525.Az

Dünyanın gedişatına güzgü tutan incə mətləblər...


 

AMEA-nın MÜXBİR ÜZVÜ RAFİQ ƏLİYEVƏ AÇIQ MƏKTUB

Dünyanın gedişatına güzgü tutan incə mətləblər... <b style="color:red"></b>

Hörmətli Rafiq müəllim, çox oxunan "Ədalət" və "525-ci qəzet"də jurnalist Sərdar Aminin sizdən götürdüyü "Mən Allahsız alim tanımıram" adlı müsahibəni maraqla oxudum. Sərdar Aminin dünyagörüşü, hərtərəfli məlumatı, sizi danışdırmaq qabiliyyəti, mənəviyyat aləminizə daxil ola bilməsi məni sevindirdi.

Müsahibədə dünyanın gedişatına güzgü tutan çox incə mətləblərə, insanların ibrət götürə biləcəyi məqamlara toxunursunuz. Müsahibədən göründüyü kimi, Allahın varlığına inanırsınız.

Mən altı il ən kiçik daşına, uzaq ulduzuna qədər dinlə bağlı olan Yaxın Şərqdə tərcüməçi işləmişəm. Bütün müqəddəs yerlərdə olmuşam. Qafqaz Müsəlmanları İdarəsi nəzdində Elmi-Dini Şuranın üzvüyəm. Mən də Yaradana sidqi-qəlbdən inanıram. Lakin xürafatdan, mövhumatdan, cəhalətdən uzağam. Dinə, onun müqəddəs qanunlarına Yer, Kainat və Təbiət həqiqətləri müstəvisindən yanaşıram.

Alman alimi Kantın Yaradanla bağlı fikrini yüksək qiymətləndirirəm. O böyük filosof yazır ki, Allah təcrübə fövqündə olduğuna görə onun mövcudluğunu və ya mövcud olmadığını nə təsdiq, nə də inkar edə bilərik. Bir halda ki, onun mövcud olduğunu qəbul edəndə ürəyimizdə sakitlik, inam yaranır, ona niyə inanmayaq?!

Bundan gözəl nə demək olar?!

Bəyan edirsiniz ki, din olmasaydı, dünya xaosun içində olardı. Təəssüf ki, səbəbini açıqlamırsınız. Mənə görə, dinin ən böyük nailiyyəti "o dünya", "axirət", "cənnət", "cəhənnəm" etiqadını insanlara təlqin etməsi, insanın qəlbində ümid işığı yandırmasıdır. Məncə, bu, misilsiz kəşfdir. Həqiqətən də, din olmasaydı, dünya məhvərindən çıxar, bəşəriyyət xaosun içində boğular və məhv olardı.

Deyilənlərə "tale", "qismət", "qəzavü-qədər", "alın yazısı", "yazıya pozu yoxdur" kimi bəşəriyyəti dünya bina olandan düşündürən əzəli və əbədi problemləri də əlavə etmək olar.

Rafiq müəllim, bir etirafınız məni çox düşündürdü: "Mənim üzüm gömgöydür. O qədər vurublar ordan, burdan. Fələyin vurduqları da var, insanların vurduqları da var... Amma o zərbələr mənim üçün hər zaman stimul olub".

Ürək ağrısı ilə dediyiniz "Fələyin vurduğu zərbələr" ifadəsi gözlərim önünə mərhum ömür-gün yoldaşınızın hər il ad günündə ona ünvanladığınız məktubları gətirdi. Səkkizinci məktubunuzu, deyəsən, keçən il oxumuşdum. Sizə böyük təsəlli və səbr verən həmin məktubları toplayıb çap etdirsəniz, ədəbiyyatımıza fayda vermiş olardınız. İnanın ki, o kitab əl-əl gəzərdi. Sizin şəxsiyyətinizin yeni qatı üzə çıxardı.

Hörmətli Rafiq müəllim, mən "Məhbus məktubu" adlı hekayə yazmışam. Akademik Teymur Bünyadov məsləhət gördü ki, XXI əsrin bəlası koronavirus səngiyənə qədər çap etdirməyim.

Müsahibənizdə mənim hekayədə qoyduğum problemə ciddi şəkildə toxunubsunuz: "Mənim ən böyük arzum o olub ki, Allah məni maddi cəhətdən zəngin eləməsin. İnsan elə bir varlıqdır ki, bütün hissləri ödənildikdə - pul, mal, şəhvət - o zaman izafi bir hissə ehtiyacı yaranır".

