525.Az

Heydər Əliyev və məhkəmə hakimiyyəti


 

Heydər Əliyev və məhkəmə hakimiyyəti <b style="color:red"></b>

Azərbaycanın müasir tarixini Ümummilli lider Heydər Əliyevin fəaliyyətindən kənar təsəvvür etməyin mümkünsüzlüyü ictimai fikirdə birmənalı şəkildə qəbul edilən real həyat həqiqətidir. Bu həqiqət nəinki Azərbaycanın müasir mövcudluğunda, həm də ona aparan yollarda qarşıya çıxan saysız-hesabsız maneələrin aradan qaldırılmasında Ulu öndər Heydər Əliyevin nümayiş etdirdiyi uzaqgörənlikdə, iradə və qətiyyətdə, müdriklik və dərin zəkada təzahür edir.


Azərbaycan xalqı öz dövlət müstəqilliyini əldə etdikdən sonra cəmiyyətin gələcək inkişafı üçün hüquqi islahatların həyata keçirilməsi, tamamilə yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılması zəruri idi. Lakin 90-cı illərin əvvəllərində ölkədəki mövcud vəziyyət qarşıda duran həyati əhəmiyyətli vəzifələrin yerinə yetirilməsinə imkan vermirdi. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinə başlanılması ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunmasını zəruri edirdi. Məhz belə ağır vəziyyətdə xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev qısa zaman kəsiyində Azərbaycanda ictimai-siyasi sabitliyi tam təmin etməyə nail oldu. Davamlı ictimai-siyasi sabitliyə nail olunması isə vətəndaşların hüquq və mənafelərinin müdafiəsinə, beynəlxalq münasibətlər sisteminə inteqrasiyaya istiqamətlənən, sosial ədalət prinsipinə əsaslanan demokratik və hüquqi dövlət quruculuğuna imkan yaratdı. Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması isə Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin nəticəsidir.


İnsan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə həyata keçirilən hüquqi islahatların ən mühümü isə yaşamaq hüququnun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər oldu. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə Azərbaycanda ölüm cəzasının icrasına moratorium qoyuldu. 1998-ci il fevralın 10-da isə Azərbaycanda ölüm cəzası ləğv edildi. Qeyd etmək lazımdır ki, Azərbaycan Şərqdə ilk dəfə olaraq ölüm cəzasını ləğv edən ölkə kimi  tarixə düşdü. Bu tarixi addım humanizm, insanpərvərlik, ədalət, şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan Ümummilli lider Heydər Əliyevin gələcək nəsillərə misilsiz töhfəsidir. Ulu öndər qeyd edirdi: "Mən, cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealara sadiq qalaraq, ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm". Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında demokratik və hüquqi dövlət quruculuğu yolunda atılan addımlır, beynəlxalq standartlara əsaslanan köklü hüquqi islahatlar insan və vətəndaş hüquq və azadlıqlarının təminatı sahəsində əsaslı dönüşə səbəb oldu. Heydər Əliyevin "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında" 1994-cü il 9 avqust tarixli fərmanı ilə cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da gücləndirilmiş, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşdirildi.


Hüquqi islahatların həyata keçirilməsi məqsədi ilə Prezidentin 1996-cı il 21 fevral tarixli sərəncamı  ilə hüquqi islahatlar komissiyası yaradılmış, hüquqi dövlət quruculuğunda məhkəmə hakimiyyətinin rolu nəzərə alınmaqla 1 dekabr 1998-ci il tarixli fərmanla dövlət başçısı yanında  Məhkəmə-Hüquq Şurası yaradıldı.


Məhkəmə sistemi islahatının konsepsiyası aşağıdakı əsas məqsəd və vəzifələri müəyyənləşdirdi. Hüquqi dövlət çərçivəsində məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsinin təmin edilməsi, vətəndaşların məhkəməyə ədalətli araşdırma üçün müraciət etmək hüququnun təmin edilməsi, peşəkar hüquqi yardım almaq imkanı, məhkəmə qərarlarından şikayət vermək hüququnun həyata keçirilməsi və s.


Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk milli Konstitusiyasının qəbul olunması və müstəqillik tariximizdə ilk parlament seçkilərinin keçirilməsi ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanaraq ümumxalq müzakirəsinə çıxarılan Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsində - referendumda qəbul edildi. Konstitusiyanın qəbul edilməsi ilə ölkəmizdə məhkəmə-hüquq islahatlarının əsası qoyuldu. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər öz əksini tapır. Konstitusiyada xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunması kimi təməl prinsiplər təsbit olunur, insan hüquq və azadlıqlarının müdafiəsi isə dövlət siyasətinin əsas istiqaməti, bütün dövlət orqanlarının fəaliyyətinin əsas məqsədi kimi müəyyən edilir.


