525.Az

Tanınmış jurnalist, ictimai xadim


 

YAXUD SADƏCƏ RAMİZ ƏHMƏDOV

Tanınmış jurnalist, ictimai xadim<b style="color:red"></b>

Görkəmli ictimai-siyasi xadim, bir vaxtlar dövrün ən nüfuzlu qəzeti olan "Kommunist"in (indiki "Xalq" qəzeti) baş redaktoru, Azərbaycan Kommunist Partiyası Nəzarət-Təftiş komissiyasının sədri, Azərbaycan KP MK-nın  büro üzvlüyünə namizəd, bir sıra rayonlarda raykomun birinci katibi, icra hakmiyyətinin başçısı vəzifələrində işləmiş, dövrün tələblərindən asılı olmayaraq vətəninə, xalqına həmişə ləyaqətlə xidmət edən, iki çağırış Azərbaycan Respublikası Ali Sovetinin və Milli Məclisin deputatı seçilmiş, "Mir Cəfər Bağırov", "İkinci Həyat", "Fikirlər düyünündə", "Mir Cəfər Bağırov xatirələrdə" və dövrün problemləri haqqında olduqca maraqlı və əhəmiyyətli bir sıra kitabların və məqalələrin müəllifi olan Ramiz Həşim oğlu Əhmədov, mahnılarda  deyildiyi kimi, bir yanı Şahdağ, bir yanı Xəzər olan əsrarəngiz təbiətə malik Quba rayonunun Zizik kəndində anadan olmuşdur.

Kənddəki yeddiillik məktəbi, Quba şəhərində orta məktəbi əla qiymətlərlə, Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirən Ramiz Əhmədov öz bacarığı, istedadı sayəsində çox az vaxtda əvvəl jurnalistika sahəsində, sonra da partiya və dövlət işində parlayıb irəli çıxdı.

İlk əmək fəaliyyətinə Bakı Dövlət Universitetində oxuduğu illərdə "Kommunist" qəzetində adi korrektor köməkçisi kimi başlayan Ramiz Əhmədov sonralar dövrün ən nüfuzlu qəzeti sayılan "Kommunist"in baş redaktoru vəzifəsinə kimi şərəfli,  həm də keçməkeşli bir jurnalist ömrü yaşadı.

Onun jurnalistikadan Partiya və Dövlət işinə keçidi Moskvada Sov.İKP MK yanında bir vaxtlar "Qırmızı professorlar məktəbi" adlandırılan İctimai Elmlər Akademiyasını bitirdikdən sonra başladı. Akademiyanı bitirib müvəffəqiyyətlə dissertasiya müdafiə edəndən sonra birbaşa Azərbaycan KP MK-ya məsul vəzifəyə təyin olundu. Burada da addım-addım irəliləyən R.Əhmədov az sonra o vaxt Mərkəzi Komitənin birinci katibi olan Heydər Əliyevin birbaşa göstərişi ilə Kirovabad şəhərində yeni yaradılan Gəncə rayon partiya komitəsinin birinci katibi seçildi.

O, sərbəst işdə ilk addımlarını məhz öz sərbəstliyi, əqli, düşüncəsi ilə atdı. Gənclərin vəzifəyə irəli çəkilməsi, onların yuxarılarla söhbətlərinin nəticəsindən asılı olmadan birbaşa vəzifəyə təyin olunması, bəzi məsələləri həll etməmişdən əvvəl şəhərin ağsaqqalları ilə məsləhətləşməsi, küçələrə və meydanlara ad verilərkən Azərbaycanın tarixi  adlarından istifadəyə üstünlük verməsi bəziləri tərəfindən birmənalı qarşılanmasa da, onu Gəncədə böyük hörmət sahibi etdi. Onun sərbəst işdə atdığı bu cür addımları Respublika Partiya təşkilatının rəhbərləri üzdə bəyənmədiklərini bildirsələr də, arxada "bu cür irəli!" dedilər. O da irəlilədi. Azərbaycan KP MK-nın təbliğat-təşviqat şöbəsi müdirinin birinci müavini vəzifəsinə irəli çəkildi. Az sonra isə "Kommunist" qəzetinin baş redaktoru oldu.

