525.Az

Zəmanətli kreditlərin verilməsi qaydaları dəyişdirildi


 

Zəmanətli kreditlərin verilməsi qaydaları dəyişdirildi <b style="color:red"></b>

Azərbaycanda zəmanət veriləcək kreditlər üçün tələblərə dəyişiklik edilib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə fərmanda əksini tapıb.

Fərmana əsasən, bir kredit üzrə zəmanətin kreditə nisbəti 15%-dən az, 85%-dən çox olmamalıdır. Əvvəl yuxarı hədd üzrə bu rəqəm 75% təşkil edib.

Eyni zamanda müvəkkil bank zəmanət üçün müraciət etdikdə, təqdim etdiyi müvafiq sənədlərə də dəyişiklik edilib.

Borcalan və zamin hüquqi şəxs olduqda, onların nizamnamə kapitalında 25% və daha çox iştirak payı olan fiziki və (və ya) hüquqi şəxslər barədə kredit hesabatları, borcalanın nizamnamə kapitalında 25% və daha çox iştirak payı olan fiziki şəxslərin, habelə kredit üzrə təminat vermiş fiziki şəxslərin (zaminlərin, girov (ipoteka) qoyan və s.) şəxsiyyətini təsdiq edən sənədlər, borcalanın hüquqi şəxs olan qanuni təmsilçisi, nizamnamə kapitalında 25% və daha çox iştirak payı olan hüquqi şəxslər, həmçinin kredit üzrə təminat vermiş hüquqi şəxslər barədə (zaminlərin, girov (ipoteka) qoyan və s.) dövlət reyestrindən çıxarış təqdim edilməlidir. Əvvəl yuxarıda qeyd edilən sənədlərdə borcalanın nizamnamə kapitalında iştirak payı 25%-dən çox idi.

Həmçinin “müvəkkil bankların xidmət haqları” bəndi də müvəkkil bankların komissiyaları kimi təqdim edilib.

Dəyişikliyə əsasən, müvəkkil bank Fonda zəmanət verilməsinə görə komissiya (birdəfəlik və illik) ödəyəcək. Bundan əvvəl müvəkkil bank zəmanət verilməsi üçün etdiyi hər bir müraciətə baxılmağa görə Fonda birdəfəlik xidmət haqqı və zəmanət verilməsinə görə komissiya (birdəfəlik və illik) ödəyirdi.

Fərmana əsasən, hər bir müraciət üçün müvəkkil bank tərəfindən zəmanət məbləğinin 0,1%-i (maksimum 50 manat) həcmində ödənilən xidmət haqqı ləğv edilib.

Fərmana əsasən, zəmanətin dayandırılması və ləğv edilməsi qaydaları da dəyişib.

Bir müvəkkil banka zəmanətlər üzrə edilmiş ödənişlərin (zəmanətə görə ödəniş edilmiş kreditlər üzrə Fonda daxil olan vəsaitlər çıxılmaqla) və müvəkkil bankın cari ödəniş tələbinin ümumi məbləği Fondun həmin müvəkkil banka verdiyi bütün zəmanətlərin qalıq məbləğlərinin 10%-ini keçdikdə, müvəkkil banka verilmiş zəmanətlər üzrə ödənişlər dayandırılacaq. Bundan əvvəl Bir müvəkkil banka zəmanətlər üzrə edilmiş ödənişlərin (zəmanətə görə ödəniş edilmiş kreditlər üzrə Fonda daxil olan vəsaitlər çıxılmaqla) və müvəkkil bankın cari ödəniş tələbinin ümumi məbləği Fondun həmin müvəkkil banka verdiyi bütün zəmanətlərin qalıq məbləğlərinin 7%-ini keçdikdə, müvəkkil banka verilmiş zəmanətlər üzrə ödənişlər dayandırılırdı.

Belə ki, bir müvəkkil banka zəmanətlər üzrə edilmiş ödənişlərin (zəmanətə görə ödəniş edilmiş kreditlər üzrə Fonda daxil olan vəsaitlər çıxılmaqla) ümumi məbləği Fondun həmin müvəkkil banka verdiyi bütün zəmanətlərin qalıq məbləğlərinin 10%-dən aşağı düşdükdə, Fond ödənişlərin icrasını bərpa edəcək. Bundan əvvəl bir müvəkkil banka zəmanətlər üzrə edilmiş ödənişlərin (zəmanətə görə ödəniş edilmiş kreditlər üzrə Fonda daxil olan vəsaitlər çıxılmaqla) ümumi məbləği Fondun həmin müvəkkil banka verdiyi bütün zəmanətlərin qalıq məbləğlərinin 7%-indən aşağı düşdükdə, Fond ödənişlərin icrasını bərpa edirdi.

Eyni zamanda fərmana əsasən, Müvəkkil banklar tərəfindən zəmanət limitinin azaldılması ilə bağlı Fonda müraciət edildikdə, cari il üçün limit azaldılır və limit məbləğinin istifadə olunmamış hissəsi digər banklar arasında fərdi ballara uyğun olaraq bölüşdürüləcək. Bundan əvvəl Fondun İdarə Heyəti tərəfindən hər bir il üzrə müəyyən edilmiş tarixədək banklar zəmanət limitinin azaldılması ilə bağlı Fonda müraciət edirdi.

Yeni dəyişikliyə əsasən, təqvim ilinin sonunadək ilkin və ya azaldılmış zəmanət limitindən istifadə 90%-dən az olduqda, müvəkkil banka aşağıdakılar tətbiq edilməsi ilə bağlı maddə ləğv edilir:

- müvəkkil bank ilin birinci yarısında limitin azaldılmasına dair müraciət etdikdə, azaldılmış limitin istifadə olunmamış hissəsinin cari ilin azaldılmış limitinə nisbətində növbəti il üçün limit azaldılır və cari ilin azaldılmış limitinin istifadə olunmamış hissəsinə cərimə tətbiq edilir;

- müvəkkil bank ilin birinci yarısında limitin azaldılmasına dair müraciət etmədikdə, cari ilin limitinin istifadə olunmamış hissəsinin cari ilin limitinə nisbətində növbəti il üçün limit azaldılır və cari ilin limitinin istifadə olunmamış hissəsinə cərimə tətbiq edilir.

Qeyd edək ki, cərimə faizini və həmin bənddən irəli gələn digər məsələləri Fondun Himayəçilik Şurası müəyyən edir. Fond müvəkkil bankın limitin azaldılması barədə Fondun İdarə Heyəti tərəfindən cari il üzrə müəyyən edilmiş tarixdən sonra etdiyi müraciətə baxmır. Müvəkkil bank limitin azaldılması üçün ildə yalnız bir dəfə müraciət edə bilər.

 





07.05.2020    çap et  çap et