525.Az

Hər eşqin öz mahnısı - Gülay Tahirlidən yeni esse


 

Hər eşqin öz mahnısı - <b style="color:red">Gülay Tahirlidən yeni esse </b>

Hər eşqin öz xatirəsi, hər eşqin öz mahnısı var. Minlərlə mahnı içindən bir neçəsi özəl olur, sonra o mahnıları dinləyəndə ancaq bir nəfəri düşünə bilirsən. Sanki bəzi mahnılarla ürəyimizin arasında özümüzdən xəbərsiz gizli anlaşma olub. Gözlənilməz bir anda mahnılar yaddaşlarda toz basmış xatirələrin tozunu alır, bizi lap uzaqlara aparır, gah uşaqlığa, gah gəncliyə, gah da ki, elə unutduğumuz yerə... 


Hər eşqin öz mahnısı olur. Eşqi unudanda həmin mahnıları da telefonundan silirsən, qarşına çıxanda tez uzaqlaşdırırsan. O mahnılar insanı qorxudur, yenidən eyni acını çəkməkdən, unutduğumuz şeyləri xatırlamaqdan qorxuruq. Bəzən də bu gündən qaçıb keçmişə sığınmaq ehtiyacı yaranır, mahnıları axtarırıq ki, gəlib bizi aparsın. Bu dünyadan, bu andan, bu insanlardan uzaqlaşdırsın. Gör bir mahnılar nələrə qadirdir?! Heç bir təyyarənin, heç bir qatarın bacarmayacağı işi mahnılar bacarır, hara getmək istəsən, elə yerindəcə ora da aparır...


Heç kim həyatda sadəcə bir nəfəri sevmir, hamının həyatında son sevgisi ilə birlikdə ən azından uşaqlıq sevgisi də olur. Zaman keçdikcə anladım ki, insan sadəcə vasitədir, önəmli olan eşqdir. Təki o müqəddəs duyğu gəlib bütün varlığımıza hakim ola bilsin, canımızı yandırsın, gecəni zəhər, yuxunu haram etsin, təki gəlsin! Kimin simasında canlanmağının elə də fərqi yoxdur, təki canlansın. Eşq canlansın ki, biz ölməyək...


Fransız yazıçısı Frederik Beqbederin "Məhəbbət üç il yaşayır" əsərində əsərin qəhrəmanı məhəbbətin ən çox üç il yaşadığı qənaətindədir. Sonra isə yanıldığını anlayır, başa düşür ki, düzgün insanı tapanda məhəbbət üç il yox, sonsuza qədər yaşayır.


Məncə, gerçək eşq insan həyatında sadəcə bir dəfə olur, qalanları yanılmalardır, ya da o eşqə çatmaq üçün mərhələ.


İndi isə bir aşiqin sevgi tarixçəsinə baxaq... Hansı sevginin daha gözəl, daha gerçək olduğuna qərar vermək isə sizə qalsın.


Yaş 19... Aşiq olmusan və "Feliçita"nı dinləyirsən. İçindən bütün dünyaya "Xoşbəxtlik, xoşbəxtlik" deyib bağırmaq gəlir. Ürəyin çırpınır, hər dəfə onu görəcəyini düşünəndə xoşbəxtlikdən uçursan. Hələ bunun qovuşmağı, birlikdə yaşayıb, birlikdə yaşlanmağı var... 19 yaşın sevgisində məsumluq, həsrət, ümid birləşir. Həsrətin varsa, ümidin də var. Ağladığın anda gülümsəmək üçün özünə səbəb tapa bilirsən. Həm acı çəkirsən, həm də xoşbəxtsən. "Havada eşq nəğməsi, daha isti bir günəşin" olduğunu duyursan, ay daha yaxın, ulduzlar əlçatan görünür. Çünki hələ "Feliçita"nı dinləyəndə eşqin sonunun həmin mahnını oxuyanların taleyi kimi olacağından xəbərsizsən. Ayrılıq, ayrılıq...





Əlvida, 19 yaş! Əlvida, bu sevginin "Feliçita"sı!


Yaş 27... Ürək başqa bir sevgiyə sahiblik edir. Sevilən insan dəyişdi, amma sevgi yenə də öz işindədir. Ağrısından, acısından heç nə əskilməyib. Lakin bu dəfə "Feliçita"nı dinləyə bilmirsən. Çünki daha elə xoşbəxt, elə məsum deyilsən. Həm də axı, "Feliçita" 19 yaşın mahnısı idi...





