525.Az

Sovetin təbliğat-təşviqatı və modern ictimaiyyətlə əlaqələr - Yazı


 

Sovetin təbliğat-təşviqatı və modern ictimaiyyətlə əlaqələr - <b style="color:red">Yazı </b>

İctimaiyyətlə əlaqələr - PR sahəsi Azərbaycanda müstəqillik dövründən sonra yaranmış və müasir dövrdə qismən inkişaf etmiş sahələrdən biridir.
 

PR (Public Relations) təşkilatla ictimaiyyət arasında qarşılıqlı anlaşma, xoş münasibətlərin qurulması və saxlanılmasına yönəlmiş planlaşdırılan davamlı fəaliyyətdir.  500-ə yaxın tərif verilən PR anlayışı bəzən təbliğat, təşviqat anlayışı ilə eyniləşdirilir. Bəs təbliğat, təşviqat nədir? Bunu anlamaq üçün PR-ın tarixi mərhələlərinə nəzər yetirmək lazımdır.

 
Birtərəfli kommunikasiya xarakterli təşviqat məqsədli mərhələ manipulyasiya erası adlanır. Yəni burada bir tərəf PR strategiyasını qurur, lakin qarşı tərəfin (yəni auditoriyanın) fikri önəmsənilmir. Bu dönəm XIX əsri əhatə edir.


Növbəti mərhələ XX əsrin əvvəlləri məlumatlandırma erası adlanır. Burada PR tədbirinin əsas məqsədi informasiyanın düzgünlüyü və yayılmasının təminidir. Burada da PR birtərəfli kommunikasiya xarakterlidir.


İnandırmaq erası adlanan üçüncü mərhələ XX əsrin ortalarını əhatə edir və burada PR strategiyasının əsas məqsədi ictimai rəyə təsir və auditoriyanın davranışlarını tənzimləməkdir. Kommunikasiya xarakteri isə digər mərhələlərdən fərqli olaraq ikitərəfli olur. Yəni PR strategiyasını quran tərəf öz tələbləri ilə paralel auditoriyanın fikrini də önəmsəyir.


Sonuncu mərhələ isə XX əsrin sonlarından başlayan qarşılıqlı təsir erası adlanır çoxtərəfli kommunikasiya xarakterli PR strategiyasının məqsədi qarşılıqlı anlaşma və münaqişələrin həllinə yönəlir. Yəni strategiyanı quran tərəf yalnız öz istədiyi informasiyanı deyil, auditoriyanın tələb etdiyi, görmək istədiyi informasiyanı da təqdim edir, strategiyanı auditoriyanın tələblərinə uyğun qurur.


SSRİ dönəmində Azərbaycanda yalnız birtərəfli kommunikasiya xarakterli təşviqat, təbliğat məqsədli tədbirlər həyata keçirilirdi. Məsələn, hər hansı bir məhsul satılırdısa, məhsul haqqında satış edən tərəf öz maraqlarına uyğun məlumatı verir və auditoriyanın reaksiyasına fikir vermirdi. Həmçinin, o dönəm informasiya üzərində senzura olduğu üçün məlumatın obyektivliyi və dəqiqliyi şübhə doğururdu. Ötürülən informasiya SSRİ partiyalarının əksinə yönələ bilməz və onların maraq dairəsinə uyğun olmalı idi. Yalnız bu halda informasiyaya yayım hüququ verilirdi. Təbii ki, bu vəziyyətdə ikitərəfli və ya çoxtərəfli kommunikasiya modelindən söz açmaq olmur. Lakin Qərb belə düşünmürdü. Bəzi tədqiqatçılar SSRİ-nin dağılmasını kommunikasiya mübarizəsində - "soyuq müharibədə" Qərbin qələbəsi hesab edirlər.  Belə nəticəyə gəlmək olar ki, PR ictimai fikrin idarə olunması haqqında elm kimi də qiymətləndirilə bilər. Təbliğatla PR-ı fərqləndirən daha bir cəhəti isə Sem Blek ictimaiyyətlə əlaqələrin qurulmasının əsas prinsiplərini qeyd edərkən göstərirdi: "Subyektivizmdən, arzuolunanı reallıq kimi təqdim etməkdən və ictimaiyyətə təzyiqdən imtina olunmalıdır". Sovet dönəmində isə bütün bu sadalananlar tətbiq olunurdu. Təbii ki, bu halda münasibətlərin səmimi formada tənzimlənməsi absurd məsələdir.


PR-ın ilkin mərhələsindəki əsas xüsusiyyətlərə diqqət edəndə strategiyaların qurulmasının daha çox siyasi fəaliyyətlə bağlı olduğunu görə bilirik. Çünki böyük ictimaiyyəti öz tərəfinə çəkmək siyasətçilərə daha çox lazım idi və PR-ın əsas subyektləri isə hökumət və başqa dövlət müəssisələri idi. Konkret nümunələrinin təhlili göstərir ki, o, indiki təbliğat və təşviqat prinsip və texnologiyalarına tam uyğun gəlir. Maraqlı bir nümunəylə qarşılaşdırma edək: PR auditoriyanı nə isə etməyə sövq edir, auditoriyanı nəyi isə etməməyə məcbur edir, auditoriyanın istəklərini təşkilatın ideyaları və fəaliyyəti ilə uyğunlaşdırır. Təbliğat, təşviqat isə daha sərtdir və insanları müəyyən fikiri qəbul etməyə məcbur edir. Bu zaman PR-ın tam əksi olaraq insanların özlərinin istəkləri nəzərə alınmır. A.Hitler "Mayn Kampf"da yazırdı: "Bacarıqla uzun müddət ərzində həyata keçirilən təşviqatın köməyi ilə xalqa səmanı cəhənnəm kimi, ən kasıb həyatı cənnət kimi təqdim etmək olar".


Müasir Azərbaycanda 2000-ci illərdən sonra ictimaiyyətlə əlaqələr sektoru inkişaf etməyə başlayıb və təşkilatlara onların PR strategiyalarını qurmağı təklif edən bu sahə ilə məşğul şirkətlər yaranıb. Bəzi təşkilatlarda isə ictimaiyyətlə əlaqələr departamenti mövcuddur. Bu departament işçiləri strukturdaxili və xarici PR məsələlərini həll edir. Azərbaycanda inkişaf etməkdə olan ictimaiyyətlə əlaqələr sahəsi XX əsrdə bütün dünyada elm kimi təsdiq olunub.

 





10.06.2020    çap et  çap et