BƏZİ MƏHBUSLAR DƏRHAL TEST EDİLİB VƏ NƏTİCƏLƏR MƏNFİ OLUB"

"Cəzaçəkmə müəssisələrində koronavirusa yoluxma qeydə alınmayıb" - <b style="color:red">Rəsmi</b>

Ədliyyə Nazirliyi koronavirus pandemiyası dövründə vətəndaşların ədliyyə orqanlarına əlçatanlığını təmin etmək üçün hansı tədbirlərin görüldüyünü ictimaiyyətə çatdırmaq üçün videokonfrans rejimində mətbuat konfrans keçirib.

Nazirliyin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova videokonfransda xatırladıb ki, Prezident İlham Əliyev koronavirusun ölkədə yayılmasının qarşısının alınması istiqamətində çevik və qətiyyətli addımlar atıb. Eyni zamanda, humanizm prinsiplərini əsas götürərək yaşları 65-dən yuxarı olan 176 məhbusu əfv edib. Ədliyyə Nazirliyi bu əfv sərəncamının icrasını vaxtında təmin edib.

Bununla yanaşı, xüsusi rejim dövründə məhkumların vaxtından əvvəl azad edilməsi və ya daha yumşaq rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi institutunun tətbiqi davamlı xarakter alıb. 260-a yaxın məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilərək sərbəst buraxılıb.

A.Sabitova məlumat verib ki, penitensionar xidmətin cəzaçəkmə müəssisələrində vaxtında görülən preventiv tədbirlər, aparılan dezinfeksiya işləri sayəsində məhbuslar, o cümlədən əməkdaşlar arasında koronavirusa yoluxma qeydə alınmayıb. Onun sözlərinə görə, yoluxma şübhəsi, qızdırması olan bəzi məhbuslar dərhal test edilib və nəticələr mənfi olub.

Qeyd edək ki, koronarejim dövründə Azərbaycanın ədliyyə sistemi vətəndaşların ədliyyəyə əlçatanlığını təmin edə bilmək üçün qısa zaman ərzində bir sıra innovasiyalar tətbiq edib. Vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işinin online təşkili üçün Ədliyyə Nazirliyinin saytında "Vətəndaşlar üçün əlaqə" və "İnteraktiv əlaqə" bölmələrinin imkanları artırılıb. Mobil notariata yeni funksiyalar - vəkilə elektron etibarnamənin verilməsi, sosial etibarnamə, o cümlədən, növbəti addım kimi nəqliyyat vasitələrinə sərəncam verilməsinə dair elektron etibarnamələrin verilməsi əlavə edilib. Bütün bunlar Azərbaycan üçün yenilikdir.

Brifinqdə Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəis müavini Fərid Əfəndiyev də koronarejim dövründə idarənin işinin necə təşkil olunduğu haqda danışıb. O bildirib ki, xüsusi rejimlə əlaqədar olaraq İcra Baş İdarəsi məhdud sayda əməkdaşlar istisna olmaqla distant iş rejiminə keçib. Və videokonfransların təşkili praktikasından istifadə edilib.

F.Əfəndiyev qeyd edib ki, icra xidmətinin işi spesifikdir və əksər hallarda vətəndaşlarla sıx təmasları zəruri edir. Bu səbəbdən xüsusi rejim dövründə bir çox məhkəmə qərarlarının icrasının təmin edilməsində əlbəttə ki, çətinlik yaranıb. Bəzi qərarların icrası prosesi dayandırılıb. Bununla belə, İcra Baş İdarəsi bəzi icra tədbirlərini xüsusi rejimdə də davam etdirib. O cümlədən, alimentlərin ödənilməsi, borc ödənişləri barədə qərarların icrasının elektron yolla təmin edilməsi həyata keçirilib. Habelə valideynlik hüquqlarından istifadə - uşaqla ünsiyyətin təmin edilməsi barədə qərarların icrasında icra məmurları informasiya-kommunikasiya texnologiyalarından yararlanıblar.

"Uşaqla ünsiyyət xüsusi karantin rejiminin pozulması ilə müşayiət oluna biləcəyi üçün icra məmurları videobağlantı praktikasının tətbiqinə üstünlük veriblər. Bəzi hallarda vətəndaşların videobağlantı üçün cihazları olmayıb, yaxud onlar belə proqramlardan istifadə edə bilmirdilər. Belə hallarda icra məmurları həmin vətəndaşları cihazlarla təmin edərək onların uşaqlarla ünsiyyətinə imkan yaradıblar. Əlbəttə, videobağlantı yolu ilə ünsiyyət icra məmurlarının müdaxiləsi olmadan da baş verə bilər, indiki halda biz valideynlik hüququndan istifadənin məhdudlaşdırılması hallarının qarşısının icra məmurlarının müdaxiləsi ilə aradan qaldırmaq barədə danışırıq", - F.Əfəndiyev deyib.

İcra Baş İdarəsinin rəis müavini bildirib ki, xüsusi rejim dövründə borcun ödənilməsi üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsini davam etdirib. Onun sözlərinə görə, bu icra tədbirləri əsasən aliment borclarının ödənilməsi ilə bağlı olub. Bəzi hallarda vətəndaşlar xüsusi karantin rejimini bəhanə edərək borcun ödənilməsi barədə qərarların icrasından yayınmaq istəsələr də, icra məmurları belə halların qarşısını alıb. Bir çox borclular barədə inzibati cəzalar tətbiq edilib, yaxud cinayət işinin qaldırılması üçün təqdimat verilib. 2020-ci ilin I rübündə cəmi 38 nəfər barəsində məhkəmə qərarlarının icrasından yayınmaya görə cinayət işi qaldırılıb.

Mətbuat konfransında Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat baş idarəsi Notariat idarəsinin baş məsləhətçisi Zeynəb Dünyamaliyeva məlumat verib ki, ədliyyə xidmətlərinə əlçatanlığın asanlaşdırılması məqsədilə mobil notariatın imkanları genişləndirilərək növbəti addım kimi, əhaliyə yeni - nəqliyyat vasitələrinə sərəncam verilməsinə dair etibarnamələrin elektron qaydada təsdiq edilməsi xidməti təqdim olunur.

 





01.05.2020    çap et  çap et