525.Az

Əxlaq və siyasət - Rəşad İlyasov yazır


 

Əxlaq və siyasət - <b style="color:red">Rəşad İlyasov yazır </b>

Əxlaq fəlsəfi kateqoriya olaraq, "necə yaşamalı", "nə etməli", "yaxşı-pis nədir" kimi suallara cavablar axtarır. Bu suallar fəlsəfənin ümumi baxış çərçivəsində siyasət sahəsini də əhatə edir.


İlkin olaraq əxlaq və siyasət məsələsinə tarixin mahiyyəti kontekstində baxmaq lazım gəlir. İnsanın şüurlu varlıq kimi həyatı anlaması və öz gələcəyini istiqamətləndirməsi baxımından tarix olduqca böyük əhəmiyyət kəsb edir. Bu mənada insan canlı varlıq kimi öz davranış və hərəkətləri çərçivəsində tarixi rasional bir tərzdə qiymətləndirərək özünün dünyadakı varlığı ilə bağlı təhlillər aparmaq imkanı qazanır. İnsan varlıq - zaman kontekstində keçmişini, indisini və gələcəyini düşünərək əxlaqi-siyasi qərarlar verir.


Siyasət ümumi mənada hakimiyyət, yəni idarəetmə prosesi və başqalarının  davranışlarını öz qərarlarına müvafiq olaraq müəyyənləşdirmə cəhdidir. Bu kontekstdə deyə bilərikmi ki, etik cəhətdən normal dəyərlər daşıyıcısı olan şəxs siyasətdə müvəffəqiyyət qazanan şəxsdir? Məhz bu sual siyasətlə əxlaq arasında əlaqənin əsas mövzularından birini təşkil edir.


Klassik fəlsəfədə əxlaq və siyasət. Antik yunan fəlsəfəsində insan öz təbiətinə uyğun şəkildə yaxşılığa doğru can atan  varlıq olaraq qəbul edilir. Bu fəlsəfənin mənbəyində insanın qüsurlu, yəni kamil olmaması ilə bağlı varlıq düşüncəsi dayanır. Sokrat, Platon və Aristotel kimi antik filosoflar insanın özünü müəyyən etik prinsiplər vasitəsilə kamil şəxsiyyət kimi formalaşdıra biləcəyini vurğulayırlar.


Sokrat əxlaqla biliyi (episteme) eyni tutur. Ona görə, insanın qeyri-əxlaqi hərəkət etməsi bütovlükdə onun biliksizliyindən qaynaqlanır. Aristotelə görə isə şəxsin etik-siyasi xarakterinin formalaşması birgəyaşayışda və ictimai münasibətlərdə ortaya çıxır. Aristotel daha sistematik tərzdə öz kosmoloji fəlsəfəsinə istinad edərək etikanın təcrübə, təcrübənin isə cəmiyyətlə əlaqəsini təsdiqləyən açıq və sistematik fikirlər sərgiləyir. Onun qənaətincə, insan layiqli cəmiyyətdə müsbət insan ola və müsbət insan kimi davranmaqla cəmiyyətə pozitiv mənada müsbət təsir göstərə bilər.


Klassik siyasət fəlsəfəsində əxlaq və siyasət bir-birindən ayrı qəbul edilmir. Məhz fərdi həyat kimi ictimai həyatın da məqsədi əxlaqla bağlıdır. Klassik filosoflara görə, "Ən yaxşı ictimai sistem nədir?" sualı siyasət fəlsəfəsinin əsas mövzusudur. Antik fəlsəfə nöqteyi-nəzərindən siyasi davranışların əxlaqi prinsiplərdən asılı olmadan ələ alınması qəbuledilməzdir. Təsadüfi deyil ki, məşhur islam filosofu əl-Fərabi də əxlaq və siyasətin insanın davranışlarını tədqiqləyən iki sahə olaraq dəyərləndirir və ən fərqli yönlərdən əxlaqı siyasətin müqəddiməsi kimi qəbul edir. O, "İhsau`l-Ulum" (Elmlərin sayılması) əsərində əxlaq elmini ayrıca qeyd etməyərək siyasətə giriş kimi verir.