Ölkəmizdə hüquqi islahatların həyata keçirilməsinin təmin edilməsi məqsədilə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradıldı. Həyata keçirilən islahatlar qanunların və digər normativ hüquqi aktların hazırlanması, hüquqi informasiya sisteminin genişləndirilməsi, məhkəmə və bütövlükdə hüquq-mühafizə sisteminin islahatı, qanunların əhali arasında təbliği və öyrənilməsi kimi mühüm tədbirləri özündə ehtiva edir. "Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Prokurorluq haqqında", "Polis haqqında" Qanunlar və digər qanunların qəbul edilməsi ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk, lakin çox vacib addım olmaqla müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaradıb.


Konstitusiyada bəyan edilmiş məhkəmə hakimiyyətinin müstəqilliyi qəbul edilmiş qanunlarda daha da inkişaf etdirilərək öz real təminatını tapmış və məhkəmə hakimiyyətinin müstəqilliyinə hüquqi zəmin yaradır. Bu sahədə qəbul olunmuş qanunlar isə yeni məhkəmə sistemini, onun təşkilati əsaslarını müəyyən edərək, məhkəmə və hakimlərin müstəqilliyinin təmin edilməsinə, hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminatın verilməsinə, məhkəmələrin fəaliyyətinin və hakimlərin statusunun beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəlib. Həyata keçirilən islahatlar nəticəsində prokurorun məhkəmədə tərəf kimi iştirak etməsi, ittiham tərəfi ilə müdafiə tərəfi arasındakı tarazlığın bərpa edilməsi və onların məhkəmə prosesində bərabər hüquqlara malik olması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi, məhkəmə icraatında qeyri-prosessual münasibətlərə yol verilməməsi və bu kimi yeni müddəalar məhkəmə-hüquq sistemində tətbiq edilməyə başlanıldı.


Nəzərə çatdırmaq lazımdır ki, məhkəmə hakimiyyəti, onun hüquqi dövlətdə rolu və yeri ilə bağlı əsas ideyalar Respublikanın  Konstitusiyasına bünövrə kimi qoyulmuş konseptual əsaslardan irəli gəlir. Müstəqil Azərbaycanın Konstitusiyasında ilk dəfə olaraq Məhkəmə Hakimiyyəti anlayışı verilib. Bununla da cəmiyyətdə yaranan bütün hüquq münasibətlərinin  həlli məsələsi məhkəmə orqanlarının səlahiyyətinə aid edilib. Məhkəmə hakimiyyətinə verilmiş yeni səlahiyyətlər nəzərə alınmaqla ölkə tarixində ilk dəfə olaraq Əsas qanunda hakimlərin  sərbəstliyi və müstəqilliyinin vacib təminatı - onların dəyişməzliyi prinsipləri reallaşıb.


Konstitusiya normalarının həyata keçirilməsinin məntiqi  nəticəsi kimi qısa müddət ərzində ölkədə demokratik, hüquqi dövlətin  möhkəm təməli qoyulmuş, hüquq sistemində köklü dəyişikliklər həyata keçirilib, beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilən, insan hüquqlarının daha etibarlı  təminatına  xidmət edən,  müasir tələblərə uyğun yeni qanunlar o cümlədən, Konstitusiya Məhkəməsi haqqında, Məhkəmələr və Hakimlər haqqında, Prokurorluq haqqında, Polis haqqında Azərbaycan Respublikasının Qanunları, Mülki, Mülki-Prosessual, Cinayət, Cinayət-Prosessual, Vergi, Gömrük və sair  Məcəllələr qəbul edilib.


Ulu öndər yeni Konstitusiyada insan amilini daha çox önə çəkib. Müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyasının müddəalarının üçdə birinin  insan hüquq və azadlıqlarına həsr olunması Azərbaycanda bu məsələyə diqqətin   əyani təzahürüdür.


Konstitusiyada həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi, onları gözləmək və qorumaq isə qanunvericilik, icra və məhkəmə  hakimiyyəti orqanlarının  borcu olması təsbit edilib. Ulu öndər Heydər Əliyevin 1998-ci ilin fevral ayının 22-də imzaladığı "İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında"  fərmanı sözügedən sahədə kompleks tədbirlərin həyata keçirilməsinə təkan verib.


Qanunun aliliyinin təmin edilməsi, ədalət mühakiməsinin  həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin  genişləndirilməsi məqsədi ilə 2000-ci ilin sentyabr ayında Azərbaycanda üçpilləli yeni  məhkəmə sistemi yaradılaraq fəaliyyətə  başlayıb.


Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin beynəlxalq standartlara müvafiq, test üsulu, habelə yazılı və  şifahi imtahanlarla tam şəffaf şəraitdə seçimi aparılıb. Yeni qaydalara uyğun keçirilmiş imtahanların bütün mərhələlərini müşahidə etmiş bir çox təşkilatdan olan beynəlxalq və yerli müşahidəçilər onu ən şəffaf prosedur kimi yüksək dəyərləndirib və bir sıra inkişaf etmiş dövlətlərin belə tədbirin keçirilməsini yalnız arzu etdiyini bildirib.


