525.Az

"OPEC+" ölkələri genişmiqyaslı neft hasilatı azaldılmasına başladı


 

"OPEC+" ölkələri genişmiqyaslı neft hasilatı azaldılmasına başladı<b style="color:red"></b>

Paylarına qlobal neft hasilatının təqribən 40%-i düşən "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatında və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) ölkələri bu gündən (mayın 1-dən) etibarən neft bazarında kollaps vəziyyətinin yaranmasının qarşısını almaq məqsədilə gündəlik neft hasilatını, demək olar ki, 10 mln. barel azaldacaq.

"APA-Economics"in məlumatına görə, hasilatın azalması misli görünməmiş həcmləri əhatə edir. Belə ki, yeni razılaşmaya daxil olan hər bir ölkə qiymətlərin stabilləşdirilməsi məqsədilə may-iyun aylarında hasilatları təxminən 20% “ianə” edəcək.

Xatırladaq ki, bu ilin aprel ayında OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında "OPEC+" üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln. barel, iyulun 1-dən ilin sonuna kimi 7,7 mln. barel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 mln barel həcmində azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib.

Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Bu müddət ərzində (may-iyun) Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır.

Qeyd edək ki, Azərbaycan da bu gündən neft hasilatı ilə bağlı öhdəliklərin icrasına başlayıb.

 





01.05.2020    çap et  çap et