525.Az

"İslahatlar siyasi sistemin güclənməsinə xidmət edir"


 

"İslahatlar siyasi sistemin güclənməsinə xidmət edir"<b style="color:red"></b> Bu gün müstəqil Azərbaycan dövləti özünün yüksək inkişaf mərhələsindədir.

Bütün dünyada hazırda koronavirus pandemiyasının tüğyan etməsinə baxmayaraq, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə pandemiyaya qarşı sistemli tədbirlər həyata keçirilir. Bütün bunlarla yanaşı, ölkəmizdə hüquqi və siyasi sferada əhəmiyyətli islahatlar həyata keçirilir. Eyni zamanda, aparılan kadr islahatları da cəmiyyətimizdə böyük rəğbətlə qarşılanır.

Mayın 1-də Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən Kamran Əliyevin respublikamızın Baş prokuroru vəzifəsinə təyin edilməsi ölkəmizdə həyata keçirilən kadr islahatları ilə yanaşı hüquqi sahədə də islahatların davamı kimi qiymətləndirilə bilər.

Qeyd edək ki, Kamran Əliyev uzun müddət Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. Bu fakt ölkəmizdə korrupsiyaya qarşı mübarizəyə verilən önəmin ifadəsidir. Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kompleks islahatlar Azərbaycanın gücünün və qüdrətinin daha da artmasına xidmət edir.

Bu kontekstdə siyasi müstəvidə aparılan islahatlar da böyük əhəmiyyət kəsb edir. Prezident Administrasiyasında Siyasi partiyalar və qanunverici hakimiyyətlə əlaqələr şöbəsinin yaradılması da bu islahatlara təkan verir. Xüsusi vurğulamaq Lazımdır ki, 2020-ci ilin fevralın 9-da ölkəmizdə keçirilmiş azad, demokratik və şəffaf parlament seçkilərindən sonra yeni formalaşan qanunverici orqanda aparılan
islahatlar siyasi sistemin yeni konfiqurasiyasının meydana çıxmasını şərtləndirib. Bu seçkilərdən sonra müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq müxalifət nümayəndəsinin Milli Məclisin Sədrinin müavini vəzifəsinə, eləcə də müxalifət nümayəndələrinin parlament komitələrinə həm sədr, həm müavin vəzifələrinə seçilmələri bu baxımdan xüsusi qeyd edilməlidir. Şübhəsiz ki, bu, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış strateji əhəmiyyətli addım kimi səciyyələndirilə bilər. Bu reallıqların fonunda digər mühüm məqamlardan biri həmin vaxt hakimiyyət tərəfindən parlamentdə təmsil olunan və olunmayan siyasi qüvvələrlə dialoq
prosesinə start verilməsidir. Bu təşəbbüs, siyasi sistemin inkişafına əlavə təkan və töhfə olmaqla yanaşı, yeni siyasi münasibətlərin formalaşması baxımından olduqca əhəmiyyətlidir.

Təbii ki, öz fəaliyyətində milli maraqları – dövlətin strateji mənafelərini üstün tutan siyasi qüvvələrin mütləq əksəriyyəti bu dialoq təklifinə müsbət yanaşdılar. Bununla da milli maraqları rəhbər tutan əsl müxalifət partiyaları hakimiyyətin islahatlar strategiyasının tərkib hissəsi olan dialoq təşəbbüsünü
təqdirəlayiq hal kimi xarakterizə etdilər.

Beləliklə, Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi sistemin inkişafına xidmət edən məqsədyönlü islahatlar ardıcıl xarakter daşıyır. Parlament islahatları, hakimiyyətlə siyasi partiyalar arasında siyasi dialoqun qurulması və digər amillər bütövlükdə siyasi sistemin güclənməsinə və yeni siyasi konfiqurasiyanın formalaşmasına xidmət edir. Siyasi sistemin yeni konfiqurasiyası, ilk növbədə, qarşılıqlı etimadlı siyasi münasibətlər sisteminin, dialoq mədəniyyətinin formalaşmasını, çoxpartiyalı sistemin istisnasız olaraq Azərbaycan dövlətinin, xalqının maraqlarına xidmət edəcək bir platforma üzərindən inkişafını, dövlətçilik və müstəqillik prinsiplərinin rəhbər tutulmasını ehtiva edən siyasi sistemin yaradılmasıdır. Bu, Azərbaycan dövlətçiliyi üçün yeni və olduqca mühüm, bəlkə də, tarixi əhəmiyyət kəsb edən bir mərhələdir. 

Dilarə Cəbrayılova

V cagırış millət vəkili ,295 nömrəli tam orta məktəbin direktoru


 





05.05.2020    çap et  çap et