525.Az

Pandemiya dövründə polisimiz - Şəmil Sadiqin yazısı


 

Pandemiya dövründə polisimiz - <b style="color:red">Şəmil Sadiqin yazısı </b>

“Milislər dədəni tutub aparacalar”...


Bu ifadə bütün sovet dövrü uşaqlarının yaddaşına elə həkk olub ki, heç zaman unudulmayacaq.


Həmişə də qorxu obyekti olub bizim üçün polis ifadəsi... Çünki sovet polisinin funksiyası yalnız bundan ibarət olub və biz uşaqlığımızı ancaq bununla yaşamışıq. Amma dünyaya gözümüz açılandan sonra öyrəndik ki, indiki dilimizlə desək, Polis sadəcə adam tutmaq üçün deyil, həm də adamları qorumaq üçündür. “Mənim polisim məni qoruyur!” ifadəsi isə bizi daha əmin yaşamaq üçün, daha rahat hiss etməyimiz üçün, asayişin qorunması üçün daim onların yanımızda olmağını duymağımız üçün var. Məhz cəmiyyətin eybəcərliklərindən, haqsızlığından, ədalətsizliyindən qorumaq üçün... Hətta son dövrlər polis üçün bir “qaftan” da biçilib – nəzakət sərgiləmək. Yol keçərkən ehtiyatlanan uşağa və ya qocaya, qəfil halsızlaşan insanlara yardım edən nəzakət polisim. Şəxsən mən hardasa yol axtaranda polis görsəm, ilk olaraq ondan soruşuram. Çünki uşaqlıq travmamı unutmaqdayam artıq. Çünki ölkəm müstəqildir və dövlətimin qoruyucu qulluqçusu birmənalı mənim polisimdir. “Mənim polisim məni qoruyur!” – bu, belə olsa da, olmasa da, biz belə istəyirik. Çünki güvən yerimizdir polis.


Bu azğın pandemiya dövründə dünya insanlığın birliyini gördü. Biz də bu dünyanın bir parçasıyıq və orda baş verən nə varsa, biz də yaşayırıq bütünün parçası kimi. Bu zamanın ən unudulmaz, zəhməti danılmaz, gecəsi-gündüzü olmayan, xalqının yanında olan, yenə də onu qoruyan polis oldu, hətta pandemiyadan da...


Hər gün Xırdalan dairəsindən keçib Nəsimi rayonundakı iş yerimə gedib, gəlirəm. Hər dəfə də üç post keçməli oluram – biri Xırdalana girişi dairəsində, biri Ekologiya postunda, biri  isə Tbilisi prospektində. Aradabir isə şəhərin digər yerlərində rastlaşdığım postlar da olur. Hər dəfəsində diqqətimi çəkən, bəlkə də, xüsusi diqqət etdiyim polislərə rast gəlirəm. Çünki dostlar arasında, sosial şəbəkələrdəki söhbətlərdə belə bir deyim eşidirdim: “Polisin əlinə yaxşı fürsət düşdü, kef edəcəklər”. Mənim üçün də hardasa inandırıcı gəlirdi və istər-istəməz müşahidə edirdim. Amma hər dəfəsində yanılırdım. Çünki polislərin sadəcə efirdə göstərilən nəzakətli davranışını görürdüm gerçəklikdə. Onları aldatmağa, min cür yollardan istifadə etməyə çalışan bizlərə qarşı bir dəfə də olsun, əsəb nümayiş etdirdiklərini görmədim. Siz də etiraf edərsiniz ki, efirlərdə təlaşla, həyəcanla danışan məsul şəxsləri, ”evdə qalın” deyərək, barmaq silkələyən televiziya aparıcılarını, digər dünya xəbərlərini eşidəndə adama elə gəlirdi ki, elə indicə əlimizi spirtləmədəyimiz üçün polislər gəlib “dədəmizi tutacaq”. Cürətini toplayıb çölə çıxanda icazə olsa da, polisi görəndə boğazının quruduğunu hiss edirdi adam. Amma bir-iki dəfə sənədinə baxıb, “buyurun”, dediklərini eşidəndə, sizi bilmirəm, mən az qala ekran əjdahalarından qaçıb polislərə sığınmaq istəyirdim ki, televiziyadakı qorxulu informasiyaları eşitməyim. Nədənsə sanki bu dəfə polis yerini dəyişib yumşaq güc rolunu oynamış, maarifləndirici bir quruma çevrilmişdi. Bir düşünün, televiziyalardakı qorxu və həyəcan hücumuna polis də qoşulsaydı, nə qədər böyük stress yaşayardıq?! Onlar isə sadəcə sakitlik rəmzi oldular! Həqiqətən sakitlik, səbr və təmkin rəmzi. Yaşından asılı olmayaraq bütün insanlara göstərdikləri səbr və təmkin, hörmət və ehtiram alqışa layiqdir.


