525.Az

Eko və postmodernizm - Nərgiz İsmayılovanın yazısı


 

Eko və postmodernizm - <b style="color:red">Nərgiz İsmayılovanın yazısı </b>

Çağdaş Qərb düşüncəsinin ayrılmaz parçası olan postmodern filosof, yazıçı Umberto Ekonun yaradıcılığı dünya ədəbiyyatı səviyyəsində əhəmiyyətli rola malikdir.


Umberto Ekonun “Orta əsrlər estetikasında incəsənət və gözəllik” (1987), “Ədəbiyyat (Söhbət) meşələrində altı gəzinti” (1993), tarixi bir dövrə qurğuvarı bir quruluşda nəzər salan intelektual postmodernizmin və XX əsr romançılığının ən önəmli nümunələrindən olan “Qızılgülün Adı” (1980) adlı romanı, pastiş nümunəsi kimi qəbul edilən “Fukonun rəqqası” (“Foucault's Pendulum”) (1988), “Öncəki günün adası” (1994) romanları postmodern ədəbiyyat nəzəriyyəsi aspektindən müstəqillik dövrü Azərbaycan ədəbiyyatı ilə müqayisəli şəkildə tədqiq olunmalıdır. Azərbaycan ədəbiyyatında son dövrlərin məhsulu olan postmodern dalğa Qərb ədəbiyyatının maraqlı təsir tendensiyası və dərk prizmasından tədqiq olunduqda, görürük ki, ədəbiyyat arenasında tanınan, əsərləri ən çox yayılan, oxunan və sevilən Avropa mütəfəkkiri olan Umberto Eko mühitdə öz əksini tapan postmodern dalğanın kulminasiya nöqtəsində dayanır. Azərbaycan ədəbiyyatında Ekonun intelektual postmodernizmi dərin rezonansa səbəb olmuşdur. Bu aspektdən yaranan əsərlər sırasında Kamal Abdullanın “Yarımçıq Əlyazma” əsəri dayanır. Ancaq qeyd etməliyəm ki, Azərbaycan ədəbiyyatında da yaranan postmodernist əsərlər həm də  milli ədəbiyyatın inkişafına xidmət baxımından, folklorumuzun, mif və dastanlarımızın yenidən postmodern dövrün süzgəçindən keçirmək və yeniliklə köhnənin qarşılıqlı əlaqəsi, parelellik, keçmişi silib atmadan, köhnəlmiş stereotip və dəyərlərin yenidən dəyərləndirilməsi yolu ilə Azərbaycan cəmiyyətinin düşüncə sahəsindəki bir çox problemlərinə aydın çözümlər təklif edir. İstisnalar yox deyil.


Bu aspektdən Umberto Eko yaradıcılığı Azərbaycan postmodern bədii təfəkkürünün formalaşmasında özünəməxsus rol oynamaqdadır.


Mərkəzin kənar üzərində, mütləqin nisbi qarşısında, həqiqətin həqiqətlər üzərində, əminliyin şübhə qarşısında, ehkamın təhlil üzərində ağırlığından imtina, patiş, intertekstuallıq, semiotika və s. anlayışlar “Qızıl gülün Adı” romanında öz əksini tapıb.


Bilirik ki, mətinlərarasılıq və ya intertekstuallıq anlayışını Mixail Baxtin elmə gətirdi. Mətinlərarası əlaqələr, ən ümumi tərifiylə bir mətnin özündən əvvəl yazılmış mətnlərlə olan əlaqəsi qanununa söykənir. Mətinlərarasılıq postmodernizmin mətni təhlil etmə üsullarından biridir.


