525.Az

"Yeni və dayanıqlı bir dünya inşa etməliyik" - Məqalə


 

NOBEL SÜLH MÜKAFATI LAUREATI, PROFESSOR MƏHƏMMƏD YUNUS POSTPANDEMİYA İLƏ BAĞLI PROQRAMINI AÇIQLADI

"Yeni və dayanıqlı bir dünya inşa etməliyik" - <b style="color:red">Məqalə </b>

Dünyaca məşhur iqtisadçı, Nobel Sülh Mükafatı laureatı, professor Məhəmməd Yunus postpandemiya dövrü üçün yenidənqurma konsepsiyasını açıqlayıb.


Bununla bağlı o, Beynəlxalq Avrasiya Mətbuat Fonduna, fondun prezidenti kimi mənim adıma məktub göndərib: "Əziz Umud, Dakkadan salamlar. Ümid edirəm pandemiya dönəmində sağlamlığınızla əlaqədar hər şey qaydasındadır. Bu gün bu məktubumda sənə "Geriyə yol yoxdur" başlığı altında dünyanın hələ koronavirusdan öncəki həm iqtisadi, həm sosial, həm də ətraf mühit cəhətdən fəlakətə doğru yol aldığını əks etdirən yazımı göndərirəm. Bildirmək istəyirəm ki, pandemiya bitdikdən sonra belə, biz artıq köhnə dünyaya qayıtmamalıyıq. Əksinə, yeni və dayanıqlı bir dünya inşa etməliyik".


Professor Məhəmməd Yunusla dostluq əlaqələrimiz 2000-ci illərin əvvəllərindən başlayır. 2016-cı ilin iyununda BAMF-ın təşəbbüsü, ADA və UNEC-in dəstəyi ilə bu ünlü şəxsin ölkəmizə səfəri də reallaşdırılmışdı. Səfərin ilk günündə professor Məhəmməd Yunus ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən rəsmi qəbul edilmişdi. Cənab Prezidentlə professor Məhəmməd Yunus arasında ölkədə sosial biznesin təşviq edilməsi, sosial məsuliyyət prinsiplərinin gücləndirilməsi istiqamətində fəaliyyətlərin dəstəklənməsi məqsədilə aparılan müzakirələr həm nazirliklər və müxtəlif dövlət qurumları, həm də vətəndaş cəmiyyəti, kommersiya təşkilatları üçün ciddi bir çağırış oldu. Nobel Sülh Mükafatı laureatı, professor Məhəmməd Yunusun ölkəmiz haqqında səmimi fikirləri, ölkəmizin Prezidenti, Birinci vitse-prezidenti tərəfindən həyata keçirilən sosial islahatların uğurlu dinamikası haqda mülahizələri, video müraciətləri diqqətlə qarşılanmışdı. O, Azərbaycanda sosial biznes fəlsəfəsinə göstərilən yüksək anlayışa görə minnətdarlıq hisslərini, Azərbaycana xüsusi diqqət və marağını beynəlxalq arenada da heç zaman gizlətmədi. Bu gün o, dünyanın yeni münasibətlər sisteminin formalaşdığı bir dönəmdə hamının ondan gözlədiyi fikirləri Azərbaycan oxucularına çatdırmağı bizdən xahiş edir: "İstərdim fikirlərimin ictimaiyyətə geniş şəkildə çatdırılması üçün yazımın Azərbaycandakı kütləvi informasiya vasitələrində yayımlanmasına kömək edəsiniz".  


Professor Məhəmməd Yunusun beynəlxalq arenada geniş maraq doğuran "Postpandemiya dövründə  yenidənqurma proqramı" yazısını Azərbaycan oxucularına təqdim edirik.


Umud MİRZƏYEV
BAMF-ın prezidenti


***
 


Postpandemiya dövründə yenidənqurma proqramı

GERİYƏ YOL YOXDUR


Professor Məhəmməd YUNUS 


Koronavirus pandemiyasının davamlı olaraq dünyamıza vurduğu ziyanın miqyası insanı heyrətə gətirir. Lakin dəyən zərər nə qədər böyük olsa da, onun bizim üçün yaratdığı imkanlar da misilsizdir.


