525.Az

Bir araya gəlmək - Əjdər Ol yazır


 

Bir araya gəlmək - <b style="color:red">Əjdər Ol yazır</b>

Azərbaycan Yazıçılar Birliyinin maddi dəstəyi ilə Şabran bölməsinin (Şabran, Siyəzən, Xızı rayonları üzrə) "Çıraqqala işığında" ("Xalidoğlu" nəşriyyatı, 2020) adlı toplu çapdan çıxıb.

AMEA-nın birinci vitse-prezidenti, Milli Məclisin üzvü, akademik İsa Həbibbəylinin "Şabranda ədəbi həyat" adlı geniş məqaləsi ilə açılan nəşrdə yuxarıda adları çəkilən bölgələrdə yaşayıb-yaradan müəlliflərin əsərləri toplanıb.

Tanınmış şair və nasir, AYB Ədəbiyyat Fondunun direktoru Əjdər Olun həmin toplu haqqında yazısını təqdim edirik.

"Çıraqqala işığında" almanaxının tərtibi mənə çox maraqlı gəldi. Biz görmüşdük ki, bölgələrin ədəbi toplularında adətən orada yaşayan, respublikada çox da geniş tanınmayan, həvəskar səviyyəsində yazıb-yaradan şair və yazıçılar fəal iştirak edir. Ancaq bu kitabda vətənimizdə sayılıb-seçilən, hətta ölkəmizdən kənarda əsərləri çap olunan imzaları görəndə dedim, hə, həmkarlarım yerli qələm dostlarını ürəkləndirmək, onlara mənəvi dəstək, qol-qanad vermək üçün, onlarla bir sırada durmaq məqsədilə belə addım atıblar. Bu, həm də müxtəlif kalibrlı qələm sahiblərinin bir araya gəlməsidir. Göstərilən təşəbbüs böyük hörmətə, sayğıya layiqdir.

Almanaxda təqdim edilmiş tanınmış şair və yazıçılarımız Ağasəfa, Sadıq Elcanlı, Aydın Tağıyev, Novruz Nəcəfoğlu kifayət qədər sanballı əsərlərin müəllifləridir. Şairə Ay Bəniz Əliyar isə son illərdə bənzərsiz şeirləri ilə ədəbi mühitdə özünü göstərməkdədir. Mərhum şair dostumuz Ağalar Mirzə və yazıçı Namiq Abdullayev də unudulmayıblar.

Köhnə Dəvəçi, indiki Şabran lap uşaqlıqdan mənə çox doğma olub. Orada atamın dostu, bir Qurban əmimiz vardı. O kişinin alma kimi al yanaqları, qırğı gözləri, budaqlarından qırmızı, sarı, yaşıl almalar asılmış, hər cür parfümdən irəli saf, ətirli bağı məni heyran qoymuşdu. Bir bölgə haqqında ilk təəssüratım belə başlamışdı. Anamın yanında Qalaaltıda gəzməyimi, atamın əlindən tutub dağa (bəlkə də, Çıraqqalaya doğru irəliləyirmişik) çıxdığımı, sonra mən yorulduğum üçün yarı yoldan qayıtmağımızı yuxu kimi xatırlayıram.

Sonralar uşaq marağı ilə, gənclik həvəsi ilə vətənimizin bütün bölgələrini şəhər-şəhər, oba-oba gəzib dolaşdım. Əlbəttə, indi də düşünürəm ki, bu səfərlərin sonu yoxdur. Çünki adamlar da dəyişir, şəhərlər də. Dünyamız, vətənimiz gördüyümüzdən və təsəvvür etdiyimizdən qat-qat böyük, geniş və dərin anlayışdır.

"Şabran" deyəndə, ilk yada düşən, qəribədir ki, mütəfəkkir şair Xaqani Şirvani olur. Ancaq bir zaman humanist fikirli şairin Şabran qalasında dustaq yatdığını düşünəndə Şabranı azadlıq uğrunda mübarizənin beşiklərindən biri kimi xatırlayırsan.

Şair Ağasəfanın əvvəl şeirlərini, sonra özünü tanımışam. Daha sonra isə aralarında mən də olmaqla qələm dostlarını Xızıya, yaşadığı kəndə qonaq çağırarkən səhərdən axşamacan bir yerdə olmuşuq. Ürək dolusu ədəbi söhbətlər eləmişik. Sonralar da görüşlərimiz davam edib. O, Bakıdan doğulduğu kəndə köçəndən bəri daha zəngin dillə, sənətkar ustalığı ilə təbii, gah sərt, gah da kövrək şeirlər yazır. Yeri gəlmişkən, deyim ki, burada adını çəkdiyim qələm dostlarımın əlimə keçən bütün əsərlərini oxumuşam.

Şair Ağalar Mirzə ilə lap yaxın dost idik. Hətta onunla dostluğumuz ədəbi mühitin hüdudlarından çox-çox kənara çıxırdı. Sıx-sıx görüşürdük, yaradıcılıq səfərlərinə yollanırdıq, bir-birimizin ocağının başında olurduq. Ağalar dünyadan tez köçdü. Şairliyi, alimliyi öz yerində, ömrünün əsas hissəsini telejurnalist kimi ekrandan Azərbaycanın mənəviyyatını, mədəni dəyərlərini tanıtmağa sərf etdi. Özü isə, "Bizim yerlərin suyu" kimi dayanmadan, yorulmadan sakit-sakit, dup-duru axıb gedirdi...

