525.Az

Düşmənlər içində dost gəzmək dərdi...


 

Düşmənlər içində dost gəzmək dərdi...<b style="color:red"></b>

Bir hikmət sahibinə görə, çevrəmizdə varsa, tayı-bərabəri olmayan qüdrətindən sıxılan Tanrının özü-özünü əyləndirmək üçün icad etdiyi bir oyundur. Həyat nemətlərinin  dəyişikliyi içində bizə yaradıcı işarətdən qalan  ən böyük miras bu can sıxıntısından başqa bir şey deyil. Dostum Azər Abdullanın Vidadi Paşayev haqqında"525-ci qəzet" yer alan yazısı (Yazıda Vidadinin fitri istedadından, hızılı yüksəlişindən, zamansız çöküşündən bəhs olunurdu. Amma bu amansız çöküşün səbəblərinə toxunulmamışdı!) külü köz üstən süpürüb atan rüzgar misalı yaddaşımın harasındansa ilişib qalan xatirələrimi körüklədi. Xatirələrə var, gözünün yaşı ovcundadır, üzlü adam kimi növbə tanımır, keyfi istəyəndə yaddaşımızın harasındansa, sirrinə varılmayacaq yerlərindən çıxıb gəlir...

Sizi bilmirəm, mən, dünyanın atişləməz oyunlarına baxanda bu irəliləmiş yaşıma baxmayaraq bəzən yerimdəcə donub qalıram. Bu ədalətsiz işdir, biriləri haqqı ola-ola yollar ayrıcında yorulub qalır, zamansız ölümə tuş gəlir, başqa biriləri isə üzü qızara-qızara ömrün yetmişinə, səksəninə nərdivan atır. Bəlkə bu zamansız ölən adamların missiyası  həyatın hansısa dönüm nöqtələrində, ya da "qıl körpülərində" kiminsə qolundan tutub, yol göstərib kömək etmək, sonra da gəldiyi kimi getməkmiş. Buna təsadüfmü, fələyin insan taleləri üzərində zarafatımı, kabus əllərinin gicişməsimi, nəsimi, nəsimi deyək?! Nədən eyni yerə səpilən toxumun biri bitib böyüyüb sünbül bağlamalı, bir başqası isə heç işıq üzü görmədən torpaqda çürüməlidir?

Ədəbiyyata  yeni gəldiyimiz çağlarda hələ biz, yazılmamış şeirlərin şairləri idik. İçimizdə başa varmayan arzu xəyalların ağrıları vardı. o mübarək ağrılar olmasaydı, yəqin ki, sonralar biz, biz olmazdıq. Bir hal əhlinin dediyi kimi insan taleyinin böyük yanlarından biri bu gün atdığı addımın sabah onu haraya götürəcəyini bilməməsidir. Bugünkü ədəbi nəsillərin tanımadığı Vidadi  Paşayev irəlidə başına nələrin gələcəyini bilmirdi! Bilə bilməzdi.

