525.Az

Zəlimxanlıq - Barat Vüsal yazır


 

Zəlimxanlıq - <b style="color:red">Barat Vüsal yazır </b>

Borçalıda Aşıq Kamandarın qırxıydı. Bir ağbirçək dedi ki, 40 gündü, qara lent bağlanıb aşığın sazına: onu biriniz açın, dilləndirin, qoy saz yasdan çıxsın.

Zəlimxan irəli durdu, açdı qara lenti. Barmaqları sazın yasa batmış telləri üstə gəzdi. Həm özü inlədi, həm də bizi inlətdi.

Bundan az əvvəl qəbiristanda Kamandarın məzarı başında çıxış etmişdi...

Sonralar mən bu məqamın təsiri altında "Sazın yasdan çıxması" adlı bir şeir yazıb çap etdirdim. Kim bilir, bəlkə də gələcəkdə hansı aşığınsa Kamandarla bağlı yaradacağı dastanın bir elementi də həmin əhvalat olacaq?!

Aşıq Ədalət vəsiyyət etmişdi ki, məni qara sazımla birgə dəfn edin. Aşıq Kamandarın sazı da Kamandarsız yasa batmışdı... Bəlkə onun da sazı ondan ayrı yaşamaq istəmirdi?!

Bunlar kiməsə adi görünməsin. Əslində, mifik bir aləmlə bağlılığımızın əlamətləridir.

Füzuli Leyli ilə Məcnunu bir qəbirdə dəfn edir.

Elə Zəlimxan da bu yolla gedib. Ələsgərlə Səhnəbanını o da bir qəbrə qoyub. İnanmırsınız?

Bir qədər səbr edin.

Ən ülvi məhəbbət dastanlarından biri "Leyli və Məcnun" poemasının olduğu bəlli bir iş! Amma bu poemanı, xüsusilə, Füzulinin yazdığı bu əsəri daha da ülviləşdirən bir məqam var. Məcnun Leylinin öldüyünü eşidib onun qəbri başına gəlir. Onu daha da sarsıdan qəribə bir hadisə baş verir. Məcnun görür ki, bir qarışqa Leylinin qəbrinə girməyə tələsir. Qarışqaya yalvarır ki, sən Allah, səndən bir ricam var, Leylinin cəsədinə neyləyirsən elə, amma onun bircə qara xalı var, ona toxunma, yaxşımı?!

Bu səhnəni izah etməyə qələmin gücü çatmır!

Belə bir sarsıdıcı səhnəyə Zəlimxan Yaqubun "Göyçədən gələn səslər" poemasında rast gəldim.

Bu poemanın sonluğu da həmin sarsıdıcı gücə malikdir.

Epos təsiri bağışlayan bu əsərin sonuncu fəsli "Son görüş" adlanır.

Z.Yaqubun həqiqətən də epos təfəkkürünə malik olması sənətkarlığı (bir sözlə, əsl Zəlimxanlığı!) bu poemada özünü daha bariz şəkildə göstərir. Əsərin bu fəslində Aşıq Ələsgərin ömrünün son günlərindən söhbət açılır.

... Böyük ustad can üstündədir, ölüm yatağındadır. Onun da taleyin yazdığı ömür kitabı tamamlanmaq üzrədir. Təkcə insan əlində yazılan kitabları yox, o kitabı da səhifə-səhifə gözdən keçirməlisən...

Bir gün oxumalısan
Əzəl-axır onu da.
Kitabın lap sonunda
O, ölüm rəngindədir,
O, Əzrayıl donunda.
Yox, hələ ustadımız
Bu yeri varaqlamaz.
O, həyat aşiqidir,
Bizi yasda saxlamaz.

Bəli, Aşıq Ələsgər son nəfəsindədir. Yadına ilk məhəbbəti, Səhnəbanu düşüb. Oğlu Talıba ürəyindən keçən fikrini açıqlayır:

- Oğul, son nəfəsimdə
Onu görmək bəsimdir,
Səhnəbanı həsrəti
Məndən sonra dünyaya
Haray salan səsimdir!

Oğulsa fikirləşir ki, yəqin son nəfəsidir, deyə atam qəribə-qəribə fikirlərə düşür, bəlkə canı darıxdığından az qala sayaqlayır, mən bilə bilmirəm?!

