525.Az

Bahar Muradova: "Tərəflər belə açıqlamalardan çəkinməlidirlər"


 

Bahar Muradova: "Tərəflər  belə açıqlamalardan çəkinməlidirlər"<b style="color:red"></b>
Azərbaycan və Ermənistan prezidentlərinin axırıncı görüşündən sonra keçirilən bütün görüşlərdə və regiona edilən səfərlərdə diqqəti çəkən əsas məqam hər kəsin öz açıqlamalarında görüşlərlə bağlı müsbət tendensiyaların olduğunu vurğulamasıdır". Belə bir açıqlama ilə Milli Məclisin sədr müavini Bahar Muradova Dağlıq Qarabağ danışıqları ilə bağlı son duruma münasibət bildirərkən çıxış edib. B.Muradova ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə növbəti səfəri ilə bağlı xüsusilə, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin açıqlamasındakı müsbət məqamları qeyd edib. O, hər iki ölkə prezidentinin danışıqlar prosesinə mane ola bilən cəhətlərin aradan qaldırılması ilə bağlı tapşırıqlar verdiyini və atəşkəs rejiminə əməl olunmasının vacibliyini vurğuladığını, eləcə də bu danışıqların səmərəli nəticələr verməsi üçün digər problemli cəhətləri aradan qaldırmağın önəmini vurğulayıb: "Hətta, Kaspşik bir qədər də irəli gedərək, 2014-cü ildə müsbət nəticələrin əldə olunacağına ümidvar olduğunu deyib. Əlbəttə ki, belə bir əhval-ruhiyyənin olması müsbət amildir və diqqəti cəlb edən məqamdır. Əgər həqiqətən də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində irəliləyişlər varsa, hər iki tərəf təbii ki, bunlara mane ola biləcək açıqlamalardan, fəaliyyətdən və hərəkətdən çəkinməlidir. Ümid etmək istərdim ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin və fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin bu mövqeləri qarşıdakı müddətdə özünü doğrultsun və hansısa irəliləyişə nail olunsun" .
Millət vəkili Asim Mollazadə isə hesab edir ki,bu gün proseslərin gedişinə arifmetik yanaşma düzgün deyil. Son günlər Azərbaycanın bir neçə rayonunun qaytarılması ilə bağlı Türkiyə və Ermənistan arasında aparılan danışıqlar barədə mətbuatda gedən məlumatlara da toxunan A.Mollazadə bildirib ki, iki, üç, beş, yeddi  rayondan danışılması ümumiyyətlə düzgün deyil: "Proses başlanmalıdır və sülh istiqamətində səmimi addım atmaq istəyi olmalıdır. Ermənistan bunu  əldə etmək istəmir və bunun alınması üçün hansısa bir arifmetik üsullarla bu cür proseslərdə irəliləyiş mümkün olmayacaq".
A. Mollazadənin fikrincə, əslində, beynəlxalq ictimaiyyətdə bu cür anlaşma ilə elə  fikir formalaşır ki, guya Ermənistan problemin həll olunmasında maraqlıdır və sadəcə  rəsmi İrəvanın riyaziyyatla bağlı problemlərinin olması ona mane olur: "Lakin biz beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmalıyıq ki, prinsiplər hazırlanıb modellər düşünüləndən sonra Ermənistan bunu rədd edir. Buna görə də beynəlxalq ictimaiyyət anlamalıdır ki, Ermənistan münaqişənin həlli istiqamətində heç bir addım atmaq niyyətində deyil və beynəlxalq hüquq normalarını kobud sürətdə pozur. Ona görə də, bu gün Ermənistana hər hansısa sərt mövqe nümayiş olunmalıdır. Çox təəssüf olsun ki, bu mövqe olmadığına görə də Ermənistan öz qeyri-səmimi siyasətini davam etdirir. Bunu Davudoğlunun Ermənistana etdiyi səfərində və ermənilərin ona qarşı sərgilədikləri mövqelərində də aydın şəkildə gördük".
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin regiona növbəti səfərləri başlayıb. Onlar Azərbaycan prezidenti ilə görüşüblər, daha sonra İrəvana səfər ediblər.  Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər müzakirə edilib.
PƏrvanƏ
 





17.12.2013    çap et  çap et