525.Az

Tanıyaq və tanıdaq: Məhəmmədrza Yaquboğlu Şovkəti


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Məhəmmədrza Yaquboğlu Şovkəti </b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.
 
Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır. Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!



Esmira Fuad,
Filologiya elmləri doktoru


Məhəmmədrza YAQUBOĞLU ŞOVKƏTİ

1972-ci ildə Təbriz yaxınlığındakı Yuxarı Alvar kəndində anadan olub. Özünün fikrinə görə, rüzgarın acı-şirin xatirələri və yaxşı-pis təsiri onu şeir vadisinə tullayıb, yazdıqları işsizliklərin və məhrumiyyətli illərin səmərəsidir. Atasında olan şuxtəblik, baməzəlik, heç şübhəsiz, ona da təsirsiz qalmayıb.

1990-cı ildən "Məhde-azadi", "Pəyame-no", "Şəmse-Təbriz", "Əsre-azadi", "Kuşa", "Omide-Təbriz" kimi gündəlik qəzet və dərgilərdə çeşidli məqalələri, şeirləri çıxıb.

2003-cü ildə həcvlərindən ibarət "Gülə-gülə" adlı şeirlər kitabı "Əhrarnəşr" tərəfindən yayımlanıb. 2005-ci ildə Zəngan şəhərinin Quzey Batı mətbuatı Festivalında ədəbi məqalə yarışmasında birinci, yumor və ictimai məqalə nominasiyasında isə üçüncü yeri qazanıb.

Vətən
 
Səndə boy atmışam, böyümüşəm mən,
Ay mənim toprağım, diyarım vətən!
Sən mənim anamsan, sən mənim atam,
Sən mənim sevgilim, nigarım vətən!
 
Sümüyüm, damarım, qanımsan mənim,
Həyatımsan mənim, canımsan mənim,
Şərəfimsən mənim, şanımsan mənim,
Ay mənim aramım, qərarım vətən!
Ulduzum, Günəşim, ayımsan mənim,
Güllü baharımsan, yayımsan mənim,
Sən ulu Tanrıdan payımsan mənim,
Ay mənim beşiyim, məzarım vətən!
Sənə Bağırxanam, Səttarxanam mən,
Sənin damarında axan qanam mən,
Şovkatiyəm özüm, Alvardanam mən,
Ay mənim bədəndə, damarım vətən!

Olmaz
 
Cavanlıqda qocalmışam, rəhm eylə,
A Tanrı, böylə bir rüzigar olmaz.
Cavanlıq, ömrümün baharıdır hə?
Bu qısalıqda da novbahar olmaz.
Diş çürüyüb, baş ağarır qar kimi,
Bahar günlərində böylə qar olmaz.
Neçə ildir, gözləyirəm xoş günü,
Bu uzunluqda da intizar olmaz.
Bahalıq dəlidir, zəncirin qırıb,
Bu harlıq da ki var, it də har olmaz.
Bu genlikdə dünya başıma dardır,
Heç qəbir ölüyə böylə dar olmaz.
Biri alır, biri satır dünyanı,
Bu şirinlikdə də bir bazar olmaz.
Yazıq kasıb, işlə belin qırılsın,
Müftə fəhlə heç zaman bekar olmaz.
Hər müsibət olub sənlə qolboyun,
O yoğunluqda da şahimar olmaz.
Sən səhərdən ağlayırsan, Şovkəti,
Bəsdi day bu qədər ahi-zar olmaz.

Yollarım
 
Yolum düşdü küçənizə,
Sənə baxdım gəzə-gəzə,
Baxışınla yolu bəzə,
Qoy yollarım təzələnsin.
 
Saçlarına daraq çəkim,
Sankı dərman edir həkim,
Arzuların gülün əkim,
Qoy yollarım təzələnsin.
 
Bu dünyada sənlə qalam,
Baxışına vurğun olam,
Ehsasımı yola salam,
Qoy yollarım təzələnsin.
 
Şovkətiyəm, söz ver mənə,
Ürək sözün deyim sənə,
Göz dolandır yol üstünə,
Qoy yollarım təzələnsin.

Aşiqanələr
 

Yağışdır deyəsən, buluddan yağır,
Səssiz bir şeirdir ala gözlərin.
Gülüşlərin - mehribanlıq mənası,
Baxışıntək duymalıdır sözlərin.

***

Gülüşlərin çox zamandır gizlənib,
Gülməyin istərəm çox inci-inci.
Uzaqlığı ünvan etmə, sevgilim,
Uzaqdan da hiss edərəm sevinci.

***

Dünya gözəl, sən də gözəl, gözəl yar,
Ləyaqətin dünyalardan yuxarı.
Gözəlliyindən mən ilham almışam,
Gözəlliyin elə budur çıxarı.

***

Gül də səni görən kimi qırcanır,
Gül də sənə aşiq olub, sevgilim.
Gəldiyin yol sənin ayağın öpür,
Yol da sənə aşiq olub, sevgilim.

Azadlıq
 
Meylə doldur, saqiya, azadlığın peymanəsin,
Ver içim, abad edim mən könlümün viranəsin,
Tez yetir, can getdi əldən, canımın cananəsi,
Heç əsarət zəncirin dünyadə insan istəməz.
 
Ey Günəş, gəl od salaq qar-şaxta xırmangahına,
Biz baxaq, yansın o, çün baxmaz ürəklər ahına,
Dərdin izhar eyləsin hər kimsə öz Allahına,
Dərd ilə qüssə otağın kimdi viran istəməz?!
 
Ədl ilə abad olan zülm ilə viran olmasın,
Zülm ilə abad olanlar şahi-xəndan olmasın,
Məzlumun, ömründə, ya Rəbb,
könlü heç qan olmasın,
Bir ətək gül, bir dodaq
bal ahü əfqan istəməz.
 
Şovkəti, Allahdan istə şadlıq əyyamın bizə,
Əyləşək məclisdə əlvan güllər ilə diz-dizə,
Gül deyib, gül iyləyək, batsın tikanlar pis gözə,
Bizlərin xoş günlərin, əlbəttə, düşman istəməz.

 





22.06.2020    çap et  çap et