525.Az

Tsarukyan planı Paşinyana baha başa gələcək


 

Tsarukyan planı Paşinyana baha başa gələcək<b style="color:red"></b>

Ermənistanda siyasi böhran, gərginlik pik həddə çatıb. İyunun 16-da "Çiçəklənən Ermənistan" partiyasının və eyniadlı parlament fraksiyanın rəhbəri, iş adamı Qaqik Tsarukyana qarşı həyata keçirlən repressiv hərəkətlər bu ölkədə qanunların tam şəkildə işləmədiyini bir daha ortaya qoymuş oldu.

Məhz baş nazir Nikol Paşinyanı son günlər yarıtmaz siyasətinə görə tənqid etdiyi üçün Tsarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edildi və barəsində cinayət təqibi başladılmasına razılıq verildi. Tsarukyan üç cinayət işi üzrə təqsirli bilinir ki, özü və ölkənin digər siyasi qüvvələri bunu siyasi təqib, sifariş hesab edir.

Belə ki, digər parlament fraksiyası "Parlaq Ermənistan" ümumiyyətlə səsvermədə iştirak etməyib. Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsiyanın rəhbərlik etdiyi "Vətən" partiyası və digər siyasilər Paşinyanın artıq ölkədə diktatura rejimi yaratdığını bəyan ediblər.

Tsarukyanın tərəfdarları Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsələr də, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən onun qarşısı kobudluqla alınıb, yüzlərlə adam saxlanılıb. Polis hətta aksiyanı işıqlandıran jurnalistlərə də güc tətbiq edib.

Halbuki, hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmaması, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması və s. kimi Qərbin "önəm verdiyi" bütün dəyərlər ayaq altına salınıb.

Maraqlı olanı isə budur ki, Tsarukyanla bağlı son hadisələr fonunda "azadlıq carçısı" olan bəzi beynəlxalq təşkilatlar, beynəlxalq QHT-lər, ümumən bir sıra Qərb təşkilatları səssiz qalıblar.

Sual yaranır. Qərb niyə susur? ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib.

Bu, əlbəttə ki, ilk hadisə deyil ki, Qərb özünü görməməzliyə vurub. Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat etməsini yada salmaq lazımdır.

Paşinyanın siyasəti gələcəkdə özünə rəqib olacaq və ya rəqib olma ehtimalı ola bilən istənilən şəxsi korrupsiya ilə mübarizə ittihamı ilə həbs etməsi və bunun fonunda Qərbin sükutu Paşinyanın əl-qolunu daha da açır. Son hadisələrdən sonra isə  Ermənistanda Paşinyanı diktator hesab edənlərin sayı artır. Hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır. Ölkədə siyasi repressiyalar həyata keçirilir. N.Paşinyanın yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdır. Bir sözlə, Ermənistanda totalitar inqilabi diktatura qurulub.

Küçə adamından baş nazir pilləsinə kimi irəliləmiş Nikol Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Fondu tərəfindən dəstəkləndiyi gün kimi hər kəsə aydındır. Paşinyanın 2018-ci ildəki küçə yürüşləri, mitinqləri və kütləvi aksiyalarının arxasında əslində hansı qüvvələrin dayandığı hər kəsə bəllidir. Ermənistanda anti-sorosçuların həbsi dediklərimizin bariz nümunəsidir.

Mövzu ilə bağlı danışan politoloq Zaur Məmmədov deyib ki, Ermənistanda daxili ictimai-siyasi vəziyyət həqiqətən də gərgindir. Nikol Paşinyan demokratiya adı altında hakimiyyətə gəlsə də, görünən odur ki, onun əsas məqsədləri başqa imiş. O, hazırda bütün siyasi rəqiblərinə qarşı amansızlıq nümayiş etdirir. Əsas məqsəd də yaxın bir neçə il ərzində - növbəti seçkilərədək Ermənistanda demək olar ki, müxalif siyasi partiyaları və dairələri sıradan çıxarmaqdır. Əgər əvvəllər onun yalnız Qarabağ klanına qarşı mübarizəsindən söhbət gedirdisə, zaman göstərdi ki, bu mübarizə təkcə onlarla məhdudlaşmır. Əsas odur ki, onun hakimiyyətinə təhlükə yaradılmasın. Bu təhlükəni yaratmaq istəyən şəxsin və ya şəxslərin irəvanlı, gümrülü, icevanlı və ya qafanlı olması ilə qarabağlı olmasının onun üçün heç bir fərqi yoxdur.

Onun sözlərinə görə, hazırda Paşinyan hakimiyyətinə real təhlükə törədə bilən şəxslərdən biri də "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyandır: "Bu həmin Tsarukyandır ki, 2018-ci ilin aprel ayında baş verən hakimiyyət dəyişikliyi zamanı Paşinyana tam dəstəyini ifadə edib. Onun "Çiçəklənən Ermənistan" parlament fraksiyası da Paşinyanın "Mənim addımım" blokuna dəstək verərək, onun 2018-ci ilin mayında parlamentdə Baş nazir seçilməsini asanlaşdırmışdı. Ancaq zaman göstərdi ki, bu müttəfiqlik zor gücüylə imiş. Daha doğrusu, Paşinyan bu müttəfiqlikdə səmimi deyilmiş və Tsarukyandan öz məqsədləri üçün istifadə edirmiş.

Faktiki olaraq Paşinyan hazırda 2018-ci ildə ona ciddi dəstək verən Ermənistanın ən varlı siyasi partiya sədrinə qarşı savaş elan edib. Bütün bunlar onu deməyə əsas verir ki, Nikol öz məqsədlərinə doğru irəliləməkdədir. O, əvvəlcə əsas siyasi rəqibləri Robert Köçəryan və Serj Sərkisyan cütlüyünə qarşı siyasi motivli təqiblərə başladı. İndi isə onun qarşısındakı digər ən böyük sədlərdən olan "Çiçəklənən Ermənistan"ın liderinə qarşı məhkəmə davası açıb. Ancaq Tsarukyan da Ermənistanda çox ciddi siyasi fiqurlardan hesab olunur. Onun ölkənin güc strukturlarında kifayət qədər yaxın adamı var. Yəni bu mübarizədə qələbə çalmaq Paşinyan üçün o qədər də asan olmayacaq".

PƏRVANƏ

 





19.06.2020    çap et  çap et