Allah ona hər şeyi vermişdi. Uca boy-buxun, sarıyaçalan, özünəməxsus sir-sifət, saç-saqqal. Üzünə səpələnən hardasa gözə girən iri qara xalları var olan portretinin önəmli nöqtələriydi. Çağının ən zövqlü geyinənlərdən biri o idi. Hətta köhnəlmiş paltar da onun təndürüst vücuduna saralmış yarpaq payız budağına yaraşan kimi yaraşırdı. Mən onu nədənsə günəşli günlərdə daha tez-tez xatırlayıram. Mənimçün dünyanın bir işıqlı Vidadi anı var.  Sanki sığallanmaq istədiyini hiss edib daraqgirməz gur qumral saçlarını qoşa əlləriylə tez-tez arxaya darımağı vardı. bu duruşundan içində bir əmin-arxayınlıq duyan insanın ərkyanalığı ilə günəşdən qıyılan türkmən gözlərini müsahibinin gözünə zilləyən beləcə bir anlıq vaxta, zamana hakim kəsilən Vidadi anı!  İstəsən Vidadini başqa cür təsəvvür eləyə bilməzsən, çünki onun belə bir anını görməmisən, görə bilməmisən. Bu dünyada qəm-kədərsiz insan tapmaq çətindir. Amma yerüstü dərdlərini, məişət qayğılarını əbədiyyət yolunda siqaret kötüyü kimi ayaqlarının altına alıb əzməyi bacaran insanlar da az deyil. Dost satqınlıqlarından öncəki həyatında Vidadi Paşayev bax, belə insanlardan biri idi. Ağzını hər hansı bir mövzuya açdımı, daxili dünyasının  qədər zəngin olduğuna şübhə yeri buraxmazdı. Bütün bunlara bir soylu bəy nəslindən gələn ağayanalığını ötkəmliyini əlavə etsək, portretini qismən olsa tamamlamış olarıq. Yaxşı mənada çəkim mərkəzi idi. Ədəbi çevrələrdə hər kəs ona can atır, onun  dodağından hardasa təsdiqedici bir söz eşitmək istəyirdi. Ona can atanlar, həm ondan qaçırdılar. Bu da səbəbsiz deyildi. Yanında olmaq hardasa, ona qədər eşidib duymadığın yeni nəsə öyrənmək deməkdi?! Bu bilgi alış-verişlərinin birtərəfli oluşmu istər-istəməz tərəf-müqabilində, öz gözündən düşmüşlük kompleksi yaradır, bu da ondan qaçışlara səbəb olurdu...Amma onun belə bir dərdi yoxdu. Çünki o, hansı çevrədə olmasından asılı olmayaraq hardasa, ətrafındakılardan bir baş (bu, sadəcə boy anlamında deyil!) yuxarıda olduğunu okean böyüklüyünü bilən kimi bilirdi. Təmsil etdiyi ədəbi nəslə çıraq misyon ilə daxil olmamışdı mühitinin qaribanı yox, ev sahibi idi. (Okeanda kilkə balıqlarını işıq sahəsi yaradıb tuturlar. Ədəbi çevrələrdə durum fərqli deyil, bir tənqidçininmi, ya da nüfuzlu sənət adamınınmı yaratdığı imzalar siyahısı çox zaman sonrakı nəsillər  tərəfindən ağına-bozuna baxılmadan təkrarlanır beləcə ədəbi şablon "yaradılır". "Adını çıxart, dəyirmanda dur" "sənətkarları" onda da çoxudu, heç indi az deyil;  tərəfkeş "tənqidçi" dəstəyi ilə  şişirdilmiş ad olsa da, ortada əsər yoxdur. Amma amansız zamanın da enində-sonunda öz şablonu var, əsas onun siyahısına düşməkdir!)

Radioda, kinoda, "Qobustan" jurnalında "Gənclik" nəşriyyatında, bir sözlə əmək fəaliyyətinin yüksəlişə keçdiyi coşğun bəxtiyar illərində o, təmsil etdiyi nəslin hardasa bir nömrəsi idi. Hələ şairliyi!  Heca sərbəst vəznlərdə yazdığı şeirlər dönəmin yenilikçi atmosferinə ayrıca bir nəfəs gətirirdi. (Ölümündən sonra "Ədəbiyyat" qəzetində haqqında kiçik bir məqalə yazıb şeirlərini təqdim etdiyim zaman  çoxları çaşıb qalmışdı, yəni doğrudanmı bu şeirlər onun - Vidadi Paşayevindir.) Bunları yaza-yaza düşünürəm ki, kaş, "tayı-bərabəri olmayan qüdrətindən sıxılan Tanrı" bir adama hər şeyi bir bu qədər - yetərindən artıq verməyəydi. Belə adamlara təkcə yerüstü sürüngənlər deyil, çoxları qibtə edir, bəlkə buna görə Tanrı belə adamların dərdli-ahlı dünyada çox qalıb pislik bataqlığına batmasına imkan vermir, necə var eləcə, çəkib tər-təmiz öz dərgahına  yüksəldir.

