525.Az

70 yaşlı bir qoca kişi... - Kamran Əliyev yazır


 

70 yaşlı bir qoca kişi...  - <b style="color:red"> Kamran Əliyev yazır </b>

Təbiət də, davranış stereotipləri də, bədii ədəbiyyatın obrazları da və eləcə insanlar da hər vaxt dəyişilir, yeniləşir. Cəmiyyətin və mədəniyyətin diqtəsi qeyri-şüuru olaraq ayrı-ayrı nəsillər tərəfindən qəbul edilir, müdafiə olunur, bir zaman kəsimindən digərinə  – keçmişdən bu günə, bu gündən isə gələcəyə ötürülür. Heç kəs, hətta ehkamı gizli formada özünün həyat devizinə çevirənlər də ehkamların təsiri altına düşmək istəmir, yaxud da bu təsiri etiraf etmirlər. Bütün bu dəyişmələr yeniliklə müşayiət olunanda insan və cəmiyyət üçün faydalı və gərəkli olur. Bu söhbəti ona görə belə başladım ki, haqqında yazacağım Elman Telmanoğlu ağrılara-acılara, yaşanılan ən çətin günlərə baxmayaraq, bütün dəyişmə və metamorfozaların önündə heç vaxt aciz qalmayıb.

Elman artıq 70 yaşlı bir qoca kişidir. İlk məqalələrini yazmağa 1968-ci ildən, yəni düz 52 il bundan qabaq başlayıb və yaradıcılıq işini indi də fasiləsiz davam etdirir.  Bu məsələnin tarixi belədir: Şərur rayonunda “İşıqlı yol” qəzeti öz yeni adı ilə müəyyən fasilədən sonra – 1966-cı ilin yanvarından nəşrə başlayıb. Xeyli müddət nəşri dayandırılan rayon qəzetinə ehtiyacın yaranması yerli əhali tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb. Beləliklə, mənim də bəxtim gətirib: o zaman orta məktəbin 7-ci sinfində oxuyurdum və jurnalistikaya həvəsim olduğuna görə elə həmin il qəzetdə 5-6 məqaləm çap olundu. Yəni bir növ redaksiyaya ayaq açdım, müəyyən yaş fərqimiz olsa da, qəzetin əməkdaşları ilə tanışlığım başladı və bir gün (artıq 10-cu sinifdə oxuyurdum) jurnalistikaya marağım olduğunu bilən mətbəənin dolubədənli müdiri (təəssüf ki, adını unutmuşam) məni çox böyük həvəslə qəzet çıxarılan birmərtəbəli binaya apardı.

Redaksiya ilə mətbəə bir-birindən o qədər də aralı deyildi, onları 15-20 metrlik  məsafə ayırırdı. Mətbəədə təsəvvürə gəlməz dərəcədə qəribə bir mənzərə ilə rastlaşdım. Əlləri qaqara olan iki qız və bir oğlan qəzetin səhifələrini yığırdılar. Onların əlləri o dərəcədə qara idi ki, bu mənzərəni ilk görən adam heç vaxt burada işləmək istəməzdi. Lakin bu insanlar məni görəndə işlərini bir an belə dayandırmadılar, əksinə daha həvəslə işləməyə davam etdilər. Mətbəədəki həmin oğlan bu gün 70 yaşı olan Elman Məmmədov idi. Sonralar Hüseyn Cavidin mətbəə işçilərindən bəhs edən “Şeyda” əsəri ilə yaxından tanış olub Şeyda haqqında düşünəndə və yazanda, elə indi də, nədənsə, həmişə gözümün qabağına Elman gəlir.

Bizim ilk tanışlığımız belə başladı, sonra imzalarımız qəzetdə yanaşı göründü, 1969-cu ildə isə hər ikimiz Azərbaycan Dövlət Universitetinə (İndiki Bakı Dövlət Universiteti) qəbul olunduq – o, jurnalistika, mən isə filologiya fakültəsinə. Düzü, Elman qiyabi oxuduğuna görə universitetdə o qədər də görüşə bilmirdik. Bizim əsas görüş zamanımız yay aylarına düşürdü. Bunun da əsas səbəbi “İşıqlı yol”  qəzeti redaksiyasında fəaliyyət göstərən “Şərur qönçələri” ədəbiyyat dərnəyinin məşğələləri idi. İyul-avqust aylarında rayona gələn yaradıcı tələbələrin iştirakı dərnəyin fəaliyyətini daha da canlandırırdı. Hətta mən deyərdim ki, həmin tələbələr dərnək üçün darıxırdılar və təzə şeirlərlə, hekayələrlə gəlirdilər. O illəri xəyalıma gətirdiyim üçün bir cümlə yazmağı özümə borc bilirəm: bu gün Şərur rayonundan olan tanınmış Akademiya üzvlərinin, elm adamlarının, şair və yazıçıların, demək olar ki, əksəriyyəti “Şərur qönçələri” adlı ədəbiyyat dərnəyindən çıxıblar. Hərdən şeir və hekayələr yazsa da, publisistika yaradıcılığı ilə daha çox tanınan Elman Məmmədov – Elman Telmanoğlu da beləcə o sıradandır. Həmçinin sonrakı illəri nəzərə alsaq, onu uzun müddət “Şərur qönçələri” dərnəyinin təşkilatçısı kimi də dəyərləndirmək olar.

