525.Az

Oralarda Orxan Aras da var - Çingiz Abdullayev yazır


 

Oralarda Orxan Aras da var - <b style="color:red">Çingiz Abdullayev yazır </b>

Yazıya təsadüfən Orxan Arasın oralarda olması ilə başlamadım. Orxan bəyin Bakıya səfərləri zamanı ən çox xatırladığı yaradıcı dostu Tofiq Abdin olardı. O, Tofiq Abidini saf düşüncə tərzinə malik,  publisistika da öz dəsti-xətti olan birisi olduğunu daim vurğulayardı. Tofiq Abdindən danışanda onun mağaza vitrinində asılan yaraşıqlı pencəyi təsvir edən istəklərindən danışardı.

Xatirimdədir, "Əli və Nino" mövzusunun aktual dönəmində "525-ci qəzet"də "Oralarda kimlər var" rubrikasında Orxan Arasla dialoqu nəşr olunmuşdu. Yazını oxuyanda mövzu mənə doğma olduğu üçün Tofiq Abdinə "Oralarda mən də varam" ismarıcını göndərdim.

Orxan Arasın Tofiq Abdinin xatirəsinə kitab ərsəyə gətirməsi onun sadə publisist həyatı sürmüş, ancaq yazıları ilə unudulmaz iz buraxmış qələm yoldaşına ehtiramının nümunəsidir məncə. "Orxan Aras daha haralarda var?" sualına cavab vermək üçün onun Uzaq Şərqdən Qərbə kimi uzanan yaradıcılıq coğrafiyasına nəzər salmaq lazımdır. Orxan bəyin Türkiyədə nəşr etdirdiyi "Ayrılığın rəngi hüzün" kitabı ildırım sürəti ilə oxucuların qəlblərinə yol tapdı, onu necə bir sevilən qələm adamı olduğunu bir daha isbat etdi.

Orxan Arasın "Mavi gözlərin eşqi" hekayəsi isə mənə yaxın olan mövzudan bəhs edir. Göygöldə bir alman mənşəli Azərbaycan vətəndaşının həyat hekayəsi necə də maraqlıdır. Müəllif tarixi hadisə əsasında qurduğu süjet xəttini ustalıqla ədəbi əsərə köçürməyi bacarıb.

Orxan Arasın Türküstan legionunun başkanı, Köln şəhərində yaşamış, özbək əsilli alim Baymirzə Həyatinin, islamı qəbul etmiş Türk dünyasının sevdalısı Horst Əhməd Şmiedenin vəfatı xəbərinə həsr olunmuş məqalələri, bu günlərdə qələmə aldığı "Moskvada bir əfsanə adam Ramiz Abutalıbov" yazısı onun vətənpərvərlik ruhundan irəli gələn hisslərin təzahürüdür.

Orxan Arasın qohumu olduğu Azərbaycanın görkəmli yazıçısı İsa Muğannaya həsr etdiyi silsilə yazıları ədəbiyyat mühitinə ümumiyyətcə 70-80-ci illərdə Azərbaycanın şair və yazıçılarının sətiraltı fikirləri, mütəfəkkir düşüncələri Azərbaycanı müstəqilliyə aparan yolun yaşıl işığı mənasını daşıyırdı.

Əgər XIX-XX əsrlərdə M.F.Axundovun, H.Zərdabinin və Ü.Hacıbəylinin mütəfəkkir fikirləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının təməl daşının atributlarının tərtibi və maarifləndirməsi idisə, 60-70-80-ci illər ədəbiyyat qüvvəsi qapalı SSRİ məkanında gələcəyə, müstəqilliyə aparan yolun ölçü barometridir, desək, yanılmarıq.

İsmayıl Şıxlı, Məmməd Araz, İsa Muğanna və digər milli ruhda yazan yazıçılarımız əsərlərində cəmiyyətə gerçəklik mesajlarını ötürməyə çalışan görkəmli klassiklərimizin sıralarında duran şəxslərdilər.

Almaniyalı şərqşünas alim Udo Ştaynbaxla sıx-sıx əlaqələr qurması, akademik İsa Həbibbəylinin dəyərli və sanballı məsləhətləri Orxan Arasın elmi fəaliyyətində mühüm rol oynayır. 

Orxan bəyin daim maraqlı mövzuları ortaya çıxarmaqda mənimlə həmfikir olması 2010-cu ilin mayında Duysburq şəhərində Türkiyənin Avropa kanalına professor Bella Siracova və bəndənizin canlı efirdə Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş verilişdə çoxsaylı sualları cavablandırdığımız anları xatırlayıram.

Orxan Yenisey abidələrindən Aras çayına kimi türk dünyasını, coğrafiyasını ad və soyadında cəmləşdirən Orxan Aras yaradıcılığı ilə bizi hələ çox təəccübləndirəcək Mirzəmizdir.

Orxan Arasın duyğuları, düşüncələri İqdırdan Naxçıvana, oradan Bakıya, ta sonra çox sevdiyi İstanbula, oradan da məskunlaşdığı Kölnə qədər uzanan bir yol üstdə yazdığı roman və hekayələri duyğusal dünyada oxucularının sevincinə səbəb olur və olacaq. 

Oralarda biz də varıq.

 





22.06.2020    çap et  çap et