525.Az

Cənubi Qafqazın ən iri iqtisadyönümlü ali təhsil ocağı - UNEC-90


 

Cənubi Qafqazın ən iri iqtisadyönümlü ali təhsil ocağı - <b style="color:red">UNEC-90</b>

Ölkənin aparıcı ali təhsil ocaqlarından olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) regionda iqtisad elmini dərindən öyrədən fundamental tədris mərkəzi sayılır.

1930-cu ildə əsası qoyulmuş Azərbaycan Dövlət İqtisad Universiteti Cənubi Qafqaz ölkələrinin ən iri ali təhsil ocaqlarından biridir. Xaricdə filialı olan, Azərbaycanda 4 dildə təhsil verən UNEC-in ölkənin yeganə ali iqtisadi təhsil müəssisəsi olaraq yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanmasında müstəsna xidmətləri var. UNEC maddi-texniki bazası, təlim-metodik vəsaitlər və bir sıra digər istiqamətlər üzrə bir çox regional universitetlərə örnək ola biləcək ali təhsil mərkəzidir. 

BÖYÜK İNKİŞAF YOLU 

Yarandığı gündən ölkə iqtisadiyyatının tələblərinə uyğun olaraq ən mühüm ixtisaslar üzrə iqtisadçı kadrların hazırlanması, onların ixtisaslarının artırılması missiyasını öz üzərinə götürən, həm də bu işi şərəflə yerinə yetirən UNEC böyük inkişaf yolu keçib. Son illərdə universitetdə çox zəruri islahat aparılıb və müsbət nəticələr əldə olunub. Əmək bazarının tələbləri nəzərə alınmaqla qəbul planında dəyişikliklər edilib, ixtisaslar üzrə təhsilin keyfiyyəti artırılıb. Universitetin maddi-texniki bazası yaxşılaşdırılıb, keyfiyyətli təhsil mühiti yaradılıb, elmi-tədqiqatların istiqamətləri genişləndirilib. Ölkədə ilk dəfə elektron universitet modelinə keçid, tədris prosesinin tamamilə elektronlaşdırılması, müəllimlərin reytinqinin müəyyənləşdirilməsi məhz UNEC-də həyata keçirilib. UNEC-də qiymətləndirmə ilə əlaqədar yeni mərhələyə qədəm qoyulub. Bu mərhələdə əsas məqsəd obyektivliyi, şəffaflığı təmin etməkdir. İnformasiya və kommunikasiya texnologiyalarının UNEC-də tətbiqi isə təkcə modern təhsilə keçidi deyil, eyni zamanda, idarəetmə sisteminin şəffaflığını təmin edib. Ölkədə ilk dəfə olaraq  məhz UNEC-də 7 gün 24 saat fəaliyyət göstərən, eyni zamanda, 104 tələbəyə xidmət edən zəngin fonda malik, müasir resurslarla təchiz edilmiş elektron kitabxana yaradılıb.

FUNDAMENTAL ELMİ TƏDQİQATLAR APARAN MƏRKƏZ 

Universitetin fəaliyyəti təkcə yüksək ixtisaslı iqtisadçı kadrlar hazırlamaqla məhdudlaşmır. Bu təhsil müəssisəsi həm də peşəkar elmi kadrlar hazırlayan, fundamental elmi tədqiqatlar aparan bir mərkəzə çevrilib. UNEC-də fəaliyyət göstərən 31 Tədqiqat Mərkəzi və onların əldə etdiyi elmi nailiyyətlər bu təhsil müəssisəsinin tədqiqat yönümlü universitetə çevrilməsinə böyük zəmin yaratmışdır. Universitetdə fəaliyyət göstərən Elmi Tədqiqat İnstitutu, Elmi İnnovasiya Mərkəzi, Texnologiya Transfer Mərkəzi, UNEC Biznes Məktəbinin İnkişaf İqtisadiyyatı Tədqiqat Mərkəzi, Rəqəmsal İqtisadiyyat Mərkəzi və digər mərkəzlər müasir tələblər səviyyəsində iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə yeni elmi təfəkkürün və innovasiyalı iqtisadiyyatın formalaşması, fundamental elmi-tədqiqatların aparılması yüksək ixtisaslı iqtisadçılar tərəfindən öyrənilir və tədqiq edilir.

UNEC Dünya Bankı, Asiya İnkişaf Bankı, Amerika Ticarət Palatası, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti və bu kimi bir sıra beynəlxalq assosiasiya və təşkilatların üzvü olmaqla yanaşı, digər qabaqcıl iqtisadi qurumlarla da sıx əməkdaşlıq edir. İqtisadiyyat üzrə 11 Nobel mükafatı laureatının UNEC-in fəxri doktoru olması və onların Azərbaycan Dövlət İqtisad Universitetində müxtəlif istiqamətlər üzrə mühazirələr aparması da bu ali təhsil müəssisəsinin beynəlxalq aləmdə nüfuzunun artmasını bir daha təsdiq edir.