Elman “İşıqlı yol” qəzetində “Mirzəcəllsayağı” rubrikasının da aparıcısı olub. Onun atdığı bu cəsarətli addəm oxucular arasında satirik və yumoristik əsərlərə olan maraq xeyli dərəcədə artırıb. Eyni zamanda qəzetin səhifələrində felyeton janrı xüsusi yer tutmağa başlayıb. İş o yerə çatıb ki, felyetonların qəhrəmanları öz iş yerləri ilə vidalaşmalı olublar. Xüsusilə qeyd etmək vacibdir ki, Elmanın ayrıca öz imzası ilə, yaxud da müştərək yazdığı felyetonlar cansıxıcı və quru cümlələrlə yüklənmirdi. Həmin felyetonların bədii xüsusiyyətləri də son dərəcə cəlbedici olurdu və bu keyfiyyət felyeton janrını əsl öz simasında təqdim etməyə imkan verirdi. Hətta bir çox hallarda Elman həmin felyetonlarda, nə qədər gözlənilməz olsa da,  bayatılardan istifadə edir, onların oxucularla ünsiyyətə girmək potensialını daha da artırırdı. Bununla yanaşı Elman Məmmədov satirik və yumoristik gülüşü özündə ehtiva edən ayrıca bayatılar da yazırdı ki, həmin bayatılar çox tez yaddaşlara köçür və dillər əzbəri olurdu. Bu cür bir yaradıcılıq üslubu bir növ atalar sözlərindən, məsəllərdən, sual-cavab üsulundan gülüş yaratmaq məqsədi ilə istifadə edən və oxucuları daha da özünə yaxınlaşdıran “Molla Nəsrəddin” ənənəsinin yeni dövrdə davam etdirilməsi idi.

Elman artıq 70 yaşlı bir qoca kişidir. Düz 30 il bundan öncə – 1990-cı il yanvar ayında ermənilər tərəfindən Şərur rayonunun kəndlərinə ediln hücumlar xeyli dağıntılara və insan təlafatına səbəb olmuşdu. Elman qəzetin baş redaktoru ilə birlikdə dağıdılmış yerlərə getmiş, insanlarla görüşmüş, onların ağrı və acılarını dinləmiş, elə gecə ikən böyük material da hazırlamışdı. Elmanın kollektiv qarşısında çıxışından sonra bu vandalizmlə barışmayan redaksiya kollektivi etiraz əlaməti olaraq qəzetin fəaliyyətini dayandırmağa qərar vermişdilər. Amma əhalini informasiyadan  məhrum etmək də doğru olmazdı, çünki adamlar arasında xeyli təşviş yarana bilər və bu təşviş gözlənilməz nəticələrə aparıb çıxarardı. Buna görə də Elman Məmmədovun  təşəbbüsü ilə 8-12 səhifə həcmində bülleten buraxmaq qərara alınmışdı. Bülletenin redaktoru olan “Mirzə Namlem” gizli imzasının sahibi də elə Elman özü idi. Amma həmin gizli imza vasitəsi ilə təhlükəsizlik orqanlarının əməkdaşlarından  yayınmaq istəyən redaktoru asanca müəyyənləşdirmək olardı, çünki “Namlem” sözünü axırdan əvvələ oxumuş olsaq, belə bir ad və soyad alınır: M.Elman, yəni Məmmədov Elman.

Bu hadisədən iki il sonra, yəni 1992-ci ildə Sədərəklə sərhəddə qanlı  döyüşləri baş verdi. Rayon əhalisi böyük bir faciə ilə üzləşmişdi, əsgərlərimiz döyüş meydanında həlak olmuşdular. Bu barədə ciddi tədbirlər görülür, adamlar səfərbər edilir, qarşı tərəflə danışıqlar aparılırdı. Həmin hadisələr zamanı mən də rayonda idim və qərara gəldim ki, o hadisələri əks etdirən “Sədərək döyüşləri” adlı bir kitab yazım. Bununla əlaqədar olaraq kəndbəkənd gəzib həlak olmuş döyüşçülərin ailələrinə baş çəkdim, ağrılı-acılı faktlar topladım, çoxlu şəkillər əldə etdim. Həmin günlərdə qızılgülün açan vaxtı olduğuna görə anaların qızılgülün yarpaqlarını sinəsinə basıb bayatı demələri, əsgər gedən oğullarının ayaq barmaqlarına həna qoymaqlarının xatirəsi olaraq ucadan ah-nalə çəkmələri ürək dağlayırdı. Nə qədər ağrılı olsa da, həmin faktlar əsasında müəyyən bir mətn hazırlaya bildim. Amma bütün bu faktlarla yanaşı “İşıqlı yol” qəzeti redaksiyasına gedib döyüşlərin xronologiyası ilə bağlı materiallar götürməyin də vacibliyini hiss etdim. Düşünürdüm ki, belə bir addım kitabın tarixiliyinə müsbət təsir göstərəcəkdi.



