Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri, 10-dan çox sənədin imzalanması KİV-in diqqətini çəkib. Moskvanın Cənubi Qafqazda öz geosiyasi nüfuzunu yüksəltmək istiqamətində atdığı addımlar maraq doğurub. Bu prosesin region üçün mümkün nəticələri ilə əlaqədar mütəxəssislər proqnozlar verirlər. Lakin vəziyyətin tam aydın olmadığı da etiraf edilir.
Kremlin ermənilərə vəd etdiyi "qızıl dağları"
Rusiya prezidentinin Ermənistana səfəri regional və qlobal miqyasda maraq doğurdu. Hadisəyə erməni ekspertlər fərqli münasibət göstərdilər. Bir qisim ifrat dərəcədə V.Putinin gəlişinə yüksək qiymət verdisə, digərləri bunu "erməni dövlətçiliyinə təhqir", "dekorativ dövlət" və sair kimi ifadələrlə xarakterizə etdilər (bax: məs., Реальные плоды визита Путина / "1.in.am", 5 dekabr 2013 və Декоративное государство, таможенный фарс / "Zhamanak", 29 noyabr 2013).
Bunlar səbəbsiz deyil. Ermənistanın Rusiyadan asılılığı olduqca yüksəkdir. Rəsmi İrəvan faktiki olaraq Moskvanın razılığı olmadan heç bir addım ata bilmir. Eyni zamanda, son illər Ermənistan rəhbərliyi Avropaya inteqrasiya imkanları haqqında danışırdı. Avropa İttifaqı ilə assosiativ üzvlüyə can atdığı təəssüratı yaratmağa çalışırdı. İrəvan üçün İranla münasibətlərin inkişafı ayrıca məna kəsb edir. Bu istiqamətdə Tehranla qarşılıqlı anlaşmalar mövcuddur. Nəhayət, Türkiyə və Azərbaycanla düşməncəsinə davranması Ermənistan üçün çoxlu sayda siyasi, iqtisadi və geosiyasi problemlər yaradıb.
Bu kimi mürəkkəb vəziyyətdə V.Putinin Ermənistana böyük heyətlə səfər etməsi adi hadisə sayılmamalıdır. Proseslərin gedişi göstərdi ki, həqiqətən də burada düşündürücü məqamlar az deyil. Erməni ekspertlər hər şeydən əvvəl xarici ölkənin başçısının ilk olaraq paytaxta deyil, əyalətdə olan hərbi bazaya baş çəkməsini anormal hesab etdiklərini yazdılar (bax: Наира Айрумян. Секрет Гюмри и изгои Путина / "Lragir.am", 2 dekabr 2013).
Diqqət çəkilən digər məqam Rusiya ilə Ermənistan arasında enerji sahəsində yeni müqavilənin imzalanması oldu. Moskva "ArmRosqazprom"un yerdə qalan 20% aksiyasını da alıb. Bununla yanaşı, Ermənistana satılan qazın qiyməti əvvəlki 270 ABŞ dollarından 180 ABŞ dollarına qədər aşağı salınıb. Rusiya Razdan İstilik elektrik stansiyasının 5-ci blokunu işə salmağa söz verib. Kreml Ermənistan mallarına olan gömrük rüsumunu ləğv edib (bax: Татьяна Замахина. Льготы для союзника / "Российская газета", 3 dekabr 2013).
Bütün bunlar iki ölkə arasında əməkdaşlığın yeni səviyyəyə qalxdığını göstərir. Ermənistan Cənubi Qafqazda faktiki olaraq Rusiyanın əsas strateji müttəfiqinə çevrilir. Kreml İrəvana enerjini, silahı və bir sıra məhsulları mövcud rəqəmlərdən xeyli aşağı qiymətə satmağı vəd edib. O cümlədən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü kimi Ermənistan güzəştli qiymətlərlə Moskvadan müasir silahlar alacaq. Belə çıxır ki, V.Putinin səfərində təhlükəsizlik məsələsi birinci yerdə olub. Rusiya prezidenti səfərin yekunları ilə bağlı keçirdiyi brifinqdə iki ölkə arasındakı hərbi əməkdaşlığı regionda sabitlik və təhlükəsizliyin təminatçısı olaraq qiymətləndirib (bax: əvvəlki mənbəyə).
Rusiya Qafqazda: tarix təkrar olunurmu?
Məsələnin bu tərəfi Rusiya prezidentinin Gümrüdə söylədiyi bir fikrin işığında daha düşündürücü təsir bağışlayır. V.Putin Ermənistan-Rusiya regionlararası forumunda bəyan edib ki, "Rusiya buradan getməyə hazırlaşmır. Əksinə, biz Qafqazda mövqelərimizi möhkəmləndirməyə çalışırıq. Bu zaman əcdadlarımızdan qalan bütün ən yaxşı xüsusiyyətlərə, ...o cümlədən Ermənistanla özəl münasibətlərə arxalanaraq bunu edirik" (bax: Станислав Тарасов. Визит Путина в Армению: единственный стратегический союзник / "Real Caucasus", 2 dekabr 2013).
Ekspertlər V.Putinin bu fikirlərini Moskvanın Cənubi Qafqazda daha fəal surətdə iştirak etmək niyyəti kimi qiymətləndirirlər. Həmin kontekstdə regiondakı münaqişələrin həlli perspektivləri maraq doğurur. Rusiya prezidenti bununla bağlı Ermənistanda konkret fikir söyləməsə də, hər iki xalqın qanının axıdılmasını istəmədiklərini bəyan edib. Yəni Moskva məsələnin danışıqlar yolu ilə həlli variantına üstünlük verdiyini bir daha xatırladıb. Bunun erməniləri nə dərəcədə qane etdiyini demək çətindir. Çünki onlar Kremlin birmənalı olaraq Ermənistan tərəfdə olmasını arzulayırlar. Buna görə də Rusiyanın Azərbaycana silah satmasını faciə kimi qəbul edirlər.