Bu sevginin də mahnısı Coşkun Sabahın "Anılar" və Fatih Kısaparmakın "Bir sevdaya tutulmaya gör" mahnıları olur. 19 yaşın çılğınlığı, xoşbəxtliyi daha dərin acıyla əvəzlənib. "Ayrılığın ölümün digər adı" olduğunu bilirsən, ümidin az olsa da, hələ bitməyib, qovuşmaq istəyirsən. "Artıq mənim olmasan belə, səni görmədən yaşaya bilmərəm",- deyib təsəllini onu görməkdə, səsini duymaqda tapırsan. Sonra nə ola, ola...





... Sonra ayrılıq oldu. "Ağladığın pəncərələr" bağlandı.  Əlvida 27 yaş! Əlvida, 27 yaşın "Anılar"ı...


Yaş 46... Canında ayrılıq acısı, illərin yorğunluğu var. İndi sevgini daha yaxşı dərk edirsən, gör bir neçə dəfə yıxılıb qalxmısan. Eşq gələndə soruşmur ki, gözləmədiyin bir anda yenə canına yoluxdu. Bu dəfə duyğular Sezen Aksunun səsində danışır. Hər şeyə - bütün yaşanmışlara, ağrı-acılara rəğmən, yenə də sevgiyə "Xoş gəldin" deyə bilirsən. Canının yanacağından əminsən, bilirsən ki, sevginin əllərində gül yox, tikan var. Qollarını açıb, sinəni yarın tikanlarına bağ edirsən, təki yardan gəlsin, nə gəlirsə, gəlsin. Bitib gedən sevgilərdən, atıb gedən adamlardan yorulmusan. Hamısı yavaş-yavaş azaldıb səni, amma hələ bitirə bilməyib. "Seyrlik deyil, ömürlük olsun", - deyib yenə ümidlə ürəyini sevgiyə təslim edirsən.





Olmadı, bu dəfə də ömürlük olmadı... Əlvida, 46 yaş! Xoş getdin, "Xoş gəldin"lə qarşılanan məhəbbət...


Sevgilər bitdi, ya da bitdiyini zənn etdin. Bircə mahnı o sevgiləri xatırlamağa bəs edər. Həyatdır da, yaralarımız mahnıların əlində aciz qalıb...


Mahnısı olmayan sevgilər də var. Bilmirsən, harada, necə sevmisən? Unudulur... Mahnı yoxdursa, o duyğuları yenidən hiss edə bilməyəcəksən. Mahnılar hekayələri, hekayələr də mahnıları yaşadır. Məsələn, Şubertin "Serenad"ı. Hər dinləyəndə gözlərini yumub heç vaxt görmədiyin Şiləyə gedirsən. Soyuq fevral günündə, dəniz sahilində Maks və Naidanı axtarırsan. Musiqinin hər notunda o hekayədən nəsə var... Mahnılar əslində, hekayənin bir növü deyilmi?


Ah, hekayə adamlar, hekayə sevgilər, hekayə mahnılar...


Mahnılar eynidir, adamlar, sevgilər fərqli... Bəzən bir mahnıda yüzlərlə adamın hekayəsi yaşayır. Eyni mahnını iki nəfər dinləyir, birinin gözləri uzaqlara dalır, kövrəlir, yerində oturub illər əvvələ qayıdır. Digəri isə hiss etmir, o adamın yanında olduğunu düşünür. Bilmir ki, çoxdan gedib. Bir mahnı, iki adam... Kiminin hekayəsi var, kimisi üçün də adi mahnıdır da, səslənir.


Bəzən də o qədər sevirsən ki, bütün kainat eşqin mahnısını sənin üçün oxuyur. Quşların  səsində, küləyin vıyıltısında, günəşin doğuşunda belə o mahnı var. Radionu söndürsən də, avtobusda qulaqlarını qapasan da, heç nə o mahnının səsini kəsə bilməyəcək. İstəsən də, istəməsən də, öz eşqinin mahnısı içindən səslənəcək. Sənə isə dinləmək qalır, dinləmək və gözlərini yumub uzaqlara getmək...

 





10.06.2020    çap et  çap et