525.Az

Xoş bir Aydınlıq mənzərəsi - Sadıq Elcanlı yazır


 

YAZIÇI AYDIN TAĞIYEVİN YENİ ƏSƏRİ OLAN "İSPAN ÇƏKMƏSİ" ROMANI HAQQINDA TƏƏSSÜRATIM

Xoş bir Aydınlıq mənzərəsi - <b style="color:red">Sadıq Elcanlı yazır </b>

Neçə ildir ki, onu bir romanın yollarında görürəm, acılı-şirinli yaradıcılıq anlarının, əzablı və xoşbəxt ədəbi yaşantılarının şahidi oluram.

Doğrusu, kiçik hekayənin böyük ustadı kimi tanıdığım dostumu romanın genişmiqyaslı mənzərəsində, üzü ədəbiyyata söhbətlər edəndə ata övladı haqqında danışdığı kimi ümidlə, qayğıyla, bəzən nigaran bir duyğuyla danışır yeni romanından, arada müəyyən hissələr oxuyur, rəyimi soruşur və mən də ürək-dirək verirəm, onu növbəti uğur qazanacağına inandırmağa çalışıram. Əslində, onun buna ehtiyacı yoxdur: əlli illik dostum, yazıçı-publisist Aydın Tağıyev həmişə özünə və sözünə inanıb. Neçə ildir, yolunu gözlədiyimiz, müxtəlif qəzet və toplularda hissələri çap olunan, "İspan çəkməsi" adlandırılan həmin roman artıq başa çatıb, ayrıca kitab halında, bütöv şəkildə oxuculara təqdim olunur.

Aydın Tağıyevin "İspan çəkməsi" romanını oxuduqca ənənəvi ədəbiyyatşünaslıq dəyərlərinə məhəl qoymayan MƏTNİN aparıcı diktələrinə, hökm-fərman azadlığına şahid olursan. Ədəbi qaydalara, formalara sanki müharibə elan edən, parça-parça həyat mənzərələrinin plifonik təqdimatıyla əsas hədəfin - ROMAN-OBRAZIN mükəmməl portretini yaradan və ironik cizgiləri ilə yadda daha çox qalan MƏTN postmodernist estetikaya yaxınlaşır, necə deyərlər, SÖZ özü hər şeyi həll edir. Qurani-Kəbirdən, İncildən, Tövratdan, qədim latın yazılarından, müxtəlif ədib və filosoflardan gətirilən sitatların müşayiət etdiyi mətnlərin qeyri-adi energetikası oxucunu daim ayaqda saxlayır, onu böyük düşüncə yollarına çıxarır. "Mən Fironu bəndə yaratmışdım. Onu Tanrı edən siz oldunuz" (Qurani-Kərim) sitat-xatırlatması ilə başlayan "Bütpərəstlər" başlıqlı ilk fəsildən romanın ideya-estetik istiqaməti bəlli olur: "Həmkəndlilərinin cəmləşib məscidə tərəf gəldiyini görən Qırmızının səsi yeri-göyü götürmüşdü: - Hara gəlirsiniz, vallah, ta ki, müsəlman olmayınca, heç birinizi məscidə buraxmayacağam...

... Hamınız bütpərəstsiniz, hamınız... Birinizin bütü puldu, birinizinki vəzifədi, birinizinki rüşvətdi... Allahdan başqa hər şeyə sitayiş edirsiniz..."

