525.Az

"Şair, misrasına oxşaya gərək..."


 

"Şair, misrasına oxşaya gərək..."<b style="color:red"></b>

Şabran

 

"Sağlığında qiymət verin insanlara" - hay-harayı ilə oxucularına üz tutan şair Cabir Novruz elə sağlığında layiqli qiymətini almış sənətkarlardan idi.

Əməkdar incəsənət xadimi, Xalq şairi idi, millət ona etimad göstərib öz vəkili seçmişdi, Cabir Novruz Milli Məclisin üzvü idi.

Şeirləri dillərdə gəzirdi, "Həyat, sən qəribəsən", "Gözüm görə-görə qocalır anam", "Tələsin, insanlar", "Cavanlığım", "Məhəbbət", "Ayrılıq olmayaydı", "Tələbəlik illəri", "Dünya bir nəğmə idi", "Bulaq suyu, dağ havası", "Duyğularım", "Əlvida"... kimi nəğmələri dodaqlarda...

Bu gözəl şair, mehriban insanla məni 20 ilin yaxınlığı, ülfəti birləşdirirdi.

Aradan keçən bu illərin uzaqlığında böyük dostumla, şair Cabir Novruzla ilk görüşümü xatırlayıram.

Onda 1983- ilin güllü-çiçəkli bir yaz günü idi. Siyəzən şəhərində neftçilərin mədəniyyət sarayında böyük qələbəlik idi.

Siyəzənlilər öz həmyerliləri ilə - anadan olmasının50 illiyni onlarla keçirən Cabir Novruzla görüşə gəlmişdilər.

Cabir Novruzla yaxınlığımız da elə həmin görüşdən sonra başlandı. Şairin mehribançılığı, istiqanlılığı, sadəliyi, xoşqılıqlılığı sayəsində aramızda xeyli yaş fərqi olsa da, səmimi dostluq yarandı.

Hər dəfə görüşlərimizdə şahid olurdum ki, şairin yaddaşında bizim yerlərlə bağlı neçə-neçə isti, kövrək xatirələr yaşayır...

Gənclik illərində qarlı-şaxtalı bir qış günü yük maşınının açıq banında həmyaşıdları ilə o zaman rayon mərkəzi olan Qızılburuna yaşadığı Giləzi kəndindən necə gəldikləri, burada komsomola qəbul olunduqları gün haqqında danışanda elə kövrəlirdi ki, elə bil bütün bunlar dünən olmuşdu...

bundan sonra Cabir Novruz hər yadıma düşəndə xatirələrdən üzü-gözü nurlanan, sonra çöhrəsinə o illərin xiffətinin kədəri, kövrəkliyi çökən bir şair gələcək gözlərim önünə...

Cabir Novruzun yerlərində - istər katiblərindən biri olduğu Azərbaycan Yazıçılar Birliyində, istərsə baş redaktoru olduğu "Azərbaycan" jurnalında, "Ədəbiyyat" qəzetində görüşərkən şair ilk əvvəl üzünü bizim tərəflərə sarı tutub uca bir səslə:  "Bizim dağlar yerindəmi?" deyə məndən xəbər alar, sonra əl tutub görüşər, hal-əhval bilərdi...

Bundan sonra Xızı dağlarını məndən xəbər alan, o dağlardan hal-əhval tutan bir şair oğlu olmayacaq...

 

- Şair misrasına oxşaya gərək,

Misrası səslənə məramı kimi,

Bütün  əsrlərdə yaşaya gərək,

Həyatı şerinin davamı kimi,

Şeri həyatının davamı kimi...

 

Cabir Novruz da elə öz misralarına oxşayırdı - misraları kimi sadə idi, duru idi, isti idi, kövrək səmimi idi...

Vətənə, elə-obaya, insanlara məhəbbət məramlı misraları da şairin özünə oxşayırdı...

Cib dəftərçələrimdən birinin varaqlarında Cabir Novruzun öz əliylə yazdığı ürək sözləri-sətirləri durur:

"Qızılburuna gələndə, onun simasını, mənə doğma, əziz adamlarını görəndə, tanış üfüqlərə, yollara, təpələrə baxanda, öyrəndiyim abı-havanı udanda, elə bil ki, ilk gənclik illərimə qayıdıram, elə bil təzədən cavanlaşıram dünyada doğmalıq duyğusunun hissinin qədər əbədi olduğuna bir daha inanıram.

Bir daha inanıram ki, doğmalar həmişə adamın arxasında dağlar kimi dururlar. Mən bu doğmalığı uzaq ölkələrdə olanda daha çox hiss etmişəm. Yaşasın əziz, mehriban, qəlbimə həmdəm yerlər".

Elə xalq şairi Cabir Novruzun özü bir gün vurğunu olduğu ona doğma yerlərə heykəl kimi dönəcək...

İndilikdə isə o heykəl şairin oxucularının qəlbindədir...

 

 





26.12.2013    çap et  çap et