Rusiyanın Qafqazda fəallığının bir aspekti İran məsələsi ilə bağlıdır. Rəsmi Tehran V.Putinin səfərinə özünəməxsus reaksiya verib. Ermənistan KİV-in yaydığı informasiyaya görə, İran İrəvana daha ucuz qiymətə qaz sata biləcəyini çatdırıb (bax: Наира Айрумян. Иран против Газпрома в Армении / "Lragir.am", 4 dekabr 2013). Bu barədə İranın Ermənistandakı səfiri M.Rəisi bəyan edib.
Ekspertləri rəsmi Tehranın bu mövqeyi bir qədər təəccübləndirib. Beynəlxalq miqyasda İranı aktiv müdafiə edən Rusiyanın Ermənistanda möhkəmlənməsini rəsmi Tehranın istəməməsi qəribə görünə bilər. Son zamanlar baş verən geosiyasi hadisələrə nəzər yetirəndə isə məsələ aydınlaşır. Belə ki, Qərbin İranla aktiv surətdə yaxınlaşması prosesi gedir. Bunun fonunda Tehranın Avropanı da narahat edən Rusiyanın enerji siyasətinə qarşı çıxması elə də qeyri-adi təsir bağışlamır.
Reallıqda İranın hansı səviyyəyə qədər bu mövqeyini saxlaya biləcəyini zaman göstərəcək. İndidən isə Ermənistanda Tehranın həmin təklifinə maraqla yanaşırlar. Görünür, bu proses hələ uzun sürəcək və Ermənistanın İranla olan münasibətlərinə Kremlin təsir etməsi lazım gələcək. Bütün bunlara rəğmən, Ermənistan məsələsinə görə Rusiya-İran münasibətlərində hər hansı ciddi problemin yarana biləcəyinə inanmaq çətindir. Ola bilsin ki, rəsmi Tehranı rusiyalı diplomatların Gülüstan müqaviləsi ilə bağlı bəzi fikirlər səsləndirməsi, V.Putinin isə Gümrüdə İranla olan müharibələrin bir sıra məqamlarına diqqət çəkməsi qıcıqlandırıb.
Hər bir halda, Rusiya prezidentinin regiona son səfərindən sonra Moskva-Tehran-İrəvan xəttində geosiyasi proseslərin intensivləşməsi istisna edilmir. Bunun fonunda Rusiya-Türkiyə-Azərbaycan münasibətlərinin dinamikası diqqəti çox çəkir. Əksər ekspertlər hesab edirlər ki, Moskva Ankara ilə geosiyasi aspektdə əməkdaşlığı genişləndirməyə meyllidir. Bu zaman Ermənistan məsələsi onun qarşısında maneə deyil. Kreml Türkiyənin geosiyasi nüfuzunun getdikcə artdığının fərqindədir.
Azərbaycan isə müstəqil siyasət yeridir və regionda geosiyasi baxımdan vacib mövqeyə malikdir. Rusiyalı diplomatlar Bakıya təzyiq etməyin mənasızlığını başa düşərək, Azərbaycanla münasibətlərə xüsusi önəm verdiklərini açıq deyirlər. Onlar Gömrük İttifaqı məsələsində də Azərbaycanı məcbur etməyin əhəmiyyətinin olmadığını vurğulayırlar.
Belə görünür ki, V.Putinin Ermənistana səfəri regional miqyasda geosiyasi mənzərənin yeniləşməsinə təsir göstərə bilər. Lakin bu, bölgədə qüvvələr balansını ermənilərin xeyrinə dəyişmək anlamına gəlmir. Kreml dünya miqyasında cərəyan edən geosiyasi proseslərin əsas prinsiplərini nəzərə alaraq hərəkət edir və bu səviyyədə Ermənistan forpost statusundan yüksək nüfuza malik deyil.
Bunlarla yanaşı, Rusiya prezidentinin bu səfəri Moskvanın regionla əlaqədar bir sıra planlarına aydınlıq gətirdi. Kreml bölgədən getmək fikrində deyil, əksinə, burada hərbi, iqtisadi, siyasi və mədəni sahələrdə möhkəmlənmək kursunu götürüb. Həmin istiqamətdə Rusiyanın hara qədər uğur qazana biləcəyini hadisələrin gedişi göstərəcək. Təbii ki, onun geosiyasi rəqibləri də əliboş oturmayacaqlar. Özü də bu qisimdə yalnız Qərbi nəzərdə tutmaq doğru deyil. Burada Türkiyə və Çin amilini mütləq nəzərə almaq gərəkdir.
İndi aydın olan məsələ, Rusiyanın Cənubi Qafqazdakı hərbi qüvvələrinə ciddi diqqət yetirməsindən ibarətdir. Bu, müharibə ehtimalının yüksək olmasınımı ifadə edir? Bəlkə, Moskva təhlükəsizlik məsələsində hərbə daha çox üstünlük verir? Bu halda bölgə xalqlarının rifah səviyyəsi yüksələcəkmi? Və nəhayət, bütün bunların fonunda Gömrük İttifaqı və Avrasiya inteqrasiyası necə görünür? Bu kimi suallara cavabların yaxın zamanda aydın olacağını gözləməyin riskli olduğunu düşünrük.
Newtimes.az
çap et