525.Az

"Eko-park"da bir ağ gün - Xosrov Natilin yazısı


 

"Eko-park"da bir ağ gün - <b style="color:red">Xosrov Natilin yazısı </b>

Bu, bir hekayə mövzusu olsa da, uzaqbaşı, iki nəfərin bir-birinə ilıq münasibətindən bəhs edən həyat hadisəsidir.

Çiskinli, yağmurlu günün səhər çağı bir taksiyə əyləşib islanmaqdan qorunduq. Bu 20 dəqiqəlik taksi yolu dünyanın ağappaq yolu olacaqdı.

***

"Eko-park"ın çölü-çöllüyü soyuq yanvara boy vermirdi, amma boyumuzun xəlvətliyi yaxınlaşmaq üçün bizə iki dəfə şans verdi; əllərindən, incə, zərif çiyinlərindən tutdum, üzümü yanaqlarına tərəf əydim... Qızılgül, təbii ki, tikansız olmur.

Qayçıdan çıxmış dekorativ kollarıın eyni boy-buxunda sıralanması, sığınacaqlarda sarmaşıqların yaşılı mərmər parlaqlığı bağbanların əl işinə seyrçiləri "afərin" deməkdən hələm-hələm saxlaya bilərdi. Elə bu fikirdə ikən butasından çıxmağa tələsən bir qızılgül budağında gül göründü (İlahi, vaxtsız açılan qönçə gülün taleyini özün qoru), yanvar ayının qırmızı paltolu bəni adamının gülməyi ilə sanki Tanrının sevinci üst-üstə düşmüşdü. "Eko-park" bəlkə də, 40 günlük böyük çillə boyu belə gülüstanlıq yaşamamışdı.

Yaşıl səki kimi əkilmiş, vaxtlı-vaxtında forma verilmiş, sarı yapon gərməşovunun əhatəsində qalan qızartdaq zirinc və mərsin kolları qışda da yarpaqlarını tökməmişdi, onlardan daha ötə yaşıl çəpərlərdən ibarət həmişəyaşıl parlaq birgözlər də eyni ilə sıralansa da, səkiləri kölgələndirmirdi, insanlarla təbiətin harmotik münasibətindən xəbər verirdi.

Coğrafi mənşəyindən uzaq düşmüş başqa ekzotik ağac və kol cinsləri Abşeronun Xəzri və Gilavar küləyindən küssə də, sonda dil tapmışdılar. Çöl iqlimi onları eyni məkanda doğmalaşdırmışdı - adaptasiya olunmağa məhkum idilər.

Qara gavalının hibrid nəslindən olan bir neçə genetik ağac cinsinin budaqları da şəhər mühitinə uyğun qayçılanmışdı. Kiçik hovuzların ətrafında su cillərinin topal çimləri arxitektur elementlərinə yeni çalar vermişdi. Bəzəkli daşlardan ibarət döşəmə cığırlar landşaftı tamamlayırdı. Ətraf nə qədər baxımlı olsa da, insan özünə isti bir sığınacaq axtarmaqla hökmranlığını nümayiş etdirməkdən heç vaxt çəkinmirdi. Təbiətin sonradan bu qisası ondan alacağından insanın xəbəri yox idi. ÜST-ün pandemiya qərarına 51 gün qalırdı.

Soyuq fəsil qapıların çoxunu bağlasa da, biri adamların üzünə bağlı deyildi: bura Qış bağı da demək olardı, hər yan bəyaz görkəmdə adamın ağlını başından çıxarırdı.   

***

Örtülü şəraitdə ekzotik bitkilərə qulluq edilirdi. Nazı çəkilən güllər və ampel bitkilər sanki ayaqlarını sallayıb ayın-şayın əyləşmişdi. Bu arxayınçılıq adamlara da yoluxmuşdu, bir neçə ailə çardaqlarda qoyulmuş bəyaz örtüklü yumşaq dəstlərin üstündə əyləşib çay süfrələrini, bəlkə də, ürəklərini açmışdılar. Hər kəs bu bəyazlığın, ağappaq təmizliyin fərqində olduğundan hər şey gözəl idi. Yamyaşıl palma budaqları, hevayelərin saçaqları da bu ağlığın rənginə tabe olmuşdu.

***

Guşələrin birində geniş çeşidli kilimlər, palazlar, müxtəlif işlənmələrlə zənginləşdirilmiş butalı-butasız, çeşnili xalı-xalçalar da öz yerində idi. Divar boyu asılmış xalıların milli ornamentləri gözə gəlirdi, qadınlar həvəslə nə isə toxuyurdular. Bəmbəyaz əllər ilmələndikcə sanki rəqs edirdilər. 

***

Daha bir qapalı yerdə "Art studiya"nın qapısı açıq idi, bir neçə yeniyetmə və uşaqlar müxtəlif tullantılardan ibarət fotostendlərin və fiqurların qarşısındaydı. İçəridə məsum bir ovqat varıydı...     

***

Ertəsi gün qara yanvar olacaqdı. Müstəqilliyimiz uğrunda şəhid olan insanların ruhuna oxunan fatihələr kimi bu yaşıl yarpaqlar arasında bir soyuq rəng vardı. Adamı üşüdən bu soyuq rəng isti rəngləri belə üstələmişdi, avazlı bir türküdə deyilən kimi, "Yaşılım, yaşılım, yaşılım, aman. Yaşıl yapraq altında üşüdüm, aman". Üşüyürdüm.

Bu da mənim iç misralarım idi:

Ayağım, əlim üşüyürdü,
ağzımda dilim üşüyürdü. 
Elə bu yaşımda, bu yaşımdaca
Sizin darvazanın qarşısındaca
Üşüyürdü, ruhum üşüyürdü.

İlahi, əslində, bu, mənim iç sızıntılarım idi.

***

Ertəsi gün qara yanvar olacaqdı. Bu gün 19 yanvar idi, həyat davam edirdi. "Eko-park"ın döşəməsi - ağ örtüklü təmizliyi hamının diqqətində idi - gələnin də, gedənin də. O uzaq bir gəncliyin salnaməsində yadda qalan bir misra kimi: "Biz gəldi gedərik, sən yaşa dünya".

***

Yolun geri dönüşü idi. Avtobusda bir gül butası uyuyurdu, deyəsən, ona soyuq idi, sanki yatmaq istəyirdi. Mən ayaqüstü düşüncələrimin ağırlığına dözə bilməyəcək halda susurdum. Bir azdan ayrılacaqdıq.

***

Ölümün Allah işi olduğunu bilə-bilə bu cür ayrılıq ürək çatışmazlığına bir anons işarəsi kimi qəbul edilməliydi. Amma heç kim bunu anlamaq istəmədi. Keçmişin qara haşiyəsi bu iki şəxsin ağ günlərinə kölgə salırdı.

***

Bu, bir ağ yoluydu, cəmi 50 illik sevgi yoluydu və bu yolun işıqforu yoxuydu, qəzaya uğramamaq üçün bu yolda dayanmaq, ətrafa nəzər salmaq lazım idi.

***

O, bir mələk idi, zərif, ağappaq qanadlarını xəyallarımın üstünə sərdi, getdi. Və mənim göz yaşlarım çal saqqalımın ağlığına heç bir xələl gətirmədi, çünki sevginin ilahiliyi mənə çoxdan tanış idi.

Və mən sinnimin ahıl çağında inandım ki, Mələklər ağlamırlar.

***

Belə. Bu da son. Bütün bu ayaqüstü düşüncələr "Eko-park"ın həyatımda mənə yaşatdığı ən gözəl hisslərdən idi.

 





13.06.2020    çap et  çap et