Universitetdə yaradılmış Karyera Mərkəzi, Gənc Tədqiqatçılar Mərkəzi gənclərin bilik, praktiki bacarıq vərdişlərinin artırılması, onların elmi tədqiqatlara cəlb edilməsi və elmi potensiallarının gerçəkləşdirilməsi gənc alimlərin yetişdirilməsi baxımından olduqca əhəmiyyətlidir.

BEYNƏLXALQ REYTİNQ CƏDVƏLİNDƏ ÖNCÜL SIRALARDA OLAN UNEC 

Hazırda UNEC beynəlxalq reytinq cədvəllərində öz mövqeyini qoruyub-saxlayır və inkişaf yolunda irəliləyir. Bu gün nüfuzlu "The Times Higher Edication", "Webometrics", "OS Quacquarelli Symonds LTD" və digər beynəlxalq reytinq təşkilatları dünyanın aparıcı universitetlərinin reytinqlərini müəyyənləşdirərkən UNEC-in də öncül sıralarda yer alması çox mühüm hadisədir.

Bu günlərdə U-Multirank reytinq təşkilatı dünya universitetlərinin fəaliyyətini ölçən reytinq sıralamasının yeddinci buraxılışını və 28 fənn üzrə reytinq cədvəlini açıqlayıb. U-Multirank reytinq sıralamasının builki buraxılışında 92 ölkədən 1800-ə yaxın universitet 5 kriteriya - tədris və öyrənmə, tədqiqat, bilik transferi, beynəlmilləşmə və regional fəaliyyətləri üzrə qiymətləndirilib.

Reytinqə  düşən 1786  universitet arasında  UNEC iqtisadiyyat ixtisası üzrə xüsusi reytinqdə 209-cu ən yaxşı nəticəni əldə edərək, 250 ən yaxşı universitetlər sırasına düşüb. Bu da UNEC-in növbəti uğurudur.

Azərbaycan Dövlət İqtisad Universiteti  artıq dünyanın nüfuzlu universitetləri ilə ayaqlaşmaq mərhələsindədir. UNEC tədqiqat universitetinə çevrilmək istiqamətində qarşıya qoyduğu strateji hədəfə qısa bir zamanda çata bilib.

UNEC Azərbaycan təhsil sistemində və universitet modelinin tanıtımında ciddi yeniliklərə imza atmaqla kifayətlənməyən, öz missiyasını daha irəli götürmək istəyən bir təhsil brendidir.

UNEC-in STRATEJİ HƏDƏFLƏRİ 

UNEC rektoru, professor Ədalət Muradovun fəaliyyətinin əsas məqsədi bu təhsil ocağını yüksək beynəlxalq reytinqli universitetə çevirməkdir. Bu məqsədlə tədris prosesi daim təkmilləşdirilir, professor-müəllim heyətinin peşəkarlıq səviyyəsi daha da artırılır, tədrisdə gənc müəllimlərin payı yüksəldilir, tələbələrin təqaüd imkanları artırılır.

UNEC-in sahibkar universitet modelini inkişaf etdirmək məqsədilə müəyyən etdiyi strateji hədəfləri startapların, patent müraciətlərinin və kommersiyalaşan patentlərinin, o cümlədən, biznes dünyası ilə birgə reallaşdırdığı tədqiqat və innovasiya layihələrinin sayı hər il artırılmaqdadır.

Sosial xidmətlərdə aparıcı universitet statusu almaq istiqamətində hədəflər milli səviyyəli sosial məsuliyyətlilik layihələri reallaşdırmaq, bilik və təcrübənin cəmiyyətə transfer mexanizmlərini, tələbələrin sosial şəraitini, məzunlarla əlaqəni təkmilləşdirmək, ömür boyu təhsil proqramları üzrə xidmət göstərmək kimi müəyyən olunub.

BEYNƏLMİLƏL UNİVERSİTETƏ ÇEVRİLMƏK

Beynəlmiləl universitetə çevrilmək və beynəlmiləlləşməni daha da genişləndirilməsi məqsədilə UNEC-də əcnəbi təhsilalanların payının artırılması, beynəlxalq mübadilə proqramlarında daha çox tələbə, müəllim və inzibati heyətin iştirakının təmin edilməsi, beynəlxalq ikili diplom, o cümlədən, ingilis dilində təhsil proqramlarının sayının davamlı artırılması hədəflənib.

Daha çevik və yüksək səmərəliliyə malik universitet idarəetmə sisteminə sahib olmaq məqsədilə hədəflər UNEC-də strateji idarəetməni tam şəkildə tətbiq etmək, insan resursları, informasiya resursları və maliyyənin idarəedilməsində səmərəliliyi davamlı yüksəltmək, universitet idarəetmə strukturunu optimallaşdırmaq kimi müəyyən edilib.

