525.Az

Xalq yazıçısı Ümumdünya Təbiəti Mühafizə Fonduna dəstək oldu


 

Xalq yazıçısı Ümumdünya Təbiəti Mühafizə Fonduna dəstək oldu<b style="color:red"></b>

Xalq yazıçısı Çingiz Abdullayev "WWF Azərbaycan"ın (Ümumdünya Təbiəti Mühafizə Fondu) təbiətimizi və nadir heyvanları qorumaq üzrə layihələrinə dəstək verib.

Bu haqdakı videoçarxda yazıçı deyir: "Hər birimiz doğma vətənimizin təbiətilə fəxr edirik. Ancaq çox az insan bunun qorunmasına yaxından kömək edir.  Bunu birlikdə dəyişək! Ümumdünya Təbiəti Mühafizə Fonduna dəstək olun!"

Çingiz Abdullayev sözügedən videoçarxı sosial şəbəkə hesabında bu başlıqla paylaşıb: "...Mən bütün gücümlə WWF-nin tərəfini tutmağa hazıram. Bu, çox lazımlı, nəcib və vacib mövzudur. Bizim uşaq və nəvələrimizin hansı dünyada yaşamağı onun qərarından asılıdır. Mən də öz töhfəmi verə bildiyimə görə, qürur hissi keçirirəm".

Qeyd edək ki, Ümumdünya Təbiəti Mühafizə Fondu (World Wide Fund for Nature və ya qısaca WWF) - təbiətə qarşı ziyanı dayandırmağı və vurulan ziyanı bərpa etməyi hədəfləyən beynəlxalq qeyri-hökumət təşkilatıdır.

Ümumdünya Mühafizə fondu, dünyada beş milyondan çox tərəfdarı olan ən böyük mühafizə təşkilatıdır. 100-dən çox ölkədə fəaliyyət göstərir, 3000-dən çox ətraf mühit layihələrini dəstəkləyir. 1995-ci ildən bəri 12 mindən çox qorunma təşəbbüsünə 1 milyard dollardan çox sərmayə yatırılıb. Ümumdünya Mühafizə fondu "planetin təbii mühitinin deqradasiyasını dayandırmaq və insanların təbiətlə ahəngdar yaşadığı bir gələcək qurmaq" məqsədi daşıyır.

WWF-nin öncülü olan Qoruma Fondu, 1948-ci ildə Fairfield Osborn tərəfindən New York Zooloji Cəmiyyətinin (bu gün Vəhşi Təbiəti Qoruma Cəmiyyəti olaraq bilinən) dünyanın təbii sərvətlərini qorumaq məqsədi ilə təsis edilib.

ŞAHANƏ

 





21.06.2020    çap et  çap et