Harda tanış olmuşduq Vidadi Paşayevlə, ilk dəfə harda qarşı-qarşıya gəlmişdik? Bəlkə ilk gəncliyimizdə Tovuzun tozlu küçələrinin birində, bilmirəm. Əsli-nəcabəti Tovuzda (Azər dostum onu gəncəli kimi təqdim edir. Əslində olan dırnağında bildirər, o Tovuzun sonradan müflisləşmiş əsli-kökü soylu ailələrindən birinin təmsilçisi idi. Atasının tez-tez işdəyişimləri uşaqlıqdan onu gah Gəncəyə, gah Lənkarana atmışdı. Bəlkə bu yerdəyişimləri məqsədli tale seçimiydi?! Azərbaycanın müxtəlif  bölgələrinə atıldığından ləhcəsində haralı olduğu sezilməyən nadir tay-tuşlarımızdan biri yəqin ki birincisi idi. Bu yerdəyişmələr onun fitri istedadının üstünə yeni keyfiyyətlər qazandırıb vaxtından əvvəl dolğunlaşmasına səbəb olacaqdı. Belə olmasaydı, onu cəmi 26 yaşında ədəbiyyat sahəsində,  o zamanların əcaib deyimiylə, "namenkulatur" vəzifələrdən biri olan "Gənclik" nəşriyyatına baş redaktor qoymazdılar. Onun ildırımsürətli yüksəlişi  çoxlarının yuxusunu qaçırmış, tədirgin etmişdi.  İndi 20-25 yaşlarında çox şey əldə edən, sayt yönləndirən, ya da qəzet, jurnal redaktoru olan,"babam mənə kor deyib, gəlib-gedənə vur deyib" fəlsəfəsiylə yaşayan özgürlük çağının yaradıcı gəncliyi Sovet dönəminin ən sərt zamanlarında 26 yaşında böyük bir nəşriyyatın baş redaktoru vəzifəsinə gətirilməyin demək olduğunu gərəyincə dəyərləndirə bilməz. Həm elə bir dönəmdə ki, ədəbi mühitdə adlar sıxlığı yaranmışdı. Ədəbiyyatın daşıyıcı gücü artıq kənddən gələnlərdən şəhərli - atalı, arxalı oğullara keçirdi. Bu adlar, imkanlar sıxlığında özünə yer tutmaq indi düşünülən qədər  asan deyildi. O, belə zor mühitdə qeyri-adi bacarığı ilə özünə yol aça bilənlərdən idi...

Tale deyilən gözəgörünməzin önəmli yönlərindən biri bu gün atılan addımın yarın bizi haraya götürəcəyini bilməməyimizdir. 26 altı yaşında "Gənclik"  kimi bir nəşriyyata baş redaktor qoyulması sürəcinin onu hansı bəlalara aparacağı Vidadi Paşayevin ağlına belə gəlməzdi. bir şeirdə deyildiyi kimi: "Baki kalan bu kubbədə bir hoş səda imiş". O hələ imkanlarının fövqündə idi bacardığı qədər həqiqi ədəbiyyata xidmət edir, sevdiyi şair yazıçıların əsərlərini həm məzmun, həm tərtibat baxımından dünya standartlarına yaxınlaşacaq bir səviyyədə çap etmək istəyir, bu istəyini gerçəkləşməyi bacarırdı da..

Onun təşəbbüsü ilə gənc Azərbaycan şairlərinin rus dilində almanaxı hazırlanırdı.  Zəng edib məndən şeirlərimi istəmişdilər... Yayda kəndə istirahətə getməmişdən əvvəl seçdiyim bir silsilə şeiri götürüb "Gənclik" nəşriyyatına getmiş Vidadiyə təqdim etmişdim. İstirahətdən qayıtdıqdan sonra ondan şeirlərimin taleyini soruşanda, bir-bir hansı gənc şairin şeirlərini tərcümə üçün kimə verdiyini söyləmişdi.  "Bəs mənim şeirlərimi kimə verdin, - deyə soruşduğumda: - "Hələ verməmişəm, Varvara Konstantinova Bakıda yoxdur, gələndə ona təqdim  olunacaq", - cavabını vermişdi. "Mənə elə zəif şairin tərcüməsi lazım deyil", - deyib stolunun üstündən şeirlərimi götürməyimlə qapıdan çıxmağım bir olmuşdu.

