525.Az

İordaniya mətbuatında Heydər Əliyevlə bağlı məqalə dərc edildi


 

İordaniya mətbuatında Heydər Əliyevlə bağlı məqalə dərc edildi<b style="color:red"></b>

İordaniyanın “Ad-Dustur” hökumət qəzetində, eləcə də www.orobanews.com, www.nayrouz.com, www.alanbatnews.netwww.cleopatranews.com xəbər portallarında səfir Rasim Rzayevin “Heydər Əliyev Azərbaycan intibahının banisidir” sərlövhəli məqaləsi dərc edilib.

Bu barədə AZƏRTAC-a Azərbaycanın İordaniyadakı səfirliyindən məlumat verilib.

Ümummilli lider Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlamı ilə başlayan məqalədə səfir mayın 10-da ölkəmizdə Ulu Öndərin anadan olmasının 97-ci ildönümünün qeyd edildiyini oxucuların diqqətinə çatdırır, dahi şəxsiyyətin həyatından bəhs edir. Qeyd edir ki, Azərbaycan tarixini elm, bilik və mədəniyyətlə zənginləşdirən, böyük liderlər, yazıçılar, mütəfəkkirlər və memarların ana yurdu olan qədim Naxçıvan şəhərində anadan olan Heydər Əliyev ali təhsilini başa vurduqdan sonra 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib, bununla da 1982-ci ilə qədər ölkəmizin rəhbəri olub.

Səfir ulu öndər Heydər Əliyevin 20 il ərzində SSRİ Ali Sovetinin deputatı olmaqla yanaşı, Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvü seçildiyini və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildiyini bildirir.

Respublikamızın Sovet İttifaqının dağılma ərəfəsindəki və postsovet dövrlərinə nəzər salan müəllif Sovet İttifaqı rəhbərliyinin siyasətinə etiraz olaraq Kommunist Partiyasını tərk edən Heydər Əliyevin Qanlı Yanvar hadisələrini pisləyən bəyanatla çıxış etdiyini və təcavüzkarların cəzalandırılmasını tələb etdiyini oxucuların nəzərinə çatdırır.

Ulu Öndərin Naxçıvan Muxtar Respublikasındakı həyatından bəhs edilən məqalədə bildirilir ki, dahi şəxsiyyət Ali Sovetin sədri seçildikdən sonra qonşu Türkiyə və İran ilə sərhədlər açıldı və bununla da regionun sosial-iqtisadi inkişafı təmin edildi.

Yazıda Ümummilli Liderin 1993-cü ildə xalqın tələbi ilə Bakıya getdiyi və Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildiyi, Prezidentin səlahiyyətlərini həyata keçirməyə başladığı və həmin ildən etibarən xalqın mütləq dəstəyilə 2003-cü ilədək dövlət başçısı vəzifəsində fəaliyyət göstərdiyi diqqətə çatdırılır.

Müəllif ulu öndər Heydər Əliyevin müasir Azərbaycana rəhbərlik illərindən ətraflı bəhs edir. Ümummilli Liderin Ermənistanla atəşkəsə nail olduğu, ölkədə siyasi sabitliyi təmin etdiyi, iqtisadi, sosial, hərbi və digər sahələrdə inkişafın təməlini qoyduğu qeyd edilir. Bu məqsədlə hərtərəfli islahatlara başlayan dahi liderin gənclərin potensialından, o cümlədən müəllifi olduğu enerji strategiyasından müdriklə istifadə etdiyi vurğulanır.

Səfir Ümummilli Liderin xarici siyasət sahəsindəki fəaliyyətinə, həmin fəaliyyətin Azərbaycana beynəlxalq və regional nüfuz qazandırmasına aid məqamlara diqqət yetirir. O, Ulu Öndərin rəhbərliyi dönəmində dövlətimizin İordaniya Haşimilər Krallığı ilə də yaxın dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələri qurmağa müyəssər olduğunu bildirir. Bunun 1994-cü ilin dekabrında Kasablankada keçirilən İslam Zirvə görüşü çərçivəsində Heydər Əliyev və Kral Əl-Hüseyn arasında tarixi görüşdə baş verdiyini xatırladan səfir bu əlaqələrin hazırda Prezident İlham Əliyev və Kral II Abdullah tərəfindən inkişaf etdirildiyini bildirir.

Yazıda vurğulanır ki, Şərqlə Qərb arasında körpü olan Azərbaycan ulu öndər Heydər Əliyevin kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edir, beynəlxalq münasibətlər sistemində daha güclü və etibarlı tərəfdaş hesab olunur. Eyni zamanda, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun yerli, regional və qlobal səviyyələrdə humanitar, mədəniyyət və təhsil sahələrində layihələr həyata keçirdiyi məqalədə qeyd edilir.

Məqalədə Azərbaycan xalqının öz milli liderini heç zaman unutmayacağı vurğulanır.

 





10.05.2020    çap et  çap et