Yeni baş redaktor "Kommunist"i Partiyanın tələbləri ilə salındığı "ramkadan" çıxarmaq, daha oxunaqlı etmək, qəzetə xalqın istəyinə və arzularına uyğun yazılar gətirmək üçün ilk fəaliyyətə kadr islahatından başladı. Yaradıcılıq qabiliyyəti zəif olan, daha doğrusu, ancaq  axşamlar növbətçi qalmaq xatirinə redaksiyada saxlanılanları gənc kadrlarla əvəz etdi. Respublikanın digər qəzetlərində çalışan görkəmli və istedadlı qələm sahibi olan  Şakir Yaqubov, Bəxtiyar Sadıqov, Tahir Rüstəmov, Şahmar Əkbərzadə, Qüdrət Piriyev, Hidayət Elvüsal, Akif Qəhrəmanov, Vasif  Səmədov, Akif Cabbarov, Elman Qədirov, Rüsvat Bayramov və digər gəncləri irəli çəkib onların yardıcılığına yaşıl işıq yandırdı. Bununla da "Kommunist"də təhlili və tənqidi yazıların, publisistik məqalələrin sayı artdı. Respublikanın mənəvi həyatı, insanları düşündürən hadisələr, cəmiyyətdə gedən proseslərin mahiyyəti dərindən təhlil olundu. Dünyada baş verən antisovet, antikommunist təbliğatına cavab verən, hər şeyi aydınlığı ilə göstərən silsilə məqalələr dərc olundu. İnsanların mənəvi həyatı, onları narahat edən hadisələr, cəmiyyətdə gedən demokratikləşmə  proseslərinin mahiyyəti və məqsədi dərindən təhlil olundu. Qəzetdə Ədəbiyyat və İncəsənət xadimlərinin, elm adamlarının biri-birindən maraqlı yazıları dərc olundu. O, baş redaktor işlədiyi az vaxtda qəzetdə bir sıra sanballı məqalələrlə çıxış etdi. Tarixi şəxsiyyətlər haqqında yazdığı oçerklərdə oçerk qəhrəmanının keçdiyi ağrılı-acılı həyat yolu ilə yanaşı zamanın problemlərini, çətin vaxtlarda insanların insani keyfiyyətlərini qabarıqlığı ilə açmaqla başqalarına nümunə oldu. Bir sözlə onun baş  redaktor işlədiyi az vaxtda qəzetin ruhu da, məzmunu da tanınmaz dərəcədə dəyişdi.

Amma yaxşı deyiblər ki, yüz yeyənin olsun, bir deyənin olmasın. Onun qəzetdən uzaqlaşdırdığı yaşlı jurnalistlərin himayədarları və digər bədxahları MK-nın rəhbərlərini inandırmışdılar ki, guya Ramiz Əhmədov qəzetdə müxtəlif məzmunlu məqalələr dərc etməklə xalqı onun əleyhinə qaldırır.

Həmin günlərdə "Azərbaycan kommunisti" jurnalı Moskvada yaşayıb işləyən bir  akademikin Dağlıq Qarabağ haqqında yanlış fikirlərlə dolu olan məqaləsini dərc etmişdi. Buna   görə baş redaktoru olduğum "Sovet kəndi" qəzetində Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bunyadovun, Murtuz Ələsgərovun və Abdulla İbrahimovun çox sanballı bir  məqaləsini  dərc edib müəllifi də, jurnalın  rəhbərlərini  də çox kəskin tənqid etmişdim. Bir gün əvvəl birinci katibin yanında olan jurnalın baş redaktoru onu inandırmışdı ki, bu məqaləni verməklə ruslarla azərbaycanlılar arasına nifaq salmışam, ona görə də rəhbərlikdə mənə qarşı fikir tamamilə dəyişmişdi. Vəziyyətin ağırlığını hiss edən Əfrand Daşdəmirov zəng edib qəzetdə düzəliş verib akademikdən də, jurnalın rəhbərlərindən də üzr istəməklə vəziyyəti yumşaltmağı təklif etdi. Xatirini çox istədiyim Əfrand müəllimlə razılaşmadım. İşdən getmək üçün ərizə verməyə hazıram, amma düzəliş verməyəcəm dedim. Buna görə məni Ə.Vəzirovun yanına çağırdılar. Bəlkə də təsadüfən Mərkəzi Komitənin iki katibi, şöbə müdirləri də Vəzirovun yanında idilər. Jurnalın baş redaktoru ilə məni birlikdə dəvət etdilər.  Əleyhimə o ki var  döşəsələr də, sonda Viktor Petroviçin təklifi ilə (əvvəlcədən ona zəng edib hər şeyi danışmışdım)  məni diqqətlə dinlədilər.

Jurnalda dərc olunan məqalədən ayrı-ayrı cümlələri oxumaqla həmin məqalənin ermənipərəst məzmununu izah etdim. Jurnaldakı məqaləni tənqid etməklə MK-nın mövqeyini müdafiə etdiyimizi və qəzetin məqsədini dəqiqliyi ilə aydınlaşdırdım. Vəzirov dərhal fikrini dəyişdi, söhbət Dağlıq Qarabağdan və mətbuatın bu məsələyə münasibətindən getdiyinə görə Vəzirov gözlənilmədən "Kommunist" qəzetinin adını çəkdi. Ramiz Əhmədov haqqında tənqidi fikirlər söylədi. Ətrafdakıların bəziləri onun sözünə qüvvət verdilər.  "Kommunist"in günün tələbələrinə cavab vermədiyini, məqalələrin səthi yazıldığını dedilər.  İcazəsiz ayağa qalxdım, Ramiz Əhmədov haqqında deyilənlərin əsassız olduğunu faktlarla, arqumentlərlə  sübut etdim. Hamının susduğunu görən Vəzirov: "Adamlara şəxsi münasibətinizə görə yox, işinə görə qiymət verin"- dedi. Yeri gəlmişkən, onu da bildirim ki, Ramiz Əhmədov haqqında deyilən haqsızlıqlara heç kimin gözləmədiyi halda verdiyim cavab bəzilərinin  ürəyindən olmasa da, redaksiyaya qayıdandan az sonra Vaqif Hüseynov da, rəhmətlik Əfrand Daşdəmirov da zəng edib razılıqlarını bildirdilər. Bu barədə Ramiz müəllim özünün "Mənim dünyam" kitabında (səh 98-99) yazır.