Oğul dedi, ay ata,
Nə deyim bu həyata
Axı Səhnəbanının
Yatağından durmağa
Yox taqəti, imkanı...

Ata razılaşmır, deyir:

Ona Ələsgər baxıb,
Min il keçsə qocalmaz!
Yolda qoyma gözümü,
Çatdır ona sözümü.
Məni eşqə salan gün
Geyindiyi paltarı
Yenə geysin əyninə,
Cilvələnsin qız kimi...

Ata onu da əlavə edir ki, Səhnəbanı onun ölüm döşəyində olduğunu bilən kimi dediyi paltarı geyib, cavanlaşıb gələcək. Oğul xatırladır ki, axı sən dediyin vaxtdan 90 il keçib.

İndi çürüyüb gedib,
Bu gün Səhnəbanıda
Elə paltarmı qalar?

Ata yalvarışla dolu gözləriylə israr edir ki:

Əgər Ələsgər gözü
O paltara baxıbsa,
Bircə ilməsi belə,
Min il keçsə, çürüməz.

Beləliklə, Aşıq Talıb atasının son arzusunu yerinə yetirmək üçün qara köhlənini vaxtı ilə Səhnəbanını var-dövlətinə güvənib Ələsgərin əlindən alan Dollu Mustafanın həyətinə sürür və aman Allah, nə görsə yaxşıdır!?

İstədi haraylasın, gördü görünmür qarı,
Xeyli nigaran oldu, çoxaldı intizarı.
Baxdı bir qız dayanıb evin astanasında,
Sanki daranıb çıxıb gözəlliyin tasında.
Paltarı görən kimi Talıb dəhşətə gəldi,
Atasının dediyi o atlazdı, o ipək!

Bir mühüm cəhəti etiraf etməyi çox vacib bilirəm. Poemanın sonluğunu Zəlimxan qələmiylə yazmayıb, sanki rəssam fırçasıyla çəkib. "Mona Liza"nın qarşısında tamaşaçı necə heyrətdən donub qalırsa, bu səhnənin önündə də oxucunun qəlbini heyrət hissi bürüməyə bilmir.

Məlum olur ki, Səhnəbanı Ələsgərin ölüm yatağına düşdüyünü də, arzusunu da ötən gecə yuxuda görübmüş. Onçün də dediyi qızlıq paltarını geyinib eyvana çıxıb Talıbı gözləyirmiş ki, gəlsin, Ələsgərin yanına aparsın onu. Səhnəbanı Talıba bunu da deyir ki:

Geyinmişəm doxsan il saxladığım donumu,
Bu paltarın içində tapşıracam canımı.

Əsərin son misralarını oxuduqca bilmirsən poemanın sonluğunu, yoxsa Ələsgərin ömrünün bitdiyinin yaxınlaşdığınımı hiss edirsən...

Müqəddəsdi əzəldən el adəti, el dəbi,
Səhnəbanı apardı özünü ana kimi,
Özünü qadın kimi.
Baxışıyla danışdı hər mənanı, mətləbi.
Ələsgər istədi ki,
Ona doyunca baxsın, ancaq baxa bilmədi.
Ayaqlaşmaq istədi, dizə gücü çatmadı.
Nəsə demək istədi, sözə gücü çatmadı.
Necoldu bayaqkı qız,
Ələsgərə baxanda
Elə yandı, yaxıldı, gördülər ki, qarıdı.
Yarımaz bu dünyadan bax, beləcə yarıdı.
Ustad yumdu gözünü, tərk etdi nəfəs canı,
Dünyanı silkələdi ellərin həyəcanı!
Bir anda Ələsgərin can evi, can sarayı
Kərpic-kərpic söküldü,
Ələsgərin üstünə
Birinci göz yaşları
Yenə Səhnəbanın gözlərindən töküldü!..

Bu da son! Bu sənətkar təxəyyülünün yaratdığı şahanə sonluğu biz dünya ədəbiyyatında çoxmu görmüşük ki?! Heç də yox!

Az-az qələm sahiblərinə, böyük sənətkarlara nəsib olub belə möcüzəli səhnələri yaratmaq, məhəbbət abidələri ucaltmaq, müdrik dünyanı real dünya ilə uzlaşdırmaq!

