525.Az

Ömür keçdi, gün keçdi... - Memuar


 

Ömür keçdi, gün keçdi... - <b style="color:red">Memuar</b>

(Babamın əziz xatirəsinə) 


İkinci Dünya müharibəsi! Böyük müharibələrin gətirdiyi fəlakətlər də böyük olur. Biz müharibə istəmirdik: nə dinc yaşayan əhali, nə də onların arasından səmanı, günəşi, öz doğma el-obasını, ev-eşiyini, qohum-qardaşını bir daha görməyəcəyini bilərək müharibəyə yollanan əsl vətənpərvər insanlar! Hazırkı dövrdə Azərbaycanda çox az sayda müharibə iştirakçısı - veteranlarımız və onlarla bağlı xatirələr qalıb. Halbuki sadə bir insanın taleyi böyük bir ölkənin və xalqın  gerçək, yaşanmış və danılmaz tarixinin silinməz səhifələridir. Düşünürəm ki,  qanlı-qadalı, özündə tarixi yaşadan bu səhifələr unudulmamalı, bizim övladlarımızın qan yaddaşına hopmalıdır.


Qarabağ müharibəsinin dəhşətlərini, ağrı-acısını, müsibətlərini yaşayan xalq kimi dağıdıcı qüvvəyə malik olan bu hadisənin fəlakətlərini bizim nəsil də yaxşı bilir. Amma İkinci Dünya müharibəsi zamanı elə bir ev, elə şəhər, kənd qalmamışdı ki, müharibənin təlatümlü dalğası gedib ora çıxmamış olsun, elə bir insan yox idi ki, müharibə ondan yan keçsin istər ön, istərsə də, arxa cəbhədə. Onların çoxunun taleləri yarımçıq qalmış, vətən uğrunda canlarını qurban vermiş, dəyərli həyatlarına əbədi göz yummuş, bəzilərinin bu baxımdan bəxtləri gətirmiş, ağır yaralar alsalar da, həyatda qalmış, ölüm-dirim davasında mücadilə vermiş, veteran adını, bu adın şərəfini qazanaraq Vətənə dönməyə müyəssər olmuşlar. Çox geniş müqəddiməyə ehtiyac duymadan bu yazımda İkinci Dünya müharibəsinin veteranı, adını fəxrlə, sevgiylə andığımız İbrahim babamdan söhbət açacaq, onu xatırlayacaq, bununla da, qəlbimin dərinliklərində yaşayan nisgilli xatirələrə işıq salaraq baba həsrətinə su səpməyə çalışacağam.


İbrahim Tağı oğlu Cəfərov. Gözlərini işıqlı dünyaya 1921-ci ildə açıb, amma nədənsə sənədlərdə  bu tarix 1919-cu il olaraq qeydə alınıb. O, Tovuz rayonunun Dönük-Qırıxlı kəndində, çoxuşaqlı (on bir uşaq - səkkiz qız və üç oğlan) ailənin həsrətlə yolunu gözlədiyi, səkkiz bacıdan sonra dünyaya gələn ilk oğlan övladı və geniş təsərrüfata sahib böyük ailənin atadan sonra söykənə biləcəyi, arxalandığı dayağı olub. Babamın həyat yolu və taleyi o dövrün bir çox insanlarının yaşadıqlarından, demək olar ki, fərqlənməyib, belə ki, o da öz nəslinin nümayəndələri kimi doğru-dürüst yaşayıb, Vətənə sədaqətlə xidmət edib, zəhməti və şərəfilə övladlarını böyüdüb, eyni zamanda da ölkəni dağıntı və aclıqdan qurtarmağın yollarını axtarıb və bu istiqamətdə səylə çalışıb.


