https://525.az/img/pics/medium/2024-03/308276_6v9cixp5v4.jpg İnsan olmağın tək yolu
https://525.az/img/pics/medium/2024-03/308267_f619kgr6f3.jpg Doğma Dərələyəz
https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg Şeytana qarşı - Əlisəfdər Hüseynov (I yazı)
https://525.az/img/pics/medium/2024-03/308277_bixbhlvc2s.jpg Jurnalistika - "tələsik yaradılan ədəbiyyat" - Gülay Tahirli yazır
search
29 Mart 2024

"Qarabağ", London və Masazır - Transfer yalanları haqda

"Qarabağ", London və Masazır - Transfer yalanları haqda

Aydın BAĞIROV
[email protected]

Bugünlərdə bizim mediada sürətlə iki qeyri-ciddi transfer xəbəri yayıldı.

Bir: "Sabah"ın futbolçusu Özancan Kökçü "Beşiktaş"ın maraq dairəsinə düşüb.

İki: "Qarabağ" Türkiyənin üçüncü liqanın təmsilçisi oyunçusu Oğuz Aydını almaq istəyir.

Hər iki xəbərin qaynağı Türkiyə mətbuatıdır.

Bilməyənlər üçün qeyd edim ki, türklərin ictimai-siyasi mediasından fərqli olaraq, idman mətbuatı qeyri-ciddi reputasiyaya malikdir. Səbəb isə əsasən (80-90 faiz) transfer dezinformasiyalarıdır.

Həmin məlumatları media vasitəsi ilə dövriyyəyə buraxanlar hiyləgər futbol menecerləri olur. Məqsəd bir tərəfdən futbolçunun reklamı, digər tərəfdən isə onun qiymətini artırmaqdır. Məsələn, Oğuz Aydın adlı gənc oyunçunu dost-tanışı və qohum-əqrabasından başqa, Türkiyənin özündə belə tanıyan yoxdur. Futbolçu kimi hansı qabiliyyətin sahibidir, bilinmir. Amma artıq adı 6 ildir dalbadal Avropada qrup mərhələsində oynayan "Qarabağ" kimi klubla hallanır. Əslində isə "Qarabağ" nə klub olaraq özü, nə də skautları vasitəsi ilə bu oyunçu ilə danışıq aparıb.

Ümumiyyətlə, Qurban Qurbanov fəaliyyətinin digər sahələrində olduğu kimi, transfer işinə də yetərincə ciddiyyətlə yanaşır. Təsadüfi deyil ki, digər bir çox klubumuzdan fərqli olaraq, "Qarabağ" "zapravka"dan legioner gətirmir. Az oyunçu və keyfiyyətli futbolçu alır. Düzdür, bu futbolçuların az bir qismi tələb olunanın qarşılığını verə bilməyib. Amma bu, transfer məsələsində Qurban Qurbanovun dəqiq və peşəkar münasibətinə kölgə sala bilməz.

Elə isə aşağı səviyyəli oyunçuların adı niyə "Qarabağ"la hallanır? Bildiyimə görə, hər il avropalı  menecerlər Ağdam klubuna 200-250 futbolçu təklif edir. Klubun skautları onların arasından keyfiyyətcə yüksək səviyyəsi olan 5-10 nəfərin ümumi siyahısını məşqçilər heyətinə təqdim edir. Prosesin yekun mərhələsində onlardan 4-5 nəfər seçilir və baş məşqçinin təlimatı ilə klub səviyyəsində futbolçu ilə rəsmi danışıqlar başlayır. Razılığa gəlinən oyunçu ilə müqavilə bağlanır. Yəni güman ki, sözügedən futbolçu və onun kimi digərləri də "Qarabağ"ın skautlarına təklif olunub. Amma indiyədək hər təklif edilən futbolçu alınsaydı, "Qarabağ"da da "Bakı", "Xəzər Lənkəran", "Keşlə"dəki kimi bir zamanlar mövcud olmuş əsl xaos hökm sürər, klub yeyinti yuvasına çevrilərdi...

İndi gələk Özancan Kökçüyə.

Onun adı bu dəfə Türkiyə nəhəngi "Beşiktaş"a "transferi" ilə gündəmə gətirildi. 2 il əvvəl Türkiyə mediası yazmışdı ki, bu oyunçu "Tottenhem"ə keçə bilər. Amma elə oldu ki, Özancan Londona "gedəsi" olmadı, Masazıra, yəni "Sabah" gəldi. İnsafən, 22 yaşlı bu futbolçu istedadlı oyunçudur, üzərində çox çalışsa, yaxşı klublarda oynamağa da layiqdir. Amma yaxşı olardı ki, sərt üzünü göstərərək gərək menecerlərinə adını belə ucuz xəbərlərdə, dedi-qodularda hallandırmağa imkan verməsin. Özünü ona kökləyə ki, "Sabah"da (ya da gələcəkdə başqa hansısa klubda) 15 oyuna 1 yox, 10-15 qol vursun.

Çünki "Beşiktaş"a, lap elə "Tottenhem"ə qol vurmaqla getmək olar, şaka yapmaqla deyil.

Müəllifin digər yazıları
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.