Qeyd etmək lazımdır ki, "əxlaqın dili" dəyərləndirici (eveluative) xüsusiyyətə malikdir. Yeni dövr, yəni Rene Dekartla (XVII əsr) başlayan fəlsəfi mərhələyə qədər varlıq ilə dəyər, yəni "olan" ilə "olmalı olan" arasında elə də ciddi fərq yox idi. İnsan mikrokosmosun bir parçası idi. Nəticədə kainatı əhatə edən qanunlarla əxlaqi qaydalar eyni mənbədən gəlirdi. Habermas "Əxlaq və kommunikasiya" ("Moral and communication") əsərində Karl Otto Apelin renessans dövründə elmlə etikanın bağının qopduğu iddiasını dəstəkləyir və məsuliyyət məfhumu işığında kommunikasiya fəaliyyətinin etik xarakterini ifadə etməyə səy göstərir. Onun fikrincə, insan ünsiyyət zamanı istər-istəməz məsuliyyəti əvvəlcədən qəbul etmiş olur. "Nə etdiniz" sualı və ya "indi nə dediniz" sualı hər zaman aktualdır.


Modern fəlsəfədə əxlaq və siyasət. Modern dövrdə əxlaqla siyasət arasında əlaqə qopub. Bu dövrdə siyasət sahəsi dəyərlər sistemindən ayrıca, müstəqil qəbul edilir. Bu mənada siyasət əxlaq və xoşbəxtlik məfhumlarından daha çox, güc məfhumuna əsaslanır. Modern siyasət fəlsəfəsinin qurucularından olan Nikkolo Makiavelli (XVI əsr) siyasəti əxlaqdan ayrı  qiymətləndirərək siyasəti "əxlaqın xaricində" olan faktorlara bağlayır. "Hökmdar" əsərində Makiavelli  hökmdarın hakimiyyətini mühafizə etmək üçün hansı vasitələrdən istifadə edə biləcəyini araşdırır. Onun fikrincə, əxlaqi prinsiplər xüsusi vəziyyətin tələblərinə müvafiq şəkillənməlidir. Bu məqsədlə də hökmdar öz gücünü qorumaq üçün lazım gələndə hər vasitəyə əl atmalıdır.


XIX əsrdə Qərb düşüncəsində meydana gələn pozitivizm, siyasətin əxlaqdan asılı olmadığını vurğulayaraq, ümumiyyətlə, humanitar elmlərdə təbiət elmlərinin nəzəriyyə və prinsiplərinin mənimsənilməsinin labüdlüyünü irəli sürdü. Elmin obyektivlik iddiası çərçivəsində əxlaq ilə siyasətin ayrılma prosesi baş verdi. Bu görüşə görə, siyasi nəzəriyyə elmi əsaslar üzərində qurulmalı və onun əxlaqla olan əlaqələri kəsilməlidir. Artıq əxlaq, siyasət sahəsində iqtidar sahiblərinin ehtiyac halında müraciət etdikləri nostalji mənbədir və bu mənbəyə müraciət etmək özü-özlüyündə  paradoksdur.


Mişel Fukoya görə də, modern dövlət sistemində siyasi iqtidarın qarşılığı olan respublika sistemində əxlaq normativ dəyər və itaət altına alan siyasi güc vasitəsi halına gəlib.


Agnes Hellerə görə, klassik dövrdə üç əsas ictimai sahənin - gündəlik həyat, iqtisadi və siyasi qurumlar, mədəni intellektual və tətbiq sahələri - hər birində müştərək etik vərdişlər, əxlaqın ictimai tərəfi hakim idi. Modern dövrdə isə bu sahələrin hər biri özlərinə aid nisbi etik dəyərlər sistemi yaratdı. Siyasi hərəkəti müstəqil əxlaqi mövzu kimi tədqiq edən klassik siyasət fəlsəfəsinin əksinə olaraq, norma və dəyərləri praqmatik hala gətirən modern fəlsəfə siyasəti əxlaqi məsələ olmaqdan çıxararaq davranışı yox, subyekti ön plana aldı.


Digər tərəfdən, liberal siyasi düşüncədə əxlaq, fərdlərin seçimini aşan hər hansı kollektiv mənfəətin olmadığını və siyasətin müştərək mənfəətlər əldə etmək kimi bir hədəfinin ola bilməyəcəyini iddia edir. Bu mənada deontoloji (qaydalar anlayışı) liberal siyasi düşüncədə ədalətin mənfəətdən öncə gəlməsi prinsipi vurğulanır. Məsələn, ədalət pirinsipi başqalarına qarşı olan vəzifələrimizi reallaşdırmaq üçün vacib faktordur. Bu pirinsip başqasının hüquqlarına hər zaman və hər şəraitdə hörmət göstərməyimizi vacib hala gətirir. Bu görüşlərin Qərbdə etika və siyasət düşüncəsinə dərin təsirləri olub.