“Mətinlərarasılıq anlayışına görə, hər mətn mənaların mozaikası olaraq qurulur və hər mətn digər mətnin transformasiyasıdır. Daha sadə şəkildə ifadə etsək, intertekstuallıq, mətn, mətni oxumaq müstəqil və hər şeyin mətnin öz içində olduğuna inanan bir sistem deyil, başqa mətnlər və başqa oxunuşlar da var. Və əslində hər bir mətn digər mətnlərlə əlaqəsində mövcuddur. Hər mətn əslində öz başına mövcud deyil, əksinə başqa kodlar və mətnlərin içindədir”. Postmodernizmin ən əhəmiyyətli nümunələrini dünya ədəbiyyatına bəxş edən Ekonun yaratdığı mətnlər intertekstuallıq baxımından maraqlıdır. “İntertekstuallıq (intertextuality) tərif və məna çətinliyini ən çox hiss etdirən terminlərdən biri olaraq diqqət çəkir. Bütöv bir quruluşa salınması məqsədilə bir ədəbi mətnə həm ədəbiyyat sahəsindən, həm də başqa sahələrdən mətn parçalarının daxil edilməsi” şəklində ümumi mənada izah edilən intertekstuallıq, çərçivəsi, sərhədi tam mənası ilə ortaya qoyulmamış bir metod olaraq qarşımıza çıxır. “Anlayış, ilk olaraq 1965-ci ildə Fransız yazıçı Culiya Kristeva tərəfindən ortaya atılmışdır”.


Fransız yazı elmi və izahının qabaqcıl nümayəndələrindən Gerard Genette, Palimpsests (Palimpsestuslar) adlı əsərində “mətinlərarasılıq” mövzusunu “ötəmətinsəllik” (transtex-tuality) başlığı altında araşdırır və bu tədqiqatın mərkəzinə “irəlimətinsəllik”(hypertextuality) anlayışını yerləşdirir. Beləliklə, intertekstualllıq postmodern əsərlərin əsas komponenti kimi ortaya çıxır.


“Qızıl gülün adı” romanı informasiya vermək aspektindən də çox böyük əhəmiyyət daşıyır. Burada yer alan bir çox tarixi şəxsiyyətlərlə bağlı maraqlı məqamlar gerçək və əfsanələşən düşüncələrlə parelel inkişaf etdirilib. Əsəri oxuyarkən reallıqlar və uydurmaları ayırmaq seçmək çətinləşir. “Qızılgülün adı” postmodernizmin “metafiction” effektini özündə əks etdirən əlyazmanın tapılması və əsərin həmin əlyazmadan götürüldüyü qeydləri ilə başlayır.


Monastırda gizli bir bölmədə saxlanan, heç kimin daha əvvəl  oxumadığı bir kitabı əldə etmək istəyənlərə maneə törətmək istəyən yaşlı rahib Xorxe, gizli planlarla yeddi rahibin ölməsinə səbəb olur. Bu kitab isə Aristotelin “Poetika” adlı əsərinin itkin olan qisimidir. Bir növü “Poetika” 2-dir.


Müəllif burada ənənədən, keçmişdən qopmaq istəyənləri gözləyən təhlükələri xəbər vermək məqsədi iləÇ sanki postmodernizmi yalnış anlayanlara mesaj verir və deyir ki, postmodernizim ənənədən qopmaq yox, ənənəyə baxmaq və onda indiyədək baxılmayan istiqamətlərə dair heç də təhlükəli olmayan  aspektdən yeniliklər, özünəməxsusuqlar etmək arzusudur.


Zaman fantastikası yeddi gün olan mətndə, hər biri bir gündə olmaq üzrə, yeddi adam əsrarəngiz şəkildə həyatını itirir, öldürülür. Köhnə bir məhkəmə işçisi olan Vilhelm, bir yığıncaq üçün  getdiyi cinayətlərin işləndiyi bu monastırda özünə təklif edilən cinayətləri həll etmə işini qəbul edər. Vilhelm, monastırın böyük kitabxanasında çalışan nəqqaş Adelmo, yunanca-Ərəbcə tərcüməçisi Venantius,  Benno, kitabxana köməkçisi Brenqar, əl yazmaları kopya edən Aymora, kitabxanaçı Malaxi və şəfalı otlar mütəxəssisi Severinusun qatilinin kim olduğunu və bu kəsləri hansı səbəblə öldürdüyünü araşdırır.   Görüldüyü kimi əsərdə real faktlar qurğu ilə iç-içədir.  “Baş obraz Baskervilli Vilhelm olsa da, hadisələr onun şagirdi Adsonun dilindən nəql edilir.