Aradan 2-3 ay keçdikdən sonra o dövrün Leninqradından bir məktub tərcümə edilmiş şeirlərimi alacaqdım. Məktubu adını o zamanacan heç duymadığım Aleksandr Kuşner göndərmişdi. Ona təqdim olunan şeirlərimi tərcümə etdiyini gərək olsa, yenə tərcümə edə biləcəyini yazmışdı. Bu məktubdan heç başa düşməyəcəkdim. Hər şərdə bir xeyir varmış!

Aradan az keçməmiş Vidadi mənə zəng edəcəkdi. Sən demə, şeirlərimi götürüb getdikdən sonra Moskvadan Bakıya gələn Alla Axundova Vidadi ilə  görüşəndə Vidadi olanları Alla xanıma danışıbmış. Alla xanım da Bakıdan birbaşa Leninqrada uçacağını orada çox önəmli bir şair-tərcüməçi - Saşa Kuşnerlə görüşəcəyini, tərcümə üçün mənim şeirlərini ona verə biləcəyini deyibmiş. (Alla xanımın dediyi kimi olmuşdu.) Vidadi  bunları söylədikdən sonra boynuma minnət qoydu: "Bax, gördün səni hamıdan daha istedadlı bir şair tərcümə etdi".

Bu söhbətimizdən az əvvəl "Pravda" qəzetinin düz bir səhifəsində  iki şair ciddi tənqid olunmuşdu. Onlardan bir mənim yeni tərcüməçim, Vidadinin öydüyü Aleksandr Kuşner idi. ona görə Vidadiyə etiraz etdim: "Yaman  da tərcüməçi tapmısan, get, oxu gör "Pravda"da  sənin təriflədiyin şair haqqında nələr yazıblar". O da: "Kuşnerin şair kimi böyüklüyü "Pravda" da tənqid olunmasındadır, - dedi. - Elə bilirsən hər şairi  "Pravda"da tənqid edirlər?" Almanax yayınlanar-yayınlanmaz Bakıdakı bütün rusdilli qəzetlər kitab haqqında resenziyalar çap edəcək o resenziyalarda da ən çox təriflənən A.Kuşnerin tərcümələri olacaqdı. (Əlbəttə, bu təriflərin arxasında keyfiyyətlə yanaşı, yəhudi tərəfkeşliyi vardı!) Sonralar Moskvaya oxumağa gedəndə Kuşnerin tərcümələri mənim "sənət pasportu"m olacaq o "sənət pasportu" üzümə ən populyar Moskva dərgilərinin qapısını taybatay açacaqdı, çünki Kuşner o dönəmin ən istedadlı şairlərindən biri idi hər şairi tərcümə edən deyildi. Vidadinin mənə dəstəyi bununla bitməyəcəkdi. Amma bu barədə bir az sonra...

Vidadi Paşayev haqqında yazdığım bu məqalədə bəlkə   indi oxuyacağınız  faktı ortaya atmağım doğru deyil, amma həm tarixi şaihdlik baxımından, həm bu faktın xatırlanmasının birbaşa V.Paşayevlə bağlı olduğundan yazmaya bilmədim. Bəri başdan deyim ki, Vidadi hər yönü ilə, istər dünyagörüşünə, ədəbi düşüncə tərzinə, istərsə   yazdığı şeir məqalələri ilə yaşını qabaqlamış biriydi. Söhbətlərimizdə dördlüklərlə yazılan, ilk baxışda aldadıcı ahənginə görə duyğusal səslənən əlinə keçən hər hansı şeiri  oxuyub, təhlil edib məzələnməyi vardı. "İnanmırsan, al, özün bax, - deyirdi, - dördlükdəki ilk iki sətir sonrakı iki sətir üçün hazırlıq vəzifəsini gördüyündən arı pətəyinin boş üsküklərinə bənzəyir..." Mənə Azərbaycan poeziyasındakı üslub yeknəsəkliyinə,  təsirlənmələrə, plagiatlığa qarşı təhlili bir məqalə yazacağını da söyləmişdi. İdeya da Tofiq Abdinin o zamanlar üçün hər kəsin bacara bilməyəcəyi ədəbi "partizanlığı"ndan qaynaqlanırdı. Danışırdı ki, B.Vahabzadə ilə hansısa görüşün sonunda (Gərək ki, o zamankı Azərbaycan Neft Kimya İnsitutunda) Tofiq Abdin, Nəsimi, Füzuli, Vaqif, Ələsgər, Məhəmməd Hadi, nəhayət gənc şairlərdən mənim şeirimlə paralel B.Vahabzadənin yazılarındakı bənzər motivləri bir-bir qarşılaşdırıb B.Vahabzadədən bunun səbəbini soruşubmuş: -Bunlar təsirlənmədir, yoxsa plagiatlıq?!

