525.Az

Növbəti buraxılış imtahanları keçirildi - Yenilənib


 

Növbəti buraxılış imtahanları keçirildi - <b style="color:red"> Yenilənib</b>

Dövlət İmtahan Mərkəzi iyunun 18-də ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.

Mərkəzdən verilən xəbərə görə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

İmtahanların təşkil edilməsi üçün 115 imtahan binası, 1904 imtahan zalı, 115 ümumi imtahan rəhbəri, 312 imtahan rəhbəri, 2475 nəzarətçi – müəllim, 230 buraxılış rejimi əməkdaşı, 115 bina nümayəndəsi ayrılıb.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən 4 şagirdin (abituriyentin) bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İyunun 19-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

9-cu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın 5 gün ərzində elan olanacaq.

11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.



***



Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.

DİM-dən verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

2019/2020-ci tədris ili üçün aşağıdakı kateqoriyalar üzrə buraxılış imtahanları keçiriləcək:

1. Tam orta təhsil səviyyəsi üzrə (11 illik) - Bakı şəhərinin Qaradağ rayonu, Lənkəran şəhəri, Ağdam, Beyləqan, Gədəbəy, Goranboy, Göygöl, Hacıqabul, Lerik, Sabirabad, Salyan, Tovuz rayonları.

2. Ümumi orta təhsil səviyyəsi üzrə (9 illik) - Sumqayıt şəhəri, Ağdaş, Göyçay, Qobustan, Qax, Xaçmaz, Zaqatala rayonları.

3. Əvvəlki illərin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə - Bakı şəhərinin Xətai rayonu.

İyunun 18-də keçiriləcək imtahanlarda 24312 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur.

Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Qeyd edək ki, ümumilikdə 18-19 iyun tarixlərində respublikanın 38 şəhər və rayonunda keçiriləcək imtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) 10 şagird də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, hər bir iştirakçının ehtiyacına uyğun tədbirlər görülməklə müxtəlif kitabçalar hazırlanıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib.

18-19 iyun tarixlərində imtahanların keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 209 imtahan binası, 3443 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 209 ümumi imtahan rəhbəri, 559 imtahan rəhbəri, 4474 nəzarətçi–müəllim, 418 buraxılışı təşkil edən əməkdaş, 209 bina nümayəndəsi ayrılıb.

Bundan əlavə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər (binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi, üst tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını çıxardaraq üzünü göstərməlidir.

 





18.06.2020    çap et  çap et