525.Az

Polis-vətəndaş söhbəti - Mövqe


 

Polis-vətəndaş söhbəti - <b style="color:red">Mövqe</b>

Mən şairəm. Ancaq bəzən həyatda elə şeylər baş verir ki, onlara şairanə və romantik yanaşmaq olmur. Reallıq tələb edir.
 

Dünənə kimi həftə sonunu əhatə edən karantin rejimində baş vermiş tragikomik hadisələri diqqətlə izləsəm də, tərəfsiz mövqedə idim. Hələ də eləyəm. Ancaq bu gün sosial şəbəkələrdə oxuduğum bir status məni vadar etdi ki, bu barədə nəsə yazım. Statusun mahiyyəti bu idi: "Polislərin bu etdiyi əxlaqsızlıqdır, heç nə əsas gətirmir ki, zorakılıq etsinlər. Bu, vandalizmdir". Beynimdə qeyri-ixtiyari olaraq sual yarandı. Özü də bir yox, bir neçə. Anlamıram, bəs polisin başına yaşadığı mənzilin pəncərəsindən, eyvanından zibil atmaq, əxlaqını qoruduqlarının yanında yuxarıdan aşağı söyüş yağdırmaq hansı əxlaqa xidmət edir? Sabah bir "zibilə düşən kimi" polisin yanına qaçası adamlar bu gün həmin polisin başına zibil yağdıracaqsa, bu, birmənalı şəkildə qəbuledilməz haldır. Karantin rejimi tətbiq olunub, deyilib ki, iki gün çölə çıxmaq olmaz.


Hansısa nəfər, yaxud nəfərlər özünü elə göstərirlər ki, guya qaydalara tabe olmurlar, çölə çıxırlar, üstəlik polis xəbərdarlıq edəndə və qanuni cərimə yazanda müqavimət göstərirlər. Sən evində oturdun, heç bir qanun pozuntusuna yol vermədin, polis də gəldi səni evindən apardı? İstənilən peşənin yaxşı və pis icraçısı var. Mənfi halların polislərdə statistik cəhətdən üstünlük təşkil etməsi onların birmənalı şəkildə hamısının pis olması mənasını vermir. Məsələn, metroda polis işçilərinin bizi addım-addım güdüb "vətəndaş, maskanı yuxarı qaldır" demələri, lazım gəldikdə qatarların içinə kimi daxil olub maskaların düzgün taxılıb-taxılmadığını yoxlamaları kimi sadə, ancaq əslində böyük anlam ifadə edən davranışların az şahidi olmamışıq. Onlar bunu etməyə də bilərlər. Deyəcəksiniz ki, vəzifəsidir, etməlidir. Bəli, vəzifəsidir, ancaq vəzifəsini düzgün icra etməyən polislərə görə bu vəzifəni vicdanla yerinə yetirən polisləri "daşqalaq etmək" düzgün addım olmaz.


Bu gün də bir video izlədim. Polis işçiləri zibil atanlardan bir nəfəri aparmaq üçün sərt şəkildə evə daxil olurdular. Tərəfsiz olduğumu demişdim və özüm də bu halı qınayıram, bu, daha sivil, qanunauyğun şəkildə icra oluna bilərdi. Ancaq nə yalan deyim, bir məsələ yenə mənə qaranlıq qaldı. Videoda bir neçə xanım təkidlə "evdə uşaq var" ifadəsini durmadan təkrarlayırdılar. Yaxşı, bu, polislərin səhv addımıdır. Sizinlə razıyam. Ancaq gəlin bir məsələ ilə də razılaşaq. Dünən sizin ailənizin nümayəndəsi qışqıra-qışqıra jarqon ifadələr, söyüşlər yağdıranda evdə uşaq yox idimi? Yoxsa düşünürsünüz ki, bu çirkin ifadələr o evdəki uşağın psixologiyasına müsbət təsir edirdi? Ya da "atam polis əmilərin başına zibil atır" psixologiyası ilə böyüyən uşaq sabah polisinə güvənə biləcəkmi? Hər iki tərəf özü-özünü, öz düşüncəsini dəyişməli, yeniləməlidir. Vətəndaşı da, polisi də. Belə düşünün, "Vətəndaş" və "Polis" statuslarını götürüb, əməllərin yerini dəyişsək, məsələ yenə eyni şey olacaq. Bu o deməkdir ki, "qarşı tərəf haqsızdır" ifadəsi absurddur. Polis də, vətəndaş da qarşı tərəfdəki haqsızlıqları yox, özündəki haqsızlıqları düzəltsə, əminəm ki, hər şey qaydasına düşər.

 





09.06.2020    çap et  çap et