... Bədxahlarım Vəzirovu inandırdılar ki, "Kommunist"in reaktoru yerində olan, sizinlə işləyə bilən adam deyil. Belə söhbətlərin birində təsadüfən iştirak edən mənim yaxın dostum, "Sovet kəndi" qəzetinin baş redaktoru Asif Quliyev qəti şəkildə "Yoldaş Vəzirov Ramiz Əhmədov barəsində sizə tamamilə səhv məlumat verirlər" deyib öz fikrini cəsarətlə və ciddi arqumentlərlə əsaslandırmasaydı, bəlkə də partiya (respublika) rəhbəri mənimlə bağlı daha sərt qərar çıxarardı. Vəzirov məni "Kommunist" qəzetinin baş redaktorluğundan, özü ilə gündəlik kontaktdan, ümumiyyətlə, paytaxdan uzaqlaşdırmaqla kifayətləndi, mənə AKP Qutqaşen (indiki Qəbələ) rayon partiya komitəsinin birinci katibi vəzifəsini təklif etdi. Razılaşdım".

Ramiz Əhmədov Respublikanın əsas söz sahibi olan "Kommunist" qəzetindən uzaqlaşdırılmaq üçün yenidən rəhbər partiya işinə göndərildi. Qutqaşen (indiki Qəbələ) rayon partiya komitəsinin birinci katibi seçildi.

Həqiqət naminə deyək ki, o günlər çətin günlər idi. Respublikada bir növ iki hakimiyyətlik hökm sürürdü. Bir tərəfdə Respublikanın idarə olunmasına cavabdeh olan hakim kommunist partiyası dayanmışdı, o biri tərəfdə isə yaranmaqda olan Xalq Cəbhəsi ipə-sapa yatmırdı. Onlar bir-birinin ardınca haqlı-haqsız tələblər irəli sürür, nəyin bahasına olursa olsun özlərinin varlıqlarını göstərməyə çalışırdılar. Dediyindən dönməyən Ramiz Əhmədov isə bir qrup dəliqanlının istəkləri ilə razılaşmırdı.

... Birinci katibin iradəsini qıra bilməyənlər rayonda milli münaqişələr yaratmağa əl atdılar. Əsirlərlə qardaş kimi birlikdə yaşayan ləzgilərlə azərbaycanlıların arasına nifaq salmaq istədilər. O vaxt bir dost kimi Ramiz müəllimlə gündə bir neçə dəfə əlaqə saxlayır, fikir mübadiləsi aparırdıq. Bakıda yaşayan Qutqaşenli ziyalıların, xüsusilə ləzgi əsilli ziyalıların Qutqaşenə göndərilməsini təşkil edir və qəzetlərdə onların ləzgilərlə azərbaycanlıların tarixi dostluğundan bəhs edən məqalələrini dərc etdirirdim...

Ləzgilərə qarşı qaldırdıqları fitnəkarlığın baş tutmadığını görən dəliqanlılar bu dəfə daha qorxulu bir fitnəyə əl atdılar. Rayonda yaşayan, soyadı erməni soyadı kimi səslənən udinləri erməni adlandırıb onları hücum obyekti seçdilər.

Vəziyyətin nə qədər ağır olduğunu bildiyimə görə Mərkəzi Kommitənin məsul təşkilatçısı kimi "kuratoru" olduğum Yevlağa, oradan da Yevlax Rayon Sovetinin sədri, Milli Məclisin deputatı Rafiq Nəsibovla Qutqaşenə getdik. Biz hadisə yerinə çatanda Ramiz müəllim şəhərin çıxacağında əndazəsindən çıxmış yürüş iştirakçılarının qabağında təkbaşına dayanmışdı. Bizi gördü, amma özünü görməməzliyə vurdu. Daha doğrusu yaxına gəlməməyimizə işarə etdi. Əslində ölüm ya qalım addımı atan Ramiz Əhmədov o gün böyük bir qırğının qabağını aldı. Onun böyük bir dəstənin qabağında çığıra-çığıra dediyi sözlər indi də qulaqlarımda cingildəyir..... Udinlər ermənilər deyil, onlar elə  udindilər. Biz onlarla ata-babadan dost olmuşuq. Onlar bizim qardaşlarımızdırlar. Qardaş qardaşa əl qaldırmaz. Əgər ermənilərlə döyüşmək istəyirsinizsə geri dönün, mən də sizinlə gedirəm...

