525.Az

Nəriman Nərimanovun yubileyi Kürdəmirdə də qeyd edilib


 

Nəriman Nərimanovun yubileyi Kürdəmirdə də qeyd edilib<b style="color:red"></b>

İyunun 18-də AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialında görkəmli Azərbaycan yazıçı-dramaturqu, publisist, həkim, maarifçi və dövlət xadimi Nəriman Nərimanovun 150 illik yubileyi münasibətilə dəyirmi masa keçirib.

Tədbiri AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq Nəriman Nərimanovun keçdiyi keşməkeşli həyat yolundan, yaradıcılığından, publisistik fəaliyyətindən, maarifpərvər ziyalı kimi xalqa xidmətindən, milli təəssübkeşliyindən danışıb. N.Nərimanovun həyat və fəaliyyətini əks etdirən video- çarxın nümayişindən sonra dəyirmi masa iştirakçıları müzakirəyə qoşulub. 

Şəhər 3 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Günəş Xudiyeva N.Nərimanovun bədii yaradıcılığından bəhs edərək yazıçının istər nəsr, istər dram əsərlərində, eləcə də tərcümələrində dil, üslub, mövzu zənginliyini vurğulayıb. Bildirib ki, N.Nərimanov istər tarixi dramlarında, istər satirik pyeslərində, istərsə də nəsr əsərlərində dini fanatizmi, savadsızlığı, geriliyi, mütiliyi, özbaşınalığı, tənqid hədəfinə çevirib, dostluğu, ülvi məhəbbəti təbliğ edib.

Karrar qəsəbə tam orta məktəbin dil-ədəbiyyat müəllimi Şəfəq Ağayeva N.Nərimanovun publisistik fəaliyyətindən söhbət açaraq onun dövrün mütərəqqi fikirli ziyalıları ilə birgə "İrşad", "Həyat" qəzetləri, "Məktəb" jurnalı, sonralar isə özünün açdığı və redaktoru olduğu "Hümmət" qəzetində dərc etdirdiyi məqalələrində, felyetonlarında mütərəqqi fikirlər yaydığını vurğulayıb.

Dəyirmi masanın virtual qonağı olan Slavyan Universiteti beynəlxalq əlaqələr kafedrasının müdiri Habil Məmmədov müzakirələrə qoşularaq N.Nərimanovun Azərbaycanın ictimai-siyasi fikir tarixindəki yerindən söz açıb. BDU-nin Tarix fakültəsinin tələbəsi Nuralı İsmayılov N.Nərimanovun fəaliyyətində Türkiyəyə dost və qardaş münasibətin xüsusi yer tutmasından danışıb.

Kürdəmir Regional Mədəniyyət idarəsində bədii rəhbər işləyən Sahilə Müseyibova çıxışında N.Nərimanovun milli-mənəvi dəyərləri yüksək qiymətləndirərək qorumağa çalışmasının mühüm cəhət olduğunu deyib.

Namiq Ağayev Ümummilli lider Heydər Əliyevin N.Nərimanovun ictimai-siyasi fəaliyyətinə və ədəbi yaradıcılığına, xalqın sosial-mədəni inkişafında göstərdiyi xidmətlərə yüksək dəyər verməsindən bəhs edib: "Dövlətimiz və xalqımız N.Nərimanova ictimai-siyasi və ədəbi fəaliyyətinə görə bu gün də yüksək dəyər verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 fevral 2020-ci il tarixli Nəriman Nərimanov 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamı buna tarixi sübutdur".

 





21.06.2020    çap et  çap et