525.Az

Ermənistanda qazın qiymətinin artmasının yaradacağı problemlər


 

Ermənistanda qazın qiymətinin artmasının yaradacağı problemlər<b style="color:red"></b>

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı mütəxəssisi Orxan Bağırov Ermənistanda qazın qiymətinin artması ilə bağlı prosesə və nəticədə ölkədə baş verən narazılıqlara dair təhlil hazırlayıb. 

Təhlildə bildirilir ki, son dövrlərdə pandemiya ilə əlaqədar olaraq yaranan iqtisadi problemlər və daxili bazarda qazın qiymətinin artırılması ilə bağlı irəli sürülən təkliflər Ermənistanı Rusiya qazının qiymətindən narazı salır: "Çünki qazın yüksək qiyməti iqtisadi problemlərin yaranmasına və sosial narazılığın artmasına yol açır. Buna görə də Ermənistan hökuməti qazın qiymətinin azalması istiqamətində Rusiya ilə danışıqlar aparmağa və müsbət nəticələr əldə etməyə çalışır. Lakin bununla bağlı Rusiya fərqli münasibət göstərir və Ermənistan ilə əldə edilmiş razılığa əsasən qazı beynəlxalq bazarlarda formalaşan qiymətlər əsasında deyil, siyasi qərar əsasında müəyyən edilmiş tarif əsasında satmaqda maraqlıdır. Ona görə də bu narazılığın formalaşma səbəblərini və mümkün nəticələrini nəzərdən keçirmək əhəmiyyətlidir.

2019-cu ilin yanvar ayında Rusiya Ermənistana satdığı təbii qazın topdan satış qiymətini 10 faiz artıraraq hər min kubmetr üçün 150 dollardan 165 dollara qaldırdı. Halbuki qiymət artımından öncə Ermənistan hökuməti qiymətin azaldılması ilə bağlı danışıqların getdiyini bəyan edərək qiymətin azaldılacağına ümid edirdi. Lakin tam əksi baş verdi. Bundan sonra 2019-cu ilin sonunda Rusiyanın enerji şirkəti "Qazprom" Ermənistana satılan qazın qiymətini 2020-ci ilin sonuna qədər artırmayacağını elan etdi.

Qiymətin artdığını görən Paşinyan bəyan etdi ki, ölkə daxilində qaz siyasətinə edilən dəyişikliklər əhali üçün qazın qiymətinin artmasına imkan verməyəcək. Bundan sonra qiymətin qalxmasına baxmayaraq, "Qazprom" - Ermənistan ("Qazprom"un Ermənistandakı törəmə şirkəti) istehlak bazarı üçün qazın qiymətini dəyişməz saxladı. Bu isə onun xərclərinin artmasına və maliyyə problemlərinin yaranmasına gətirib çıxardı".

Qeyd edilir ki, nəticədə, 2020-ci ilin əvvəlindən etibarən daxili bazarda qazın qiymətinin artırılması ilə bağlı müzakirələrin aparılmağa başladı və aprelin 1-də "Qazprom"-Ermənistan elan etdi ki, o daxili bazarda hüquqi və fiziki şəxslər üçün qaz tariflərinin dəyişdirilməsi üçün Ermənistanın Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasına (EDXTK) müraciət edəcək və dəyişikliklərin iyulun 1-dən etibarən qüvvəyə minməsi təklifini irəli sürəcək (istilik elektrik stansiyaları üçün isə avqustun 1-dən). Bu isə bir il öncə Paşinyanın qiymətin artmayacağı ilə bağlı verdiyi vədin üzərində dura bilməməsi anlamına gəldi. "Qazprom"-Ermənistanın müraciətindən sonra EDXTK elan etdi ki, hazırda təklif nəzərdən keçirilir və iyunun 19-na qədər təklifin qəbul edilməsi və ya rədd edilməsi haqqında qərar verəcəkdir. Əgər EDXTK qiymət artımını təsdiqləməli olarsa bu Ermənistanda qazın qiymətinin orta hesabla 11 faiz artması deməkdir. Bu isə onsuz da virusla əlaqədar olaraq əhali üçün yaranmış çətin iqtisadi vəziyyətin daha da pisləşməsinə səbəb olacaq.

Təhlildə qeyd olunub ki, ümumiyyətlə, Ermənistanın enerji sektorunda və iqtisadiyyatında qaz istehlakı böyük paya sahibdir. Belə ki, Ermənistanda istehsal edilən elektrik enerjisinin 35 faizi istilik elektrik stansiyalarında istehsal edilir ki, bu stansiyalar da qaz ilə fəaliyyət göstərir. Bundan başqa Ermənistanda avtomobillərin 80 faizə qədəri qazdan istifadə edir. Qaz qiyməti ilə bağlı təklif edilən dəyişikliklər həyata keçərsə, bu Ermənistan iqtisadiyyatına birbaşa təsir edərək onun rəqabətliliyinin azalmasına yol açacaq. Ən əsası isə pandemiya dövründə çətin iqtisadi duruma düşmüş sosial baxımdan həssas təbəqənin narazılığının artmasına səbəb olacaq.

