525.Az

Fransanın azadlığı uğrunda döyüşən azərbaycanlı əsgərlərin xatirəsi yad edildi


 

Fransanın azadlığı uğrunda döyüşən azərbaycanlı əsgərlərin xatirəsi yad edildi<b style="color:red"></b>

Fransanın Tarn-et-Garonne departamentində Kabertat Partizan Hərəkatı Üçüncü Qusar Polkunun döyüşçülərinin alman faşistləri tərəfindən həlak edilməsinin 76-cı ildönümü münasibətilə anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizi Fransadakı səfirliyimizin müşaviri Vaqif Ağayev, Tarn-et-Garonne departamentinin deputatı Valeri Rabo, Montoban və Vassiyak şəhərlərinin merləri və meriyalarının nümayəndələri, şəhər sakinləri, Kabertat Partizan Hərəkatı Dostları Assosiasiyasının üzvləri iştirak ediblər.

Əvvəlcə, İkinci Dünya müharibəsi illərində Fransa Müqavimət Hərəkatının əfsanəvi iştirakçısı Əhmədiyyə Cəbrayılovun və Kabertat Partizan Hərəkatı Üçüncü Qusar Polkunun sıralarında döyüşmüş azərbaycanlı partizanların xatirəsinə ucaldılmış abidə önündə azərbaycanlı əsgərlərin şücaəti hörmətlə xatırlanıb və abidələri önünə əklillər qoyulub.

Vaqif Ağayev İkinci Dünya müharibəsi zamanı azərbaycanlıların faşizm üzərində qələbəyə böyük töhfə verdiyini xatırladaraq, 600 mindən artıq həmvətənimizin müharibədə iştirak etdiyini və onların yarısının həlak olduğunu bildirib. Azərbaycanlıların Avropadakı Müqavimət Hərəkatının bir çox üzvləri ilə çiyin-çiyinə vuruşmasından söz açıb. Əhmədiyyə Cəbrayılovun İkinci Dünya Müharibəsində iştirakı haqqında məlumat verib.

Himnlər və partizan mahnısı səsləndirilib, bayraqlar endirilib.

Tədbir iştirakçıları Fransanın azadlığı uğrunda rəşadətlə vuruşmuş azərbaycanlı əsgərlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tarn-et-Garonne departamentinin deputatı Valeri Rabo və Kabertat Partizan Hərəkatı Dostları Assosiasiyasının prezidenti Mişel Pu Armed Mişel, eləcə də digər azərbaycanlı əsgərlərdən danışmış və onların Fransa torpaqlarının faşist işğalından azad edilməsindəki şücaətlərindən söz açıblar. Azərbaycanlı əsgərlərin xatirəsinin heç vaxt unudulmayacağı vurğulanıb.

Qeyd edək ki, Fransa Müqavimət Hərəkatında iştirak etmiş azərbaycanlı əsgər Əhmədiyyə Cəbrayılov Fransanın Milli Qəhrəmanı fəxri adı, həmçinin “Müharibə xaçı”, “Hərbi şücaət xaçı” və Fransa Müqavimət Hərəkatının medalları ilə təltif olunub.

 





22.06.2020    çap et  çap et