525.Az

Nadir insanın nurlu xatirəsi - Anım


 

Nadir insanın nurlu xatirəsi - <b style="color:red">Anım</b>

Azərbaycan rabitəsinin dəyərli təşkilatçılarından və rəhbərlərindən biri, sayılıb-seçilən ziyalımız, bütöv şəxsiyyət kimi yaddaşlarda iz qoyub, sağlığında xeyirxah işlərilə özünə ucaltmış Nadir Alı oğlu Əhmədov bu yaxınlarda haqq dünyasna qovuşdu. Və bu ayrılıqdan artıq qırx gün keçir. Düşündüm ki, bu münasibətlə ona həsr olunmuş bir nurlu xatirə, anım sözü demək qəlbimə bir qədər təskinlik, az da olsa rahatlıq gətirər.

Bu məqamda hələ rəhmətliyin sağlığında onun rabitə sahəsindəki yarım əsrə yaxın son dərəcə gərgin və səmərəli fəaliyyətini əks etdirən, müəllifi olduğum "Bir ömrün salnaməsi" kitabı köməyimə gəlir. N. Əhmədov müəllifə minnətdarlıq sözündə yazırdı: "...mən bunu taleyimdə mühüm hadisə hesab edirəm".

Heç ağlıma gəlməzdi ki, nə vaxtsa onun barəsində vida sözlərini qələmə alacağam.

Nadir Əhmədovun adı çəkiləndə zahirən zəhmli və nurani sifətli, davranış və ünsiyyət mədəniyyəti nümunə ola biəcək yetkin dövlət adamı, respublikada rabitə sisteminin fəal və fədakar xadimi obrazı canlanır təsəvvürümdə.

Mübaliğəsiz demək olar ki, valideynlərinin ona verdiyi, "aztapılan" mənasına gələn Nadir adı sanki onun boyuna biçilmişdi. Daşıdığı ada layiq olduğunu bütöv şəxsiyyəti, yüksək əxlaqi-mənəvi dəyərlərə bağlılığı və sədaqəti, yaşadığı mənalı ömrü ilə sübuta yetirmişdi. Düzgün sənət seçimi, rabitəçi peşəsinə yiyələnməsi isə zirvəyə aparan yolun uğurlu başlanğıcı idi. O bu seçimi edərkən respublikamızda telefon rabitəsi üzrə ilk mühəndislərdən biri, Bakı ATS-ə və 45 ildən artıq bir müddətdə "Azərneft"in rabitə idarəsinə rəhbərlik etmiş görkəmli ziyalımız, əmisi oğlu Fərrux Məmmədovun yolu ilə getmiş, mənsub olduğu nəslin rabitəçi estafetini ondan qəbul edərək daha da yüksəklərə qaldırmışdı. Bakı Telefon Şəbəkəsində xətt elektrik montyoru vəzifəsində əmək fəaliyyətinə başlayaraq fitri qabiliyyəti və gərgin əməyi, özünə və ətrafındakılara qarşı prinsipial tələbkarlığı sayəsində uzun illər həmin şəbəkənin rəisi, sonralar rabitə nazirinin müavini, rabitə naziri vəzifələrinədək yüksəldi. Doğma sahədə layiq olduğu mənsəb zirvəsini fəth etməsi, öz dəyərli imzasını qoyması da taleyin xoş yazısı imiş. O, zirvəni fəth etməyə qadir olduğunu sübut etməklə həm də bunun bir təsadüf və ya təkcə bəxti gətirmək olmadığını, möhkəm əqidəyə söykənən inadkarlığın, əzmkarlığın, ağıl və zəkanın, istedadla qabiliyyətin təntənəsi olduğunu göstərdi. 30 ildən artıq bir müddətdə qərar tutduğu zirvələrdə möhkəm dayanması da deyilənlərə dəstək ola bilər.

N. Əhmədov Ulu Öndər Heydər Əliyevin ona göstərdiyi yüksək etimadı doğrultmaq üçün var gücü ilə çalışır, milli təəssübkeşliyini ortaya qoyur, xalqa, dövlətçiliyimizə sədaqətlə xidmət edirdi.

Böyük alman şairi Henrix Heyne yazırdı ki, ''hər bir insan bir dünyadır, o dünya onunla doğulur və onunla ölür. Hər məzar daşının altında dünyanın tarixi var". Artıq bu tarixlərdən biri də mərhum Nadir Əhmədova məxsusdur. Böyük Çin mütəfəkkiri Konfutsi isə deyirdi ki, insan dünyasını dəyişdiyi zaman yox, onu xatırlayan sonuncu adam öləndə ölür. Nadir Əhmədov minlərlə insanın qəlbində, xatirələrində, yaddaşında yaşayır. Deməli, o, ruhən və mənən həyatdadır, o, bizimlədir. 

Ölüm bu dünyadakı ömrümüzün sonu olsa da heçliyə yox, əbədiyyətə aparan yodur. Xatirələr isə bu dünyada bizdən sonra davam edən ömrümüzdür. Ulu Tanrıdan Nadir Əhmədova qəni-qəni rəhmət diləyir və deyirəm: Böyük dostumuz, görkəmli müasirimiz Nadir müəllim, Siz həmişə bizim qəlbimizdəsiniz!

 





16.06.2020    çap et  çap et