525.Az

"Heydər Əliyev mədəniyyət üçün çox işlər görüb”


 

"Heydər Əliyev mədəniyyət üçün çox işlər görüb”<b style="color:red"></b>

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun videomüraciəti yayımlanıb.

Polad Bülbüloğlu qeyd edib ki, uzun illər mayın 10-da Azərbaycan Respublikasının Rusiyadakı səfirliyində Heydər Əliyevin doğum günü qeyd edilir. Hər il mayın 10-da burada tanınmış dövlət adamları, siyasətçilər, sənət ustaları, diaspor nümayəndələri ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününü qeyd edirdik. Heydər Əliyevi tanıyanlar, onunla bir yerdə işləyənlər bu əziz gündə öz xatirələrini bölüşürdülər. Təəssüf ki, bu il məlum səbəblərə görə biz belə tədbir keçirə bilmədik.

Səfir vurğulayıb ki, Rusiya Heydər Əliyevin taleyində xüsusi yer tutur: “Heydər Əliyev Sankt-Peterburqda təhsil alıb. Sonralar Azərbaycanın rəhbəri vəzifəsində çalışarkən onun ölkəmizin Moskvadakı səfirliyinin binasında iş otağı var idi, həmin otaqda dəfələrlə müşavirələr, görüşlər keçirib. Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini idi. Demək olar ki, o dönəm Sovet İttifaqında heç bir ciddi məsələ Heydər Əliyevsiz həll edilmirdi. Müxtəlif komissiyaların sədri idi, sənət adamlarına hər zaman yardım edirdi. İşinin çox olmasına baxmayaraq, tez-tez konsertlərə, tədbirlərə gedirdi. Heydər Əliyev Azərbaycanda da işləyəndə, Moskvada da işləyəndə mədəniyyət üçün çox işlər görüb”.

Diplomat 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı Ulu Öndərin ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəlməsini xatırlayaraq deyib: “Azərbaycanda 20 Yanvar hadisələrinin ertəsi günü Heydər Əliyev ailə üzvləri ilə bu binaya gəlib mətbuat konfransı keçirərək faciəyə siyasi qiymət vermişdi. O, sovet repressiya maşınından qorxmadan sözünü deyə, Sovet İttifaqı rəhbərlərinə qarşı ittihamlar irəli sürə bilmişdi. O zamanlar bunun üçün çox böyük cəsarət tələb olunurdu”.

Polad Bülbüloğlu ümidvar olduğunu bildirib ki, gələn il mayın 10-da Ulu Öndərin doğum günü səfirliyin binasında hər zaman olduğu kimi təntənə ilə qeyd ediləcək.

Diplomat 75 illik yubileyi münasibətilə “Heydər Əliyev” ordeninə layiq görülməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib: “Bu fürsətdən istifadə edərək hörmətli Prezidentimiz İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Mənin 75 illik yubileyim ərəfəsində hörmətli Prezidentimiz məni çox əziz və ölkəmizin ən yüksək ordeni olan “Heydər Əliyev” ordeni ilə təltif edib. Çox sağ olun, cənab Prezident!”.

 





10.05.2020    çap et  çap et