Bu barədə əslən Qutqaşendən olan Azərbaycan Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Xalid Əlimirzəyev özünün "Siyasət və əxlaq" kitabında bu məsələyə obyektiv qiymət verib yazır: "....Ədalət naminə onu da etiraf etmək lazımdır ki, udin probleminin müsbət həllində, qansız-qadasız qurtarmasında o dövrdə Qəbələdə birinci katib işləyən Ramiz Əhmədovun xüsusi xidməti olmuşdur. Onun yerində iradəsiz, qətiyyətsiz, qeyri-humanist bir şəxs olsaydı, Allah bilir rayonda başlamış qalmaqal, şüursuz hərəkətlər necə ağır nəticələr verə bilərdi..." (səh. 67).

Yüksək təşkilatçılıq, insanlarla tez dil tapıb ünsiyyət yaratmaq qabiliyyətinə malik olan Ramiz Əhmədov işgüzarlığı və bacarığı ilə yanaşı həm də qarşısındakının kimliyindən asılı olmayaraq sözü şax üzə deyən, heç kimdən, heç nədən çəkinməyən, qorxmayan şəxsiyyət idi. Bəlkə elə buna görə də ölkə rəhbərləri onu nə çox yaxına buraxırdılar, nə də ki, uzağa ata bilirdilər. Amma bütün bunlara baxmayaraq  Partiyanın XXXII qurultayında nümayəndələrin təkidi və bir çox raykom katiblərinin tələbi ilə Ramiz Əhmədov əslində nəzarətdən çıxmış Partiyanın Nəzarət-Təftiş Komissiyasının sədri seçildi. Onu o vəzifəyə ona görə seçdilər ki, bəlkə partiyanın itirilmiş nüfuzunu qaytara bilsinlər... O, bu vəzifədə işlədiyi az vaxtda partiyanın nüfuzunun bərpa olunması üçün atdığı addımların, gördüyü işlərin nəticəsi olmadı.

1991-ci ilin sentyabrında bu dəfə seçki yolu ilə prezident seçilib öz yerini möhkəmlədən Ayaz Mütəllibov bir neçə gündən sonra AKP-nin qurultayını çağırtdırdı. Partiya nizamnaməsinin tələblərinə uyğun olmayaraq qanunsuz keçirilən qurultay başlamamışdan əvvəl mənim və Rafiq Sərimovun təklifi ilə bizim təşkilat şöbəsinin işçiləri (o vaxt Mərkəzi Komitədə işləyirdim) qurultay nümayəndələrinin əksəriyyəti ilə görüşüb, söhbət apardıq, onların fikirlərini öyrəndik, iki raykom katibi və beş-on vəzifə sahibi istisna olmaqla  nümayəndələrin demək olar ki, hamısı partiyanın adında müəyyən dəyişiklik etməklə onun saxlanmasını istədilər. Qurultay nümayəndələrinin fikrini Ramiz Əhmədova çatdırdım. O da məsələni MK-nın birinci katibi, Prezident Ayaz Mütəllibovun kabinetində yığışmış büro üzvlərinə bildirdi və az sonra  MK-nın ikinci katibi V.Polyonicko ilə birlikdə geri dönüb "... onlar üçün partiya yox, vəzifə lazımdır. Artıq vəzifələr də bölünüb, kim hansı kürsüdə oturacağını  dünəndən bilir" - dedi.

Kommunist Partiyası fəaliyyətini dayandırıb Prezident üsul idarəsinə keçəndə Mərkəzi Komitədə rəhbər vəzifə tutanların hamısı yenidən Bakıda daha rahat kürsülərdə əyləşdilər, Ramiz Əhmədovu isə Azərbaycanın dörd yolu hesab olunan, ayrı-ayrı klanların üz-üzə dayandığı, əks kommunistlərin at oynatdığı Yevlax şəhər-rayon icra hakimiyyətinin başçısı təyin etdilər...

Ramiz müəllim Yevlaxda az işlədi, amma çox iş gördü. Rayonda baş alıb gedən özbaşınalıqları aradan qaldırdı. Ayrı-ayrı qrupların əllərində cəmlənmiş silahların Qarabağ uğrunda gedən mübarizəyə təhvil verilməsinə nail oldu.  Həmin illərdə Respublika Daxili İşlər Nazirinin müavini işləyən, şəxsiyyətinə böyük hörmət etdiyim general mayor Rəhim Quliyev bu barədə deyir: "O çətin vaxtlarda Prezident tərəfindən Qarabağa təhkim olunmuşdum. Aylarla orada qalırdım. Ağdamda otururdum. Çətinliyimiz olan kimi Ramizə zəng edirdim. Heç nəyə yox deməzdi. Ərzaqdan tutmuş ən vacib silaha kimi nə istəsək səhəri hazır olardı. Bu məsələlərin həllində o, öz şəxsi nüfuzundan  istifadə edirdi..."