Keçən əsrin 60-cı illərində sayı üç milyonu keçən soydaşlarımızın da yaşadığı İraqda işlədiyim günlərin birində qəzetlər inanılmaz bir xəbər yaydılar. Yazdılar ki, Almaniya milyarderinin 20 yaşlı oğlu intihar edib. Səbəbini yazıb qoyduğu məktubda açıqlayıb. Yazıb ki, "İnsanın həyatda zövq ala biləcəyi, istədiyi nə varsa asanlıqla əldə etdim. Həyat məni bezdirib". Bu, dediyiniz izafi ehtiyaca ən yaxşı nümunədir.

Zənnimcə, izafi zənginlik insanın, xüsusən də, əvvəllər görməmiş adamın harınlığına gətirib çıxarır, gözləri ayağının altını seçmir.

Çox doğru olaraq qeyd edirsiniz ki, Tanrının bir adama hər şeyi verməsi mümkün deyil. Məsələn, yaxşı qamət verər, ağıl verməz, ağıl verər, dövlət verməz. Dövlət verər, bir övlad verməz.

Rafiq müəllim, bütün bunlar "Dərdsiz-qəmsiz adamın köynəyi" hekayətinə necə də bənzəyir. Mən o təmənnada deyiləm ki, bu hekayətdən xəbəriniz olub və ondan bəhrələnibsiniz. Allah eləməsin, sizin kimi görkəmli alim  və şəxsiyyət haqqında belə bir fikrə düşüm.

1957-ci ildə ali məktəbdə 1-ci kursda oxuyanda ədəbiyyat müəllimimiz Məmmədəli Əsgərov (Sonralar o, "İmadəddin Nəsimi. İraq Divanı" kitabımın redaktoru, lüğət və şərhlərin müəllifi oldu) dərsdə "Dərdsiz-qəmsiz adamın köynəyi" hekayətini danışdı və müzakirə etdik. Hekayət belədir: Padşahın gözünün ağı-qarası yeganə qızı sağalmaz xəstəliyə tutulur, loğmanlar çarə tapmırlar. Rəmmallar ram atırlar. Deyirlər ki, dərdsiz-qəmsiz adamın alt köynəyini geysə sağalacaq. Padşahın əmri ilə vəzir-vəkil yola çıxır. Ölkədə elə bir adam tapmırlar ki, Tanrı ona hər şeyi qismət eləmiş olsun. Birinin 8 qızı var, bir oğlan üzünə həsrətdir, birinin var-dövləti aşıb-daşır, bir övlad üzünə həsrətdir, biri həddən artıq zəngindir, sağalmaz xəstəliyə düçar olub. Birinin polad kimi canı var, yeməyə çörəyi, geyməyə paltarı yoxdur və s. və ilaxır. (Burada yeridir real həyatdan da bir nümunə verək. Doğma kəndim Düzqırıxlıda (Tovuz rayonu) məndən cəmi 3 yaş böyük olan İlyas Zeynalovun 11 oğlu oldu, bir qız üzünə həsrət qaldı)... Vəzir-vəkil kor-peşman geri dönən vaxt şəhərətrafı palçıq daxmalardan birinin yanından keçəndə eşidirlər: "Allah, sənə şükür, məni dərdsiz-qəmsiz yaradıbsan!" Tez daxmaya girərək:

"Qoca, səni xoşbəxt edəcəyik, əbanı çıxart". Qoca əbasını çıxaranda görürlər ki, bu "dərdsiz-qəmsiz" qocanın heç alt köynəyi belə yoxmuş.

Rafiq müəllim, yeri gəldikcə fikrinizi gücləndirmək, əyaniləşdirmək üçün poeziyadan istifadə edirsiniz. Bu, gözəl ənənədir. Ədəbi prosesi bütün yönləri ilə gündəmə gətirən "Ədəbiyyat qəzeti"ndə filologiya üzrə fəlsəfə doktoru Aynur Xəlilova "Ağrılı əzabdan qurtuluş yolu" məqaləsində Şəhriyar Del Gerani poeziyasından nümunə gətirib. Şeir belə bitir:

Mən sizə demişdim axı,
Allahın da tərs
damarı var. 

Çəkinmədən deyə bilərəm ki, örnək kimi göstərilən şeir bu çox maraqlı yazının cövhərini, canını-qanını təşkil edir.