Baskervilli Vilhelm obrazı üçün A. K. Doylun “Şerlok Holms” əsərindən bəhrələnən Eko Eyni zamanda Adso obrazını yaradarkən də Şerlok Holmsun köməkçisi doktor “Watson” obrazından təsirlənmişdir.


“Adsonun kitabın əvvəlində Vilhelmi təsvir etməsi Watsonun Şerloku təsviri ilə azqala sözbəsöz eynidir. Adsonun Melkli olması bu ərazidə yerləşən ən məşhur ortaçağ kitabxanalarından biriylə bağlıdır. Romanın digər vacib obrazı olan kor kitabxanaçı Xorxe üçün isə Avstriyalı yazıçı Xorxe Borxezdən ilham alınmışdır. X. Borxezin qısa hekayəsi olan “Babil kitabxanası” əsəri Ekonun sirli kitabxana fikri üçün ideya vermişdir”.


Postmodern mətnlərin bir çoxunda görülən axtarış məfhumu, hadisələrin bir axtarış xətti ətrafında baş verməsi, oxucunun da bunun bir parçası halına gətirilməyə çalışılması populyardır. Kamal Abdullanın “Yarımçıq Əlyazma” əsərində də biz eyni motivlərin parçasına çevrilirik. “Yarımçıq əlyazma” romanında da Bayandır xanın qurduğu istintaq fonunda hadisələr cərəyan edir. Bu istintaqda da sorğu keçirlir. Günahkar axtarılır. Hər iki əsərdə istintaqı quran əslində məsələni anlayır, məğzini lap yaxşı bilir, ancaq  bu axtarışda məqsəd dərinliklərə getməkdir bəzən bu sübut axtarışına çıxmaq onun beynini qarışdırır.    Hər iki əsərdə  gerçək günahkar mükəmməl şəkildə oxucudan gizlədilir. Oxucu da yazara qoşulub günahkarı axtarır. Hər iki əsərdə yazar yenidən mətnləşdirdiyi tarixin əsl mahiyyətinin tədqiqatçısıdır. Eko da Kamal Abdulla da mətnin əslini yaxşı bilir. 


Hər iki əsərdə dönə-dönə oxucuya əsərin hansısa əlyazmasından olduğu xatırladılır.   


Bir Umberto Eko klassiki olan “Qızılgülün Adı” romanı 1980-ci ildə ilk dəfə nəşr olunduqdan sonra, yalnız Avropada deyil, bütün dünyada böyük maraqla qarşılandı. Qısa bir müddət içində, əsərlə bağlı bir çox araşdırmalar aparılmağa başlandı, əsərin filmi çəkildi. Və ilk dəfə bu əsərində tarix, fonda yer alan bir məsələ olmaqdan çıxıb əsərin mərkəzinə yerləşdi.


Akademik tədqiqatlarında və konfranslarında da ən çox müraciət etdiyi mövzulardan olan Orta Əsr Avropasına dair önə sürdüyü fikirlər bütün dünyanın diqqətini çəkdi. Belə ki, inkivizisiyanın mənfilikləri ilə parelel şəkildə adı hallanan bu dövrün, “qaranlıq çağ”ın əslində müasir Avropanın təməllərinin atıldığı dövr olduğunu düşündüyünü dilə gətirirdi. Ekonun düşüncə sistemi, köhnəni radikallıqla rədd edib yeni inşa etmək deyil, köhnənin tənqidi, yaradıcılıqla imkanlarını genişləndirmək əsasına söykənən yeni nəzəriyyə uğrunda mübarizə aparmaq və buna inanmaq idi. Beləliklə romanlarında da bu xətti izlədi. Xüsusilə “Qızıl gülün adı” romanında tarixi bir dövr qurğu şəklində quraşdırılaraq, sintez edilərək müxtəlif xaos və  qeyri müəyyənliyin hökm sürdüyü sferada oxucuya təqdim olunur. Məntiqli postmodernizmin imkanlarını zorlayan “Qızıl gülün adı” romanında din, tarix, fəlsəfə, tibb, rəssamlığın sahələri, komediya kimi məsələlər vahid bilinən reallığın daxilində yaradılan yeni dünya fonunda nəql olunur. Mətn içində mətn yaradan Eko həm də fikir içində fikir yaradıb. Romana seçdiyi addan başlayaraq Eko oxucunu çətinliyə salmaq fikrindədir. Eko bu barədə qeyd edir:


