525.Az

Məktəblərdə hərbi vətənpərvərlik tərbiyəsi - Məqalə


 

Məktəblərdə hərbi vətənpərvərlik tərbiyəsi - <b style="color:red">Məqalə </b>

Gəncləri milli vətənpərvərlik ruhunda tərbiyə etmək həm çox çətin, həm də olduqca məsuliyyətli işdir. Yüksək milli ruhun mövcudluğu ölkənin gücünün əsas meyarıdır.

Ölkədə vətənpərvərlik ruhunun əsas daşıyıcısı və aparıcı qüvvəsi onun gəncləridir. Hər bir xalqın mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Bu baxımdan məktəblərimizdə gənclərlə iş sahəsində görülən tədbirlər gəncliyin vətənpərvərlik ruhunun daha da inkişaf etməsinə təkan verir.

Ümumi təhsil müəssisələrində hərbi vətənpərvərlik tərbiyəsi planlı şəkildə qurulur və səmərəli yerinə yetirilir. Gənclərin çağırışaqədərki hazırlığı fənninin tədris məqsədi məktəbliləri vətənə məhəbbət ruhunda tərbiyə etmək, orduya gənc hərbi qulluqçuların hazırlanmasını təmin etməkdən ibarətdir. Təlim prosesində şagirdlərə qanunlara hörmət, orduya rəğbət, vətənə xidmət, xalqa məhəbbət kimi hisslər aşılanır.

Gənclərin çağırışaqədərki hazırlığı fənni Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 may 1998-ci il  “Gənclərin ibtidai hərbi hazırlıq əsasnaməsi”nə uygun olaraq orta təhsil məktəblərində  tədris olunur. Fənnin mənimsənilməsi X və XI sinif şagirdləri arasında həftədə 2 saat, ildə 68 saat olaraq yerinə yetirilir. Şagirdlər tədris ili boyu  sıra hazırlığı, silahlar və atəş hazırlığı, taktiki hazırlıq, hərbi topoqrafiq biliklər, fövqəladə halların təsnifatı, ilkin tibbi yardım qaydalarını hərbi kabinetlərdə mənimsəyirlər. Hərbi kabinetlər bütün bölmələri əks etdirən tərtibat işləri və əməli məşğələləri keçmək üçün əyani vəsaitlər ilə təchiz olunub. Hətta 100-ə yaxın məktəb elektron silah lahiyəsi ilə təmin edilib.

Hər il Nazirlər Kabinetinin 119 nömrəli qərarına əsasən həftənin cümə günləri gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin bu sahə ilə məşqul olan metodistləri tərəfindən seminar və metodiki toplantılar təşkil olunur. Bu seminar və toplantılarda il boyu keçirilən mövzular müzakirə edilir. Metodistlər mövzunun  məzmunu, planlaşdırılması və qiymətləndirilməsi qaydalarını müəllimlərə izah edirlər. 

Bu gün məktəblərimizdə X və XI sinif şagirdlərinin hərbi dərslərə olan marağı yüksəkdir. Məktəblilər əməli məşğələlərin keçirilməsinə daha çox maraq göstərirlər. Bu baxımdan şagirdlər  silahın natamam sökülüb yığılması, əleyhqazdan istifadə, yaralıya ilk tibbi yardım göstərilməsi qaydalarını əyani olaraq böyük həvəslə yerinə yetirirlər.

Şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsindən danışan zaman "Şahinlər” hərbi idman oyunlarını unutmaq olmaz. Hər il  altı nazirlik və iki qurumun iştirakı, xüsusi ilə Gənclər və İdman və Təhsil nazirliklərinin birgə əməkdaşlığı ilə "Şahinlər” hərbi idman oyunlarının rayon, şəhər və respublika mərhələləri təşkil olunur. Bu yarışın keçirilməsində məqsəd şagirdlərimizin hərbi xidmətə və hərbi məktəblərə marağını artırmaqdır. Yarışda şagirdlər hərbi biliklərlə yanaşı, fiziki imkanlara da yiyələnmiş olurlar.

Odur ki, son zamanlar sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında məktəblərdə hərbi hazırlıq fənnin keçirilmədiyinə dair çıxan əsassız yazılar həqiqətə uyğun deyil. Hələ ulu öndər Heydər Əliyev müharibə şəraitində yaşayan bir ölkədə gənc nəslin hərbi vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinə xüsusi diqqət yetirmiş, onun yüksək səviyyəyə qaldırılmasını əsas vəzifələrdən biri kimi məktəblərin qarşısına qoymuşdu.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasını ən vacib məsələlərdən biri kimi qeyd edir. Ona görə də parta arxasında əyləşən hər bir şagird  anlayır ki, hərbi xidmət keçmək, Vətəni müdafiə etmək onun övladlıq borcudur.

Düşünürük ki, hər bir şəxs bildiyi, təhlil etmək üçün bilik və bacarığı çatan sahə haqqında söz deyə bilər. Əsassız məlumat və şərhlərlə insanları çaşdırmaq cəhdləri gərəkli hesab oluna bilməz. Yalnız danışmaq xatirinə danışmaq, gəncləri səhv istiqamətə yönəltmək yolverilməzdir. Hər kəs bacardığı qədər gənc nəslin vətənpərvərlik tərbiyəsini yüksəltmək və gənclərdə ruh yüksəkliyi yaratmaq, öyrənməyə həvəsi artırmaq üçün çalışmalıdır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin çağırışaqədərki hazırlıq üzrə metodistləri:
Rövşən Qasımov, Mürsəl Qurbanov

 





17.06.2020    çap et  çap et