525.Az

Səyyah olub bu dünyanı gəzərəm... - Sorğu


 

SƏYYAH BLOQERLƏR PANDEMİYA DÖVRÜNÜN ÇƏTİNLİKLƏRİNDƏN DANIŞIRLAR

Səyyah olub bu dünyanı gəzərəm... - <b style="color:red">Sorğu </b>

Koronavirus pandemiyası insanların həyatına bir çox yönlərdən təsir göstərdi. Bu günlərin evdən, yaşadıqları şəhərdən, ölkədən çıxa bilməmək qadağaları oturaq həyata öyrəşməyənlər üçün daha bir çətinlik yaratdı.

Bu məqsədlə səfərlərdən, səyəhətlərdən  zövq alan səyyah bloqerlər  arasında sorğu keçirmək fikrinə düşdük. Onlardan karantin günlərində nə işlə məşğul olduqlarını, bu vəziyyətin hansı çətinliklər yaratdığını xəbər aldıq. 

Jalə Ələkbərova:

Səyahət blogeri Jalə Ələkbərova təyyarəyə ekskursiya etdi - YouTube

- İlk vaxtlar bu reallığı qəbul etmək çətin idi. Sonradan anladım ki, vəziyyət dəyişməyəcəyinə görə mən yanaşma tərzimi dəyişməliyəm. Beləliklə, gerçəkləşdirmək istədiyim arzularımı bir kağıza yazdım və üzərində çalışaraq onları reallaşdırmağa başladım. İndi əhval-ruhiyyəmi pozitiv saxlayıb zaman itirməmək məqsədi ilə fərqli işlər görməyə çalışıram. Fərdi inkişafla bağlı kitablar oxuyuram, vəziyyətə uyğun olaraq bloqum üçün ideyalar axtarıram, işimlə bağlı yeniliklər edirəm. Qısacası, özümlə zaman keçirirəm. Eləcə də, böyük həvəslə uçuşların bərpa olunacağı günü gözləyirəm ki, aktiv vizalarımın vaxtı bitməmiş onları dəyərləndirim.

Samir Həsənov:



- Mövcud durum bir çox səyyah bloqerler kimi mənim də işimə öz mənfi təsirini göstərməkdə davam edir. Beynəlxalq uçuşların qeyri-müəyyən müddətə təxirə salınması səbəbindən yeni ölkələrə səyahət etmək, fərqli mədəniyyətlər kəşf etmək və həmin ölkələr haqqında təəssüratlar bölüşmək mümkün deyil. Ona görə də öz postlarımı da pandemiyanın tələblərinə uyğunlaşdırmağa çalışmışam. Auditoriyanın daha çox hansı ölkə və yaxud şəhərlərlə maraqlandığını öyrənib həmin yerlər haqqında araşdırmalar edib postlar yazıram. Yalnız abidələr və tarixi yerlər haqqında yox, həm də ölkələrin mədəniyyətini bütövlükdə xarakterizə edən məqamlarla (xörəklər, musiqi, kino, teatr, görkəmli şəxslər, son vaxtlarda baş verən maraqlı hadisələr) bağlı öyrəndiklərimi insanlarla da bölüşməyə çalışıram.

Əslində, pandemiya dövrü sevdiyim işlərlə məşğul olmaq baxımından məhsuldar bir dövr kimi yadda qaldı. İllərdir, baxmaq istəyib baxmadığım filmlərə, seriallara məhz bu dövrdə baxmaq imkanı qazandım. Səyahət etməyi sevən şəxslərə bacardıqları qədər çox dil öyrənməyi tövsiyə edirəm. Çünki bu, gedəcəyiniz ölkədə sosiallaşmaq, daha çox dostlar qazanmaq və bilgilər toplamaq baxımından çox vacibdir. Özüm ingilis, rus, türk dillərini bilsəm də, hazırda əlavə dil olaraq ispan dilini öyrənirəm.

COVID-19 biznes sahəsinə daha ağır zərbə vurduğundan turizm sektorunda böyük bir durğunluq yarandı. İaşə obyektlərinin, otellerin və digər xidmət sahələrinin müştəriləri azaldığı üçün gəlirləri də aşağı düşdü. Əsas gəlir platformamı reklamlar üzərindən qurduğumdan hazırda sifarişlərin sayında kəskin azalma müşahidə olunur. Məncə, səyahətçi üçün pandemiyanin ən mənfi cəhəti səfərlərin dayanmasıdır. Keçən ilin bu vaxtları yeni səyahət planları qurarkən indi heç bir yerə səyahət etməmək məni çox kədərləndirir. Böyük ehtimalla, çoxları kimi mən də bu il səyahətimi daxili turizm əsasında quracağam.

Gülər Ağayeva:

"6 qitədə, 42 ölkədə səyahətdə olmuşam" - <b style="color:red">Səyyah-bloqer Gülər Ağayeva ilə müsahibə </b>

- Yaranan vəziyyət biz səyahətçilərə də təsirsiz ötüşmədi. Səyahət edə bilmədiyimiz üçün keçmiş xatirələri yada salmağa başladıq. Hazırda təcrübələrimi, başıma gələn maraqlı, həyəcan dolu hadisələri bloqlar şəklində pickvisa.com platformasında bölüşməyə fokuslanmışam. İzləyicilərə də bunu dəyərləndirdikləri üçün təşəkkür edirəm.

Sürəyya Axundova:

Surayya Akhundova adlı şəxsin şəkli.

- Karantin elan olunmazdan əvvəl son dəfə Hindistana səyahət etmişdim. Mən səyahət etməklə bərabər, eyni zamanda, turizm sahəsində də çalışıram. Koronavirus pandemiyası bizim sahəni tamamilə iflic etdi. Həm turistlərimizin səyahət planları, həm də öz səfərlərimiz təxirə salındı.

İndi şəxsi inkişaf baxımından xarici partnyorlarımız tərəfindən tez-tez vebinarlar təşkil olunur. Onlara qoşulub virtual səyahət edib bilmədiklərimizi öyrənirik. Boş vaxtlarımda səyahətlərim haqqında məqalələr yazıram. Yeni marşrut xətləri planlayıram. Bu müddətdə yeni bir hobbim də yaranıb, güllərə qulluq etməyə başlamışam.

Amma bu vəziyyətin müsbət tərəfi də var. Düşünmək, doğmalarımızla vaxt keçirmək üçün daha çox zamanımız olur. İndi bunları danışarkən köhnə səyahətlərimi xatırladım. Tezliklə yolların açılmasını və hər şeyin əvvəlki halına qayıtmasını arzulayıram.

Günel ABBAS

 





28.06.2020    çap et  çap et