Cəbhə hakimiyyətə gələndə Ramiz Əhmədov öz ərizəsi ilə işdən azad olunub Bakıya qayıtdı. Bir müddət elmi işlə məşğul oldu. Sədaqətli kommunistləri başına yığıb kimlərinsə səriştəsizliyi üzündən fəaliyyətini dayandırmış kommunist partiyasını bərpa etdi. Ulu öndərin Prezidentliyi dövründə kommunistlər yenidən Milli Məclisə deputat seçildilər.

Amma yaxşı deyiblər ki, sən saydığını say, gör fələk nə sayır, necə sayır. Ölümün gözünə dik baxıb, dediyindən dönməyən, məqsədi uğrunda sona qədər cəsarətlə mübarizə aparan nadir bir şəxsiyyət kimi tanıdığım Ramiz Əhmədov gözlənilmədən, dünyada milyonda bir insanın rast gəldiyi nadir, həm də əlacsız xəstəliyə tutuldu...

Ağır xəstə yatdığı, hərəkətsiz olduğu illərdə belə o, dayanmadı, bir sıra sanballı publisistik məqalələr yazdı. Mir Cəfər Bağırov haqqında yazdığı ikinci kitabı başa çatdırdı (onun kitablarının hamısının redaktoru mən olmuşam).

Sadaladığım sevincli, kədərli bu zaman kəsiyinin təqribən 40 ilini onunla birlikdə keçirmişik. Uğurlarımıza birlikdə sevinmişik, çətinliklərimizə birlikdə kədərlənmişik. Onunla dostluğuma görə mənim, mənimlə dostluğuna görə onun inkişaf yoluna daş tökənlər də olub. Ötən o illərin hamısını, ilk görüşümüzü də, son görüşümüzü də indiki kimi xatırlayıram.

***

... Novruza 14 gün qalmışdı. Bakı Dövlət Universitetində oxuyurdum.  Rəhmətlik dayım dedi ki, sabah dərsdən sonra "Kommunist" qəzetinə, baş redaktorun müavini İdris Qasımovun yanına get. Getdim. İdris müəllim məni xeyli sorğu-suala tutdu, sonra da qəzetin məsul katibi Alp Ağamirova qoşub indiki "Azərbaycan" ("İnturist")  mehmanxanasının yerində olan "Kommunist" nəşriyyatına göndərdi. Qəzetin korrektura otağında ilk tanış olub əl görüşdüyüm Ramiz Əhmədov oldu. Elə ilk görüşümüzdən aramızda xoş münasibət yarandı. O, məni sexlərə apardı, mürəttiblərlə, metranpajlarla tanış etdi. Qəzetin ərsəyə gəlməsi üçün keçdiyi, qəzetçilər arasında "cəhənnəm əzabı" adlandırılan  yolun bir hissəsi ilə tanış etdi. Ramiz müəllim  "cəhənnəm əzabı" adlandırılan  bu işi elə həvəslə tərifləyib göylərə qaldırırdı ki, sanki linatip maşınlarında əridilib hərflərə çevrilən, insanın nəfəsini tıncıxdıran qurğuşun qoxusu deyil, cənnətdən gələn gülab ətri idi.

Bir müddət birlikdə işlədik. Ramiz məni hər axşam növbətçi kimi mətbəəyə gələn, yazılarını oxuyub üzünü görmədiyim tanınmış jurnalistlər - Tofiq Həsənov, Əfqan Əsgərov, Nəriman Zeynalov, Hidayət Zeynalov, Əli İldırımoğlu, Cahangir Gözəlov, Sadıq Qarayev və başqaları ilə tanış edir, onların haqqında maraqla danışırdı.

O vaxt ölkəyə Xruşşov rəhbərlik edirdi. Harada gəldi çıxış edir, necə gəldi danışırdı. Amma  onun bütün çıxışları Moskvada jurnalistlər tərəfindən əməlli-başlı redaktə olunub qaydaya salındıqdan sonra Bakıya göndərilirdi, Azərbaycan dilinə tərcümə edilib, qəzetlərdə dərc olunurdu. Bu iş bəzən 6-8 saat, bəzən də daha çox çəkirdi. Bu cür gecikmələr zamanı Ramizlə bulvara çıxıb dəniz kənarında gəzişir, aramızda Xruşşovun yanlış fikirlərinə qarşı çıxır, ölkəni pis günə qoyacağına təəssüflənirdik, amma gələcəyə ümidlə baxır, nə vaxtsa bu qəzetlərin birində adi müxbir işləmək arzusu ilə yaşayırdıq. Ramiz müəllim bu barədə "Mənim dünyam" (səh 28) kitabında yazır. ..."Tələbəlik illərində dostum Asif Quliyevlə "Kommunist" qəzetində korrektor köməkçisi işləyirdik. (Bu, redaksiyada ən aşağı vəzifə sayılırdı). Biz həm əmək haqqı alır, həm də qəzetçilik təcrübəsi toplayırdıq. Nəşriyyat dənizə yaxın idi. (Onun yerində indiki "Azərbaycan" (İnturist) mehmanxanası tikilib). Boş vaxtlarımızda Dənizkənarı bulvara enir, müxtəlif mövzularda söhbətlər edir, gələcək haqqında düşünürdük. Əsl xəyalpərəstlər kimi.... Biz bu qəzetdə sadə jurnalist-müxbir kimi işləmək arzusunda idik. Görəsən, buna nail ola biləcəyikmi...?