"Şairin edamı" adlı ikinci mətnlə romanın postmodernist xətti bir qədər də dəqiqləşir; şair və zaman, şair və hökmdar, modellərində çırpınan tarixi MEYDAN MƏNZƏRƏSİNDƏN "Şairin intiharı" adlı üçüncü mətnə keçid edilir. Və beləliklə, intertekstual aurası ilə diqqəti cəlb edən roman möhtəşəm bir yola çıxır: Orta əsr inkvizisiya məhkəmələrində məhkumun ayağına geydirilən, dəhşətli əzablar, ağrılar verən "ispan çəkməsi" kimi bədənlərə və ruhlara işgəncə verən, insanları və xalqları əsarətdə saxlayan hökmdarlıq və hökmranlıq zülmü ilə döyüş, söz-sənət savaşı başlayır. Yazıçı insan və antiinsan, xalq və antixalq... cəbhələşməsində insanın və xalqın mövqeyində dayanır, azadlığın, özgürlüyün qələbəsi naminə döyüşür. Bu döyüşdə konkret bir məkan və dövlət yox, ümumiləşdirilmiş, az qala yüzilləri əhatə edən simvolik bir məmləkət əsas diqqət mərkəzindədir. "Dəbilqəli-sipərli, qılınclı-qalxanlı" əsgərlər, baltası göz qamaşdıran Cəlladbaşı, car çəkən carçılar, "atlarını dördnala çapan qasidlər, xəbər aparan göyərçinlər, elə bunun yanındaca KİV nümayəndələri, televiziya kanalı ilə canlı yayım"... Yəni hadisələr postmodernist bir mühitdə, bəzən realist, bəzən sürrealist, irreal təqdimatda davam və inkişaf edir, mətnlərin önündə verilən, tarixin ən müxtəlif dövlərinin səsini-sözünü, münasibətini çatdıran üç sitatla, əslində, bütöv insanlıq, bəşəri sivilizasiya yolunu əhatə, ehtiva edir. Yeri gəldikcə tarixdən müxtəlif hadisələrin, pritçaların (məsələn, "Loğman və şəyirdi" kimi) mətnlərə daxil edilməsi, nağıl və dastan epizodlarından istifadə olunması (məsələn, oğlan uşağının sandığa qoyularaq çaya atılması, taleyin ixtiyarına buraxılması) zamanda ümumtarixilik, ümumbəşərilik xəttini daha da gücləndirir, əsəri İNSAN və ZAMAN haqqında ədəbi-fəlsəfi düşüncələr səviyyəsinə qaldırır; intertekstuallıq süni yamaq, bəzən müasir romançılıqda özünü göstərən xəstə dəb detalı kimi yox, təbii təqdimat forması kimi reallaşır və özünü doğruldur. İnanıram ki, çağdaş ədəbiyyatşünaslığımız, ciddi alimlərimiz Aydın Tağıyevin "İspan çəkməsi" romanının estetikası, novator sənətkarlıq məziyyətləri haqqında öz sözünü deyəcək, elmi-analitik təhlillər sayəsində əsərin əsl qiymətini verəcəklər...

Bütövlükdə Aydın Tağıyev nəsrinə məxsus sənətkarlıq məziyyətləri - sözə qənaət, lakonizm, xarakter yaratma ustalığı, ədəbi və publisistik dilin özünəməxsus sintezi, orijinal təhkiyə tərzi, Şabran, ümumən Şirvan dialektoloji materialından yerli-yerində, ustalıqla istifadə etmək bacarığı, hadisəçilik, təsvirçilik meyllərindən uzaqlıq, nəhayət, oxucunu inandıran səmimiyyət; bəli, bütün bunlara "İspan çəkməsi" romanında da şahid oluruq. Ona şahid oluruq ki, A.Tağıyev öz ədəbi üslubu, öz bədii dili və məhz öz sənət, sənətkar mövqeyi olan yazıçıdır. Və mən bu məqamda onu da deməyə bilmirəm ki, yazıçılıq A.Tağıyevin taleyidir, alın yazısıdır; o, müasir Azərbaycan nəsrində və publisistikasında özünəməxsus söz sahibidir, dəyişməz sənət mövqeyi ilə seçilən ədəbiyyat faktıdır. Və artıq tam səmimiyyətlə demək olar ki, o, ədəbiyyata ötərgi qonaq, gəldi-gedər yolçu kimi yox, əbədi ev sahibi kimi gəlib; gəlib ki, öz sözünü desin, öz ədəbi missiyasını həyata keçirsin, taleyin onun qismətinə yazdığı bənzərsiz əsərləri yaratmaqla möhtəşəm ədəbiyyat məmləkətində öz mövqeyini reallaşdırsın, öz sənət yolunu bərqərar etsin.