O zaman Elman Məmmədov qəzetin redaktoru idi və hələlik, mərhum jurnalist xanım Məhluqə Abdullayeva ilə bir otaqda otururdu. Əslində Məhluqə Abdullayevanı da mən tələbəlikdən tanıyırdım, xanım-xatın, son dərəcə səmimi və mehriban, vücudu bütünlüklə ziyalılığın təcəssümü olan bir qadın idi. Maraqlıdır ki, qəzetin son illərinin arxivi də həmin otaqda saxlanıldığı üçün bir neçə gün orada işləyərək onlarla yaxın ünsiyyətdə oldum. Mənə çox böyük hörmət və ehtiramla şərait yaratdılar. Beləliklə, döyüşlərin xronologiyası ilə bağlı topladığım materialları hazırladığım mətnə əlavə edəndən sonra “Sədərək döyüşləri” kitabı tamamlandı və 10000 tirajla çap olunaraq oxucular arasında çox sürətlə yayıldı.


Elman artıq 70 yaşlı qoca bir kişidir. O, 28 ildir ki, “İşıqlı yol” qəzetinin baş redaktorudur və rayon qəzetinin tarixində heç kim bu qədər zaman kəsimində qəzetə redaktorluq etməmişdir. Elman Telmanoğlunun bir yaradıcı insan kimi öz sahəsinin peşəkarı olduğunu heç kəs danmır və dana da bilməz. Elman bu peşəkarlığa zəkasının və zəhmətinin nəticəsində nail olub. Hətta ziyalılar arasında onu da deyirlər ki, Elman olmasaydı ən çətin zamanlarda qəzetin çıxması qətiyyən mümkün deyildi. Yəni bu mənada fədakarlıq sözünü də Elman adının qarşısına ürəklə artırmaq lazımdır.


Bu gün Elman Telmanoğlunun redaktoru olduğu “İşıqlı yol” qəzeti Bakıda çıxan bir çox mətbuat orqanlarından heç də aşağı səviyyədə deyil və əksinə hətta bəzilərindən üstündür. Dərc olunan məqalələrdə ifadə edilən fikir və ideyaların dövlətçilik mövqeyi ilə üst-üstə düşməsi, yazıların müasirlik və aktuallıq keyfiyyəti, tərtibat işinin yüksək səviyyədə həlli, orfoqrafik və qrammatik baxımdan səhvsiz qəzet buraxmaq ənənəsi “İşıqlı yol” qəzetinin əsas simasını təyin edir və başqa mətbuat orqanlarına yaxşı örnəkdir.


Qəzetdə Ulu Öndər Heydər Əliyevin əsrə bərabər tarix yaratmaq missiyası, Novruz bayramını milli ideologiyanın ana sütunu kimi əbədiləşdirməsi barədə olan mülahizələr bu haqda mərkəzi mətbuatda yazılanlardan heç də geri qalmır. Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu sahəsində gördüyü əməli tədbirlər qəzetin əsas ideya mənbəyidir.


Eyni zamanda rayonun sosial-iqtisadi göstəricilərinin bugünkü tələblərə cavab verməsi,  sosial obyektlərin açılışı, hərbi quruculuq işlərinin vəziyyəti, yeni avtomobil yollarının çəkilişi və təmiri, yeni avtovağzalın tikilməsi, yeni meyvə bağlarının salınması kimi tədbirlər qəzetin fəaliyyətinin aparıcı xətlərindəndir. Mövcud gerçəkliyə əsaslanaraq qəzetin ayrı-ayrı saylarında yeniliyin qabardılmasını mən də təsadüfən qabartmadım. Onlar hamısı bir redaktor kimi Elman Telmanoğlunun müasir düşüncəsinin və zəkasının məhsuludur. Burada oxucuları yeniliyə doğru səsləmək, onlarda günümüzün leytmotivinə çevrilən yeniliklərə maraq yaratmaq və bunların ardınca yeni texnologiyalara yiyələnməyin zəruriliyi əsas vəzifə kimi irəli sürülür.


Qəzetin aparıcı xətlərindən birini də insan faktoru, insan kapitalı təşkil edir. Zəhmətin dəyərləndirilməsi, ayrı-ayrı insanların əməyinə qiymət verilməsi, adamların gün-güzəranının daha da yaxşılaşdırılması yollarının araşdırılması, aqrar siyasətin ümidverici nəticələrinin göz önünə gətirilməsi redaksiyanın səyi ilə həmişə önə çəkilir. Ən qədim insan düşərgəsi olan Tənənm qazma mağarasının təqdimindən başlayıb insana qayğının əhəmiyyətinin izahına qədər və oradan da insanı ictimai fəaliyyəti ilə bir yerdə görmək istəyi qəzetin oxucularını maraqlandıran diqqət mərkəzi kimi düşünülmüşdür.


Elman artıq 70 yaşlı bir qoca kişidir, amma müdrik olduğu qədər də gənclik həvəsi ilə yazıb-yaratmaqda davam edir.


 

 





15.05.2020    çap et  çap et