“Romanımın başqa bir başlığı var: Cinayət Monastrı. Bunu bir tərəfə qoydum, çünki oxucunun diqqətini yalnız detektiv məsələyə çəkirdi və başdan-başa aktdan ibarət olan hekayələr ardındakı bədbəxt alıcıları, onları aldadacaq bir kitabın üstünə atılmağa sürükləyə bilərdi. Gülün Adı fikri təsadüfən ağlıma gəldiyində bunu bəyəndim, çünki gül elə məna yüklü, rəmzi bir obyektdir ki, demək olar ki, artıq heç bir mənası yoxdur. Sirli gül və bir gül güllərin həyatlarını yaşamışdır, iki gülün müharibəsi, bir gül bir güldür, gülxaçlar, fövqəladə güllərin gözəllikləri, gözəl qoxuyan təzə gül. Bir kitabın adı fikirləri qarışdırmalıdır, onları bir yerı yığıb qaydaya salmamalıdır”.


“Qızıl gülün adı” romanı başdan sona qurulmuş Eko labrintidir. Ancaq əsərin sonunu və Ekonun əsərlə bağlı fikirlərindəki laqeyd tutumu oxuyan oxucu elə zənn edir ki, Eko oturub oxucusuna xısın-xısın gülür. Ancaq bütün bu fikirlərdə və Ekonun romanları ilə bağlı yazdığı sonrakı fikirlərdə də açıldığını zənn etdiyimiz labrintvarı qurğu davam edir. Necə ki, Kalvino özü haqqında bəhs etmir, bəhs edəndə də yalnış fikirlərlə oxucunu çaşdırırdı. Bütün bunlar semiologiya ilə bütünləşən postmodern yazar beyninin labirintvari qurğusudur. Postmodern roman yazarlarının bir yerdən sonra həyatları da qurğulaşdırılır. Ya da elə ilahi qurğudur.


“Ekonun yaradıcılığı, qurğu-üstqurğu-mətinlərarasılıq kimi postmodern yazının xüsusiyyətlərini sıx bir şəkildə əks etdirir”. Bu xüsusiyyətlər çağdaş postmodern romanın əsas genetik kodlarıdır. Semiotik çalarlarla bütünləşən əksər postmodern sənətkarın ruhundakı oxşarlıqlar yazdıqları postmodern əsərlərin ikibaşlı həqiqəti fonunda ortaya çıxır.


“Postmodernizmin həqiqəti, nə metafizika, nə də fizikanı istinad kimi qəbul edən bir həqiqətdir. Bu, “qurğusal, virtual dünya istinad olaraq alan üçüncü bir hippereal/üstgerçəkdir, yəni virtual həqiqətdir”. “Qızıl gülün adı” əsərində əsərin adı orta əsrlərdən gələn bir çox semootik çaları özündə əks etdirir. Bu ad sadəcə simvolik xarakter daşıyır. Əsərin adını oxuyan ampirik oxucunun zehnində təlatüm edən bir çox hadisədən ibarət, fərqli süjet xəttinə malik olan bir roman olsa da, Eko burada var olan bir çox real fakta postmodern libas geyindirir.