B.Vahabzadə söz altda qalmamış, hərəsinə bir cavab vermiş, mənə gələndə isə (Söhbət mənim "Ana haqqında düşüncələr" şeirimdən gedirmiş.): "Ay oğul, Məmməd İsmayılovun (Hələ İsmayıla çox vardı!) sabah şair olub-olmayacağını kim bilir, niyə elə yaxşı misralar hansısa qəzet küncündə itib-batsın", - cavabını veribmiş.

Azərbaycan ədəbi aləmində hamının bildiyi bu faktı bəlkə burada açmağın anlamı olmazdı, əgər B.Vahabzadə içində Tofiq Abdinin vurğuladığı misralar olan "Ana haqqında düşüncələr" şeirini, sonralar şair olduğuna şübhə etmədiyi şairin (B.Vahabzadənin "Gənclik" nəşriyyatının 1981-ci ildə çap etdiyi "Hələ yaşamağa dəyər bir az da" kitabıma yazdığı ön sözü oxusanız, bu etirafı öyrənəcəksiniz!) misraları olduğunu bilə-bilə, "imkanlarını" səfərbər edib Türkiyə radio televiziyalarında ünlü artislərə oxutdurmasa Türkiyədə şair, şeir ortamında məlum misralar olan şeirimi oxuyanda mənə: "Bəxtiyar Vahabzadənin misralarıdırmı?" - sualı verilməsəydi. Həm qəribəsi odur ki, B.Vahabzadənin 10-15 bənddən ibarət "Ana" şeirini türklərə oxutduran yadda qalan cəmi 2 misradır, yəni mənim olan misralar! 1962-ci ildə yazılan bu misralar  elə həmin il "Azərbaycan gəncləri" qəzetində "Ana haqqında düşüncələr" şeirimdə, sonra isə "Ana əlləri" adlı ilk kitabımda çap olunmuşdu. (Maraqlananlar üçün deyim ki, B.Vahabzadə isə eyni misraların yer aldığı şeiri az- çox, 6 il sonra "yazmışdı". İnanmaq istəməyən olsa, hər ikimizin kitablarımıza baxıb şeirlərin dəqiq yazılış tarixini öyrənə bilər!) Məndə "Sən məni dünyaya gətirdin, ana, Sənisə dünyadan aparıram mən" misraları B.Vahabzadədə "Sən məni dünyaya gətirdin, ana, Mənsə (?) yola saldım dünyadan səni" şəklində təkrarlanır. Yeri gəlmişkən, sonralar "Səndən xəbərsiz",  "Yaman darıxmışam səninçin, ana" başqa şeirlərimin başına da hardasa buna bənzər  hadisələr gələcəkdi. Youtube.com. saytına baxsanız, orada onlarla "Mən səni sevmişəm səndən xəbərsiz" misralı "şeirlər" görəcəksiniz. Yuxarıda dediyim fikri bir təkrar edim ki, bu faktı yazmağım adıkeçən şairin ruhuna hörmətsizlik yox, tarixi şahidlik üçündür!!!