Tələbələri yataqxana ilə təmin etmək, ölkədə və regionda ən geniş distant təhsil xidmətləri göstərmək də əsas hədəflərdən biridir.

Görülən tədbirlər nəticəsində UNEC-in 100 illik yubileyinə qədər dünyanın ən yaxşı 500 universitetindən birinə çevrilməsi nəzərdə tutulub.

DÜNYANIN ƏN NÜFUZLU UNİVERSİTETLƏRİ İLƏ ƏMƏKDAŞLIQ 

Bu gün UNEC-də tələbələrə dünyanın ən nüfuzlu universitetləri ilə əməkdaşlıq imkanı yaradılır.  Tələbə UNEC-də oxuya-oxuya seçim edib London Universiteti/London İqtisadiyyat Məktəbinin, Rusiyanın Ali İqtisad Məktəbinin diplomunu da əldə edə bilir. Fransanın Monpelye Universitetinin, Türkiyənin ən nüfuzlu universitetləri o cümlədən, dünya reytinq sıralanmasında 85-ci yerdə olan ODTÜ-nün diplomunu UNEC-də oxumaqla qazanmaq mümkündür. Universitetin Türkiyənin təkcə ODTÜ yox, Bilkənt, Qazi, Hacettəpə və TOBB universitetləri ilə ikili diploma dair əməkdaşlığı var.

Bu gün  UNEC-də müəllim-tələbə münasibəti kitablarda yazılan, filmlərdə göstərilən münasibətlərə oxşardır. UNEC-də tələbələri onları narahat edən problemləri rahatlıqla rektorları, müəllimləri ilə bölüşə bilirlər . Bu gün rektor, professor Ədalət Muradov tərəfindən  tələbələrə sözünü cəsarətlə, açıq şəkildə demək, haqqını müdafiə etmək, birincilik uğrunda mübarizə aparmaq üçün bütün imkanlar yaradılıb.  

Bütün bunların nəticəsidir ki, UNEC-ə gələn tələbə təkcə bilikli, savadlı, hazırlıqlı, bacarıqlı mütəxəssis yox, həm də ölkəsini sevən, vətəninin gələcəyi üçün həyatını və canını qurban verməyə hazır olan bir vətəndaş kimi yetişir. 

UNEC HAZIRDA TƏKCƏ AZƏRBAYCANIN YOX, REGİONUN VƏ DÜNYANIN ƏN NÜFUZLU UNİVERSİTETLƏRİ SIRASINDADIR

UNEC də təhsil almaq, bu universitetin tələbəsi olmağı hədəfləyənlərin sayı çoxdur. İldən ilə də bu say artır. 600-dən yüksək bal toplayanların, Prezident təqaüdçülərinin seçimi məhz UNEC-dir.

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində Maliyyə ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi, Prezident təqaüdçüsü Qorxmaz Səfərov deyir ki,  UNEC-i seçməyində son illər, xüsusən abituriyent dövrümdə bu universitetin uğurları, burada həyata keçirilən mütərəqqi yeniliklər barədə geniş məlumat toplamağım böyük rol oynayıb: "Öyrənmişdim ki, UNEC hazırda təkcə Azərbaycanın yox, regionumuzun və dünyanın ən nüfuzlu universitetləri sırasındadır. UNEC-ə qəbul olunduqdan sonra və tədris prosesində bu seçimimin doğruluğuna tam əmin oldum. Tədrisin yüksək səviyyədə qurulduğunu, həm rəhbərlik, həm də müəllim kollektivi tərəfindən şəffaflıq, ədalət prinsiplərinə ciddi riayət edildiyini görərək çox sevindim. Burada ixtisas üzrə oxumaq, lazımlı biliklər əldə etmək, eyni zamanda, ümumi dünyagörüşünü inkişaf etdirmək üçün hər cür imkan və şərait var. Universitet tələbələrinə rəhbərliyin, müəllimlərin diqqət və qayğısı, demokratik yanaşması bizim üçün xüsusən dəyərlidir. 90 illik tarixi ərzində UNEC ölkəmiz üçün çox sayda dəyərli mütəxəssislər, yüksək bilik və bacarığa malik kadrlar yetişdirib, hazırda da yetişdirməkdədir. Mənim də məqsədim ali təhsilimi bu universitetdə yüksək göstəricilərlə başa vuraraq uğurla məzun olmaq, gələcəkdə UNEC-in məzunu adını layiqincə daşımaqdır".

UNEC-in qarşısında daha böyük hədəflər var və ona doğru inamla irəliləyir. Əsas hədəflərdən biri UNEC-i dünyanın ən yaxşı 500 universitetindən birinə çevirməkdir. Əminik ki, çox qısa bir müddətdə UNEC dünyanın ən yaxşı 500 universitetindən birinə çevriləcək.

Sevinc QARAYEVA

 





17.06.2020    çap et  çap et