Umbertonun postmodernist kimi təfəkkürünü dərk prizmasından “Qızılgülün Adı” romanı ilə bağlı olaraq Ekonun ən maraqlı fikirlərinin yer aldığı “Gənc bir romançının etirafları” kitabı son dərəcə böyük əhəmiyyət daşıyır. Həmin kitabdakı qeydlər Umberto Ekonun düşüncə sisteminə elmi nüfüz aspektindən əhəmiyyət daşıyır.


Hadisələr orta əsrlər Avropasında cərəyan edir. Eko bu barədə yazır: “Qızıl gülün adı”nı sadəcə iki ilə yazdım, bunun tək səbəbi Orta əsrlər  haqqında arşdırmalar etməyə ehtiyacımın olmaması idi. Dediyim kimi, dissertasiyam Orta əsrlər estetikası ilə bağlı idi. Orta əsrlərlə bağlı başqa tədqiqatlarım da mövcud idi. İllərcə Roma memarlığı tərzində  inşa edilmiş bir çox monastrı, Qotik katedralını  gəzib görmüşdüm. (Burada bir haşiyə çıxmaq itəyirəm. Qotik katedrallarının əksəriyyətinin dizaynında qızı gül teması əsas rol oynayır. Postmodern müəlliflərin əksəriyyəti həmin bu naxışlardan və simvolikadan istifadə edir N.İ.). Bir roman yazmağa qərar verəndə Orta əsrlərə dair olan məlumatlar olan sənədlərimi topladığım böyük bir şkafı açmış kimi oldum”. Eko məqalələrində açıqca postmodern əsər yaratdığını etiraf edir.  “Qızıl gülün adı üzərinə düşüncələrdə” də qeyd etdiyim kimi, postmodernizm hər nədirsə, ən başdan ən az iki dənə postmodern texnikadan istifadə etdiyimin ən başdan fərqində idim. Bunlardan biri mətinlərarası ironiyadır: Başqa tanınmış mətnlərdən doğulan istinad etmə ya da onlara başadüşülən şəkildə ünvanlamalar etmək. Replikalar yönəltmək. İkincisi isə, üst izahdır: Yazıçı birbaşa oxucuya xitab etdikdə özündən doğulan düşüncələr. İkili kodlama mətinlərarası ironiyanın, üstü örtülü şəkildə baş vurulan üst-izahla eynivaxtlı istifadə edilməsidir. Bu termin postmodern  memarlığın eyni anda  ən az iki səviyyəyə xitab etdiyinə inanan  memar Charles Jencks tərəfindən tapılıb. O qeyd edir ki, Postmodern quruluş  ya da sənət əsəri,  eyni vaxtda həm azlığa, yəni üstün kodlar istifadə edən seçilmiş təbəqəyə,  həm də populyar  kodlar istifadə edən geniş xalq kütləsinə xitab edər”.


Görünür Eko ikili kodlamadan istifadə etsə də, əsərdə daha çox elit təbəqəni nəzər-diqqətində saxlayıb. Daha çox üstün kodlarla elit təbəqəyə yönəldilən intellektual postmodernizmin ən əhəmiyyətli əsərlərindən olan “Qızıl gülün adı” romanı qeyd olunan hər iki sistemi özündə nümayiş etdirir.


Umberto Eko “Qızıl gülün adı” romanına tapılan bir əlyazma nüsxənin tərcüməsindən bəhs edərək başlayır. Özünün də qeyd etdiyi kimi, burada  ikili kodlama mövcuddur. Yəni yazıçı başqa bir müəllifin böyük  İtalyan romançısı Allessandro  Monzoninin “Nişanlılar” romanına ünvanlama edir.


Charles Jencksin postmodernizm tarixinə hədiyyə etdiyi ən əhəmiyyətli anlayış isə “ikili kodlaşdırma”dır. Ona görə postmodern arxitektura, ikili kodlaşdırma (double coding) qabiliyyətiylə fərqli laylardakı iki fərqli kütləyə xitab edə bilməkdədir; həm seçmə təbəqəyə həm də geniş xalq kütlələrinə… Elit təbəqəyə xitablarla dolu “Qızıl gülün adı” romanında, həm də geniş xalq kütlələrinin də təsviri yer alır. Ancaq bu təsvir ürəkaçan deyil, ya da ürək açmağa başladığı an məhvə məhkum olur.