Vidadi Paşayevin gözlənilməz yüksəlişi ondan yaşlı onun tutduğu yerdə gözü olan ondan qat-qat yaşlı 2 "şairin" qibtə qəzəbinə səbəb olmuşdu. (Belələrinə necə şair demək olar, varın,  bunu da siz düşünün!) Çeşidli yüksək məqamlara durmadan  anonim məktublar göndərməyə, böhtan atmağa başlanacaq sonunda bu anonim məktublar öz işini görəcək, Vidadini tutduğu vəzifədən uzaqlaşdıracaqdılar. Burada Yuri Kuznetsovun heyrət doğuran misraları necə yerində səslənir:

 

...yavlenie poeta

Ne znaet svoix bereqov,

İdyot vo vse storonı sveta,

Trevoja druzey i vraqov...

 

Vidadini qəliblərə salmaq, əl quzusuna döndərmək  mümkün deyildi, vəzifəyə göndərənlərin diqtəsi ilə deyil, öz ağlının hökmü ilə hərəkət edirdi. yəqin ki, buna görə sonra oyundan çıxarılacaqdı. Onu bir zaman ucaldanlar da, bərk ayaqda bəlkə bir bu dediyim ötkəmliyinə görə arxasından qaçaçaq, çəkilməz çıxılmaz dərdləri ilə yapayalnız, başa-başa qoyacaqdılar... Əslində belə olmalıydı. Başıma gəldiyindən bilirəm, onun bu qarşısıalınmaz istedadı gözlənilməz yüksəlişi silk yasalarına uyğun deyildi...

 

  sevər  sevdiklərin,

nifrət  etdiklərin..

İzini  azdırmada  ardınca  getdiklərin...

 

Qaragüruhla yalnız başına buraxılan Vidadi, təkbaşına bu dərdin altında duruş gətirə bilməyəcək, yarasını sağaltmaq üçün Moskvaya üz tutacaqdı.

Bu  dəfə təsadüfən taleyin  əlləri yollarımızı Moskvada yenidən kəsişdirəcəkdi.  Hardasa  1973- ilin sonlarına doğru mən Ali Ədəbiyyat,  o isə Kinossenari kurslarına getmişdik... Amma bu təhsil illərini  ondan ötrü, "dostlarının" Bakıdan  Moskvaya uzanan əli, mənim üşün isə kəndli sadəlövhlüyümün gözlənilməz gedişləri, bəlkə tale deyilən gözəgörünməzin tərs şapalağı zəhərə  döndərəcəkdi.

(Alla Axundova ilə o zamankı  evliliyinin səbəbini burada axtarmaq lazımdır. Onların Qızıl Meydanın beş addımlığında yerləşən mehmanxanada tamadası olduğum 10-15 nəfərlik xudmani toy məclisi hələ ağlımdadır) Alla Axundovanın yardımıyla Moskada ssenari kurslarına qəbul olunacaqdı. İşlərin yoluna düşdüyü bir vaxtda onu bir zaman ucaldanlar bu dəfə ondan qisas almağa başlayacaqdılar. Guya Vidadi aradakı "müqaviləni" pozubmuş, guya Moskvada ssenari kursunda oxumaq növbəsi onun yox, başqa birisininmiş... beləcə onu ssenari kursundan da qovduracaqdılar. Bir yarası sağalmamış, ikinci yaranı alacaqdı. Bu amansız həyatdı belə? Bəzən fikirləşirəm ki, görəsən, o adamlar heç olmasa, hərdən Vidadini xatırlayarkən heç vicdan əzabı çəkirlərmi? Lap deyək ki, Vidadi yanlışlıq eləyib özünü başqasının  qabağına vermişdi. O bunu kefindənmi eləmişdi? Buna görə onu sonacan məhv etməyə,  taleyi ilə oynamağa dəyərdimi? Qardaşlarının kəsəcəyi kəndirdən başqa quyudan çıxmağa bir imkanı qalmayan Məlikməmməd misalı, Vidadinin o kurslardan başqa üz tutacaq, sığınacaq yeri qalmamışdı axı?! Tabut qapağından qeyri bütün qapılar üzünə qapalıydı. Mən gör necə sadəlövhcəsinə düşünürəm?! Kimin yadına düşər batan bulagın yeri? Yeni geydiyi təzə paltara ləkə düşməsin deyə üstündə əsən adamlar vicdanlarına düşən ləkələrin fərqində belə deyillər. Axı paltara düşən ləkə gözlə görünəndir, vicdana düşən ləkəni isə vicdan (varsa) sahibindən başqa  kim görəcək, hiss edəcək? yazıq ki, məmləkətimiz daha çox paltarına yox, vicdanına ləkə düşənlər ölkəsinə çevrilir. İstedad milli sərvətdir, - deyirlər. İstedadına sahib çıxmayan məmləkətə özgə ad vermək olarsa, buyurun, siz verin.