Sadıq Elcanlı yaradıcılıq nəfəsi geniş, mövzusunun miqyasına görə əhatəli, fundamental bir yazıçıdır. İlk dəfə bizi Ağalar Mirzə tanış etmişdi. Üçümüz o qədər bir yerdə olmuşuq ki... Amma tanışlıqlar, dostluqlar işə, birgə fəaliyyətə çevrilməyəndə, səmərə verməyəndə sönüb, yox olub gedir. O da ömrünü Azərbaycan televiziyasına bağlayıb. Əli əllər sıxıb, verilişlərindən minlərlə yaradıcı insan keçib. Ağalar kimi Sadıq da, özündən min dəfə artıq, başqa qələm dostlarını təbliğ edib, klassik və müasir ədəbiyyatımıza həsr olunan verilişlərin müəllifi, yönəldicisi olub. AzTV-də 2000-2008-ci illər arası aparıcısı olduğum "Gülistan" ədəbi verilişinin ideya müəllifi və redaktoru odur.

Sadıq Elcanlının hekayələri, romanları mifoloji köklərimizə, ulu qaynaqlara, çağdaş həqiqətlərə söykənir. Onları oxuduqca sirli bir aləmə düşürsən.

Almanaxda üçüncü bir telejurnalist və yazıçı da var: Namiq Abdullayev. Onun haqqında "Yazıçı Namiq Abdullayevin axırı"nı yazmışam. Əsər bir neçə dəfə çap olunub. Hələlik portret hekayəyə əlavəm yoxdur.

Yazıçı Aydın Tağıyevi xırda, dadlı-duzlu, əlvan hekayələrindən, məqalələrindən sevmişəm. Özü də həmişə gözümdə dost, qardaş mərtəbəsində olub. Bir hekayəsini indi də məclislərdə, görüşlərdə misal çəkirəm. "İspan çəkməsi" ro-manını alqışlayıram. Onun maraqlı bir ədəbiyyat obrazı olduğunu Novruz Nəcəfoğlu bütün qələm dostlarından tez görüb və parlaq "Nağıl adam" romanını yazıb. Böyük həssaslıqla və istedadla qələmə alınmış bu kitab yazıçı Aydın Tağıyevə marağı birə-beş artırıb. Bir dəfə yazıçı Novruz Nəcəfoğlunun iştirak etdiyi məclisdə Aydın Tağıyevin qulağına onaltıncı yüzillikdə yaşamış şairimiz Kişvərinin bir beytini pıçıldadım:

"Kişvəri şeiri Nəvayi şeiridən
əskik iməs,
Bəxtinə düşsəydi bir
Sultan Hüseyni Bayqara".  

Sonra açıqlamasını verdim ki, böyük cığatay şairi Əlişir Nəvai uzun illər Herat hakimi Sultan Hüseyn Bayqaranın sarayında yaşayıb-yaradıb. Hökmdardan sevgi, qayğı, hörmət görüb. İndi də Rayon icra hakimiyyətinin başçısı Novruz müəllimin gözü həmişə sənin üstündədir, qələmi bir gün də əldən qoymayasan gərək.

Sovet dövründə məmur şairlərə, yazıçılara barmaqarası baxmaq stereotipi yaranmışdı. Bu tipaji ədəbiyyata şöhrət mənbəyi kimi baxan vəzifə və mövqe sahibləri sırımışdı. Ancaq onda da, indi də həmin baxış bucağını darmadağın edən yazıçılar da olub və var. Onlardan biri, heç şübhəsiz, Novruz Nəcəfoğludur. Yazıçının uşaqlığı ilə bağlı birnəfəsə oxunan hekayələri, müxtəlif insanlar haqqında portret yazıları, səfərnamələri, başqa janrlarda qələmə aldığı əsərləri öz istiliyini, səmimiyyətini daim saxlayacaq.

Almanaxdakı şəklindən çox inamla və iti gözlərlə baxan Ay Bəniz Əliyar xanımın şeirləri duru, aydın və millidir. Bir həqiqətdir ki, bütün dünyada olduğu kimi Azərbaycanda da bugün şeir bir çox gənc şairlərin simasında öz köklərindən sürətlə uzaqlaşmaqdadır. Milli çalarları qlobal şərtlər sıxışdırır. Qafiyə, ritm, məzmun arxa plana keçir. Şeirimiz hippiləşir. Yalnız dar dairədə oxunmağa yarayır. Yorucu, usandırıcı bir vasitəyə çevrilir. Sanki unudulur ki, şeir milli özgürlüyün qoruyucularından ən birincisidir. Ay Bəniz Əliyar hələ ki yad, bayağı təsirlərdən uzaqdır.

Kitabda əsərləri verilmiş şair və yazıçılar (mərhumlara Allahdan rəhmət diləyirik) Ağasalam Qədirov, Oqtay Abbas, Qafar Süleyman, Nisə Qədirli, Malik Xəlil Ağagüloğlu, Zakir Bayramlı, Sabir Zöhramlı (Cəfərov), Məryəm Həsənova (ötən əsrin 90-cı illərində azadlıq şairi Xəlil Rza Ulutürk onun bir şeirini meydanlarda, yığıncaqlarda əzbərdən deyərdi), İlyas Xətai, Nəcməddin Mürvətov, Firdovsi Ələmoğlu (Hacısoy), Vaqif Tacı Ələzli, Nizami Əlioğlu, tərcüməçi Rasim Qurbanov, publisist Nizami Rəhmanlı da maraq doğurur.  

 





24.06.2020    çap et  çap et