“Barthes, Kristevanın bütövlüyü həll etmək fikrinin bir addım irəlisinə gedərək, mətnin öz içində bütün yaratmadığını, mətnin başqa mətnlərlə səsləşməsinə yönəlir. Bu kontekstdə bir mətn özündən əvvəl yazılmış mətnlərin bir əks olunması olaraq oxucuların qarşısına çıxır və bu səbəbdən əvvəlki mətn və ya mətnlər sonrakı mətnə mənbə yaradır.

Yuxarıda da qeyd etdiyimiz kimi Eko yaradıcılığında yer alan bir çox əsər özündən öncə var olan hər hansı mətn, yaxud hekayə ilə, tarixi hadisə ilə səsləşir. Həmin hadisəyə  postmodern replikalar göndərir.


Ekonun “Gənc bir romançının etirafları” kitabındakı qeydlərdən aydın olur ki, yazarın yaratdığı qurğu mətin oxucuların diqqətini çəkməyi bacarıb, bunda Ekonun həyat yoldaşının sənət tarixçisi olması və özünün də orta əsrləri araşdırması ilə  oxucunun beynində formalaşan bir Eko gerçəkliyinin də rolu vardır.


Bu barədə Eko qeyd edir ki, “Qızıl gülün adı” çap olunduqdan sonra bir çox oxucum mənə məktub yazaraq hekayəmdə yer alan monosatırı tapıb ziyarət etdiklərini bildirdi. Kitabın təqdimat qismində bəhs etdiyim əl yazması haqqında daha çox məlumat verməyimi istəyənlər də var idi. Eyni görünüşdə Bounes Airesdə bir sahafda (qədim və nadir kitablar satılan kitab mağazası N.İ.) Athanasius Kircherin adsız bir kitabını tapdığını deyirəm. Keçən dəfə yeni romanımın yayınlanmasından  təxminən 30 il sonra  bir alman mənə yazaraq  Bounes Airesdəki sahafda Kircherin kitabını tapdığını söylədi”.


Buna oxşar etirafın başqa variantını Gustave Flaubert, Luisə Coletə yazdığı bir məktubunda yazır: “Dünən yox, əvvəlki gün, Touques meşələrində bir suyun kənarındakı gözəl bir yerdə siqaret kötükləri və tort qırıntıları tapdım. Burada bəzi kəslər piknik etmişdilər. “Noyabr” (November) adlı əsərimdə, on bir il əvvəl, belə bir mənzərəni təsvir etdim. Təsvirim, tamamilə xəyali idi, lakin sabahısı gün gerçək oldu. Əminəm ki, bir yazarın yaratdığı hər şey gerçəkdir. Şeir, həndəsə qədər gerçəkdir. İnduksiya, bütünə çatmaq bütündən gələn qədər doğru bir metoddur”.


Qeyd etmək lazımdır ki, Ekonun romanlarında da, mətn və mövzu elə ustalıqla qurulmuşdur ki, bir çox oxucu ya psixilojik ya da gerçək mənada hadisənin həqiqət olmağına inanır. Hətta bəzən oxucu  yazarın da beyninin qarışdığı hissinə qapılır. Bir haşiyə çıxmaq istəyirəm ki, Ekonun sonrakı qeydlərindən də aydın olduğu kimi, əsərdəki monoastırın çertyoju və əlyazma daxil bəhs edilənlərin əksəriyyəti müəllifin təxəyyülünün məhsuludur. Eko oxucularını da iki qismə ayırır nümunəvi və ampirik oxucu. Bu iki oxucunun romanı dərk etmək xüsusiyyətlərindəki fərqliliklər əsərin cəmiyyətə verdiyi mesajın xarakterini, mahiyyətini açmağa kömək edir.


Postmodernizm Ekonun həyatında daima hökm sürübmü? Bu suala ən dolğun cavabı yenə Ekonun özü verə bilər.


