525.Az

"Demokratdan" diktatora çevrilən Paşinyan, yaxud Qərb niyə susur?


 

"Demokratdan" diktatora çevrilən Paşinyan, yaxud Qərb niyə susur?<b style="color:red"></b>

Ermənistanda son günlər cərəyan edən hadisələr, baş nazir Nikol Paşinyanın açıq şəkildə repressiya siyasəti aparması, onu tənqid edən istənilən şəxsə qarşı cinayət işi açdırması ölkədə narazılığı, gərginliyi pik həddə çatdırıb.

Koronavirus pandemiyası ilə mübarizədə uğursuzluğa düçar olan, digər ölkələrdən yardım dilənən Paşinyan bütün məsuliyyəti xalqın üzərinə qoymağa, sudan quru çıxmağa çalışır. Lakin problemlər məngənəsində sıxılan erməni xalqı artıq ona tamamilə etimadsızlıq göstərir. Paşinyanın sifarişi ilə "Çiçəklənən Ermənistan" partiyasının sədri, eyniadlı fraksiyanın rəhbəri, iş adamı Qaqik Tsarukyana qarşı həyata keçirilən son siyasi tətbiq isə xalqın etirazlarını daha da artırıb.

Xatırladaq ki, Ermənistan parlamenti iyunun 16-da Tsarukyanın deputat toxunulmazlığını ləğv etdi, onun barəsində cinayət təqibinin başladılmasına razılıq verdi. Səsvermədə parlamentdəki digər fraksiya - "Parlaq Ermənistan"ın da deputatları iştirak etmədilər. Beləliklə, çoxluq təşkil edən Paşinyanın "Mənim addımım" bloku rahat şəkildə Tsarukyanı həm toxunulmazlıqdan məhrum etdilər, həm də onun həbsinə rəvac verdilər.

Tsarukyanın məhz Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qaldı və baş verənlərin siyasi təqib olduğu açıq şəkildə ortadadır.

Maraqlı olanı baş verən bu qanunsuzluqlara, Paşinyanın siyasi təqiblərinə, demokratiya ilə daban-dabana zidd addımlarına "azadlıq carçısı" olan bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyidir.

Hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanları tərəfindən güc tətbiq olunması, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması və s. kimi Qərbin "önəm verdiyi" bütün dəyərlər ayaq altına salındı. Sual yaranır. Qərb niyə susur? ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib.

Bu, əlbəttə ki, Qərb özünü görməməzliyə vurduğu Ermənistanla bağlı ilk hadisə deyil. Gələcəkdə özünə rəqib olacaq və ya rəqib olma ehtimalı ola bilən istənilən şəxsi korrupsiya ilə mübarizə ittihamı ilə həbs etməsi və bunun fonunda Qərbin sükutu Paşinyanın əl-qolunu daha da açır.

Qərbin ikili standartlarının ən bariz nümunəsi Ermənistanda 2017-ci ildə keçirilmiş parlament seçkiləridir. Seçkiləri müşahidə edən Qərb təşkilatlarının rəyində Ermənistanda bütün başlıca azadlıqlara əməl edildiyi göstərilmişdi. Lakin az sonra Ermənistanda inqilab baş verdi və seçkiləri uduzmuş indiki baş nazir hakim partiyanı devirdi. 2019-cu ildə BMT Baş Assambleyasında çıxış edən Ermənistanın baş naziri 2018-ci ilin dekabrında keçirilmiş yeni seçkilərə toxunaraq  demişdi: "25 il il ərzində ilk dəfə bu seçkilər və onun nəticələri hamılıqla qəbul edilmiş və heç bir siyasi partiya tərəfindən şübhə altına alınmamışdır". Yenə həmin çıxışında baş nazir bildirir ki, "hakimiyyətə gələndən dərhal sonra heç vaxt ölkəmizdə olmayan demokratik təsisatların yaradılması üçün ciddi addımlar atmağa başladıq".

Millət vəkili Hikmət Babaoğlu da o fikirdədir ki, Paşinyan özünün keçmiş və gələcək siyasi rəqiblərini həbs etdirir, söz və mətbuat azadlığını məhdudlaşdırır. Bütün bunları aqressiv şəkildə həyata keçirərkən isə demokratiya pərdəsi arxasında gizlənir, korrupsiyaya qarşı mübarizə apardığını iddia edir. Beləliklə həm də universal dəyərləri öz repressiya siyasətinə alət edir. Deputat vurğulayıb ki, məsələ bununla da bitmir. Vətəndaş cəmiyyəti institutlarının fəalları, repressiyaya qarşı küçəyə çıxan sadə vətəndaşlar polis tərəfindən kütləvi şəkildə həbs edilir.

Onun sözlərinə görə, Tsarukyana qarşı baş verənlərin iki səbəbi var. Birincisi, Paşinyan Tsarukyanı özünə ciddi siyasi rəqib hesab edir, ikincisi məhz onun Paşinyan hakimiyyətini daha sərt tənqid etməsidir.

Baş verən repressiyalara Qərbin demokratiya institutlarının heç bir reaksiya göstərmədiyinə diqqət çəkən H.Babooğlu düşünür ki, bununla onlar Paşinyanın demokratik obrazının yaradılmasına xidmət göstərmiş olurlar. "Bu faktor da nəticə etibarilə Ermənistanın işğalçı yox,  demokratik ölkə olması rəyinin yaradılmasına xidmət edir. Bu günə qədər təəssüf ki, nə ABŞ Dövlət Departamenti, nə Avropa Şurası Parlament Assambleyası, nə ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, nə ABŞ-ın Ermənistandakı səfiri, nə də Qərb ölkələrinin Ermənistandakı səfirlikləri baş verənlərə heç bir münasibət bildirməyiblər. Ancaq bənzər hadisələr Azərbaycanda baş versəydi, dərhal ölkəmizə qarşı sistemli bir qarayaxma kampaniyası başlayıb, uzun müddət bunu gündəmdə saxlamaqla beynəlxalq imicimizə zərbə vurardılar. Ona görə də Qərbin demokratiya institutları üçün əgər doğurdan da demokratik dəyərlər, insan hüquq və azadlıqları, söz azadlığı üstün dəyərdirsə, mütləq Ermənistanda baş verənlərə adekvat münasibət bildirməli, işğalçı ölkənin diktatura rejimini ifşa etməlidirlər".

PƏRVANƏ

 





21.06.2020    çap et  çap et