Bunları nəzərə alaraq Ermənistan hökuməti "Qazprom" tərəfindən satılan qazın qiymətinin azaldılması istiqamətində fəaliyyətə başladı və bununla daxili bazarda qazın qiymətinin artmasının qarşısını almağa çalışır. Bu məqsədlə 2020-ci il martın 31-də Ermənistan hökuməti "Qazprom"a Ermənistan üçün müəyyən edilən qaz tariflərinin aşağı salınması ilə bağlı məktub göndərdi. Məktubda qeyd edilib ki, hazırda dünya bazarlarında neftin qiyməti aşağı olduğundan onun qiyməti ilə birbaşa bağlı olan qazın qiyməti də aşağı düşüb və bu da Ermənistana satılan qazın qiymətinin də aşağı salınmasına imkan yaratmalıdır. Qiymətin azaldılması ilə bağlı Ermənistan tərəfindən irəli sürülən digər arqument isə ondan ibarətdir ki, koronavirusun yaratdığı iqtisadi geriləmə Ermənistanda qaza olan tələbin azalmasına səbəb olmuşdur ki, bu da qaz satışının azalmasına yol açmışdır. Yalnız qiymətlərin azaldılması satış həcmlərinin bərpa edilməsinə imkan yarada bilər. Məktuba cavabda isə "Qazprom" bildirib ki, onlar bu məsələni diqqətdə saxlayacaq və problemin həlli ilə bağlı növbəti danışıqlar hökumətlər səviyyəsində aparılacaq: "Rusiyanın qazı Ermənistana müəyyən edilmiş sabit tarif əsasında satmasının nəticəsidir ki, hazırda Rusiya Avropaya hər min kubmetr təbii qazı 60 dollar ətrafında satdığı halda Ermənistana 165 dollara satır. "Qazprom"-Ermənistan isə daxili bazarda hər kub metr qazı orta hesabla 290 dollar ətrafında satır. Buna görə də Ermənistanda Rusiyadan qaz alışı ilə bağlı əldə edilmiş razılaşmaya dəyişikliyin edilməsi və sabit qiymət mexanizmindən bazar qiyməti mexanizminə keçid müzakirə edilməkdədir. Lakin nəzərə almaq lazımdır ki, hazırda pandemiyanın təsiri ilə qazın qiymətinin aşağı olmasına baxmayaraq sonradan onun qiymətinin əsaslı formada artması və 165 dolları ötməsi də mümkündür. Lakin post-pandemiya dövründə yaranacaq iqtisadi problemlər qazın qiymətinin kəskin artması üçün şərait yaratmayacaq".

O.Bağırov hesab edir ki, hazırda Ermənistan üçün Rusiya qazına alternativ mənbə tapmaq demək olar ki, mümkün deyil. Ermənistan üçün Rusiyadan qaz asılılığını azaltmağın yeganə yolu İrandan qaz alışının artırılması ola bilər. Hazırda Ermənistan İrandan barter prinsipi əsasında qaz idxal edir. Lakin idxal edilən qazın həcmi azdır. Əvəzində isə Ermənistan İrana hər kubmetr qaz üçün 3 kilovat elektrik enerjisi ixrac edir. Əgər Ermənistan İrandan qaz ixracını artırarsa bu Rusiya ilə İran münasibətlərinə mənfi təsir edə bilər. Ona görə İran buna razı olmaz. Digər tərəfdən isə bu məsələ Ermənistana böyük həcmdə yardım ayıran ABŞ-ın maraqlarına xidmət etməyəcəkdir. İrana qarşı sanksiya tətbiq edən ABŞ üçün Ermənistanın belə addım atması arzuolunan deyildir. Bunun nəticəsidir ki, ötən illər ərzində İranla qaz alışının artırılması ilə bağlı heç bir danışıq aparılmayıb. Alternativ enerji mənbələrinin inkişafı istiqamətində isə Ermənistanda müxtəlif layihələr həyata keçirilsə də bu sahənin sürətlə inkişaf etdirilməsi üçün maliyyə və infrastruktur imkanları çox zəifdir. Bütün bunlar onu göstərir ki, hazırda Ermənistan üçün qaz alışında alternativ yoxdur və yaxın gələcəkdə Rusiya qazına alternativ mənbənin formalaşacağını gözləmək olmaz.

S.QARAYEVA

 





19.06.2020    çap et  çap et