Sirr deyil ki, əsl poeziyada həyat həqiqətdə olduğundan daha həyati olur. Əsl poeziya ölümsüzdür. Albaniya hökmdarı Cavanşir yeni eranın 681-ci ilində sui-qəsd nəticəsində qətlə yetiriləndə şair Dəvdək 13 bənddən ibarət "Elegiya" yazmışdı. Zəmanəmizə gəlib çıxan həmin ağını görkəmli dilçi alim, Qəbələdən olan udi əsilli mərhum dostum Voroşil tərcümə edib. İndi də təravətini, təsir gücünü itirməyən həmin şeirdən iki bəndi diqqətinizə çatdırıram:

Ey ilahi kəlamları xəlq eyləyən
ulu Tanrı
Özün nəğmə - ağı söylə,

yad et bizim hökmdarı.
Elə nəğmə - ağı qoş ki,
bu əvəzsiz itki üçün
Gözümüzdən gecə-gündüz
axsın odlu göz yaşları.

Mənim ağım nə qu quşu,
nə də pəri nəğməsidir.
Qatarından ayrı düşən
bir durnanın naləsidir.
Yetim qalıb bizim şəhər,
kövrəkləşib qədim Qala.
Uzun illər görməmişdik bu cür kədər,
bu cür bəla! 

Mən qəsdən lap qədim dövrdə yazılmış poetik nümunəyə müraciət etdim. Göründüyü kimi, burada məna da, məzmun da, axıcılıq da, şeiriyyət də, fikir də biri-birini tamamlayır!

Rafiq müəllim, gənclərin yaradıcılığını ardıcıl olaraq izlədiyinizi və dəyərləndirdiyinizi qeyd edirsiniz. Arzu edərdim onlara ağsaqqal tövsiyələri verəydiniz. Yaradıcılıq möhtəşəm aldanışdır. Bəzi gənc qələm sahibləri düşünürlər ki, yazdıqları şedevrdir. Nəticədə, Füzuli, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Səməd Vurğun, Rəsul Rza kimi çox görkəmli sənətkarlarımızı belə bəyənmirlər. Unudurlar ki, "Hər zaman irəliyə doğru atılan hər bir əhəmiyyətli addım geriyə qayıdışla müşayiət olunur. Daha dəqiq desək, başlanğıcın (mənşənin) yeniləşməsinə gətirib çıxarır. Yalnız yaddaş irəliyə doğru gedə bilər, unutqanlıq yox. Yaddaş kökə qayıdır və onu yeniləndirir" (M.Baxtin).

Heç şübhəsiz, Səməd Vurğunun üstüörtülü şəkildə dilə gətirdiyi misralar da kökə qayıdışla, yaddaşla bağlıdır:

Sabaha çağırır o bizi, ancaq,
Sabah da bugünsüz, dünənsiz deyil. 

Rafiq müəllim, qeyd edirsiniz ki, dünyanın müxtəlif ölkələrində 76 kitabınız çıxıb. Müxbirin "Kitablarınız Azərbaycanda niyə çıxmır?" sualına cavabınız məni təəccübləndirdi: "Mənim kitablarım daha çox elmi kitablardır, nəzəriyyədir".

Bəlkə, ixtisasınıza uyğun olaraq "qeyri-səlis məntiq" elmidir - demək istəmisiniz, bilmirəm. Hətta belə olan halda da, bu fikrinizi məqbul saymaq olmaz. Kitablarınızı ölkəmizdə çap etdirin. Dünya xali deyil. Hər halda, gələcəkdə işinizi davam etdirən tapılar. Mənə inanın, kitablarınızı Azərbaycanda çap etdirməsəniz, sonralar milli kimliyinizə şübhə ilə yanaşanlar mütləq tapılacaqdır. Əslən Qarabağdan olmağınız dediklərimə münbit şərait yaradacaqdır. Axı, bunu siz məndən yaxşı bilirsiniz. Bilirsiniz ki, əsərləri dünyanın aparıcı dillərində çıxan, kosmik fəzanın kəşfində mühüm rol oynayan, Marağa rəsədxanasının yaradıcısı Nəsirəddin Tusinin əcnəbi ensiklopediyalarda azərbaycanlı olduğu göstərilmir.

Bu, bir yana. Dahi alimimizin Bağdadda Kazımiyyə Cümə məscidində İmam Museyi Kazımla yanaşı uyuduğunu yalnız XX əsrin sonunda aşkar etdik. Bu, başqa mövzunun söhbəti olsa da, düşündürücüdür. Bunu nəzərə alın. İstədiyim odur ki, milli-mənəvi dəyərlərimizə biganəliyə görə gələcək nəsillər xəcalət təri tökməsin.

 





13.06.2020    çap et  çap et