525.Az

QHT ictimai nəzarəti necə təmin edə bilər? - Məqalə


 

QHT ictimai nəzarəti necə təmin edə bilər? - <b style="color:red">Məqalə </b>

Bu gün "Vətəndaş cəmiyyətinin fəaliyyəti bizi qane edirmi" sualına birmənalı cavab vermək çətindir. Azərbaycan cəmiyyətində QHT-lər haqqında, bu sahənin mahiyyəti ilə bağlı fikirlər xeyli dərinləşib. Mövcud pandemiya şəraitinə baxmayaraq, dünyada gedən proseslər, ölkə daxilində davam edən qaçılmaz islahatlar, kadr dəyişikliyi QHT sisteminin təmərkürləşməsini özündə ehtiva edir.


İctimai sektorun bu vaxta qədər davam edən fəaliyyətinə kölgə salmaq ədalətsizlik olar. Kimin necə düşünməsindən asılı olmayaq Azərbaycanda QHT-lərin bir çoxu cüzi maliyyə ilə kifayət qədər əhəmiyyətli işlər görüblər. Prezident yanında QHT-yə Dövlət Dəstəyi Şurasının layihələrinə diqqət yetirsək görərik ki, Azərbaycanda QHT-lər nə qədər fədakarlıq göstəriblər. Bəlkə də hər hansı nazirliyin böyük məbləğdə vəsait hesabına görəcəyi işi QHT-lər az bir maliyyə ilə icra ediblər. Hətta həmin layihənin hesabatı ictimaiyyətə təqdim olunub.


Lakin bu sahədə çox ciddi problemlər də qalmaqdadır. Niyə görə QHT ictimai nəzarəti təmin edə bilmir? Bunun bir sıra səbəbləri var. Bunlardan biri maliyyə çatışmazlığıdır. Əgər QHT hər hansı dövlət strukturuna müraciət edərək bildirsə ki, pul ver sənin fəaliyyətini monitorinq edim, ictimai nəzarəti təşkil edim, bu normal hal olmaz. Hətta QHT-nin belə məqamda ictimai nəzarəti necə təşkil edəcəyi ilə bağlı suallar yaranacaq. Bəs, onda bu vəsaitləri QHT haradan tapsın.


Bu gün QHT-nin davamlı maliyyələşmə məsələsi problem olaraq qalmaqdadır.


Pandemiyaya qədər çağdaş dünyada, xüsusilə, Avropa məkanında yardımlaşma, xeyriyyəçilik işi kifayət qədər inkişaf etmişdi. Bəs, həmin müsbət ənənələr bizdə niyə inkişaf etmir? Bu məsələ üzərində düşünmək lazımdır.


QHT təmsilçisi olaraq dəfələrlə "İctimai iştirakçılıq haqqında" qanunu əsas tutaraq bir çox nazirliklərə, özəl şirkətlərə əməkdaşlıq üçün məktubla müraciət etmişdik. Təəəssüf ki, cavab məktubu ala bilmirik. Mənim təklifim ondan ibarətdir ki, bir çox sənədlərdə, o cümlədən, "İctimai iştirakçılıq haqqında" qanunda həm dövlət qurumlarının, həm də özəl şirkətlərin bu proseslərə necə cəlb olunması və qanunlara əməl etməyən hər hansı tərəfin məsuliyyəti açıq şəkildə göstərilməlidir. Xahiş, minnətlə deyil, qanunların icra mexanizminin tapılması ilə bu məsələni çözmək olar.


Vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı bu sahədə mövcud olan qanunları təkmilləşdirməklə bərabər, ən azından ictimai qınaq mexanizminin dərinləşməsi barədə düşünmək olar. QHT-lərlə fəal şəkildə əməkdaşlıq etməyən, heç bir xeyriyyə aksiyalarına qoşulmayan özəl şirkətlərin, bəzi rəsmi qurumların etinasızlığı barədə ictimaiyyətə məlumatlar təqdim etmək lazımdır. Onu da unutmaq olmaz ki, bu gün maliyyə çevrəsini genişləndirməklə QHT-nin potensialından düzgün istifadə etmək ən məqbul variantdır.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında ictimai nəzarətin təşkili ilə bağlı cəmiyyətə çağırış edib. Dövlət başçısının islahat kursuna, yeni qurulan idarəetmə modelinə dəstək olmaq, cəmiyyətdə şəffaflığa töhfə vermək, ictimai nəzarətin təşkil olunmasına davamlı şəkildə nail olmaq üçün Vətəndaş Cəmiyyəti İnstitutlarının fəaliyyəti təmərküzləşməlidir. Bu işin davamlı və effektli davam etməsi üçün QHT iqtisadiyyatı formalaşdırılmalıdır.


Müşahidələr onu göstərir ki, ötən dövrlərdə QHT sahəsinə kütləvi axın, kim gəldi, necə gəldi təşkilat yaratması, bir sözlə, "QHT bumu" heç də uğurlu variant olmayıb. Bəzi şəxslər qazanc götürmək məqsədilə öz yaxınlarının, tanışlarının adlarına xeyli sayda QHT yaradıblar. Eyni şəxslərə məxsus olan həmin təşkilatlar müxtəlif yerlərdən maliyyə vəsaitləri əldə etsə də, ortada ciddi nəticə və hesabatlılıq görünmür.


Azərbaycan cəmiyyəti belə QHT-lərdən qurtulmalıdır. QHT-yə Dövlət Dəstəyi Şurasının qrant müsabiqələrinə təqdim olunan layihələrdə layhənin peşəkar hazırlanması ilə bərabər, layihə rəhbərinin bütün keyfiyyətləri nəzərə alınmalıdır. Elə insanlar var ki, onlar bir neçə vəzifədə çalışırlar. Onların QHT-də çalışmağa zamanı yoxdur. Ancaq yenə həmin şəxslərin adlarını qrant müsabiqəsinin qaliblərinin siyahısında görmək mümkündür. Təbii ki, heç kimə qadağa qoyub demək olmaz ki, sən layihə təqdim etmə və yaxud təşkilat yaratma. Ancaq hər şeyin bir əndazəsi olmalıdır.


Yazılarımızda dəfələrlə bunu qeyd etmişik. QHT-yə Dövlət Dəstəyi Şurası səmərili iş görən və görmək gücündə olan QHT-lərlə uzun, müddətli tərəfdaşlığa start verməlidir. Yəni Şura tərəfindən həmin təşkilatlara müsabiqədən kənar müxtəlif sahələr üzrə sifarişlər verilə bilər. Etibarlı tərəfdaşlar arasında bu çox normal hal olar. Unutmaq olmaz ki, QHT sahəsinə yatırılan sərmayələr, vəsaitlər bu sistemdə çalışan insanların varlanmasına deyil, bu, əslində, cəmiyyətin inkişafına, dolayısı ilə həmin maliyyənin dövlət büdcəsinə yenidən qayıdışına xidmət edir.


Azərbaycanda müxtəlif beyin mərkəzləri, tədqiqatla məşğul olan rəsmi strukturlar QHT sektorunun potensialını düzgün dəyərləndirməlidir. Dövlətin yeni qurulan idarəetmə sistemində, ictimai nəzarətin təşkilində, informasiya müharibəsinin daha peşəkar səviyyədə davam etməsində və digər sahələrdə QHT sahəsində çalışan imanlı və dürüst insanların intellektual potensialından faydalanmaq lazımdır.

 





21.05.2020    çap et  çap et