Bu kiçik ricətdən sonra yenidən "İspan çəkməsi"nin ədəbiyyat çölündə saldığı izlərə qayıdıram.

Əsərlər sənət yolunda saldığı izlərlə daha çox, seçilir; izlər əsərlərin TALE XOŞBƏXTLİYİDİR...

Dünya ədəbiyyatında, eləcə də Azərbaycan nəsrində sıx müşahidə olunan əlyazma tapılması, yarımçıq əlyazma xətti "İspan çəkməsi" romanında mətnin mahiyyətindən doğur, ideya-bədii inkişafın doğma övladı kimi diqqəti cəlb edir. Şairin son vaxtlar çap etdirdiyi "Sənə də qalmaz", "Kim daha varlıdır" mənzum romanlarının məzmununu lakonik şəkildə təqdim edən yazıçı əsas fikri onun arxivindən tapılan yarımçıq əlyazmaya yönəldir. Münəccimbaşı şaha bildirir ki, məmləkətdə doğulacaq bir oğlan uşağı "böyüyüb hökmdarın taxt-tacına sədəmə toxunduracaq". Və şah fərman verir ki, həmin uşaq tapılıb öldürülməlidir... Sonra da sandıq əhvalatı...

Nağıl-dastan dünyamızda dönə-dönə işlədilən bu süjet xətti romanın postmodernist ovqatına yeni bir rəng qatır, əslində, şair-hökmdar qarşıdurmasını ümumtarix, ümumbəşər müstəvisinə, sözün əzəli-əbədi döyüş meydanına çıxarır. "Yarımçıq əlyazma" ilə bağlı müxtəlif ədəbiyyatşünas fikirlərində, yaxud mənzum romanlarla bağlı məhz "Hap-gop" qəzetində Şairin müsahibəsinin dərc olunması detalında, eləcə də çoxsaylı digər məqamlarda ironik münasibət, ədəbi formalardan imtina edərək birbaşa həyatın özünün təqdimi ("Xronika", "Bu da qəzetdəki sonuncu kriminal xəbər", "Hadisə" və s.) postmodernist yanaşma tərzinin doğurduğu yeni sənət mənzərəsidir. Yazıçı məhz bu mənzərənin tələbi ilə olmuş bir əhvalatı - gənc şairin yeddinci mərtəbədən özünü atıb intihar etməsini ayrıca bir mətn-fəsillə romana gətirməkdən çəkinmir. Beləliklə, heç bir ədəbiyyatşünaslıq qayda-qadağası mane ola bilmir, MƏTN AZADDIR! Bu azadlıq romanın sonunda ən yüksək zirvədə öz sözünü deyir; yazıçının qəbiristanlıqda öz doğmaları - mərhum atası, anası, bacısı və iki yaşlı oğlu ilə ruhi həsbi-halı Şairin düşüncələri, mənəvi yaşantıları ilə tam üst-üstə düşür; etiraf edim ki, məhz bu məqamda mən ədəbiyyatın çağırış səsini daha yaxından eşitdim; fani və əbədi dünyaların keçid nöqtəsində, qapısı ağzında eşitdiyim o sirli pıçıltılar möhtəşəm bir ruhi simfoniyanı, sözün ZƏFƏR ZƏNGLƏRİNİ xatırladırdı; SÖZ şahlar, hökmdarlar səltənətində, edamlar, intiharlar məmləkətində, bu günün və yüz illər əvvəlin azadlıq meydanlarında QALİB gəlmişdi, QƏLƏBƏ BAYRAĞINI qaldırmışdı; OL sözüylə yaranan dünya SÖZÜN OLMASIYLA mənzil başına çatmış, murada qovuşmuşdu; bu, "İspan çəkməsi"nin əzabları, ağrılarıyla xoş bir aydınlıq mənzərəsi yaradan yazıçı dostum Aydın Tağıyevin sənət qələbəsi idi...

Şabran
05 iyun 2020-ci il

 





15.06.2020    çap et  çap et