Hazırda bütün dünyanı maraqlandıran böyük bir sualın cavab verilməlidir. Bu sual iqtisadiyyatın yenidən necə bərpa edilməsi ilə bağlı deyil. Xoşbəxtlikdən cavab bizə məlumdur. Çünki biz bərpa prosesinin idarə olunması istiqamətində yaxşı təcrübə toplamışıq. Cavab verməli olduğumuz əsas sual isə bundan ibarətdir: Biz dünyanı koronavirusdan əvvəlki dönəməmi qaytarmalıyıq, yoxsa  dünyanı yenidən qurmalıyıq? Qərar təbii ki, bizdən asılıdır.


Koronavirusdan öncə dünyamızda mövcud olan çatışmazlıqları bir  daha xatırlatmağa ehtiyac yoxdur. Hələ pandemiya xəbəri bütün dünyaya yayılmazdan qabaq, insanlar baş verən digər dəhşətli hadisələrdən dolayı fəryad edirdi.    


Sanki iqlim fəlakəti nəticəsində tamamilə məhv olacaq planet qalan günlərini saymaqda idi. Dünya əhalisinin bir hissəsi süni zəkanın yaratdığı kütləvi işsizlikdən ciddi şəkildə əziyyət çəkir, digər hissəsi isə dünyadakı sərvətləri öz əlində cəmləşdirməklə vəziyyəti partlayış həddinə çatdırmaqda idi.


Sanki dünyanın sonu imiş kimi, bir-birimizə dəfələrlə qarşıdakı on illiyin son şans onilliyi olduğunu xatırladırdıq. Bu on ildən sonrakı səylərimiz planetimizi xilas etmək üçün qeyri-adekvat  olan marginal nəticələrə səbəb olacağını düşünürdük. 
 

İndi həmin dünyaya gerimi qayıtmalıyıq? Seçim bizimdir  


Koronavirus bir anda dünyanın məğzini və mizanını dəyişdirdi. O, əvvəllər mövcud  olmayan geniş imkanlara yol açdı. Bir anda beyinlərimizdə hələ də, xarici aləmin təsiri altına düşməmiş təmiz bir səhifə açıldı. Artıq istədiyimiz istiqamətə doğru rahatlıqla yönələ bilərik. Necə də inanılmaz bir seçim azadlığıdır!


Əvvəla mövcud iqtisadiyyatı dirçəltmək barədə düşünməzdən öncə hansı formada bir iqtisadiyyat qurmalı olduğumuz barədə razılığa gəlməliyik. Hər şeydən əvvəl iqtisadiyyatın bir vasitə olduğunu qəbul etməliyik. Bu, qarşımıza qoyduğumuz hədəflərə çatmağımızı asanlaşdırır.


İqtisadiyyatın  hər hansı "ilahi güc" tərəfindən yaradılaraq bizi öldürücü tələyə salmasına imkan verməməliyik. Bir anlıq unutmamalıyıq ki, bu, bizim hazırladığımız bir vasitədir.


Ümumi xoşbəxtliyin yüksək səviyyəsinə nail olana qədər biz bunu birlikdə yaratmağa, yenidən qurmağa, hazırlamağa  davam etməliyik.


Əgər hər hansı bir məqamda bütün bunların bizi istədiyimiz yerə aparmadığını hiss etsək,  dərhal anlayacağıq ki, istifadə etdiyimiz üsul və proqramlarda hansısa bir xəta var.


Edəcəyimiz yeganə iş bunu bərpa etməkdir.  "Üzr istəyirəm üsul və proqram imkan vermədiyi üçün biz qarşıya qoyulan hədəflərimizə çata bilmədik" deməklə  özümüzə haqq qazandıra bilmərik. Bu, bağışlanmaz bir bəhanə olar. 