Həyatının son illərini pozitiv əhval-ruhiyyə içərisində keçirən Ekonun “Budalalıktan Dəliliyə” adlanan əsəri  isə yazıçının ölümündən sonra yayınlandı. Adı bilinməyən bir indiki zaman ifadəsindən istifadə edən Eko postmodernizmin geridə qalacağınımı söyləyirdi? “Budalalıqdan dəliliyə” əsəri Ekonun düşüncə dünyasında yeni təkan kimi qiymətləndirilə bilər.


1988-ci ildə nəşr olunan Ekonun ikinci əsəri “Fukonun rəqqası” adlı roman əlkimyaya, cadugərlik nəzəriyyəsinə keçidlərlə zəngindir, ağır dillə yazılmışdır. Əsər postmodernizm modeli olaraq qəbul edilir.  Romanın dili həddindən artıq qəliz olduğu üçün “Fukonun rəqqası”nın lüğəti” adlı kataloq-lüğət hazırlanıb. Eko müsahibələrinin birində “Fukonun rəqqası” ilə bağlı deyib: “Çoxları fikirləşir ki, mən fantastik roman yazmışam, amma onlar səhv edir- əsər tamamilə realistdir”. Fukonun (Foucault Sarkacı), bir ox ətrafında fırlanan Yerin gerçəkliyini əyani şəkildə nümayiş etdirən bir cihazdır. 1851-ci ildə Paris Panteonunda ilk dəfə öz işini nümayiş etdirən ixtiraçı fransız alimi Jan-Leon Fuukodan sonra seçildi. İlk baxışdan, rəqqas cihazı mürəkkəb bir şey deyil. Bu, uzun bir ip üzərində hündür bir binanın günbəzindən asılmış sadə bir topdur (ilk sınaq zamanı 67 metr idi).


Eko romanı haqqında qeyd edir ki, “Gülün adı” əsərindən sonra düşündüm ki, mənə aid hər şeyi yazmışam bəs nə qalıb? Ağlına həmin məqam iki şey gəldiyini qeyd  edən müəllif yazır: “İlki, Leon Foucaultun rəqqası idi, onu otuz il əvvəl Parisdə görmüş və çox təsirlənmişdim; o da ruhumun dərinliklərində uzun zamandır basdırılmış qalmış bir başqa həyəcan idi. İkinci obraz, İtaliyadakı Müqavimət Hərəkətinin üzvləri üçün təşkil edilən cənazə mərasimində trompet çalmağım idi. Bu gerçək hekayəni danışmaqdan heç bezməmişdim, çünki onu möhtəşəm hesab edirdim, bundan əlavə, daha sonra Coysu oxuduqda onun (Stephen Heroda) epifani  dediyi şeyi yaşamış olduğumu fərq etmişdim.


Beləcə, rəqqasla başlayıb günəşli bir səhər vaxtı bir qəbiristanlıqda trompet çalan bir cavanla bitən bir hekayə yazmağa qərar verdim”.


Roman elm aləmində bir çox tədqiqatçı tərəfindən müxtəlifsəpkili fikir mübadiləsinə səbəb olmuşdur. Romandakı ironiya və mətinlərarasılıq xaricində əsəri heç bir roman növünə aid etmirlər. Eko sayağı yaxud elmi roman kateqoriyasına uyğun gələn roman öz ağır dili və mövzu keçidləri, rəngarənglikləri ilə beyin oxşayır.


Ancaq qeyd edim ki, Eko özü əsərdəki xarakterlər haqqında danışarkən qeyd edir: “Belbo'nun gizli dosyalarında görülən ağlı başında, ədəbi ama ironiyalı dili (ədəbi izahları aşırı həyəcanla istifadə etməsi baxımından həqiqətən postmodern)”.


Bütün romanlarında tarixə, tarixi hər hansı obyektə, insana işarələr olan Ekonun yaradıcılığı çoxşaxəli və maraqlıdır.

 





19.05.2020    çap et  çap et