Lakin sonralar həyat bizim xəyallarımızı nəinki təsdiq etdi, daha yüksək  pilləyə, o zaman bizə fantaziya kimi görünən, hətta arzularımızın hüduduna yerləşməyən bir səviyyəyə qaldırdı: mən "Kommunist"in, Asif Quliyev isə "Sovet kəndi" qəzetinin baş redaktoru olduq. Hər iki qəzet AKP MK-nın orqanı idi.

Bizim kimilərin vəzifə pillələri ilə addım-addım irəliləmələrində istedad, əməksevərlik, özünütəsdiqə can atmaq müəyyən rol oynasa da, kadrların, xüsusilə gənclərin inkişafına partiya və dövlət qayğısı əsas şərt, başlıca amil idi".

Harada hansı vəzifədə, istər böyük, istərsə də kiçik vəzifədə işləməsindən asılı  olmayaraq Ramiz həmişə öz bildiklərini, öz istədiklərini edirdi. Moskvada Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında oxuyanda dissertasiya müdafiəsi ərəfəsində yanına getmişdim. Qrup yoldaşları ilə Azərbaycanın bir parçası olan "Bakı" restoranında yığışmışdıq. Müxtəlif respublikaların, müxtəlif millətlərin nümayəndələri dost, qardaş kimi mehriban şəraitdə xalqların, millətlərin dostluğu haqqında maraqlı əhvalatlar danışırdılar. Əslən rus olan İqor Sinitsin uzun-uzadı danışdıqdan sonra: "Bəlkə də Akademiyanın tarixində bizim qrup kimi mehriban  bir kollektiv olmayıb, bu mehribanlığın təşkilatçısı və səbəbkarı Ramizdir" - dedi. Sonra da fikrini faktlarla izah etdi. Birinci kursun qışında aspirant yoldaşlarımızdan birinin anası rəhmətə getmişdi. Akademiyanın rəhbərliyinə müraciət edib, hüzürə getməyə icazə istədik, ancaq iki nəfərə icazə verdilər. Ramiz məni də götürdü, birbaşa rektorun yanına getdik: "....biz toya, yeyib-içməyə getmirik, tələbə yoldaşımızın valideyninin hüzürünə gedirik, özü də hamımız gedirik, yaxşı olar ki, rəhbərlikdən  də bir nəfər bizimlə getsin..." - dedi. Rektor dekana zəng edib: "Hüzürə  siz də gedin" - dedi. Bayaqdan cəmi iki nəfərə icazə verən dekan özü də bizimlə getməyə məcbur oldu. Ramizin bu hərəkəti bütün akademiyaya yayıldı.

Həyatın mənasını vətəninə, xalqına xidmətdə, insanlara əl tutub qayğı göstərməkdə görən, dostluğun və insanlığın ləyaqət simvolu kimi tanıdığım Ramiz Əhmədov daim jurnalistikanın inkişafına və jurnalistlərin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına çalışırdı. Azərbaycan jurnalistlərinin Müslüm Maqomayev adına Filarmoniyada keçirilən qurultayında fasilə zamanı Mərkəzi Komitənin birinci katibi Kamran Bağırovla jurnalistlərin problemləri barədə çox ciddi danışdı, fəhlələrə, MK-nın işçilərinə evlər verilir, amma ömrünü başa çatdırmaqda olan jurnalistlər hələ də kirayə evlərdə yaşayırlar. SSRİ Jurnalistlər İttifaqının (Moskva) jurnalistlər üçün inşasına başladığı istirahət evinin Azərbaycan Jurnalistlər İttifaqı rəhbərlərinin günahı üzündən  neçə ildən bəri yarımçıq qaldığını bildirdi, Jurnalistlər İttifaqı rəhbərlərinin bu kompleksin tikintisinə ögey münasibət bəslədiyini, belə getsə o kompleksin tikintisinin başa çatmayacağını - dedi (Yeri gəlmişkən deyim ki, jurnalistlər üçün Moskvanın vəsaiti hesabına Bilgəhlə Nardaranın arasında, dəniz kənarında inşa edilən  o kompleksin tikintisi indiyə kimi  başa çatmayıb, bəlkə də satılıb). Rəhmətlik Kamran Bağırov güldü: "İndi sən birinci söz sahibisən, "Kommunist"in sözü elə Mərkəzi Komitənin sözüdür. Siz yazın, biz də tədbir görək" - dedi.