Əgər sıfır karbon emissiyasına malik dünya yaratmaq istəyiriksə, biz düzgün üsul və proqramlar  qurmalıyıq. Sıfır işsizliyə nail olmaq istəyiriksə, eyni qaydada davranmalıyıq. Əgər dünya sərvətinin bir yerdə toplanmasını istəmiriksə, yenə də doğru düzgün üsul və proqramlar ərsəyə gətirməliyik. Bütün bunlar yalnız  sağlam  üsullarla, doğru və düzgün proqramlarla bağlıdır.


Ən əsası budur ki, yeni bir başlanğıc üçün koronavirus böhranı bizə sonsuz imkanlar yaratdı. Artıq bu imkanlardan yararlanaraq üsul və qaydalarımızı  demək olar ki, təmiz bir səhifədən hazırlaya bilərik.

 
Pandemiyadan sonrakı dönəmin yenidən qurulması sosial və ətraf mühit anlayışına əsaslanmalıdır  


Yenidən keçmişə qayıtmamaq üçün qlobal səviyyədə yekdil bir qərar bizə son dərəcə yardım edə bilər. Biz bərpa adı ilə bir daha eyni alovun içinə atılmaq istəmirik və bunu heç "Bərpa" proqramı adlandırmaq da düzgün deyil. 


Məqsədimizi daha aydın göstərmək üçün bunu "Yenidənqurma" proqramı adlandıra bilərik. Bizneslər bu proqramın reallaşdırılmasında əsas rola malik olacaq. Post pandemiya  zamanı yenidənqurma proqramı bütün qərarların mərkəzində sosial və ətraf mühit anlayışını əsas götürməlidir.


Hökumətlər digər bütün seçimilərlə müqayisədə cəmiyyətin sosial və ətraf mühit məsələlərinə maksimum fayda gətirəcəyinə əmin olmayacaqları təqdirdə heç kimə bir dollar belə təklif edilməyəcəyinə qarant durmalıdırlar. 


Yenidənqurma ilə bağlı bütün görülən tədbirlər ölkə və eləcə də bütün dünya üçün sosial, iqtisadi və ekoloji anlayışlara əsaslanan iqtisadiyyatın yaranmasına istiqamətlənməlidir. 
 

İndi əsl vaxtdır 


Biz yenidənqurma paketinin icrasına  ictimai şüuru hərəkətə gətirən plan və fəaliyyətlərdən başlamalıyıq. Böhran içində olduğumuzu nəzərə alsaq, bütün planlar günü bu gün hazır olmalıdır.


Çünki böhran aradan qalxdıqda, pas atıb qalmış köhnə fikir və üsullar yenidən meydana çıxacaq.


Yeni təşəbbüslərin sınanmamış siyasət olduğunu bəhanə gətirməklə onlara qarşı güclü müqavimət göstəriləcək (Bundan öncə, Olimpiya Oyunlarının sosial müəssisələr kimi dizayn edilə biləcəyini təklif etdikdə, rəqiblər bir çox arqumentlər ortaya çıxarmağa başladılar. İndi Paris Olimpiya 2024, böyük bir həyəcanla bizim təklifimiz əsasında tərtib olunur).  Köhnə fikirlər oyanmadan biz onları üstələməliyik. İndi əsl vaxtdır!
 

Sosial biznes 


Kompleks yenidənqurma planında mən, aparıcı rolun  biznesin yeni forması olan sosial biznesə verilməsini təklif edirəm. Bu, investorun ilkin sərmayəni geri götürmək hüququ istisna olmaqla, əlavə şəxsi mənfəət güdmədən insanların problemlərinin həllinə yönələn biznes sahəsidir. İlkin sərmayə geri qayıtdıqdan sonra bütün sonrakı mənfəət yenidən həmin biznesə yatırılır.


Sosial biznes müəssisələri öz üzərlərinə daha çox yenidən qurma öhdəlikləri götürdükləri zamanı hökumət onları təşviq edəcək, prioritetləşdirəcək və onlar üçün imkanların yaradılması istiqamətində işlər görəcək.