Moskvada yaşamaq zorunda buraxıldığı sərgərdan illərdə onda özgürlüyün gətirdiyi ilham, cəsarət yox, əsarətin verdiyi tərəddüd əzilmişlik vardı. Başına gətirilənlərin  qədər faciəvi olduğunu qürbətə köçmək məcburiyyətində qaldıqdan sonra anlayacaqdım. Xüsusilə vətənin sağalmaz yaralarını qürbətin həsrət əliylə sarımağa çalışdığım (vətəndən ayrılmışlığın, daha doğrusu qovulmuşluğun!) ilk illərində  şeytani ruha köklədilmiş adamlarıya vətənin vətənlikdən çıxıb düşmən kəsildiyini hiss etmək necə çəkilməz ağır dərd idi. Yadımdadır, Türkiyə Yazarlar Sənətkarlar Vəqfinin yenicə təsis etdiyi "Türk dünyasına xidmət ödülü"  Azərbaycandan ilk dəfə mənə veriləndə, sevinmək yerinə, Türkiyəyə təqdir məktubları yerinə, ikiayaqlı şeytanlar oraya etiraz zəngləri edir, məktublar yazırdılar: Niyə bu mükafat Məmməd İsmayıla verilib, nədən Məmməd İsmayıl?

...Ah, Vidadi çıxılmazlığı!

Mənim yaralarımı pismi- yaxşımı qürbət deyilən zəhrimar zaman içində az da olsa sarıyacaqdı, dost qürbəti idi çünki, amma görüntü olaraq, o, qürbətdə deyildi ki. Guya "böyük vətən"in paytaxtında idi, yəni içinin qürbətində! Belədə orası onunçün Bakıdan da pisdi.

Yenə Bakıya - hər kəsin üz döndərdiyi bir yerə getməkdənsə, Moskvada birtəhər yaşayıb baş girləməkdən başqa əlacı  qalmayacaqdı. Məkanları, şəhər kəndləri bizlərə insanları, dostları-tanışları, onların isti nəfəsidir doğmalaşdıran. (Başıma gəldiyindən bilirəm. Hardasa, 20 ildir ki, anamın məzarını kəndə ziyarətə gedəndə Tovuzun mərkəzinə uğramağı canım çəkmir, halbuki bu 20 ildən öncə maşını Tovuzun mərkəzinə sürmədən əvvəl əsla kəndə dönməzdim, orda yolumu yetim gəncliyimin ilk nakam sevgi xatirəsi, bir məni canı kimi sevən insanlar gözləyərdi. Müqəddəs insani münasibətlərə siyasət qarışandan, yazıq ki, Tovuzun mərkəzində indi məni heç özünə çəkmir.)