Həyata keçirilən çoxşaxəli islahatların məntiqi nəticəsi olaraq Azərbaycan Respublikası 2001-ci ildə Avropa  Şurasına tam hüquqlu üzv qəbul edilib və bu tarixi hadisə Respublikamızın beynəlxalq aləmdə demokratik, hüquqi, dünyəvi dövlət kimi tanınmasına səbəb olub.


Avropa Şurasına üzv qəbul olunduqdan sonra Azərbaycanın qısa müddət ərzində bir çox Avropa  Konvensiyalarına, o cümlədən, 15 aprel 2002-ci ildə isə "İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasına qoşulması, insan hüquq və azadlıqlarının qorunması və inkişafı istiqamətində yeni mərhələdir.


Heydər Əliyev insan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsində məhkəmə hakimiyyətinin rolunu artırmaq üçün ciddi islahatlar aparıb. Ölkədə hakim korpusunun formalaşmasında tamam yeni üsul və metodlardan istifadə edilib. Hakim vəzifəsinə ədalətli və şəffaf seçim məhkəmə-hüquq islahatlarının keyfiyyətlə aparılmasına təkan verib. Onun rəhbərliyi altında Azərbaycan dünyada insan hüquq və azadlıqlarının təməl prinsipi kimi qəbul edilən ən mühüm beynəlxalq konvensiyalara da imza atıb.


Azərbaycanın tarixində ilk olaraq 1998-ci il iyul ayında konstitusiya nəzarəti orqanı-Konstitusiya Məhkəməsi   yaradılıb.


Məhkəmələr və hakimlər haqqında Qanunda hakimlərin toxunulmazlığı, dəyişməzliyi, şəxsi təhlükəsizliyi, onların fəaliyyətinə müdaxilənin yolverilməzliyi, hakimlərin siyasətsizləşdirilməsi, onların müsabiqə yolu ilə seçilib təyin edilməsi, maddi və sosial təminatlarının nəzərdə tutulması tədbirləri vasitəsi ilə hüquqi dövlətə xas olan məhkəmə sistemi müstəqilliyinin əsas prinsiplərini müəyyənləşdirib.


Qanunun aliliyinin təmin edilməsi, ədalət mühakiməsinin  həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin  genişləndirilməsi məqsədi ilə 2000-ci ilin sentyabr ayında Azərbaycanda üçpilləli yeni  məhkəmə sistemi yaradılaraq fəaliyyətə  başlayıb.


Ölkəmizdə hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə qanunvercilik və institusional islahatlar daha da genişləndirilməkdədir. Demokratik və hüquqi dövlət quruculuğu prosesi hazırda Ulu öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.


Bu gün Prezident İlham Əliyevin ölkəmizə  bacarıqla rəhbərlik etməsi, Ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməsi, onun Azərbaycan  naminə amallarını böyük məharətlə həyata keçirməsi hər birimizin qəlbini iftixar hissi ilə döyündürür.


Prezident İlham Əliyevin imzaladığı 3 aprel 2019-cu il tarixli "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanda məhkəmə hakimiyyətinin, məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsinin, müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik olan ədalət mühakiməsinin formalaşdırılmasının bütün inkişaf istiqamətləri konkret müəyyən olaraq edilib.


Həmin fərmanın 1-ci bəndində Prezident İlham Əliyev ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədi ilə Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edib ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər. 


Ulu öndər Heydər Əliyevin məhkəmə hakimiyyəti sahəsində inkişafin əsas istiqamətləri kimi müəyyən etdiyi yol xəritəsinin tərkib hissəsi və davamı olan bu fərman müasir dövrümüzdə ədalət mühakiməsinin keyfiyyətinin və səmərliliyinin artırılması üçün bütün hakimlərdən yüksək peşəkarlıq, ədalət, qərəzsizlik və  şəffaflıq kimi yüksək keyfiyyətə malik olmaq bacarığı və qabiliyyəti tələb edir.


Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ərəfəsində ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatların məhkəmə-hüquq sistemində də yüksək səviyyədə həyata keçirilməsi məqsədi ilə hər bir hakim öz üzərinə düşən məsuliyyəti dərk etməli, şəxsi həyatında və gündəlik fəaliyyətində yalnız ədalət mühakiməsinin maraqlarına uyğun davranmalı və qəbul etdiyi qərarlarda ədalət, qanunçuluq və qərəzsizlik prinsipinin tələblərinə dönmədən əməl etməlidir.

Tapdıq MAHMUDOV
Gəncə Apellyasiya Məhkəməsinin sədri             

 





09.05.2020    çap et  çap et