Müharibənin acı xəbəri Dönük-Qırıxlı kəndini, bilavasitə Cəfərovlar ailəsini 1942-cı ilin əvvəllərində haqlayıb. Babam Tovuz rayonunun hərbi komissarlığından müharibəyə çağırılıb, rəsmi olaraq 1942-ci ilin 9 yanvar tarixindən Ordu sıralarına daxil olub, elə həmin ilin 5 oktyabrından Bryansk cəbhəsindən müharibə iştirakçısına çevrilib. Onun cəbhəyə gedən yolu bu şəhərlərdən keçib: Tovuz-Tbilisi-Stavropol-Xarkov-Rostov-Voronej və nəhayət, Bryansk şəhəri. Onu Viktor İvoviç Maxlinskinin komandir olduğu 211 atıcı diviziyasının 887 atıcı alayının pulemyotçusu təyin edirlər. Bu alayın tərkibində cəbhəyə daxil olmuş İ.Cəfərov  Kaluqa vilayətində qəhrəmancasına döyüşmüş, Oka çayını keçərək Orlov vilayətinə yol alıb. Onun şəxsi döyüş şücaəti haqqında təltif vərəqində belə yazılır: "Hərbi mükəlləfiyyətdə yerləşən əl pulemyotunun pulemyotçusu Cəfərov öz həyatı bahasına əl pulemyotdan sərrast atəş açmaqla faşist qəsbkarlarını məhv edib. Cəfərov 1942-ci ilin 5 may-10 oktyabrtarixində Orlov vilayətinin Uv.Zaleqoş kəndində pusquda öz sərrast atəşilə 17 alman əsgər və zabitini məhv edib".


Yuxarıda adıçəkilən döyüşdən sonra diviziya Kşen çayının sahillərinə üz tutur və Kaluqa vilayətinin Duminiçi kəndinə qədər geri qayıdır, indi də Jeleznoqorskdan Sumsk vilayətinə, oradan Dnepr yaxınlığındakı Poltava vilayətinə, Çerkessı şəhərinə keçid alır. Amansız, qan su yerinə axan döyüşlər gedirdi. Hitlerçilər mühüm məntəqələri ələ keçirmişdilər, onları aramsız, ardı-arası kəsilmədən bombalayırdılar, üzərində əhalinin sayılı günlər yaşadığını bildirən, müqavimətin mənasız olduğuna əmin edən mətnlər yazılmış vərəqələr səpələyirdilər. Babam bütün bu hadisələri öz gözlərilə görmüş şahidlərdəndir.


O, sonralar bu döyüşləri çox amansız və qan çanağı kimi xatırlayırdı. Faşistlər rəhimsizcəsinə, ardı-arası kəsilmədən bomba yağdırırdılar, hərəkət edən hər şeyə atəş açır, bütün canlı olanı məhv edirdilər. Döyüşlər uzun müddət davam etdiyindən, fasiləsiz atışmadanzenitlərin gövdələri üst-üstə qalanmış, əsgərlərin gimnasterkaları tər və qan içindəydi. Xalq məyusluq anında birlik nümayiş etdirir, doğma torpağını tərk etmirdi, hətta itlər belə yaralı əsgərləri döyüş meydanından çıxarırdılar. Tibb bacıları, bəlkə, yaralıları xilas etmək mümkün olar deyə özlərini güllə altına atırdılar. Lakin əfsuslar olsun ki, faşistlərin gücü tükənmək bilmirdi. Döyüşlərdə milyonlarla ölənlər vardı, çox sayda insanları əsir almışdılar, əksərlərini elə həmin anda, elə oradaca güllələmişdilər. Belə bir təəssürat oyanırdı ki, müharibəni uduzmuşuq, düşmənə artıq qalib gələ bilməyəcəyik. Lakin əldən düşmüş əsgərlər qəhrəmancasına son damla qanlarınadək döyüşür, şəhərləri faşist işğalçılarından azad edir, həmişə olduğu kimi, hərbi rəhbərliyin etimadını doğruldurdular.


Sonra döyüş yolu Çernobılın şimalına Prepyat istiqamətinə yönəlir və Ukranyanın Zakarpatı boyunca yerləşən Vaxnovka Vinits vilayətinə, oradan da Lvova qədər uzanır. Qızğın döyüşlər zamanı babam ayağından ciddi yaralanır və onu evə geri göndərirlər, lakin o, cavan həyat yoldaşının və südəmər körpəsinin onun yolunu böyük həsrət, nigarançılıq və səbirsizliklə gözlədiklərinə baxmayaraq, öz təşəbbüsü ilə yenidən cəbhəyə qayıdır.


Göstərdiyi igidlik və şücaətlərinə görə babam İbrahim Tağı oğlu Cəfərov I dərəcəli Vətən müharibəsi ordeni, "Hərbi xidmətlərinə görə" medalı ilə təltif olunur, həmçinin, 80-ci illərdə təşəkkür və minnətdarlıq əlaməti olaraq dövlət ona avtomobil (hər beş ildə bir dəfə yeniləmək şərtilə) də hədiyyə verir.


