525.Az

Övlad təbriki


 

Övlad təbriki <b style="color:red"></b>

("Duyğular" silsiləsindən)

Hər şey Albert Eynşteynin nə zamansa qızına yazdığı bir məktubla tanışlığımdan başladı. Son dərəcə hərarətli hisslərdən yoğrulmuş beş-altı cümləlik o məktub məni nə  dərəcədə cəlb elədisə,  qürbətdə yaşayan qızım Leylanın ötən ilin oktyabrında anadan olmasının  40-cı ildönümünü təbrik üçün başqa sözlərə ehtiyac duymadım. O ərəfədə uzaqda olduğumdan ona hədiyyə olaraq təbrikimi internet vasitəsiylə göndərəsi oldum. Götürüb belə yazdım:  

LEYLAM!

Sənə olan ata sevgilərimin qədərinə azdan-çoxdan bələdsən. Ancaq  bu  yığcam yazıda sevgilərimi dahi fizik Albert Eynşteynin öz qızı Lieserlə yazdığı  məktubundakı sözləriylə yetirmək istəyirəm. Çünki dünyanın cəmi söz, qələm sahiblərinin  övladlarına həsr  elədikləri qanadlı ibarələrdən daha artıq Eynşteynin məhz bu sadə sözləri mənə bərk əsər elədi,  ürəyimdən xəbər verdi, kövrəltdi.

"Əziz Lieserl (oxu - Leylam), bəşəri enerjini verib aldığımız zaman sevginin hər şeyin öhdəsindən gələ biləcəyini təsdiqləmiş olacağıq. Çünki sevgi həyatın özüdür. Həyatım boyu sənin üçün səssiz - səmirsiz döyünən ürəyimin içindəkiləri sənə deyə bilmədiyim üçün peşmanam, qızım. Bəlkə də üzr istəməkdə gecikmişəm. Amma bu məktubumda səni sevdiyimi söyləməklə həm də həyatdakı ən doğru, yeganə cavabın yenə də sevgi olduğunu tapıb kəşf elədiyimə yardımçı olduğuna görə  sənə minnətdaram. 

SEVGİNİ TAP VƏ SEVGİNLƏ QAL.

Atan Albert Eynşteyn
(oxu - atan İntiqam Mehdizadə). 10 oktyabr 2019" 

Bu il fevralın  14-də 75  yaşı adladım. Mətbuat səhifələrində adıma ünvanlanan, üzümə söylənən,  dostların, qohum-əqrəbaların sosial şəbəkələrdə yayımlanan çoxsaylı təbriklərinə, xoş arzularına görə sonsuz təşəkkürlərimi bildirirəm. Ancaq o təbriklər arasında məni yaxşı mənada dərindən sarsıdan, başımı göylərə ucaldan  birisi də vardı ki, gec də olsa haqqında söz açmagı lazım bildim. İnandırım sizi ki, onda yazılanları tirajlamaqla özünütəbliğ, özünütərif kimi mərəzlərdən çox uzağam. Bu, illərdi ailəliklə Rusiyanın Tambov şəhərində  yaşayan qızım Leylanın internet vasitəsiylə yazıb mənə göndərdiyi məktubdur ki,  ömrümün qürub çağında mənim üçün əzizlərdən əziz olan həmin məktubdakı sözləri  övladın valideyninə olan sevgisinin ifadəsi kimi sizlərlə   paylaşmağı lazım bilim. Rica edirəm bu hərəkətimi tərəfimdən qeyri-təvazökarlıq, özündənrazılıq  kimi  yox, oxucularıma,  geniş mənada xalqıma sevgilərimin nişanəsi kimi qəbul edəsiniz.

"Əzizim, canım, mənim könül naxışım, qəlbimin sultanı ATAM! Sənə olan minnətdarlıq ürəyimdə əbədi bir hissə çerilib, heç zaman məni tərk etməyəcək. Öncə  var olduğun üçün sənə minnətdaram. Sən məni qoruyan mələyim, dayağım, əsl dostumsan. Baxmayaraq ki, artıq böyümüşəm, ancaq sənin gücün, müdrüklüyün, ziyan və sevgin mənə hər zaman lazımdır,  bundan sonra da gərəyim olacaq. Uşaqlıq da keçdi, gənclik də ötüşdü, ancaq sənə və anama olan ehtiyacım keçmədi ki, keçmədi. Ətrafdakılar mənim qərarlarımı, tərbiyəmi, ləyaqətimi, həyata baxışımı tərifləyəndə bunun səndən yana gəldiyini etiraf edirəm. Sənin sayəndə bu həyata ayrı gözlə baxıram ki, bunu da hər kəs anlamaz. Bu dözümü, iradəni, həyatın hər çətinliyinə baxmayaraq, mətin olub qərar verməyi mənə öyrətdiyinə  görə  sənə minnətdaram. Albert Eynşteynin  qızına  yazdığı məktubundakı bir fıkrə əsaslanıb mənə yazmısan: "Sənin  üçün səssiz səmirsiz döyünən ürəyimin içindəkiləri sənə deyə bilmədiyim üçün peşmanam, qızım".  Yəqin bu sözləri mənə də şamil eləyirsən. Amma yanılırsan atam mənim, mən sənin susub demədiklərini də  duya bilən birisiyəm. Axı məni sən yetişdirmisən, necə duymaya bilərəm. Məgər sevgini etiraf eləməyə söz lazımdır? Elə olsaydı, mən hər gün gözəl bildiyimiz  saysız-qədərsiz  sözlərdən usanmadan söyləyib səni necə sevdiyimi izhar edərdim.  Lakin gördüm sənə olan sevgilərimi sözlə bildirməkdənsə, sussam yaxşıdır. Ancaq  75 yaşının tamamında daha  susa bilmədim, dilimin kilidi açıldı. Səndən bütün varlığımla tələb etdiyim tək bir istəyim  var ki, o da  öz sağlamlığının qayğısına qalmağındır. Çünki mən bu dünyada sən yaşayacağın qədər yaşayacam. Bu dünyada məni yaşadan,  tək güvəndiyim sənin varlığındır. Bağışla məni, başım tacı, canım atam, böyüdükcə qocaltdım səni. Öpüb bağrıma basıram səni.  Və sonda  insanlığın,  saflığın, ziyan,  dağ vüqarın qarşısında baş əyirəm. Başın hər zaman zirvələrdə olsun. Əmin ol ki, sənin  başını əyilməyə qoymayacaq övladların var!  75  illiyini canıdildən alqışlayır və  əmr edirəm  -  ən azı  100 il yaşayacağına mənə söz ver!

Həmişə  "Leylam" deyə çağırdığın madar qızın Leyla.
14 fevral 2020-ci il. Tambov".

 





11.06.2020    çap et  çap et