525.Az
Jurnalist Anar Niftəliyev növbəti dəfə baş prokurora müraciət edib
Jurnalist Anar Niftəliyev növbəti dəfə baş prokuror Zakir Qaralova müraciət edib.
APA-nın xəbərinə görə, A. Niftəliyev Zakir Qaralova ünvanladığı məktubda, hüquq-mühafizə orqanlarından APA İnformasiya Agentliyinə daxil olan məlumatda həyat yoldaşı, tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının (Niftəliyeva) ölümünə anestezioloq Firuz İbrahimovun düzgün anesteziya əməliyyatı aparmaması nəticəsində ağ ciyərin funksiyasının pozulmasının səbəb kimi göstərildiyini bildirib: “Bu açıqlama isə faktiki olaraq əməliyyatda iştirak edən həkimlərdən yalnız anestezioloqun məsuliyyət daşıdığı haqqında rəy yaradır və mənim Sizə əvvəlki iki rəsmi müraciətimdə ifadə etdiyim narahatlığı doğruldur.
Bir daha təkrar edim ki, əməliyyatda iştirak edən həkimlər məsuliyyəti anestezioloqun üstünə yıxmaqla, özlərinin məsuliyyətdən yaxa qurtardıqlarını artıq bir neçə dəfə bəyan ediblər
Əlbəttə, həyat yoldaşımın vəfatının və iki körpə balamın anasız qalmasının birbaşa səbəbkarı həm də anestezioloqdur. Ancaq bu əməliyyatın zəruri olmadığı, bizim yalnız tamah məqsədi ilə aldadıldığımızı, məndən daha çox pul alınması üçün bu kiçik əməliyyatın böyüklüyü görüntüsü yaradıldığı, heç bir ehtiyac olmadığı halda əməliyyatın narkozla həyata keçirilməsində həkimlərin israr etdiyini bir daha vurğulayıram. Bununla bağlı Nəsimi Rayon Prokurorluğuna zərərçəkən kimi verdiyim iddialar üzrə bu vaxta qədər heç bir istintaq hərəkətinin aparılmaması təbii ki, məndə şübhələr yaratmaya bilməzdi və məhz buna görə də Sizə müraciət etdim”.
A. Niftəliyevin müraciətində daha sonra qeyd olunub ki, bu hadisə əməliyyatda iştirak edən hər üç həkimin (onkoloq Mahir Məmmədov, asisstent Fərəcullah İdrisov və anestezioloq Firuz İbrahimov) əlbir olaraq, birbaşa tamah məqsədilə həyata keçirdiyi, ancaq öz iradələrindən asılı olmadan baş tutmamış dələduzluğun acı nəticəsidir: “Anestezioloqun əməliyyat zamanı heç də öz iradəsi və şəxsi qərarı ilə hərəkət etmədiyini müəyyənləşdirmək üçün müstəntiqin əlavə sorğu verməsinə də ehtiyac yoxdur – bunu özü də təsdiqləyə bilərdi. Bu əməliyyat üçün narkoz tələb olunmadığı halda, niyə narkozdan istifadə edilməliydi? Niyə həkimlər mənim və həyat yoldaşım Elnarə Tofiqqızının israrlarına baxmayaraq, narkozun vacib olduğuna bizi inandırdılar? Ümumiyyətlə, bu əməliyyatın aparılmasına ehtiyac vardımı? Niyə bizi aldadaraq “Medi Sina” klinikasında əməliyyat aparılmasına inandırdılar?
Mən Nəsimi Rayon Prokurorluğuna verdiyim izahat və ifadələrimdə bu məsələni vurğulamışam, bununla bağlı iddialar da qaldırmışam. Amma Nəsimi Rayon Prokurorluğunun müstəntiqi, cinayət işini aparan istintaq qrupunun rəhbəri Ələkbər Rzayev hələ də heç bir istintaq hərəkəti aparmır və ümumiyyətlə, yekun komisyon ekspertizanın rəyindən sonra həkimlərin məsuliyyətini müəyyənləşdirən sorğu göndərib, cavablar almayıb.
Əvəzində isə komisyon ekspertizanın bu cür yarımçıq, heç bir halda məni və istintaqı qane etməyəsi rəyi cinayət işinə əlavə olunur və bununla da istintaq öz yarımçıq işini bitmiş hesab edir?”
A.Niftəliyev daha sonra qeyd edib ki, dekabrın 11-də Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsi tərəfindən dəvət edilib və ona görüşdə işin birbaşa baş prokurorun nəzarətində olduğu bildirilib: “İnanıram ki, sizin şəxsi diqqətiniz bu işdə qısa müddətdə öz sözünü deyəcək, bu dələduz qatillərin hər biri ayrı-ayrılıqda layiq olduqları cəzanı alacaq”.
18.12.2013
çap et