Müharibədən sonra, 1947-ci ildə babamın və nənəmin ikinci övladı - mənim atam dünyaya gəlir. Öz cavan qardaşını itirmiş babam onun ailəsinin və övladının bütün məsuliyyətini də öz üzərinə götürür, qardaşının balasını özününkülərdən ayırmır, ona ata nəvazişi göstərərək öz balası kimi tərbiyə edir, boya-başa çatdırır, onu evləndirir və öz torpağını tən yarı bölərək, orada öz qardaşının balasına ev tikir və öz nəvələri kimi onun övladlarının qayğısına qalır.


Babam və nənəm o qanlı-qadalı, ağır illərdə hər çətinliyə sinə gərərək üç (qardaşı oğlunu da hesaba alsaq) övlad və 11 nəvə böyüdüb ərsəyə yetirib. Onlar Qələbə naminə bütün bacardıqlarını, əllərindən gələn hər şeyi ediblər. Müharibədə olduğu kimi, sonralar, əmin-amanlıq dövründə həyatlarının sonunadək vicdanla çalışıblar.


Babam uzun illər Dönük-Qırıxlı kəndinin aqronomu, sonralar kadrlar şöbəsinin müdiri vəzifələrində çalışıb. Babam kənddə öz əməlləri ilə hamının məsləhətinə ehtiyac duyduğu, sayılıb-seçilən, ağsaqqal adını qazanmışdı. Çözülməsi müşkül görülən hər işi bircə kəlməsilə müdrikcəsinə yoluna qoyar, böyük bir nəsilə - Məmməd Cəfərli nəslinə başçılıq edərdi. İstər müharibə illərində, istərsə də, müharibədən sonra babam müdrik insan, əsl vətəndaş, qeyrətli ər, qayğıkeş ata adını şərəflə daşıyıb. Baxışının zəhmindən adamı zabitəsilə doğrayıb-biçən İbrahim Cəfərov biz nəvələri üçün sonsuz dərəcədə mehriban, qayğıkeş, mərhəmətli İbrahim baba idi. Bizə qarşı bitib tükənmək bilməyən sevgi ilə dolu idi, uşaqlığımız onun sərt dizləri üstündə keçib.


Hər il bizim qədər o da yay tətilini gözləyərdi (Atam ali təhsil almaq məqsədilə 1966-cı ildə Bakıya gəlir, sonra ailə qurur və şəhərdə yaşamağa başlayır).  Çətirlənib bütün həyətə kölgə salan tut ağacı bugünkü kimi yadımdadır. Biz şəhərdən kəndə yay tətilini keçirməyə gedəndə babam hər il "dünyamızda əmin-amanlıq olsun, balalarımı gələn il də sağ-salamat görüm" deyə qurban kəsər, hamını bir süfrə ətafında toplayıb kabab çəkərdi.


Lakin bu həyatda heç nə əbədi deyil. 1998-ci ildə babam dünyasını dəyişdi. İndi onun adını qardaşımın yeganə oğlu daşıyır: Tağı kişinin oğlu İbrahim babamın adını  indi Tağıyev İbrahim - qardaşım oğlu yaşadır, eyni boyda-buxunda, eyni qəddi-qamətdə.


Allah sənə rəhmət eləsin, mənim qayğıkeş, qəhrəman babam! Məkanın cənnət olsun!


P.S.
İsti yay günlərinin biri idi. Hər axşam olduğu kimi uşaqdan böyüyə tut ağacının altında toplanmışdıq. Anam sobada bağımızın məhsulu olan kartof (babam hər il geniş həyətyanı sahəsində əkib becərərdi) qızardıb gətirdi. Biz həvəslə qabığı qıpqırmızı qızarmış kartofa cumduq. Çox naz-nemətlə böyümüş kiçik bacımın əlindəki kartof yerə düşdü. Bizim üçün qeyri-adi heç bir hadisə baş verməmişdi, axı nə də olsa bağın məhsulu idi, özü də ki bolluca idi. Babam əyilib kartofu yerdən qaldırdı və sakitcə, heç kimin eşitməyəcəyi bir səslə nənəmə dedi: "Müharibə vaxtı bunun qabığına həsrət olanlar vardı".


Mahrux TAĞIYEVA
Bakı Slavyan Universitetinin dosenti

 





09.05.2020    çap et  çap et