525.Az

Eşqi Bağırov: "Vakant müəllim yerlərinin sayı barədə nəsə demək tezdir"


 

Eşqi Bağırov: "Vakant müəllim yerlərinin sayı barədə nəsə demək tezdir"<b style="color:red"></b>

"Hər il olduğu kimi, Müəllimlərin İşə Qəbulu (MİQ - red.) imtahanları ilə bağlı hazırlıq işləri görülür. MİQ imtahanlarının ləğvi ilə bağlı hər hansı qərar yoxdur".

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib. E.Bağırov bildirib ki, bu müsabiqəyə hazırlaşmaq yalnız texniki məsələ deyil: "Həmçinin, sualların hazırlanması, komissiyaların formalaşdırılması, eyni zamanda, imtahanın təşkili ilə bağlı texniki təchizat məsələləri var. Bütün bu proseslərə hazırlıq işləri gedir. Fəaliyyət planına uyğun olaraq proseslər vaxtı-vaxtında icra olunur. Amma həmin dövrdə hansı qaydalar olacaqsa, hansı rejim tətbiq ediləcəksə, o qaydalardan irəli gələrək ictimaiyyəti məlumatlandıracağıq".

E.Bağırov qeyd edib ki, MİQ imtahanlarına hazırlıq dedikdə eyni zamanda, vakansiyaların toplanması, təhlili məsələləri də yer alır. Şöbə müdirinin sözlərinə görə, hələ ki, vakant yerlərin sayı barədə nəsə demək tezdir.

Onun sözlərinə görə, Təhsil Nazirliyi artıq ümumitəhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələrə qoşulma qaydalarını açıqlayıb. Müsahibədə iştirak etmək üçün heç bir proqramda qeydiyyata ehtiyac yoxdur: "Bunun ən sadə yolu komputer vasitəsilə qoşulmaqdır. Bu halda müəllim hər hansı proqram yükləmir. İştirakını təsdiq etmiş müəllimlərin e-mailinə bir link göndəriciləcək və həmin linkə daxil olaraq onlayn müsahibəyə qoşulacaqlar".

E.Bağırov vurğulayıb ki, digər variant isə telefon vasitəsilə onlayn müsahibəyə qoşulmaqdır: "Bunun üçün isə "Microsoft Team" mobil tətbiqini telefona yükləmək kifayətdir. Heç bir qeydiyyata ehtiyac yoxdur. Müəllimlər yenə eyni qayda ilə göndərilən linkə daxil olaraq müsahibəyə qoşula biləcəklər".

S.QARAYEVA

 





02.05.2020    çap et  çap et