525.Az

Sərt karantin qaydaları vətəndaşların sağlamlığı üçündür


 

PANDEMİYA BİTƏNƏ KİMİ CİDDİ QAYDALARLA YAŞAMALIYIQ

Sərt karantin qaydaları vətəndaşların sağlamlığı üçündür<b style="color:red"></b>

Ötən ilin dekabr ayında Çinin Hubey əyalətinin Uhan  şəhərində ilk olaraq aşkarlanmış koronavirus infeksiyası bu gün bütün dünyanın əsas probleminə çevrilib.

Bir sıra ölkələr daha əvvəl yoluxma sayının az olduğunu, yaxud koronavirusa qalib gəldiyini bəyan etsə də, zaman göstərir ki, hələ ki, bu təhlükəli virusun tamamilə çəkilmək ehtimalı yoxdur. Başqa sözlə, dünya hələ bir müddət bu virusla yaşamalı olacaq. Bunu ekspertlər də, tibb mütəxəssisləri də etiraf edirlər. Ona görə də hətta fövqəladə vəziyyət rejimi, komendant saatı, sərt karantin tətbiq edən ölkələr mərhələli şəkildə yumşalmaya getsələr də, sonradan sərtləşmə tədbirləri yenidən tətbiq edilməyə başlayıb. Bunun səbəbi dediyimiz kimi, hələ də virusun dərmanının tapılmaması və yayılma tempinin azalmamasıdır. Bundan əlavə, əksər ölkələrdə tibbi maska taxılması, sosial məsafənin saxlanılması artıq məcburidir. İnsanlar mütəmadi olaraq epidemioloji qaydalara əməl etməyə çağrılır.

Qonşu ölkələrdəki vəziyyətə nəzər saldıqda, günlük statistikadan da bəlli olur ki, koronavirisa yoluxma sayı artır və bu fakt yeni məhdudiyyətlərin tətbiq olunmasını zəruri edir. Regionda ən acınacaqlı durum Ermənistandadır. İşğalçı ölkədə son məlumata görə, yoluxanların sayı 18 698, ölənlər isə 309-a çatıb. Ermənistan fövqəladə vəziyyət rejimini bir ay uzadıb, iri ticarət mərkəzləri açılsa da yenidən bağlanıb.

Şimal qonşumuz Rusiyada son sutka ərzində 7 790 nəfər yeni növ koronavirusa yoluxub, aşkar edilmiş ümumi halların sayı 561 091-ə yüksəlib. Epidemiya qurbanlarının ümumi sayı 7 660 nəfərdir. Rusiya da sərt karantin tədbirlərini davam etdirilir, regionlararası məhdudiyyət tətbiq edilib, eyni zamanda quru və hava sərhədləri bağlıdır.

Cənub qonşumuz İranda da vəziyyət normallaşmaq bilmir. İranda son sutka ərzində daha 2 596 nəfər  yeni növ koronavirusa yoluxub, ümumi yoluxma sayı 197 647 nəfərə çatıb.  Epidemiya başlayandan bəri  ölənlərin sayı 9 272 nəfərə çatıb.

Avropa ölkələrində, ABŞ-da, Latın Amerikası ölkələrində də vəziyyət heç də ürəkaçan deyil. Bir müddət əvvəl sərhədlərin açılması, yumşaldılma tədbirlərinin artırılacağı deyilsə də, sonradan bu addımlardan çəkinildi. Çünki qeyd etdiyimiz kimi virus hələ bir müddət bütün dünya ilə yaşamalı olacaq.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov koronavirus infeksiyasının bütün dünyada yaşayan insanların hər birini narahat etdiyini deyib. Onun sözlərinə görə, pandemiyanın elan olunmasından bir neçə ay keçməsinə baxmayaraq, bu gün təəssüflər olsun ki, bu xəstəliyə yoluxma və ölüm göstəriciləri artmaqda davam edir. Digər xəstəliklərin göstəricilərindən fərqli olaraq, koronavirusun bir neçə xarakterik xüsusiyyəti var. Bunlardan biri bu virusun insanlar arasında son dərəcədə sürətlə yayılma potensialı, inkubasiya dövrünün xeyli uzun olmasıdır: "Təsəvvür edin ki, xəstəliyə yoluxmuş bir insan 7-14 gün ərzində xəstəliyin əlamətini hiss etmədən insanlar arasında dolaşır və yüzlərlə insanı həmin virusa yoluxdurur. Bu da xəstəliyin artmasında əsas səbəblərindən biridir. Digər bir səbəb isə virusa qarşı spesifik müalicənin və peyvəndin hələ də tapılmamasıdır. Ona görə də, infeksiya ilə kifayət qədər effektli mübarizə apara bilmirik. Bu üç səbəb infeksiyanı kifayət qədər təhlükəli edir.

Azərbaycandakı mübarizə tədbirlərindən danışan akademik deyib ki, dünyada pandemiyanın elan olunduğu ilk günlərdən Prezident İlham Əliyevin tapşırığı ilə nəzarəti altında genişmiqyaslı, kompleks tədbirlər həyata keçirilməyə başlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, ciddi karantin rejiminin tətbiq olunması kimi tədbirlər ilk günlərdən həyata keçirilir. Koronavirusla mübarizə üçün 20-dən çox xəstəxana ayrılıb və xəstələrin müalicəsi üçün istifadəyə verilib. Bu xəstəxanalar Bakıda və regionlarda fəaliyyət göstərir, onlar ən müasir avadanlıqlarla təmin ediliblər. Bu gün ölkəmizdə həmin xəstəxanaların çarpayı fondu artıq 7 mini keçib. Bunu əgər əhalinin sayına görə müqayisə etsək, dünyada ən yüksək göstəricilərdən biridir.

Ə.Əmiraslanov dövlətin, Prezidentin bu virusla mübarizədə hər şey etdiyini, amma son vaxtlar bəzi rəqəmlərin narahatlıq doğurduğunu deyib: "Doğrudur, bu göstəricilər bir çox ölkələrlə müqayisədə xeyli yaxşıdır. Buna baxmayaraq, yoluxmanın artması bizi narahat etməyə bilməz. Mütəxəssislərin fikrinə görə, bunun əsas səbəbi karantin rejiminin yumşaldılması, bəzi insanların məsuliyyətsiz davranışlarıdır. Hər bir vətəndaş tibbi maskadan istifadə etməli, gigiyenik qaydalara riayət etməli, sosial məsafə saxlamalıdır".

PƏRVANƏ

 





21.06.2020    çap et  çap et