Amma zaman imkan vermədi, əslində elə bu sözə görə MK-da da, Jurnalistlər İttifaqının rəhbərliyində də Ramizə qarşı münasibət dəyişdi. Onun əleyhinə lazımsız təbliğat başladı. Əvvəl Kamran Bağırova, sonra da Əbdülrəhman  Vəzirova Ramiz haqqında yalan məlumatlar çatdırdılar. Yuxarıda göstərdiyim kimi bir müddətdən sonra Ramizi Qutqaşen (indiki Qəbələ) Rayon Partiya Komitəsinin birinci katibi seçdirməklə "Kommunist"dən uzaqlaşdırdılar.

Ramiz müəllim çətin vəziyyətdən düzgün nəticə çıxarmağı bacaran, dostu üçün hər cür əzaba dözməyə hazır olan bir şəxsiyyət idi. Dağlıq Qarabağ probleminin ən ağır günlərində Azərbaycan KP MK-da Sov.İKP MK katiblərinin iştirak etdiyi tədbirdə çıxış edib. Ermənistan rəhbərlərinin Ermənistanda olan Azərbaycan kəndlərinin, azərbaycanlıların adına olan tarixi yerlərin adlarının dəyişdirilməsi, azərbaycanlılara divan tutulması və bir neçə başqa problemlər barədə, onların Moskvada oturan havadarları haqqında danışdım. Bir-birinin ardınca çıxış edən Sov.İKP MK katibi Liqaçov da, Primakov da mənim əleyhimə olduqca kəskin danışdılar. Hətta haqqımda tədbir görməyi də tapşırdılar.

Əsəblərim tab gətirmədi. Yerimdən qalxıb: "Əgər belədirsə, onda sabahdan mən də qəzetimizin sonuncu səhifəsində gedən ünvanı çıxaracam dedim (O vaxt "Azərbaycan" nəşriyyatının  yerləşdiyi küçə Ovakyan adlanırdı). Məsələnin çox kəskin qoyulduğunu görən Ramiz Əhmədov söz alıb çox ciddi danışdı "... Asif haqqında hansı tədbir görəcəksinizsə, ona hansı cəzanı verəcəksinizsə, bizə də o cəzanı verin" - dedi. Ona baxan əslində, onun təkidi  ilə "Bakinski Raboçi" qəzetinin baş redaktoru Qluskov da, "Vışqa" qəzetinin baş redaktoru İvanov da söz alıb məni müdafiə etdilər.

Şəxsən Züqanovun qonaq kimi dəvət etdiyi Rusiya Kommunist Partiyasının Moskvada keçirilən qurultayında bizimlə görüşən Liqaçov həmin hadisəni xatırlayıb "əgər "Kommunist"in və "Bakinski raboçi" qəzetinin redaktorları səni o cür cəsarətlə müdafiə etməsəydilər, başqalarına görk olmaq üçün səni nəinki işdən, hətta partiyadan xaric etmək istəyirdik.  Amma o çıxışlar bizi qorxutdu..."

Ramiz harada, hansı vəzifədə işləyibsə, həmişə yenilikçi olub. Qutqaşen, indiki Qəbələ rayon partiya komitəsinin birinci katibi işləyəndə əsrarəngiz təbii gözəlliyə malik olan şəhərin abadlığı, dünyada tanınması üçün respublika rəhbərliyi qarşısında bir neçə dəfə məsələ qaldırdı. Azərbaycana gələn ən hörmətli qonaqların Qutqaşenə göndərilməsini istədi. Qəbələnin ölkədə və dünyada tanınması Ramizin böyük arzusu, istəyi idi. Ruhun şad olsun əziz qardaşım, indi Qəbələ sizin istədiyiniz səviyyəyə yüksəlib.

Yenicə yaradılmış Gəncə rayon Partiya Komitəsinin birinci katibi işləyəndə Partiya sənədlərinin Azərbaycan dilində hazırlanması, gənc kadrların irəli çəkilməsi, məktəblərdə təlim-tərbiyə işinin yüksəldilməsi onun təşəbbüsü və  yüksək tələbkarlığının nəticəsidir. Yevlax şəhər icra hakimiyyətinin başçısı işləyəndə Kürün təmizliyi, şəhərin yaşıllığı, ayrı-ayrı kəndlərin  içməli su probleminin həlli məhz onun xidmətidir.

"Kommunist" qəzetində işlədiyi az vaxtda gənclərin irəli çəkilməsinə, hər kəsin qabiliyyətinə  uyğun işlə təmin olunmasına nail oldu, gənc jurnalistlərin öz bacarıqlarını göstərmələri üçün onlara şərait yaratdı. Məhz onun nəticəsidir ki, bu gün Ramizin "yaşıl işıq" yandırdığı jurnalistlərin bir çoxu respublika qəzetlərində yüksək vəzifələrdə çalışırlar.