Dünya ədəbiyyatı tarixində məhz mifik mövzularda yazılan bu cür əsərlər öz təsir gücünü bütün dövrlər üçün qoruyub hifz edir.

Mən bir şeyə çox təəssüf edirəm ki, indiyədək doğurdanmı haqqında söhbət açdığım səhnəni bizim tənqidçilər, ədəbiyyatşünaslar oxumayıblar? Oxuyublar! Ancaq görünür, sadəcə üstündən sükutla keçiblər. Heç belə sonluğu olan əsərin də üstündən sükutla keçilərmi?! Əslində, "Biz ruhuq, iki bədəndə" deyən Füzuli qələminin enerjisi, ilahi gücü var bu sonluqda!

HAŞİYƏ: Mən Zəlimxan Yaquba bir neçə şeir həsr etmişəm. O şeirlərdən birini indi oxuculara təqdim etmək istəyirəm. Bu şeiri 20 Yanvar qırğını günlərində yuxumda yazmışam. Bu yuxu da yaddaşımda bir mif kimi qalıb. Gördüm ki, Zəlimxanla tapışıb, öpüşüb, baş-başa durmuşuq və ağlayırıq. Sonra mən başımı onun köksünə qoydum. Qeybdən qulağıma bu misralar axdı:

Ana yurdun torpağını, daşını
O, daşladı, bu daşladı, Zəlimxan!
Namərdimiz tez yollaşdı namərdlə,
Mərdlərimiz yollaşmadı, Zəlimxan!

Düşmən qəfil söndürsə də, çox ocaq,
Bir çınqıdan şölələndi qırx ocaq.
Yalquzaqlar haqdan qorxub, qorxacaq,
El işini el başladı, Zəlimxan!

Onun günü xoş keçəsi, bilirsən.
Bunun günü boş keçəsi, bilirsən.
Bir şaxtalı qış gecəsi bilirsən,
Tufan qopdu, sel başladı, Zəlimxan!

Tülkü dərə xəlvətləyib kol gəzir,
Şir sinəsi sipər olub yol kəsir,
Yolsuz oğlu yolsuz hələ yol gəzir,
Yol ürəkdə, yol başdadı, Zəlimxan!

Dan yeri yox, axan qandı, qızarır,
A şairim, özün bunu yaz barı!
Güldən gözəl, güldən göyçək qızları
Məzar qucub, gül xoşladı, Zəlimxan!

Gördük harda olub hazır, güllələr,
Gördün kimə quyu qazır güllələr,
Qızıl qana dəydi qızıl güllələr,
Xonça tutub bel qurşadı, Zəlimxan!

Barat sormur rəngin-rufun solmuşmu,
Sən də sorma, gözün-könlün dolmuşmu?
İndiyəcən getdiyimiz yolmuşmu,
Vətən təzə yol başladı, Zəlimxan!

Mən yazıçının mifoloji mövzulara müraciətinin həmişə tərəfdarı olmuşam. Ç.Aytmatovun, O.Süleymanovun yaradıcılığında buna aid kifayət qədər nümunələr tapmaq mümkündü. Bu, məncə, doğru yoldu. "İnsanlığın tarixi miflərin tarixidir " deyən Alber Kamyu daha haqlı deyilmi?! Düz deyirmiş ki, "Ənənəvi miflərin yoxa çıxması ona gətirib çıxardı ki, son iki yüz ili insanlıq əsməcə içində keçirir".

Z.Yaqubun Koroğluya həsr etdiyi bir şeir var. O şeirin bir beytində şair qəhrəmanın ölümsüzlüyünü belə mənalandırıb:

Hər yerdə Koroğlu qalaları var,
Heç yerdə Koroğlu məzarı yoxdu.

Y.İmrənin 11 yerdə qəbri olduğu söylənilir. Z.Yaqubun da Bakıda-Fəxri Xiyabanda, Borçalıda, Qarabağda, Təbrizdə, Dərbənddə, Qazaxda, Göyçədə... məzarı var.

Və həm də Zəlimxan Yaqubun heç yerdə məzarı yoxdu!

Elə Aşıq Ələsgərin də!

Səhnəbanının da!

Leylinin də!

Məcnunun da!

 





13.06.2020    çap et  çap et