525.Az

2019-2020-ci tədris ilinin yekunları


 

"VİRTUAL MƏKTƏB" LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ ÖLKƏNİN ƏN İRİ MİLLİ ONLAYN PLATFORMASI ŞAGİRDLƏRİN İSTİFADƏSİNƏ VERİLİB

2019-2020-ci tədris ilinin yekunları<b style="color:red"></b>

Ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsili 2013-cü ildəki 24 faizdən 2019-2020-ci tədris ilində 80 faizə çatdırılıb, 100 mindən çox uşaq təhsilə cəlb edilib. 

Təhsil Nazirliyinin 2019-2020-ci tədris ilinin yekunlarına dair hesabatında bildirilib ki,  2019-2020-ci tədris ilində ölkə üzrə 33 rayon və şəhərin 308 icmasını əhatə edən 321 icma əsaslı məktəbəqədər təhsil qrupu təşkil edilib.  6212 nəfər  3 və 4 yaşlı uşaq bu qruplarda təhsilə cəlb edilib. Pandemiya dövründə "İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi çərçivəsində UNICEF-in maliyyə dəstəyi ilə "Mədəniyyət" kanalında "Oynayırıq və öyrənirik" adlı teledərslər nümayiş olunub.

Hesabata əsasən, 2019-2020-ci tədris ili üzrə Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumtəhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib. Tədris ilində birinci siniflərə 165 minədək uşaq qəbul edilib: "2019-2020-ci tədris ilində  XI sinfi bitirən şagirdlərin sayı 80 646, IX sinfi bitirənlərin ümumi sayı isə 119 852 nəfərdir.

2019-2020-ci tədris ilində respublika üzrə 3256 ümumtəhsil məktəbində fəaliyyət göstərən 5855 məktəbəhazırlıq qrupunu 107911 nəfər uşaq başa vurub.

2020-2021-ci tədris ilində I sinifdə təhsil alacaq uşaqların sayının 165 511 nəfər olacağı proqnozlaşdırılır. İstedadlı uşaqlar üçün xüsusi siniflərin əhatə dairəsi genişləndirilib. 2019-2020-ci tədris ilində istedadlı uşaqlar üçün 102 xüsusi sinif yaradılıb.

Hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri ilə yanaşı 47 rayon üzrə 82 məktəbdə ümumilikdə 162 xüsusi sinif fəaliyyət göstərir. 4000-ə yaxın şagird sözügedən siniflərdə təhsillərini davam etdirir.

Gəncə şəhəri və Quba rayonunda Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin, Şirvan və Şəki şəhərlərində isə Kimya-biologiya təmayüllü Respublika liseyinin sinifləri yaradılıb. Növbəti tədris ilindən Gəncə, Şirvan, Şəki şəhərləri, Quba və Şəmkir rayonlarında 5 yeni lisey fəaliyyət göstərəcək. Belə ki, Gəncə şəhəri və Quba rayonunda Fizika, riyaziyyat və informatika təmayüllü, Şirvan, Şəki şəhərləri və Şəmkir rayonunda isə Kimya-biologiya təmayüllü Respublika liseyi təşkil olunub. Yeni liseylər həmin regionlarda sözügedən lisey siniflərinin bazasında yaradılıb".

Hesabatda bildirilib ki, 2019-2020-ci tədris ilində 322 adda 7 717 764 nüsxə dərslik və metodik vəsait çap edilib. Dövlət ümumi təhsil müəssisələrinin istifadəsində olan 116 adda dərslik və metodik vəsait məzmun və dizayn baxımından təkmilləşdirilərək yenilənib. 2020-2021-ci tədris ili üçün ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI siniflərinə ümumilikdə 339 adda 7233214 nüsxə dərslik və metodik vəsaitin çap edilməsi nəzərdə tutulub. Onlardan 260 adda 6912174 nüsxəni dərsliklər, 79 adda 321040 nüsxəni isə metodik vəsaitlər təşkil edir. Bu kağız dərsliklər əsasında 48 adda yeni elektron dərsliyin hazırlanması, 46 adda mövcud elektron dərsliyin isə təkmilləşdirilmiş kağız dərsliklərə uyğunlaşdırılması həyata keçiriləcək. Bununla yanaşı, dövlət peşə təhsili müəssisələri üçün ümumilikdə 96 adda 185699 nüsxə dərsliyin çap edilməsi nəzərdə tutulub.

2019-2020-ci tədris ilində dövlət ümumi təhsil müəssisələrinin I sinifləri üçün hazırlanan ehtiyat dərsliklər 150 məktəbin pilot siniflərində tətbiq olunub.

Aprelin 2-dən "Virtual məktəb" layihəsi çərçivəsində ölkənin ən iri milli onlayn platforması şagirdlərin istifadəsinə verilib. Onlayn platformada qeydiyyatdan keçmiş müəllim və şagirdlərin sayı 1 milyonu ötüb. Həmin platforma üzərindən hər həftə şagirdlər arasında "Virtual əlaçı" müsabiqəsi keçirilib.

Ölkənin müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən Azərbaycan Təhsil Şəbəkəsi hazırda 3 900-ə yaxın təhsil müəssisəsini əhatə edir.

Hesabatda qeyd olunub ki, 2019-2020-ci tədris ili üzrə 8 mindən çox müəllim işə qəbul olunub. Onlardan 3260 nəfəri müddətsiz, 5614 nəfəri isə müddətli müqavilə əsasında işlə təmin olunub. Müddətsiz müqavilə əsasında işə qəbul olunan müəllimlərdən 973 nəfər həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə, 2287 nəfər isə həvəsləndirmə tədbirləri tətbiq edilən məktəblərə işə qəbul olunub. Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş müsabiqə əsasında müddətli müqavilə ilə işə qəbul olunmuş müəllimlərin daimi əsaslarla işə qəbul edilməsi üçün elektron müsabiqə və onlayn müsahibələr təşkil edilib. Müsahibələrdə iştirak etmiş 1228 namizəddən 1035 nəfəri uğur qazanaraq müddətli müqavilə əsasında çalışdıqları məktəbə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıb.

Elektron dərslik portalından istifadə sayı iki dəfə artıb. Hesabatda vurğulanıb ki, 2019-2020-ci ildə Təhsil Nazirliyinin  www.e-derslik.edu.az portalından unikal istifadəçı sayı 1 103 257, portala ümumi daxilolma sayı 3 102 531, səhifələrə ümumi baxış sayı isə 22 466 350 olub. Müqayisə üçün deyək ki, ötən tədris ilində bu rəqəmlər müvafiq olaraq 704 470, 1 869 193, 13 599 894 təşkil edib. www.video.edu.az portalında videolara baxış sayı 383 948 dəfə olub.

S.QARAYEVA

 





21.06.2020    çap et  çap et