Modern əxlaq fəlsəfəsi əxlaqın ictimai münasibətlərdən kənarda formalaşmayacağını, bu səbəbdən də yalnız fərdə istinad etməklə istənilən etik baxış tərzinin uğur qazanmayacağını iddia edir. Modern dövrdə siyasi arenada daha çox önə çıxan kimlik və fərqlilik tələbləri, əxlaq ilə siyasət arasındakı ziddiyyətli məqamlar, ətraf mühitin çirklənməsi, istehlak cəmiyyətində insanın hər şeyi arzularının vasitəsi olaraq görməsi və  bütövlükdə insanın yalnız hedonist fərdə çevrilməsi kimi xüsusiyyətlər yeni əxlaqi baxış tərzinin aktuallığına gətirib çıxarır.


Müasir dövrdə əxlaq fəlsəfəsi araşdırmaçıları modern etika fəlsəfəsinin müxtəlif problemlərini dilə gətirirlər. Alasdair Makintayr ən sərt tənqidlərini bu kontekstdə modern əxlaq fəlsəfəsinə yönəldir. O, bu gün insanlığın təcrübədən keçirdiyi əxlaqi nihilizmin mənbəyində modern həyat tərzinin durduğunu və modern əxlaq fəlsəfəsinin qeyd olunan problemi həll edə bilməyəcəyini iddia edir. Makintayra görə, cəmiyyətin həyatında təcrübə vasitəsilə formalaşan yaxşılıq anlayışı öz yerini atomist (bölünməz) fərdin hedonist arzularına verib. Əxlaq normativ sahə, siyasət isə hər an dəyişə bilən strateji məqsədlərin tətbiqi sahəsi kimi qəbul edilib. Bu mənada siyasətin əsas məfhumu mənfəətdir. Bu anlayış eyni zamanda, praqmatik fəlsəfi baxış tərzi ilə də üst-üstə düşür. Etik normativ qaydalarda isə ilk növbədə "öhdəlik" məfhumu dayanır. Öhdəlik həm də məsuliyyət məfhumunu ehtiva edir. Bu kontekstdə siyasətlə əxlaqın konseptual anlayış baxımından fərqli olduğunu görürük. Modern Qərb fəlsəfəsində indiki mərhələdə belə bir fərqin problem təşkil etdiyi tez-tez vurğulanır. Post-modern dediyimiz bəzi fəlsəfəçilər xüsusilə belə bir fərqin saxta olduğunu, siyasət sahəsində də etik qaydaların bu və ya digər baxımdan tətbiq olunacağını iddia edirlər. Onlara görə, klassik fəlsəfi anlayışda və dünyagörüşündə olduğu kimi, əxlaqla siyasətin əlaqəsi bir-birilə əhatəli şəkildə olmalıdır. Bu mənada etik normativ qaydalar bir cəmiyyət daxilində meydana gələrək yaxşılıq və pislik anlayışlarını formalaşdırır. Fərdlər ictimai münasibətlər çərçivəsində bu anlayışlara uyğun hərəkət edərək əxlaq ilə siyasətin əlaqəsini həyata keçirirlər.


Əxlaq ilə siyasətin əlaqəsinin fəlsəfi əsalarını tam şəkildə ayırmaq və birləşdirmək həqiqətən də mümkün deyil. Məhz mövzu ilə bağlı son təhlillər onu göstərir ki, əxlaqi normativ qaydalar konseptual mənada siyasətə öz təsirini göstərir. Bu zaman isə məsuliyyət problemi ortaya çıxa bilər. Siyasət sahəsində ziddiyyətlərin və konfliktlərin meydana gəlməsi də məhz normativ etik qayda və dəyərlərin təzahürüdür. Bu normativ qayda və dəyərlər nəticəsində tərəflər arasında qarşılıqlı barışmaz mövqelər ortaya çıxır,  nəticədə isə uzlaşma, yaxud bir-birini rəddetmə vəziyyəti yaranır. Burada Kantın bir ifadəsini xatırlamaq lazım gəlir: "Qayda tətbiq etməyin qaydası yoxdur". Bu görüşə istinad edərək qeyd edə bilərik ki, etika qaydalar sistemi, siyasət isə bu qaydaların tətbiq olunma meydanıdır. Məhz bunun tətbiqi zamanı problemlər və ziddiyyətli görüşlər meydana gələ bilər. Bu mənada siyasətin təbiəti və mahiyyəti də bu konfliktlərin həll edilməsinə istiqamətlənib. İstənilən siyasi qərar veriləndə həm də dəyər və normlara istinad olunduğundan nəticədə əxlaq ilə siyasət arasındakı əlaqə zaman, məkan və anlayışlar müxtəlifliyinə görə fərqli tərzlərdə təzahür edir.

 





04.05.2020    çap et  çap et