Rusiya Kommunist Partiyasının qurultayında Ramiz müəllim "Sov.İKP-ni yaradanlar və dağıdanlar" mövzusunda çıxış etmək adı ilə söz aldı, amma Dağlıq Qarabağ problemlərini yaradanlardan danışdı. Bu problemin Moskvadakı havadarlarını, şəxsən Qorbaçovun səriştəsizliyini kəskin tənqid etdi. Bu iş üçün xaricdən milyonlar göndərənlərin adlarını çəkdi. Dağlıq Qarabağ faciəsinin həlli yollarını göstərdi. Qurultayın rəyasət heyətində oturanlar sussalar da, salondakılar onun çıxışını alqışlarla qarşıladılar. Fasilə zamanı Rusiya Kommunist Partiyasının sədri Züqanov, Sov.İKP MK-nın keçmiş katibi Liqaçov və Kommunist Partiyasının digər onlarla tanınmış nümayəndələri dərin məzmunlu çıxışına görə ona təşəkkür etdilər.

Ramiz Əhmədovun təşəbbüsü və Züqanovun köməyi ilə sonrakı gün Rusiya Dövlət Duması sədrinin yanında Ermənistandan olan partiya rəhbərləri ilə görüşdük, bizlərin, eləcə də Rusiya Kommunist Partiyası rəhbərlərinin təkidi ilə Ermənistandan olan nümayəndələr Azərbaycanın ərazi bütövlüyünü tanımaları, Ermənistanda kommunistlər hakimiyyətə gələndən sonra digər problemlərin də həll olunması üçün lazımi addımlar atacaqları haqqında sənəd imzaladılar.

SSRİ jurnalistlər ittifaqının sonuncu qurultayına ikimiz də nümayəndə seçilmişdik. Qurultay nümayəndələri arasında keçmiş tələbə yoldaşlarımız çox idi. Məsləhətləşib görüşdük. Söhbət ancaq Dağlıq Qarabağ problemindən getdi. Nə gizlədək, məhz həmin söhbətlərimizin sayəsində SSRİ Jurnalistlər İttifaqının plenum üzvlüyünə Ermənistandan namizəd göstərilənlər ən az səs topladılar.

Çox-çox təəssüf ki, görkəmli ictimai-siyasi xadim, yüksək qələm sahibi olan Ramiz Əhmədov nə mənim, nə də özünün istədiyi qədər yaşadı. İlk görüşümüzü olduğu kimi, son görüşümüzü də indiki kimi xatırlayıram. Olduqca cəsarətli və əyilməz bir insan olan Ramiz Əhmədov son illərdə əlacsız xəstəlikdən əziyyət çəkirdi. Dünyanın ən tanınmış xəstəxanalarında müayinə və müalicə olunsa da, müsbət nəticə olmurdu. Günəş qürub vaxtı yavaş-yavaş  söndüyü kimi, Ramiz müəllim də addım-addım geriləyirdi... Demək olar ki, hər gün əlaqə saxlayır, həftədə azı iki-üç dəfə ona baş çəkirdim. Son günlərdə özünün də özünə ümidi tükənmişdi.  Çoxsaylı müalicələrin heç bir nəticə vermədiyini görən Ramiz müəllim  ömrünün son günlərini yaşadığını özü də hiss edirdi, hər görüşümüzdə  etimad və sədaqət haqqında, inam, ideya və məqsədə çatmaq üçün nələri etmək və necə etmək, yaxşılıq və pislik barədə söhbət edirdi, nəyi necə etmək barədə məsləhətlər verirdi. Bir gün əvvəl yanında olsam da, 2007-ci il sentyabrın 10-da hansı bir qüvvə isə məni yenidən onun yanına getməyə səslədi. Onun şagirdlik, mənim isə tələbəlik illərimin dostu Əhmədlə yanına getdik, bu, bizim son görüşümüz oldu.  O, sanki bizi gözləyirdi. Biz çatandan bir neçə dəqiqə sonra,  saat 20:15-də  əlimi sinəsinə sıxıb gözlərini əbədi yumdu.

Yaşadığı 68 illik ömür yolunu şərəflə, ləyaqətlə başa vuran Ramiz Əhmədov bu ömür yolunda özünün dediyi kimi, adi seyrçi olmadı. Həyatın bütün çətinliklərinə ədəb-ərkanla, ağılla sinə gərdi, işlədiyi bütün sahələrdə öz dəsti-xəttini qoydu, neçə-neçə kitablar yazdı, Azərbaycan mətbuatında, dünyanın bir sıra tanınmış qəzet və jurnallarında Respublikamızın uğurları haqqında  olduqca dəyərli publisistik məqalələr dərc etdirdi. Yaşamağın mənasını yorulmadan işləməkdə, öz ideyası uğrunda mübarizə aparmaqda vətəninə, xalqına, insanlara xidmətdə görən Ramiz Əhmədov hamıya doğma idi, o, dostluğun və insanlığın ləyaqət simvolu idi.

Asif QULİYEV

 





19.06.2020    çap et  çap et