Eyni zamanda, hökumətlər sosial biznes müəssisələrinin onlara lazım olan təqdirdə hər yerdə, istənilən vaxtda və ölçüdə meydana gəlməsini gözləməməlidirlər. Hökumətlər ənənəvi rifah proqramları vasitəsilə yoxsul və işsizlərə qayğı göstərməli, səhiyyə sistemini gücləndirməli, eləcə də, bütün zəruri xidmətləri təkmilləşdirməsi yolu ilə sosial biznes seçimlərinin zəif olduğu biznes sahələrinə dəstək proqramına start verməlidir.


Sosial biznes müəssisələrinin meydana gəlməsini sürətləndirmək üçün hökumətlər mərkəzdə və yerlərdə Birgə Sosial Biznes Kapital Fondları yarada və ya özəl sektor, fondlar, maliyyə qurumları, şirkətlər və investisiya fondlarını təşviq etməklə bunu həyata keçirə bilər. 


Bundan əlavə, həmin şirkətlər öz partnyorlarını və korporasiyaları da təşviq etməklə öz sosial bizneslərini quraraq sosial iş ortaqları ilə birgə müəssisə yarada bilər.


Yenidənqurma proqramı çərçivəsində hökumətlər, sosial biznesi maliyyələşdirmək üçün onları ala bilər və ya ehtiyacı olan şirkətləri sosial müəssisələrə çevirmək üçün onlarla müştərək fəaliyyət göstərə  bilər. Mərkəzi Bank, digər müəssisələr kimi sosial müəssisələrə də, maliyyə bazarlarından fond bazarlarına investisiya qoymaq üçün maliyyələşmə imkanı verə bilər.


Yenidənqurma mərhələsində bir çox imkanlar meydana gələcək. Bunun üçün hökumətlər mümkün qədər bütün sosial müəssisə sahiblərini bu təşəbbüsə cəlb etməlidir.
 

Sosial biznes investorları kimlərdir?  


Sosial biznes investorları kimlərdir? Onlara harada rast gəlmək olar?


Onlar hər yerdədir. Biz sadəcə onları görmürük, çünki bizim hazırkı iqtisadi dərsliklərimiz onların mövcudluğu haqda məlumatlardan bəhs etmir. Nəticədə bu dərs sistemi bizim gözlərimizi onları görməməyə alışdırıb. Yalnız son zamanlarda İqtisadiyyat kurslarında Grameen Bankı və mikrokreditə olan qlobal heyranlıqdan dolayı sosial biznes, sosial sahibkarlıq, təsir investisiya, qeyri-kommersiya təşkilatları və s. kimi mövzularda bəzi müzakirələr dərsliklərə daxil edilib.


Nə qədər ki, iqtisadiyyat yalnız mənfəət artımı üçün bir elm olaraq qalır, biz sosial və ekoloji şüuru əsas götürən yenidənqurma proqramına tamamilə etibar edə bilmərik. İqtisadiyyat inkişaf etdikcə, bütün strategiyamız sosial biznesin ümumi iqtisadiyyatdakı payının artırılması olacaqdır.


Sosial biznesin müvəffəqiyyəti nəinki iqtisadiyyatın geniş hissəsini əhatə edəcək, həm də eyni  biznes növü ilə məşğul olan sahibkarların sayında sürətli artımın müşahidə olunmasını təmin edəcək.


Bu, sosial və ekoloji şüurun aparıcı rola malik olduğu iqtisadiyyatın yaranmağa başlamasından xəbər verir.


Hökumət siyasəti sosial biznes sahibkarlarını və investorları nəzərə aldıqca, onlar bu tarixi fürsətin tələb etdiyi mühüm sosial rolu oynamağa həvəslə irəli duracaqlar. Sosial biznes sahibkarları kiçik bir xeyriyyəçi  əməl sahibi olan icma üzvləri deyil. Bu, qlobal və yerli sosial biznesin maliyyələşdirilməsi və idarə olunması sahəsində uzun illər təcrübəsi olan nəhəng çoxmillətli şirkətlər, böyük sosial biznes fondları, bir çox istedadlı rəhbərlər, korporativ qurumlar, fondlar və müəssisələri özündə cəmləşdirən əhəmiyyətli bir qlobal eko sistemdir.