Etiraf edək ki, qanunları sevən millət deyilik. Hətta qanunun aliliyini bilsək də, ona əməl etməyi özümüzə rəva bilmirik. Buna baxmayaraq, bu üç aya yaxın müddətdə istər Daxili Qoşunların, istərsə Dövlət Yol Polisinin fəaliyyəti adama ASAN xidmətin fəaliyyətini xatırladırdı. Çünki möhtəşəm və səliqəli xidmət görürdük! “Bir növ bu hadisə yeni nazirin sınağı da oldu” demək olar, məncə.


Ölkə əhəmiyyətli bu hadisədə mən onu da sezdim ki, polisin fədakar fəalliyəti, etik davranışları, birmənalı şəkildə Prezidentin fəaliyyətinə ciddi dəstək oldu.  Çünki Cənab Prezidentin məmurlara üz tuturaq, vətandaşlarla doğru-düzgün rəftaretmə çağırışına səs verən bir qurum oldu Daxili İşlər Nazirliyinin əməkdaşları.


Hər dəfə Xırdalan dairəsindən keçəndə hava şəraitindən asılı olmayaraq, postlarda fədakarlıq edən polisləri görəndə, ağlımdan “Onlara vətəndaş təşəkkürümü necə edə bilərəm?” deyə, fikirlər keçirdi. Bir dəfə marketə girib bir az mer-meyvə, şirniyyat aldım. Yanlarında maşını saxlayıb yerə endim və polis serjantına vermək istəyəndə komandirini çağırdı. Dedim, hər gün burda olursunuz, hamı bir-birinə dəstək sərgiləyir, mənim də ürəyimdən keçdi ki, sizlərə təşəkkür edim. Komandiri gülümsündü və serjanta almasını işarə edib dedi ki, burda hər gün gördüyün biz olmaya da bilərik, çünki hər səhər fərqli postlara göndərilirik. “Sağ ol, müəllim” deyib, aralandı. Sadəlövhcəsinə qürurlandım ki, polis, müəllimin də necə mərd insan olduğunu bildi, amma təəssüf ki, polis əməkdaşı mənim orijinal müəllim olduğumu bilmirdi, sadəcə hörmət əlaməti olan müraciət formasından istifadə etmişdi.


Hər kəsin öz sahəsində nəsə etməyə çalışdığına əminəm, imkanı olan imkansıza əl tutmasına, xeyriyyə məqsədli yardım paketləri paylamasına, dövlətin vətəndaşına sosial yardım etməsinə, müəllimin təmanna güdmədən şagirdini dərssiz qoymaq istəməməsinə, işçisini düşünən sahibkara, işini düşünən işçiyə, şəxsi sağlamlığını unudub xəstəxanalarda gecə-gündüz işləyən həkimlərimizə baxıb qürur duymamaq mümkün deyil. Bütün sahələrdə nacinslər oldu və olacaq da.  Amma və lakin istisnalar heç vaxt qaydaları pozmur. Ümumi götürəndə bizə gurultulu bir alqış düşür! Gəlin, bir-birimizi alqışlayaq – dövlətimizi də, millətimizi də... Mənsə bu alqışlar içində Polisimizin adı gələndə ayağa durub, var ürəklə alqışlamaq istədim.


Fədakar müəllimi də kim alqışlayacaq, özü bilər, amma günəşli sabahlara sadəcə sevgi ilə gedə biləcəyimizə əminəm. Əminəm ki, hər nə olsa da, bütün çətin və anlaşılmaz vəziyyətdə tək qalmayacaq, arxamızda, yanımızda güclü və ayıq-sayıq olan polis var. Öz formasını adına layiq daşıyan, milli dövlətçilik idealogiyasına sadiq olan, hazırda xalqının daha çox etimadını qazanan, Vətəninə, millətinə ləyaqətlə xidmət edən, təhlükəsizliyimizi təmin edən POLİSİM var... Onun vüqarlı duruşu, ciddi baxışı, davranışı da xalqımın bir parçası olaraq, mənim də qürurumdur!


P.S.
Bu essemi İki gündür yazmağıma baxmayaraq, nəsə daxili komplekslər məni narahat edirdi. Görəsən, hamı mən görəni görür, ya başqa cür düşünənlər də var. 5-6 ağıllı başlara dedim ki, mən belə bir qənaətə gəlmişəm, bəs siz necə? Aldığım cavablar mənim düşüncələrimlə eyni idi. Deməli, istəyəndə hər şey olur, təki istənilsin, cəhd edilsin!

 





20.05.2020    çap et  çap et