525.Az

Tar-kaman ayrılıqdan danışır - Maya İmranın yazısı


 

ŞUŞASIZ 28 İL...

Tar-kaman ayrılıqdan danışır - <b style="color:red">Maya İmranın yazısı </b>

Burda gecələr bir başqa olardı... Hava qaralanda hər evdən ucalan tar-kaman səsi, ulduz səpələnmiş aydın səmama qarışar, “Şuşanın avazını” qəlblərə, könüllərə həkk edərdiş... Bu səmanın altında yetişən hər kəsin dərin bir musiqi sevgisi vardı... Musiqi beşiyi idi qoynum... Ana laylam muğam, ən gözəl avazım tar-kaman, ən sevimli səsim Xanın idi... Əbəs yerə deyil adım xalqımın mədəniyyət, musiqi tarixinin özəyi, özü...


1992-ci il 8 may... Həmin gün özündə qədim bir tarixi daşıyan hər daş-qayamda, tarixin daşa çevrilmiş abidələrində, hər döngəsində, hər addımında “Şur”, “Segah” pərvazlanan küçələrimdə yad tapdaqlar hiss edirdim! Gördüklərindən xəbərsiz, bu tarixə biganə, zərbəsində kin-küdurət, ikrah hiss etdiyim, qoynumda heç vaxt rastlamadığım yağı tapdağı...


28 ildir... Xarı bülbül qoynumda çiçək açacağını gözləyir... Kök saldığı torpaqlarda qoxumu arayır. Tapa bilməyəndə kədər basır köksünə, solur. Küsdü deyirlər. Küsməyib, darıxıb bülbülüm. Səmasında axşamçağı dumanlanan ocaq tüstülərini, dağlarda sədalanan Xanın səsini axtarır qəribim... Tapa bilməyəndə qəlbi qubar bağlayır. Bir “Qarabağ şikəstəsi” duymaq istəyir ruhu... Bir kamanın 28 illik həsrəti nəql edən həzin avazını dinləmək istəyir. Xarı bülbül həsrət çəkir. Elə bir insan varmı xarı bülbül adını eşidəndə ondakı həsrəti, ayrılıq havasını duymamış olsun?!


Yollarımı, cığırlarımı ot basdı... Xarı bülbülüm əzizlənmədi daha buralarda... Tapdandı, əzildi. Açacağı çiçəyi həsrətlə gözləyən olmadı. Bülbülü güldən ayırıb, gülü xarın caynağına verdilər...


28 ildir, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xanın səsində kədər duyulur... Tar-kamanım göz yaşlarına səbəb olur daha... Ayrılıq acısını dilləndirir, yada salır, darıxdırır... Tariximin ən əhəmiyyətli səhifələrini əsrlərlə daşıyan yüzlərlə abidə indi yeni tarix yazmaq üçün nigarandır...


Bu ulu tarixin davamını yaşamaq istəyirəm! Adım, avazımla sevinc göz yaşları bəxş etmək istəyirəm artıq! Yenə Xanın səsi ilə yaz axşamları yaşamaq istəyirəm! Yenə quruyan hər budağımda pöhrələyən tumurcuqlar görmək, çiçəklənmək, bar vermək istəyirəm. Kökü qoynumdan su içən musiqi mədəniyyətimizdə yeni şaxələr, qol-budaqlar açmaq istəyirəm!


Və inanıram... Tezliklə qoynumda iftixarla atdığınız hər addımın yerində xarı bülbülüm çiçək açacaq! Hər evə köksümdə yetişən xarı bülbülün ətri yayılacaq! Sonra biz bu ətirə QƏLƏBƏ ƏTRİ deyəcəyik!..

 





07.05.2020    çap et  çap et