525.Az

"Bu dünya dincəldi bir az..." - Şahnaz Şahindən iki şeir


 

"Bu dünya dincəldi bir az..." - <b style="color:red">Şahnaz Şahindən iki şeir </b>

Bu dünya dincəldi bir az

Bir azca dincəldi dünya,
Çoxuna mat görünürdü.
Başına gələn işlərdən,
Çox narahat görünürdü.

Meşəsi, suyu dincəldi,
Bir az səs-küyü azaldı.
Bir az yas, toyu dincəldi,
Davası, hoyu azaldı.
Bir az tülkü rahat oldu,
Bir az da ayı dincəldi...

Dərindən bir köks ötürüb,
Hava da özünə gəldi.
Çomağını itirən o
çoban da özünə gəldi...

Adamlar yeyin, yüyürək,
Cavanlar çevik, şivərək.
Qocalar oddan keçərək
Yenidən dünyaya gəldi.

Bir azca düşündü insan,
Bir azca dincəldi dünya...
Havada quşlar dincəldi,
Gülləyə tuşlar dincəldi...
Nalələr, ahlar dincəldi.

Torpaq şırım-şırım idi,
Əsəblər lap tarım idi.
Dünyaya etdiyi zülmü
Duya bilmirdi ki, insan.
Yediyi, içdiyi qandı,
Canı para-para idi...

Bir az arındı fikirlər,
Bir az azaldı küfrlər.
Bir az çoxaldı mərhəmət,
Bir az sevindi səfillər.

Uzaqdan şad görünürdü,
Elə abad görünürdü.
Gözüylə gördüklərindən
Bu dünya mat görünürdü.

Əyni, başı tökülmüşdü,
Evi, damı sökülmüşdü,
Suyu, dəni çəkilmişdi -
Özünə yad görünürdü.

Adamlar kəmhəvəs idi,
Qırmanc çəkib yanbızına
Sabah-axşam qovurdular
Yamanca təngnəfəs idi.

...Bir azca özünə gəldi,
Bu dünya dincəldi bir az...

Mənim ağrılarım

Ağrıdan ağrıya fərq var, bilirsən,
Hər ağrı qarğıştək tutmaz adamı.
Izləyib, gözləyib timsahsayağı
Çəkib ayağından udmaz adamı.

Udmaz, uda bilməz...
ağrı-ağrıdı
Bax bu can, bax bu qan başdan ayağa!
Yaşımdan böyükdü, boyumdan uca,
Öyümdə ocaqdı, damımda baca...

Ağrı adam deyil, satmaz adamı,
Aldadıb, oynadıb atmaz adamı,
Ağrı da dil bilir, söz başa düşür.
Tanrının ver günü mənim adıma,
Göydən bir bağlama ağrımaq düşür!..

Bu yaz da gecikdi, üşüyürəm mən,
Əllərim, saçlarım, yuxum ağrıyır.
Bilib-bilmədiyim tərəflərim var,
Solumu tuturam, sağım ağrıyır.

Amma nə yaxşı ki, qəlbimdə yazdı,
Ruhumun cənnəttək havası vardı.
Bir bax, çəmən kimi çiçəkləyirəm,
Uzun gecələri sabaha kimi
Didib ağrıları ləçəkləyirəm...

Hər ləçək eşqimin təcəlla yeri,
Hər ağrı alnımda möhür yeridi.
Çoxdan yaralarım qan vermir daha,
Ordan Günəş doğur, ordan Ay çıxır -
Mənim ağrılarım şeir kimidi...

 





04.06.2020    çap et  çap et