525.Az

Prezidentdən koronavirusla mübarizəyə dair növbəti mühüm mesajlar


 

MASKA, MƏSAFƏ VƏ DEZİNFEKSİYA. BUNLARA ƏMƏL OLUNSA, YOLUXMANIN SAYI KƏSKİN AZALACAQ

Prezidentdən koronavirusla mübarizəyə dair növbəti mühüm mesajlar<b style="color:red"></b>

Azərbaycan dövlətinin mart ayından başlayaraq koronavirus infeksiyası ilə mübarizədə həyata keçirdiyi bütün tədbirlərin əsas məqsədi vətəndaşların sağlamlığının, təhlükəsizliyinin ən yüksək səviyyədə qorunmasıdır.

Prezident İlham Əliyev dəfələrlə dövlət üçün Azərbaycan vətəndaşının, onun sağlamlığının, təhlükəsizliyinin birinci yerdə olduğunu bəyan edib. Dövlət başçısı iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışı zamanı söylədiyi nitqində bir daha ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə dövlətin başlıca hədəfinin Azərbaycan vətəndaşının sağlamlığı olduğunu, bu istiqamətdə dövlətin bütün gücünün, bütün potensialının səfərbər olunduğunu vurğuladı. Azərbaycan Prezidenti qeyd etdi ki, ölkəmizdə sayca 5-ci modul tipli xəstəxana açılır: "Onlardan ikisi Bakıda, biri Sumqayıt şəhərində, biri isə Abşeron rayonunda artıq fəaliyyətə başlayıbdır. Yaxın həftələrdə digər şəhərlərdə də bu tipli xəstəxanalar istifadəyə veriləcək. Beləliklə, bu xəstəxanaların sayı 10-a çatacaq. Bu, bizə imkan verəcək ki, əlavə 2 min çarpayı əldə edək. Nəzərə alsaq ki, koronavirus xəstələrinin sayı artır, bu, COVID-19-a qarşı mübarizədə öz rolunu oynamalıdır".

Dövlət başçısının sözlərinə görə, bu xəstəxanaların tikintisi ilə əlaqədar qərar aprel ayında qəbul edilib: "O vaxt xəstələrin sayı kifayət qədər az idi. Eyni zamanda, yəqin ki, xatırlayırsınız, aprel ayında xəstələnənlərin və sağalanların arasında fərq müsbət idi. Daha çox insan sağalırdı, nəinki xəstələnirdi. Amma buna baxmayaraq, hesab etdik ki, əlavə çarpayıların əldə edilməsi də faydalı ola bilər. Həyat göstərdi ki, bu nə qədər düzgün qərar idi. Çünki bu gün xəstələrin sayı artır və beləliklə, bizə yeni çarpayılar lazımdır”.

Məlumdur ki, həyata keçirillən hərtərəfli mübarizə tədbirlərinin effektivliyi üçün vətəndaş məsuliyyəti də vacib və mütləqdir. Son günlər koronavirusa yoluxmada qeydə alınan artımın əsas səbəblərindən biri də məhz insanların kütləvi şəkildə maskalardan istifadə etməməsi, sosial məsafəni qorumaması ilə bağlıdır. Belə ki, görülən tədbirlər nəticəsində sağalanların sayı yoluxanların sayından çox olduğuna görə, may ayının əvvəlindən yumşalma meyilləri başlandı. Son müddətin dinamikası isə göstərir ki, bütün tələblərə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmirlər. Maska, məsafə və dezinfeksiya -  insanları qoruyur. Əgər bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq.  Yumşalma tədbirlərindən sonra Azərbaycanda bu qaydalar kütləvi surətdə pozulduğu üçün də yenidən məhdudlaşdırıcı tədbirlər tətbiq olundu.  Dövlət başçısının sözlərinə görə, sərtləşdirilmiş rejimin müddəti həyat və koronavirusun yayılmasından asılıdır. Eyni zamanda, məsuliyyətsizliyə qarşı güclü ictimai qınaq və ciddi dövlət nəzarəti olmalıdır. Dövlət tərəfindən atılmış addımlar kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə, bunun xeyri olmayacaq.

Mövzu ilə bağlı danışan millət vəkili Naqif Həmzəyev deyib ki, koronavirus infeksiyasının bəşəriyyəti sınağa çəkdiyi bu ağır günlərdə qısa müddət ərzində ölkəmizdə sayca 5-ci modul tipli xəstəxananın Gəncədə istifadəyə verilməsi dövlət başçısının "gözəgörünməz düşmən"lə mübarizədə atdığı zəruri addımlara nümunədir.

"1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında Prezident İlham Əliyevin "Mənim üçün insanların sağlamlığı əsas prioritetdir" sözləri isə bu çətin şəraitdə maddi - mənəvi öz resurslarına söykənən Azərbaycan dövlətinin ən başlıca məqsədinin vətəndaşların sağlamlığı və onların təhlükəsizliyinin təmin edilməsinin olduğunun təsdiqidir.

Gəncəlilər İlham Əliyevin xüsusi diqqəti və qayğısını daim hiss edir və bunu yüksək qiymətləndirirlər. "Gəncə bu gün ölkəmizin həm sənaye mərkəzinə çevrilir, həm mədəniyyət mərkəzidir, həm də böyük tarixi var. Əlbəttə ki, tarixin qorunması hər birimizin işidir" - ölkə başçısı İlham Əliyevin modul tipli xəstəxananın açılışında səsləndirdiyi bu fikirlər gəncəlilərə dəyərli töhfə olub".

PƏRVANƏ

 





26.06.2020    çap et  çap et