Vaxt tapdıqca telefonlaşıb görüşərdik. O zamanlar zəngləşmə cəhənnəm əzabı kimi çətin olsa da! Belə görüşlərdən bir-ikisini xatırlamaq yerinə düşərdi... Axşamları daha çox xarici turist tələbələrin yığışdığı yer olan o zamanın Kalinin prospektindəki "Oktyabr" kafesində görüşmüşdük bir dəfə. Canlı musiqi nömrələri bir-birini əvəz edirdi. Birdən qulağımıza tanış, şümüyümüzə düşən musiqi sədaları dəydi. Bu, Ə.Tağıyevin M.Müşfiqin sözlərinə bəstələdiyi, o zamanlarda çox məşhur olan "Sənə qurban" mahnısından başqası deyildi. Amma rus mügənni mahnını erməni dilində oxuyurdu. O zamanlar ikimizin "telli-toqqalı, vurub-tutan" (indi olmasın!) zamanımızdı. Bu hal qanımıza toxunmaya bilməzdi. Vidadi bizə xidmət edən ofisiantı çağırıb: - Get, o...  müğənniyə söylə ki, mahnını doğru-dürüst oxusun, yoxsa... -dedi. Ofisiant əvvəlcə Vidadinin, sonra da çevrilib mənim boy-buxunuma baxdı, görünür qırımımızdan ağlı bir şey kəsmədiyindən cavab qaytarmayıb, müğənninin yanına qaçdı. Çox keçmədi  ki, siqaret tüstüsünün boğuq havası içində yenə eyni mahnının tanış melodiyası səslənməyə başladı, güman etdik ki, bu dəfə mahnı bizim istədiyimiz kimi oxunacaq, yox, zənnimiz bizi yanıltmışdı. Mahnı bu dəfə rusca səsləndirilirdi. Musiqi bitər-bitməz, Vidadi musiqiçilərə tərəf götürüldü, mən arxasınca. Ayaqüstü mübahisəmiz sonunda bəhrəsini verəcəkdi. Öncə mahnının sözlərini bilmədiyini söyləyən rus müğənni işin qovğaya çevriləcəyindənmi, ya nədənsə çəkinib, eyni mahnını üçüncü dəfə oxumalı oldu. Amma bu dəfə bizim istədiyimiz kimi! Ortalıqdakı rəqs meydanına çıxdıq kafedeki adamların çaşqın baxışları arasında süzməyə başladıq. Çox keçmədən sıramız çoxalmağa başlayacaqdı.. Mahnı bitib masalarımıza qayıtdıqdan sonra rəqs edənlər bir-bir bizə yaxınlaşıb kimliyimizi soruşub tanış olmaq istədilər. Məlum oldu ki, bu adamlardan ikisi bolqar türkü, dördü isə İstanbuldan Moskvadakı Türkiyə səfirliyinin binasını təmirə gələn işçilərdi. Onlar mənim, elə Vidadinin gördüyümüz ilk canlı türklərdi. Aralarında Haydar adlı dilli-dilavər biri vardı ki, oturana-durana yer vermirdi: - Abi, - deyirdi, -  bu nasıl oluyo, peki bize İstanbulda diyolardı,  Sovyetler birliğinde olan türklərin hiçbir hakları yok, onları Moskovaya yakın bırakmıyorlar. Ama siz şurda ortalığı bir-birine kattınız".

Səfirliyin təmiri qurtarana qədər, qorxa-qorxa da olsa, Haydar işçi yoldaşları ilə aradabir görüşəcəkdik.

...Ali Ədəbiyyat kurslarında oxuyanlar bilirlər, orada şeir, nəsr, tənqid, dramaturgiya seminarları var. Mən poeziya seminarında idim. Seminar rəhbəri Aleksandr Mejirovdu. Gərək Mejirov, gərəksə estetika müəllimimiz Qennadi İvanoviç  Kunitsını heç zaman unutmadım ömrümün sonuna qədər  unutmayacağam. Bu adamların dərslərinə qatılmasaydım, heç şübhəsiz, mən indiki mən olmazdı. Çoxdan haqqın rəhmətinə qovuşan bu adamlar ensiklopedik biliyə sahib, əsl müəllim  örnəyi idilər.

Onaltı seminar iştirakçısı arasında Mejirov Kazax şeirinin klassiki Mukakali Makatayevin mənim şeirlərimi bəyənir, təqdir edirdi. Onun bəyənisini qazanmaq Moskva ədəbi mühitini zəbt etməyə bərabər bir işdi. Çünki nəşriyyatlarda, jurnal, qəzet redaksiyalarında Mejirovun fikriylə razılaşırdılar o da hara çatdı, bizdən danışırdı. Mukakali yazıq ki, içki düşgünü idi altı aydan sonra kursdan qovulacaq,  Qazaxıstana dönmək zorunda qalacaq, sonra da dünyasını erkən dəyişəcəkdi. Mənə gəldikdə...

(Ardı var)

 





14.12.2013    çap et  çap et