Sosial biznes müəssisələrinin konsepsiyası və təcrübələri hökumətin diqqətini cəlb etdikcə, bir çox böyük şəxsi gəlir əldə edən iş adamları uğurlu sosial biznes sahibkarları olmaq üçün, eləcə də iqlim, işsizlik və digər bu kimi problemlərin həllində sosial rol oynamaqdan ötrü qeyri-adi istedadlarını həvəslə üzə çıxarmağa çalışacaqlar.  


İnsanlar iş axtaran kimi deyil, sahibkar kimi dünyaya gəlir 


Yenidənqurma proqramı vətəndaşlarla hökumət arasında ənənəvi iş bölgüsünü aradan qaldırmalıdır. Vətəndaşların rolu yalnız ailələrinə qayğı göstərmək və vergi ödəməkdən ibarət olmamalıdır. Əslində, iqlim, iş yerləri, səhiyyə, təhsil, su və sair bu kimi ümumi problemlərin həlli hökümətin (və müəyyən dərəcədə qeyri-kommersiya sektorunun) məsuliyyətidir.


Yenidənqurma proqramı bu səddi aradan götürməli və bütün vətəndaşları irəliyə gəlməyə və sosial müəssisələr yaratmaqla öz istedadlarını problemlərin həllinə yönəltməyi təşviq etməlidir. Onların gücü təkcə təşəbbüsə görə deyil, saylarına görə də nəzərə alına bilər. Çoxlu sayda kiçik təşəbbüslər birləşəndə böyüyərək əhəmiyyətli ümummilli aksiyaya çevrilir.


Sosial biznes sahibkarlarının dərhal həll edə biləcəyi problemlərdən biri iqtisadiyyatın çökməsi nəticəsində yaranan işsizlik problemi olacaqdır. Sosial biznes investorları sosial biznes müəssisələri yaratmaqla işsizlər üçün iş yerləri yarada bilərlər. Eyni zamanda, onlar işsizlərin sahibkarlara çevirməklə nümayiş etdirəcəklər ki, insanlar işsiz kimi deyil, sahibkar kimi doğulurlar. Sosial biznes müəssisələri hökumətlə əməkdaşlıq çərçivəsində etibarlı bir sağlamlıq sisteminin yaradılmasında da iştirak edə bilərlər.


Sosial biznes investorunun fərdlərdən ibarət olması mütləq deyil. Bunlar investisiya və əmanət fondları, sosial biznesi idarə etmə şirkətləri və təşkilatlar ola bilər. Bu qurumların bir çoxu şirkətlərin ənənəvi sahibləri ilə mehriban şəkildə necə işləməyi çox yaxşı bilirlər. Postkoronavirus dövründə yaranan çarəsiz, çətin bir durumda hökumətin düzgün çağırışı əvvəllər heç kəsə məlum olmayan fəaliyyətlərin artmasına, problemlərin sürətli çözülməsinə səbəb ola bilər. Bu, istər kişi, istər qadın, istər cavan, istər yaşlı nəslin sırasından çıxacaq, dünyanın heç kimə məlum olmayan şəkildə yenidən qurulmasına ilham verən bir liderlik üçün sınaq olacaq.
 

Gizlənməyə yerimiz olmayacaq


Postpandemiya dövründə idarə etməli olduğumuz sosial və ekoloji şüur proqramını həyata keçirə bilməsək, koronavirus bəlasından daha ağır bir fəlakətə düçar olacağıq. Evimizdə koronavirusdan gizlənə bilərik, ancaq qlobal məsələlərlə bağlı yaranan problemləri həll edə bilməsək, "Ana Təbiət" və dünyadakı kütlələrin qəzəbindən gizlənməyə yerimiz olmayacaq.

 





09.05.2020    çap et  çap et